Hektarına yüz manat verəcəyəm, dedi, amma təkbaşına iyirmi hektarı çala bilməzsən, qonşu kənddən də kömək çağırım. Heç kimi çağırma, etiraz elədi, otu özüm çalacağam. On günə qurtaracaq, on birinci gün gedəcəyəm.
Ən yaxşı ot çalan gün ərzində yarım hektar çalırdı, on günə qurtaracaqdısa, gündə iki hektar ot çalmalıydı. Meşənin ətəyindəki biçənəyin ucu-bucağı görünmürdü, on günə gəzib qurtarmaq olmazdı, qalıb otunu çalasan. İnanılası deyildi, ancaq mübahisə eləmədi. Qalacağı çadırı göstərdi, belə işlər üçün tutulan cavan oğlan, - köməkçisi çayını-çörəyini verəcəkdi.
Otçalan işə başladı, qollarını geniş açıb dəryazı fırlayır, qıjıltı ilə sürüşən dəryaz hər dəfədə qabağına bir xeyli otu alıb aparırdı. İti dəryazla elə səliqə ilə çalırdı ki, sanki ot biçmir, adam başı qırxırdı. Ətrafa biçilən otun, çöl çiçəklərinin xoş qoxusu yayılırdı. İstiyə, biçənəyə çökən dözülməz bürküyə baxmayaraq, yalnız günorta yeməyi üçün yarım saat fasilə verib, dincəlmədən axşama kimi çaldı. Dəhşətə gəlirdi, bu dəryazçı insan deyildimi, yandırıcı istidə dayanmadan necə dəryaz çalmaq olardı? Ot çalanlar günortaya kimi işləyir, sonra uzanıb dincəlir, günün əyilməsini, havanın sərinləşməsini gözləyirdilər. Bu isə dincəlmədi, bir anlığa belə dayanmadı, eyni qaydada işləyirdi, sanki robotdu, qurub buraxmışdın sahəyə. Çalıb vəri başa çıxır, dəryazı itiləyib təzədən vərə düşürdü. Özü biçənəyin kənarındakı nəhəng palıd ağaclarının kölgəsində qurulmuş çardaqda oturmuşdu, sərin sü, pivə içir, kölgədə belə, istidən, bürküdən əziyyət çəkirdi. Baxmaqdan yoruldu, dəryazçı biçməyindən yorulmadı.
Qaranlıq düşəndə fasilə verəcəyini gözləyirdi, ancaq dəryazçı günorta olduğu kimi yemək yeyib, çay içəndən sonra təzədən işə başladı. Neyləyirdi, olmaya ay işığında da işləyəcəkdi? Belə olardımı, insan buna tab gətirərdimi? Dəliydi, psixdi, ya doğrudan da robotdu, canlı insan deyildi. Günəş batmış, ay çıxmışdı, gündüz olduğu kimi isti olmasa da, hələ bürkü çəkilməmişdi. Dözə bilməyib sahəyə getdi.
- Yatmayacaqsan? - soruşdu.
- Yox, - dəryazçı dedi, - gün ərzində iki hektar çalmalıyam.
Onunla danışanda belə, işindən qalmır, qollarını geniş açıb dəryazı bir qaydada fırlayırdı. İşlər dolaşırdı, qarşısındakı normal insan deyildi. Gecə-gündüz dayanmadan ot çalsaydı, ürəyi dayanacaq, düşüb öləcək, onu şərə salacaqdı. Ölməsəydi, demək, insan deyildi, cin-şəyatindi, ya da özgə planetdən gələndi, yorğunluq, istilik nə olduğunu bilmirdi. Bir az da təbliğat apardı, gəl yat, dedi, ölərsən, yazıqsan. Dəryazçı isə dönüb ona tərəf baxmır, qısaca cavab verir, səhərə kimi ot çalacağını, gün ərzində iki hektar çalıb, on birinci gün gedəcəyini deyirdi. Hirsləndi, çal, dedi, can sənin, cəhənnəm tanrının!
