Qaynar xəbər portalı

Kitab dünyası


Seymur BaycanSeymur Baycan

Misima avtobioqrafik romanında yazır: “Bir dəfə uşaqlarla müharibə oyunu oynayırdıq. Uşaqlardan biri divarın arxasından çıxıb məni tüfənglə vurdu. Mən sakitcə öldüm. Uşaqlar mənim belə sakitcə ölməyimə etiraz etdilər. Onlar qışqıraraq ölməyimi istəyirdilər. Düşündüm ki, nə vaxtsa məni gülləylə vursalar, bax, belə sakitcə öləcəm”.
Hörmətli Sabir bəy! Sizin İranın dini lideri cənab Xamneyiyə ünvanladığınız açıq məktubu oxuyub, sizə açıq məktub yazmaq qərarına gəldim. Əslində bu məktub ötən həftə dərc olunmalı idi. “Reytinq” qəzetinin ötən həftə çap olunmaması səbəbindən məktubun dərci bir həftə gecikdi. Yadımdadır, Etibar Məmmədov əli ilə tribunadan tutmuşdu. Əbdürrəhman Vəzirov bir neçə dəfə Etibar Məmmədovdan əlini tribunadan çəkməyi xahiş etdi. Etibar Məmmədov əlini tribunadan çəkmədi. İndi biz Etibar Məmmədova zəng vurub müsahibə verməsini xahiş edəndə, o da öz növbəsində biz jurnalistlərdən ölkədə baş verən hadisələrlə bağlı sual verməməyi xahiş edir. Etibar bəy indi yalnız bir mövzuda, güney mövzusunda danışmaq istəyir. O vaxtlar ölkədə kompüterləşmədən və hamam tikməkdən danışan Vəzirova “bambılı” ayaması qoşmuşdular. O mədəni adam “mən lüğətə baxdım, bu sözün mənasını tapmadım” deyirdi. Əgər mən Vəzirovun yerinə olsaydım, Bakıya gələr, Təzə Bəy hamamının qarşısında dayanar, xalq hərakatının dünyadan köçməmiş, yaşayan liderlərinə belə bir sual ünvanlayardım: “Kimdir bambılı?”.
Ayaz Mütəllibovun MDB-yə girmək təklifini də sizlər xəyanət sayırdınız. O dövrdə Rusiyaya qarşı çıxmaq Azərbaycan üçün o qədər də asan məsələ deyildi. Dünyanın ikinci xalqı olmağımız haqqında nağıllarla reallıq hissimizi itirmişdik. Azərbaycan onsuz da MDB-yə üzv oldu. Amma bu, artıq nəzərlərdə xəyanət yox, “siyasət” idi. Ayaz Mütəllibov da artıq öz ayamasını sizlər və xalq tərəfindən “qazanmışdı”. Əlbəttə, gigiyenik qaydalara əməl edən, zövqlə geyinən, bir az mədəni davranışlara malik adam xalq hərakatı dövründə “matışka” ləqəbin qazanmağa potensial namizəd idi. Sizlər Ayaz Mütəllibovun mədəni davranışından, mülayimliyindən sui-istifadə etdiniz. Halbuki, əgər o istəsəydi, xalqın qanını bal kimi parlament binasının qarşısına axıda bilərdi. Ayaz Mütəllibovun, Vəzirovun bu qədər haqlı olduğu halda, susmaları çox təəcüblüdür. Deməli, onların nə qədər haqlı olduğunu görmək üçün çoxlu hadisələr baş verməliymiş. Kimlərsə bunu etiraf edir, kimlərsə susur.
Misima avtobioqrafik romanında yazır: “Hər bir insan ildə bir dəfə üç gün tənhalığa çəkilməli və öz keçmişini dəqiqəbə-dəqiqə xatırlamalıdır”.
Hörmətli Sabir bəy! Əgər həyat tərziniz imkan verirsə, öz keçmişinizi xatırlayın. Mən sizin tribunada başı sarıqlı çıxış etməyinizi xatırlayıram. O vaxtdan bəri çox şeylər dəyişib. Sizə qarşı sevgi itib. Əvəzində siz şöhrət, komfortlu həyat qazamısınız. Mən demirəm ki, siz sözə xəyanət etmisiniz. Xeyr, siz ümumiyyətlə, öz yazdıqlarınıza, sözün nəyə qadir olduğuna inanmamısınız. Yaradıcılıq və şəxsiyyət mövzusunda aparılan mübahisələrdə Dostoyevskinin qumarbaz olması söz alverçiləri üçün göydəndüşmə faktdır. Adam öz pulunu xərcləyib. Azərbaycanda baş verənlərə göz yumub, İranın dini liderinə açıq məktub yazmaqla Dostoyevskinin qumarbaz olması arasında böyük məna fərqi var. Bu fərqi görməmək üçün adam ya kor olmalıdır, ya da söz alverçisi. Halbuki, ortada Sartr nümunəsi var. Nobel mükafatından imtina edən Sartr. O, Sartr ki, sizin yazdığınız məktubu məmnuniyyətlə vicdan asqırtısı adlandırardı. Mən sizi başa düşməyə çalışıram. Sizin Xamneyiyə ünvanladığınız məktubun ötən günlərin nostaljisindən doğan bir məktub olduğunu düşünürəm. Hardadır böyük sevgi, məktublar, heyranlıq? Qaldı keçmişdə. Zəiflər üçün həqiqət keçmişdədir. Bəs bu gün? Ola bilsin, kimlərsə sizin üzünüzə gülümsəyir. Amma mənim üçün Zəlimxan Yaqub Sabir Rüstəmxanlıdan daha zərərsiz adamdır. O, səmimidir. O, dağdan, çəməndən, kəpənəkdən, bənövşədən şeirlər yazır. Siz isə “Cavad Xan” filminin ssenarisin yazırsız. “Azərbaycanda ziyalı problemi” adlı yazımdan bir cümləni təkrar yazmaqda günah görmürəm: “Filmi Cavad Xan haqqında yox, Eldar Əzizov haqqında çəksəydiniz, daha səmimi alınardı”.
