KultAz: Qazax rejissoru Sergey Dvortsevoyun Kann festivalının “Xüsusi baxış” pralel proqramında nümayiş olunan “Tülpan” filmi “Gənclik” xüsusi mükafatını qazandı.
Fransa nazirliyi tərəfindən təsis olunan mükafat 1982-ci ildən bəri Kann kinofestivalı çərçivəsində təqdim olunur. Mükafat 16 yaşdan 25 yaşa qədər olan yeddi gəncdən təşkil olunmuş xüsusi jüri tərəfindən ilk addımlarını atan rejissorlara verilir. Davamı…

May
25
May
25
Baş nazirin müavini Elçin Əfəndiyev və Mədəniyyət Nazirliyi onlara göndərilən siyahıda “plastik əməliyyat” aparıb
Ölkə başçısının sərəncamına əsasən Azərbaycan Yazıçılar Birliyinin (AYB) bir illik prezident təqaüdünə təqdim etdiyi yazıçı və şairlərin siyahısı Mədəniyyət və Turizm Nazirliyində ixtisara məruz qalıb. Bu haqda “Şərq” qəzetinin dünənki sayında dərc edilmiş məqalədə deyilir. Qəzetin yazdığına görə, ötən ilin avqustunda yaradıcı insanların fəaliyyətini genişləndirmək məqsədilə onlara bir il ərzində təqaüd verilməsi haqda sərəncam imzalanıb.
AYB-dən qəzetə verilən məlumata görə, sərəncama əsasən birlik nazirliyə 70 nəfərlik siyahı təqdim etsə də nazirlik orada ixtisar apararaq cəmi 60 nəfərin adını saxlayıb. “Qayçılama”dan keçmiş siyahıdan yetərincə tanınan və sevilən 10 ədibin adı ixtisara düşüb.
“Bizim yol” qəzeti də bu məsələyə toxunaraq çağdaş poeziyanın ən istedadlı ədəbi nümayəndələrindən olan şair Salam Sarvanın adının yekun siyahıya düşmədiyini qeyd edib. Qəzet yazır ki, AYB sədri Anarın iştirakı ilə hazırlanan siyahıda Salamın adı olub. Deyilənə görə, siyahı AYB-dən Mədəniyyət və Turizm Nazirliyinə, oradan isə Nazirlər Kabinetinə - baş nazirin müavini Elçin Əfəndiyevin masasının üstünə gedib və hər iki instansiyada “plastik əməliyyat”a məruz qalıb. Adı ixtisar edilmiş yazarların yerinə siyahıya ədəbiyyata heç bir dəxli olmayan şəxslərin adı salınıb. Hətta belə söhbət də gəzir ki, nazirlikdə işləyən məmurlardan biri öz övladının adını o siyahıya saldırmağa nail olub.
Araşdırmamız zamanı bəlli oldu ki, istedadlı şair Salam Sarvanın adını o siyahıdan Elçin Əfəndiyevin göstərişi ilə çıxarıblar. Adının çəkilməsini istəməyən bir məmur bunun səbəbini Salamın “Gündəlik Azərbaycan” qəzetində dərc olunan köşə yazıları ilə əlaqələndirdi. Başqa bir mənbəmiz isə fərqli fikirdədir. O, deyir ki, Salamın bir vaxtlar Elçinin ədəbi yaradıcılığı haqqında yazdığı tənqidi yazı sonuncu tərəfindən hələ də unudulmayıb deyə o, öz məmur postunun imkanlarından yararlanıb və Salamın adının üstündən xətt çəkib.
Məsələyə aydınlıq gətirmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxlamağa çalışdıq. Amma iş günü olmadığından telefonun dəstəyini qaldıran olmadı. //Yeni Müsavat


Bölmə: 