Çardağa qayıtdı, oğlana dedi ki, dəryazçı normal adam deyil, ayıq-sayıq yat, gözdə-qulaqda ol, yoxsa gecə gəlib başımızı kəsər. Yatağına girib yatdı, gecə nə vaxt oyandısa, dəryaz səsini eşitdi, adam dayanmadan çalırdı. Meşədə bülbüllər oxuyurdu, bülbüllərin səsi belə, dəryaz səsini boğa bilmirdi.
Gecənin bir aləmində ot çalımına ara verildiyini hiss elədi, dəryazın səsi gəlmirdi, dikəlib baxanda dəryazçının əlində dəryaz çardağa qalxdığını gördü. Gözləri ay işığında qəribə tərzdə işıldayırdı, ona yaxınlaşdı, saçından yapışıb başını arxaya verdi, dəryazı boğazına söykədi. Dəhşətli səslə qışqırdı və tər-su içində yuxudan oyandı, yuxu gördüyünə əmin olsa da, qorxusu keçməmişdi, tir-tir əsirdi. Köməkçisi yatırdı, dəryazçı da çalırdı, gecənin səssizliyində dəryazın səsi aydın eşidilirdi, yüzə-yüz düşündüyü kimiydi, adam deyildi, cindi!
Bəlkə gedib işi dayandırmağını tələb eləsin, ehtiyat elədi, gecə qara, cücə qara, nə biləsən başından nələr keçir, çevirdi dəryazı, üzdü boğazını! Yata bilmirdi, nə vaxt yuxuya getməsindən xəbəri olmadı. Səhər yuxudan oyananda dəryazçının hələ də çaldığını gördü. Meşənin üzərindən boylanan günəşin qızılı şüaları biçənəyi, alçaq təpələrin üzərində dalğalanan alayonca çəmənliyini qızılı rəngə boyayırdı. Durub biçənəyə getdi.
- Gecəni yatmadın? - soruşdu.
- Yatdım.
- Haçan?
- Səhərə yaxın. Bir saat yatdım, artıq yatsam, çatdırmaram. On birinci gün getməliyəm.
Çalınan sahəyə baxır, gözlərinə inana bilmirdi, azından iki hektar sahə çalınmışdı. Bu hesabla doğrudan da on günə iyirmi hektarı çalacağı şübhəsizdi, amma o da şübhəsizdi ki, işə tab gətirməyəcək, öləcəkdi. On birinci gün harasa yox, birbaşa o dünyaya gedəcəkdi, əqrəbalarının yanına. Dünən təzə gəlmişdi, dincdi, lap yəqin yorğun, yuxusuz olduğundan bu gün istiyə, işə dözməyəcəkdi. Günəş təzəcə doğsa da, özünü hiss elətdirirdi, dünənkindən də isti olacaqdı, isti kələyini kəsərdi.
Köməkçisinə dəryazçını diqqətlə izləməyi tapşırdı, heç bir hərəkətini gözdən qoyma, ayıq-sayıq ol, maymaqlığ eləmə, yoxsa bir də onda ayılarsan, dəryaz söykənib boğazına. Bu adam deyil, robotdu, ya da özgə planetdən gələn. Diqqətlə izlə, gör maşın yağı içmir ki, mənə yaraşmaz, sən yaxınlaş, sinəsini taqqıldat, gör dəmir səsi verir, ya adam səsi? Gözlərini bərəltmə, sənə deyirəm adam deyil! «Xazeyin, vallah elə söz danışırsan! Özgə planetdən gələnə nə düşüb gəlib bizim üçün ot çalsın? Onlar yerə ot biçməyə gəlmirlər. Adamdı, özü də əməlli-başlı, sadəcə başında nəsə qaydada deyil. Gedim sinəsini taqqıldadım, qulağımı sinəsinə söykəyim, yapışsın qulağımdan, dəryazıyla boğazımı üzüb atsın!» «Demək, adammış? Özü də əməlli-başlı. Nə deyirəm, sən də adamsan, götür dəryazı, çal çardağın ətrafını. Bir gün demirəm, üç saat dayanmadan çalacaqsan, dayansan, sürəti azaltsan, boylansan, düz alnının ortasından vuracağam. Əyər dözsən, haqlısan, mən düz demirəm, bizim ot çalanımız əməlli-başlı adamdı. Yox, dözməsən, gəbərsən, demək, mən haqlıyıam. Adam deyil, nəsə başqa varlıqdı, amma adam kimi ot çalır!»
Köməkçisi ona bələddi, boşuna söz demədiyini bilirdi, dəryazı götürüb işə başladı. Canı höyüllü çalır, ətrafa boylanmırdı, ancaq yandırıcı istiyə, ağır işə çox tab gətirməyəcəyi aydınca görünürdü. Yarım saat keçmədən arxası üstə yıxıldı. Gedib baxdı, otun üzərinə hərəkətsiz halda uzanmışdı, bədənində can həsrəti yox idi. Yaxınlıqdakı çoban qaçıb gəldi. «Bağrı çatlayıb, - dedi, - lap yəqin ürəyi partlayıb!» «Ölməyinə heyfisləndim, - etinasız halda dedi, - amma həqiqəti üzə çıxardıq. Rəhmətlik dostumuz adam imiş, özü də əməlli-başlısından. Dəryazçı isə adam deyil! Nədi, orasını hələ aydınlaşdıra bilməmişik, aydınlaşdırmaq üçün birilərinin də ölməsi gərəkdi. Çox danışsan, bu sən də ola bilərsən».
Çoban yaxınlıqdakı arxdan bir vedrə su gətirib köməkçinin üstünə tökdü, soyuq su köməkçini ayıltdı, başını silkələyir, nə baş verdiyini anlaya bilmirdi. «Hə, eləymiş! - kəkələyirdi. - Robotmuş!» «Ay sağ ol! Səni başa salmaq üçün bəzən bu üsuldan istifadə eləmək lazım gələcək. Nə özünü incidirsən, nə də boş yerə vaxt sərf eləyirsən, verirsən əlinə dəryazı, yarım saatdan sonra hər şeyi özü gözəlcə anlayıb dərk eləyir!»
Dəryazçının uzağı günortaya kimi tab gətirəcəyini güman eləyirdi, çardaqda oturub baxır, nə vaxt yıxılacağını, ya da yatmağa gedəcəyini gözləyirdi. Amma nahaq yerə, adam eyni qaydada işləyir, işində zərrəcə də lənglik hiss olunmurdu. Əvvəlki enerji ilə, aşıb-daşan gücü ilə çalırdı, baxan olsaydı təzəcə sahəyə düşdüyünü güman elərdi. Kimsə onun bütün günü, sonra da gecəni dəryaz çaldığını ağlına da gətirməzdi. Yaxınlıqdakı bulağın suyu çardağın yanındakı arxla şırıltı ilə axır, ətrafa sərinlik, dinclik səpirdi və ona elə gəlirdi suyun şırıltısı kimi, dəryazın səsi də əbədidi, heç biri kəsilməyəcək, əbədi eşidiləcək.
Dəryazçı günorta yeməyi üçün fasilə verib, yuyunaraq gur çiçəkləmiş itburnu kolunun kölgəsinə çəkiləndə ondan niyə belə elədiyinin səbəbini soruşdu. Dəryazçı dedi ki, oğlum Bakıda oxuyur. Otaq yoldaşları dükandan oğurluq eləyiblər, atıblar onun üstünə. Oğlumu qurtarmaq üçün iki min dollar istəyiblər. On gün vaxtım var, pulu aparmasam uşağı tutacaqlar. Oğlunu tutacaqlar, o da hirslə deyirdi, çünki sən pulu apara bilməyəcəksən, düşüb öləcəksən!
- Ölə bilmərəm! - dəryazçı başını yırğaladı.
- Necə yəni?
- Bilmərəm. Oğlumu qurtarmalıyam.
- Arzuyladı?
- Mən ölə bilmərəm.
- Bilərsən, o yandan da keçərsən! Əzrayıl sinənə çökəndə neyləyəcəksən? Olmaya sənə qulaq asacaq, deyəcək, yaxşı, daha işim olmadı səninlə? Get, oğlunu qurtar.
- Yox, ölə bilmərəm!
Ürəyini tutub ayağa qalxdı, ölənin atasına lənət! - ürəyində dedi, sən ölməyəcəksən, gəbərəcəksən! Əzrayılın səndən xəbəri olmayacaq, özün-özünü öldürəcəksən!