Sizin Xamneyiyə ünvanladığınız məktub keçmişi qaytarmaq cəhdidir. Uğursuzdur. Məni bir sual düşündürür: siz eyni məzmunlu məktubu Əli Həsənova yazmağa özünüzdə cəsarət tapa bilərsinizmi? Həm komfortlu həyat yaşamaq, həm xalq tərəfindən sevilmək, həm də qəhraman olmaq mümkün deyil.
Misima sakitcə öləcəyini düşünürdü. 25 noyabr 1970-ci ildə 45 yaşlı Misimanın intihar etməsi bütün Yaponiyanı silkələdi. Əgər bu tip hadisəni Azərbaycan reallığına gətirsək, ortaya “dəyərmi” sualı çıxar. Ən azı bizim üçün Elmar Hüseynov nümunəsi var. Belə olduğu halda, biz “dəyərmi” sualına dəyməz cavabı verə bilərik. Bəs nədən biz sizi ittiham etmək haqqı qazanmışıq? Ona görə ki, siz öz şöhrətinizi qazanmaq üçün bəzi həssas mövzuları - Təbrizi, Cavad xanı, Arazı özünüzə vasitə seçmisiniz. Açığı, bu kimi truyuklar sizə qarşı nifrət doğurur.
Mənim üçün bu məktubu yazmaq asan deyil. Bir çox səbəblər var. Siz bilirsiz. Amma sizin Xamneyiyə ünvanladığınız məktubun dərcindən bir neçə gün sonra mən sizi böyük bir maşının arxa oturacağında əl telefonuyla danışan vəziyyətdə gördüm. O zaman düşündüm ki, mentalitetdən doğan maneələrə baxmayaraq, mən bu məktubu mütləq yazmalıyam. Hər bir insan yalnız öz seçiminə cavabdehdir. İnsanı yalnız öz seçimində günahlandırmaq olar. Siz sevgini şöhrətə, komforta dəyişdiniz. Mən heç zaman Elçin Əfəndiyevə, Bəxtiyar Vahabzadəyə, Anar Rzayevə belə nəzakətlə müraciət etmirəm. Sizi onlarla bir sıraya qoymaq insafsızlıq olardı. Ən azı siz qaçqınların ağır həyatı haqqında hekayə yazıb və hekayənin altına yazıldığı məkanın adını böyük hərflərlə qeyd etməzsiniz. Buna əminəm. Elçin Əfəndiyev isə qaçqınların ağır həyatından yazdığı hekayənin altına böyük hərflərlə “Kislovodsk” yazmışdı. Bilərəkdən və ya bilməyərəkdən öz xislətini növbəti dəfə açıq-aşkar ortaya qoymuşdu. Siz bu qədər qəddar, eyni zamanda, bitmiş adam deyilsiniz. Deyirsiniz ki, məktubunuz Amerikada, Avropada yaşayan azərbaycanlılar arasında böyük reaksiya doğurub. Sizə xeyli adamlar zəng vuraraq təşəkkürlərin bildiriblər. Çox gözəl. Bəs, məktubunuz yaşadığımız, yaşadığınız Azərbaycanda necə, reaksiya doğurubmu? Bəli, Azərbaycanın daxili problemləri haqda danışmağı özlərinə qadağan edənlər üçün iki gözəl, münbit, rahat, geniş mövzu var. İran və Ermənistan haqqında danışmaq “susmağı” özlərinə sənət seçənlərin oksigen balışıdır. Bu iki mövzu İctimai Televiziyaya demokratik televiziya imici qazanmaq şansı verir. Buyurun, müxalifət ziyalıları, keçmişlə yaşayanlar, fişəng kimi yanıb-sönənlər, nə qədər istəyirsiz İctimai Televiziyanın ekranında İranı və Ermənistanı söyün. Deyin ki, ermənilər mahnımızı, dolmamızı oğurlayıblar. Deyin ki, ermənilərin tarixi saxtadır. Puşkinin məşhur sözünü təkrarlayın. Deyin ki, İranda türkləri əzirlər, əridirlər. Qorxmayın. Bu iki mövzu heç bir təhlükə törətməyəcək. Əksinə, bizi daxili problemlərimizdən yayındırdığınız üçün sizə təşəkkür edəcəklər. Şəxsən Sabir Rüstəmxanlıya güney mövzusunda danışmağa icazə verilib. Düşünməyin ki, belə məktublar bir daha adamları “Ömür kitabı”nı oxumağa vadar edəcək.
Misima yazır: “O vaxtlar hamı cəngavərlər haqqında roman oxuyurdu. Amma tək Don Kixotun vicdanı oyandı”.
Hörmətli Sabir bəy! Burda adamları küyləyib, meydanlara çıxarıb, bədbəxt elədiniz. Heç olmasa, imkan verin, ordakılar rahat yaşasınlar.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (47 səs, təxmini: 4.23 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Şərh yazma qapalıdır!

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: