Yazıçı Kamal Abdullanın Fransada sayca ikinci kitabı nəşr olunub.
«Parlons Azerbaidjanais» - «Azərbaycan dilində danışaq». Fransanın «Harmattan» nəşriyyatında nəfis tərtibatla çap olunmuş sözlük-məlumat kitabı belə adlanır. Kitabın müəllifləri AMEA-nın müxbir üzvü, prof. Kamal Abdullayev və Fransalı alim Mişel Malerbdir. Kitab Fransanın məşhur Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda(«İNALKO») və digər ali təhsil ocaqlarında Azərbaycanşünaslıq üzrə təhsil alan tələbələr, eləcə də ölkəmiz, onun dili, mədəniyyəti, tarixi və s. haqqında bilgilər əldə etmək istəyən istənilən fransızdilli oxucu üçün əvəzsiz vəsaitdir. Kitab Azərbaycan haqqında ümumi təsəvvür yaradan ön sözlə başlayır. Kitabın girişində Azərbaycanın siyasi-inzibati və fiziki xəritələri verilib. Ölkəmizin tarixinə əhatəli ekskurs, Erməni-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, onun səbəbləri və münaqişənin həllində Azərbaycanın mövqeyi, Azərbaycanın milli-dövlət rəmzləri, dili, dini və mədəniyyəti, dövlətimizin yürütdüyü uğurlu daxili və xarici siyasət, Azərbaycanın coğrafiyası, fauna və flora, əlamətdar günlər və s. haqqında məlumatlar ayrıca fəsildə toplanıb. İkinci fəsil Azərbaycan dilinin tarixi və onun strukturu, qrammatikası, əlifba və onun tərkibi barədə bilgilər verir. Üçüncü fəsildə Azərbaycanın danışıq dili, dilimizi öyrənmək üçün ilkin zəruri sözlük və ifadələr özünə yer alıb.
Kitabın üçüncü fəslində Azərbaycanın dövlət və hakimiyyət orqanları, iqtisadiyyat, ayrı-ayrı sənət və incəsənət növləri haqqında söz açılır və ən müxtəlif aspektlərdə Fransa-Azərbaycan əlaqələri işıqlandırılır. Bundan başqa kitabın ayrıca bölümündə bir neçə informativ xarakterli bədii mətn və onların fransızcaya tərcüməsi verilib. Kitab azərbaycanca-fransızca və fransızca-azərbaycanca lüğətlə tamamlanır.
Kitab müəllifləri «Azərbaycan dilində danışaq» sözlük və məlumat kitabını xaricdə azərbaycanşünaslığın inkişafı, Avropada Azərbaycan haqqında dürüst təsəvvürlərin formalaşması işinə verilən layiqli töhfə hesab edirlər.
Xatırladaq ki, bir müddət öncə Fransada yazıçı Kabal Abdullanın «Yarımçıq əlyazma» romanı çap edilmişdi. Azərbaycanda geniş müzakirə olunan roman o cümlədən Rusiya və Türkiyədə də nəşr olunub.
“Kultaz”, Sevda Babayeva




Bölmə: 