Dəryazçı onu heyrətləndirməkdə davam eləyirdi, axşama kimi çaldı, şam yeməyini yeyəndən sonra yenidən sahəyə düşdü. Azacıq da olsa belə yorğunluq hiss elətdirmədən çalırdı. Narahatçılığı artır, dözə bilmirdi, sanki günün altında, gecələr yuxusuz, arğın-yorğun dəryaz çalan o özü idi. Otun üstüylə sürüşən dəryazın səsi əsəblərini cırmaqlayırdı. Əvvəllər ona həzin, gözəl musiqini xatırladan səsdən qurtarmaq, bu lənətə gəlmiş səsi eşitmək istəmirdi.
Səhər yuxudan oyanıb dəryazçının hələ də işlədiyini görəndə onun yanına getdi. Cəhənnəm olsun, son qoymalıydı bu işə, sarsağın birisinin ucbatından əzab çəkmək istəmirdi.
- Sənə nə qədər lazımdı?
- İki min dollar.
- Al! - çıxarıb iki min dollar verdi. - Get, oğlunu qurtar.
- Yox! - dəryazçı başını yırğaladı. - Öz pulumla qurtarmalıyam!
- Sən dəlisən! Psixsən! Həccə gedirsən, ya rüşvət verməyə? Olmaya haram pulu götürməyəcəklər, deyəcəklər, get bizim üçün halal pul gətir?!
- Mənə başqasının pulu lazım deyil!
İl uzunu lazım olmasın, sənin qanmazlığının ucbatından oğlun türmədə çürüyəcək, özün də burda tapşıracaqsan. Məni də dəli eləyəcəksən! Necə olsun, adam onsuz da düşüb öləcək, onu şərə salacaqdı. Bəlkə elə özü öldürsün bu qanmazı, canı qurtarsın. Görünür belə də eləməli olacaqdı, təpəsinə bir güllə vur, basdır meşədəki yarğanlardan birində, dəryazı ilə birlikdə, qoy gedib o dünyada dəryaz çalsın, kimdir itirib axtaran. Fikirlərini köməkçisi ilə də bölüşdü, cavan oğlan isə heç nəyin fərqində deyildi, qoy işləsin də, mənə ləzzət eləyir, nə vaxt yıxılacağını səbirsizliklə gözləyirəm. Çobanla bir qoçdan mərcləşmişik, o dördüncü gün yıxılacağını deyir, amma məncə beşinci gün yıxılacaq. Tfu, gör nədən mərcləşirlər, haçan yıxılacaq? Belə axmaq fikirlərə düşməyəsən deyə sənə bir də ot çaldırmalı olacağam!
Köməkçisinə ümid olmadı, günorta vaxtı kənardan müşahidə elədi, yox, adi insan kimi yemək yeyir, çay, sərin su içirdi, nə qədər diqqətlə baxsa da, ora-burasından maşın yağı olan şüşə çıxarıb içdiyini görmədi. Çox istəsə də, yaxınlaşıb sinəsini taqqıldatmağa utandı, həm də ürək eləmədi, adını nə qoyub taqqıldadasan, sonrası da şər deməsən xeyir gəlməz, hələ ümidliydi, özgə planetdən gələn olduğuna tam əmin deyildi. Yaxınlaşıb taqqıldatdın, dəmir kimi cingildədi, onda necə olardı, yad planetli ifşa olunmasını ona bağışlardımı?
Günortadan sonra fikrini dəyişdi, niyə öldürür, yaxşısı buydu, işlədiyinin pulunu verib qovsun, rədd olub getsin, öz xarabasında ölsün. İndiyə kimi belə gözəl ideyanın ağlına gəlmədiyinə görə hələ bir təəssüfləndi də.
Dəryazçının yanına gedib neçə hektar çaldığını soruşdu, beş hektar çaldığını eşidib; səni qovuram, dedi, pulunu al, çıx get! Dəryazçı isə etiraz eləyirdi, gedə bilmərəm, hələ on beş hektar da çalmalı, on birinci gün gedib oğlumu qurtarmalıyam. Qurtarmasan, başıma dönəsən, deyinirdi. Hər ehtimala qarşı köməkçisinə tapşırdı ki, hazırlıqlı olsun, bu ölsə öz kəndinə göndərmək lazımdı, yox, əyər burda dəfn eləyəcəklərsə, indidən molla axtarsın, heç olmaya bədbəxti müsəlman kimi dəfn eləsinlər. Özündən də soruşdu, ölsən səni harda basdıraq. Basdırmayın, dəryazçı dedi, oğlumu qurtarmamış ölsəm, qoy meyidim qurd-quşa yem olsun. Çöldən gələn quduz canavarlar meyidimi didib parçalasınlar.
Çiyinlərini çəkdi, öz işiydi, belə istəyirdi, vəsiyyətinə əməl elərdilər. Molla-filan lazım olmayacaqdı, ölsə atacaqdılar yol kənarına, qurd-quş, çöldən gələn quduz canavarlar yeyəcəkdi.
Bu gecə rahat yatdı, tədricən alışırdı, həm də dəryazçı çadırdan xeyli uzaqlaşmışdı, dəryazın səsi eşidilmirdi. Bülbüllər meşədə səs-səsə vermişdilər, ara verdilərmi, meşənin şərqində oxuyan İsaq-Musaq quşunun nəğməsi eşidilirdi, tapdın, yox, tapdın, yox. Bir istədi quşdan neçə il yaşayacağını soruşsun, ancaq bülbüllər imkan vermədilər, bülbül xoru İsaq-Musaq quşlarının səsini batırdı. Biçənəyə çökən bürküdə biçilən otun, arxın kənarındakı yarpızların, alayoncanın qoxusu daha aydın hiss olunurdu.
Yuxudan oyanan kimi köməkçisini səsləyib soruşdu:
- Yıxılıb?
- Yox, - köməkçi gülürdü.
Aman Allah, bu necə ola bilərdi, onun hesabıyla adam çoxdan dayanmalı, qıçlarını uzadıb ölməliydi. Adamsa yorulmadan biçir, yorğunluq, yuxusuzluq onu yıxa bilmirdi. Sahəyə baxdı və yalnız indi ona hər şey aydın oldu, dəryazçının başı üzərində bir dəstə qarğa uçuşurdu, qarğalar günəşin qabağını kəsmiş, dəryazçının üstünə kölgə salmışdılar. Lənətə gəlmiş qarğalar, demək, buna görə dəryazçı istini, bürkünü vecinə almırmış.
Sahəyə qaçıb qarğaları atəşə tutdu, vura bilməsə də, qarğalar pərən-pərənə düşüb, dağılışaraq uçub getdilər, kölgə dəryazçının başı üzərindən çəkildi. Hə, qoy indi istidə bişsin, gündə yansın, onda haqqın yoluna gələrdi. Köməkçisi qaçıb gəldi, sifətində çaşqınlıq vardı, şef, nəyə atırdın, soruşdu.
- Qarğalara, - dilxor halda dedi.
- Hansı qarğalara?
- Onun başı üzərindəki! Üstünə kölgə salırdılar.
- Şef, - köməkçisi qorxa-qorxa dilləndi.
- Nəydi?
- Onun başı üzərində qarğa yox idi, siz havaya atırdız.
- Yox idi? - heyrətdən ağzı açıla qaldı.
- Hə, yoxdu.
- Demək, yox imiş, sən görmədin?
- Görmədim, - oğlan təsdiq elədi.
Yanıb yaxıldı, tapançanı götürüb oğlanı qatdı qabağına, oğlan ürküdülmüş dovşan tək qurşağa qalxan otların arasıyla tullana-tullana meşəyə kimi qaçdı, yalnız sıx yarpaqlı ağacların arasında yox olandan sonra oğlandan əl çəkdi. Heyfsiləndi, nahaq qovdu, gərək iki-üç saat dəryaz çaldıraydı, iki saat yox, heç yarım saat çala bilməyəcək, yerə tirrənib, huşunu itirəcəkdi. Onda yadına salardı orda qarğaların olub olmadığını! Özcə gözləriylə gördü, qarğalar dəryazçının başı üzərində dövrə vurur, üzərinə kölgə salırdılar, bu isə görmədiyini deyir.
Gün günortadan əyiləndə dəryazçının yanına gedib bəzi şeyləri ondan öyrənmək istədi. Bəlkə sənin oğlun doğrudan da oğurluq eləyib, deyə soruşdu.
- Mənim oğlum oğru ola bilməz!
- Niyə olmur?
- Ola bilməz!
- Olar, o yandan da keçər! İndi hamı oğurlayır. Kimin fərasəti yoxdu, oğurlaya blmir, acından ölür. Onun-bunun üçün ot çalıb qəpik-quruş qazanır.
- Biz oğurlamırıq.
Adamı başa sala bilməyəcəyini bilsə də, yenə cəhd eləyirdi, bu avamlıqdı, fanatiklikdi, ancaq müsəlman ölkələrində, geridə qalmış şərqdə, Afrikada belə işlər ola bilər. Hər kəs öz ömrünü yaşamalı, özünü başqası üçün qurban veməməlidi. Bizdə biri var idi, oğlunu qurtarmaq üçün böyrəyinin birini oğluna verdi, nəticədə özü də öldü, oğlu da. Başı, düşüncəsi olsaydı, heç olmaya özünü qoruyar, ailəsini başsız qoymazdı. Mənasız işlərdi, biri mən. Beş uşağım var, hamısına ev-eşik, maşın aldım, yaxşı yaşamaları üçün əlimdən nə gəldisə, elədim. Amma arvadım öləndən sonra birdən-birə daha heç kimə lazım olmadığımı başa düşdüm, gəlinlərimin, oğlanlarımın soyuq münasibəti mənə ağır gəlirdi. Dözməyib bura gəldim, bu sahələri aldım, əkin-biçinlə, mal-heyvan saxlamaqla məşğulam. Neçə vaxtı burdayam, amma balalarımdan kimsə mənimlə maraqlanmır, yad eləmir. Səni də yad eləməyəcəklər! «Eləyəcəklər! - dəryazçı inamla dedi. - Yad eləmişəm, ona görə! Sənsə yad eləməyibsən, özün necə olubsansa, balaların da elə olmalıdı».
Dəryazçı yarasının közünü qoparmışdı, o illərdə başı qarışıq idi. Atası öləndə Amerikada idi, kişinin yeddisindən sonra qayıtdı, heç anasının da dəfninə özünü yetirə bilmədi. Çatdıra bilmirdi, işlərinin çoxluğu gözünü açmağa qoymurdu. Hirslənmişdi, ağlım qaydada deyil, özünü məzəmmətləyirdi, dəliyə baş qoşuram, ağıl öyrədirəm, can yandırıram, o da işlərimə burnunu soxur, uşaq kimi danlayır məni. Çal, bir daha səninlə işim olmayacaq, düşüb ölsən də, meyitinə toxunmayacağam, harda uzansan, orda da qalacaqsan. Sən öz iradəni mənə diqtə eləyə bilməyəcəksən!
Gec yatdı, indiyə kimi bülbüllərin necə oxuduqlarına qulaq verməmişdi, bu gecə ilk dəfə olaraq kəşf elədi ki, bülbüllər heç də düşündüyü kimi kortəbii yox, bir-birlərini gözləyərək, qayda ilə oxuyurlar, biri oxuyub qurtarmamış digəri başlamır, ya da hamısı eyni zamanda xorla oxuyurlar, sanki təlim keçmiş xor ansamblı idi və bu kəşfi onu xeyli təəccübləndirdi.
Səhər yuxudan gec oyandı, günəş doğmuş, çölü, biçənəyi gur işığa qərq eləmişdi. Biçənəyə tərəf baxanda başında tükləri vız durdu, ot biçən hissələrə bölünmüşdü, başı, başsız bədəni, əlləri hərəsi bir tərəfdən biçənəyə düşüb ot biçirdilər. Gözlərini silir, özünü çimdikləyib baxır, eyni mənzərəni görürdü. Bu necə ola bilərdi, bədənsiz baş necə ot biçə bilərdi, bunu kim hissələrə ayırmışdı? Köməkçisini çağırdı, qaça-qaça gələn cavan oğlana qışqırırdı ki, neyləyirsən elə, bu əbləhi bir yerə yığ! Biri gəlib görsə, ölənə kimi sərkisindən çıxa bilmərik, deyəcəklər bunlar üçün insan yox, insanın müxtəlif əzaları ot çalır. Köməkçisi isə qəti etiraz elədi, necə yığım bir yerə, olmaya yapışqan tapım, yapışdırım. Maşındı hissələrini bir yerə yığam? Tapançasını çıxardan kimi köməkçi sahəyə cumdu, əvvəlcə dəryazçının başını qoltuğuna vurub bədəninin yanına gətirdi, başı bədəni üstə qoyub, əllərini gətirməyə getdi. O iki addım aralanmamış yenidən baş bədəndən yerə düşüb öz yerinə getdi və dəryazı götürüb ot biçməyə başladı. Necə olsun, köməkçi qışqırırdı, bu dağılıb, bir yerə yığılmayacaq, birini gətirməyə gedəndə o birisi aralanıb gedəcək. İşin olmasın, dedi, görək sonu nə olacaq, bunun hissələri haçana kimi dəryaz çalacaq?
Arxa gedib soyuq suyla üz-gözünü yudu, buz kimi sərin su səhərin bürküsündə qəlbini sərinlədir, əsəblərini dincəldirdi. Göz yaşı tək dumduru sudan qoşa ovcuna doldurub sinəsinə çırpır, soyuq su sinəsiylə üzü aşağı axdıqca ləzzət alırdı. Ürəyi soyumadı, başını da suya salıb yudu, ayağa qalxıb başını silkələyir, suyu ətrafa sıçradırdı. Dönüb sahəyə baxdı və yenidən başında tükləri vız durdu. Dəryazçının hissələri yox idi, özü əvvəlki qaydada ot çalırdı. Köməkçisini çağırdı, oğlan gələndə:
- Bunu kim yığdı? - soruşdu.
- Kimi? - oğlan gözlərini döydü.
- Dəryazçını!
- Nəyə görə onu yığmalıydılar?
- Param-parça deyldimi?
- Yo…ox.
- Ay alçaq, sahəyə gedib onu bir yerə yığmaq istəyən kimdi?
- Kimdi?
- Məndən soruşursan?
- Bəs kimdən soruşum?
Oğlanı başa sala bilmədi, dəryazçını hissələrə bölünmüş halda görmədiyini deyirdi. Qışqırır, oğlanı söyürdü, oğlan da başını aşağı salmışdı, mızıldanır, heç nə xatırlamadığını deyirdi. Xatırlamırsan, başqa məsələ, demək beynin yoxdu, qışqırırdı, yoxsa qırmızı-qırmızı görmədiyini deyirsən. Halbuki çox yox, onca dəqiqə bundan əvvəl onun başını qoltuğuna vurub bədənininə yapışdırmaq istəyən özgəsi yox, sən idin. Sənə nə olub, bir dəstə qarğa uçuşur, görmürsən, adam hissələrə bölünüb ot çalır, görmürsən! Yaxşı, cəhənnəm ol!
Əbləhi öldürmək vacib oldu, yoxsa onu dəli eləyəcəkdi, bir də gördün yenə bölündü, belə mənzərəyə baxan ağıllı adam da ağlını itirərdi. Qovursan, getmir, pulunu verirsən, getmir, məqsədi onu dəli eləməkdi. Eləyə bilməyəcəkdi, ölüb gedəcəkdi! Dirisi getmədi, ölüsü rədd olub gedərdi, qoy o dünyada yüz yerə bölünsün! Birdən ağlına gələn fikirdən ayaq üstəcə donub qaldı, öldürəcəkdi, ruhu buralardan əl çəkməyəcəkdi. Bu sirli, qəribə adamın ruhu dolaşan yerdə yaşamaq olmazdı. Yenidən oğlanlarının yanına qayıdası olardı. Bunu isə heç istəmirdi.
Bir gün də keçdi, dəryazçının hələ də ot çaldığını görəndə, onun yanına gedib oğlunun hansı rayonun polis şöbəsində saxlanıldığını öyrəndi və maşınını işə saldı. Köməkçisi gəlib kənarda dayanmışdı, fağır-fağır ona baxırdı:
- Dediz onun başını neyləyirdim?
- Yeyirdin!
- Necə?!
- Mən nə bilim? Yeyən səndin, məndən niyə soruşursan? Özün bilərsən də necə yeyirdin! Adicə dəryazçıdı, amma iradəsini mənə diqtə eləyə bildi.
Bakıya yola düşdü. Axşamçağı qayıtdı, sahəyə gedib dəryazçıya dedi ki, daha arxayın ola bilərsən, oğlunu qurtardım. İşi araşdırdım, oğlunun oğurluqda əli olmadığını sübut eləyə bildim. Ona görə də buraxdılar. Bir azdan oğlunu səninlə danışdıracağam.
Dəryazçı ona matdım-matdım baxdı, gözlərində hissiz-duyğusuz bir ifadə var idi, birdən üzü üstə şappıltı ilə çaldığı vərin üstünə yıxıldı. Başı çobanyastığı çiçəklərinin, xoş qoxusu ilə burun qıcıqlandıran alayoncanın içində itdi. Yaxınlaşıb nəbzini yoxladı, adamda həyat əlaməti yox idi. Yanıb yaxılırdı, bir halda öləcəkdisə, bu qədər əzab-əziyyət çəkməyə dəyərdimi? Axır öldü, axır onu zibilə saldı! Sınanmış üsul var idi, arxın soyuq suyu köməkçisini diriltmişdi, bəlkə bunu da dirildəcəkdi. Köməkçisi arxdan bir xeyli su daşıyıb tökdü dəryazçının üstünə, ancaq ayılmadı. Yorulan köməkçi zarıyırdı, bizim tərəflərdə bıçağı inəyin yanına aparırlar, amma burda tərsinədi, inəyi bıçağın yanına aparırıq. Olmazmı bunun özünü aparıb ataq arxın içinə? Tapançaya işarə eləyən kimi köməkçisi təzədən arxa cumdu. Bunun işi bitib, gəlib çıxan çoban dedi, arxı da üstünə döndərsək, dirilməyəcək.
Hər ehtimala qarşı zəng eləyib həkim çağırdı, həkim gəldi, dəryazçını müayinə eləyib güldü, ölməyib, dedi, yatır.
« Qazaxıstan filmi Kann festivalının “Gənclik” mükafatını aldı | Əsas səhifə | “Kultaz” Həftələri Başlayır »




Bölmə: 









klavyatura adlı istifadəçi, May 26, 2008 tarixində, saat 09:16 yazıb:
ay Allah yenə Aslan Quliyev
darixmisdim deyirdim goresen niye Aslan muellim yazmir
Natiq Memmedli adlı istifadəçi, May 28, 2008 tarixində, saat 11:56 yazıb:
Salam.
Sozden bu qeder israfciliqla istifade etmek, Suleyman Rehimov sayaq adi mezmunu ifade etmek ucun bele uzunculuq elemek, xirda detal baresinde 21 min ishare hekaye yazmaqa ne luzum var? Heddinden cox qramatik sehvler, xususen de vasitesiz nitq cumlelerinin metnin icinde nece geldi verilmesi eserin oxunmasini cetinleshdirir. Cobanin ve komekcinin edebi dilde danishmasi oxucunu cashdirir. Hem de basha dushulmur ki, oqlunu qurtarmaq ucun qul qmqyine qatlashan kishi problemin hell olunduqunu ehsiden de niye yuxuya getmelidir ki? Axi butuneser boyu oxucu intizarla onun olmeyini gozleyir yatmaqini yox. mence hekaye telesik yazilib. Eserin bedilliyin artirmaq, mezmuna dexli olmayan yerleri ixtisar elemek daha yaxshi olardi.
Eminem ki, menim fikirlerim duzgun basha dushulecek. Cunki men bu eserin oxunmasina vaxt serf etmishem ve fikirlerimi yazmaya bilmezdim.
Size uqurlar…