Ramiz Abutalıbov: “Belə kitabları çap edib yaymadınsa, effekti itə bilər”
Uzun illər Azərbaycanı YUNESKO-da təmsil etmiş Ramiz Abutalıbov son illər Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ problemini dünyaya çatdıran kitabların nəşrində yaxından iştirak edir. Özü demişkən, hazırda o, diplomatlıqla məşğul deyil, təqaüddədir, araşdırmaçı-jurnalist və naşirliklə məşğuldur. Bakıya növbəti gəlişində onunla görüşüb söhbətləşdik.
- Üç ildən çoxdur ki, təqaüdə çıxmışam. Evdə oturmağı, fəaliyyətsizliyi sevmirəm. Hazırda həvəskar-naşir kimi fəaliyyət göstərirəm (gülür). Yəni bir var peşəkar naşir olasan, bir də var mənim kimi həvəskar şəkildə bu sahə ilə məşğul olasan. Burada məqsəd məsələsi əsasdır. Çalışıram azərbaycanlıların müəyyən kitablarının Rusiyada çap olunmasına kömək edim.- Həm də deyəsən, jurnalistika ilə məşğulsunuz.
- Rusiya qəzetlərində nə bacarıramsa, Azərbaycanın obrazını yaratmağa çalışıram. Məsələn, bu yaxınlarda “Kultura” qəzetində müsahibəm çap olunub. Həmçinin “Literaturnaya qazeta”da, “Dekorativnıy isskustva Rossii” jurnalında yazılarım çıxıb. Bu jurnalda Lətif Kərimovun 100 illiyi ilə bağlı böyük məqaləm getdi. Jurnal sanballıdır, akademik Zurab Sereteli tərəfindən təsis olunub. Habelə “NTV”də də çıxış etmişəm. Lap bu yaxınlarda isə “Rodina” jurnalında Ümbülbanu xanım və onun Buninlə dostluğu haqqında müsahibə vermişəm.
İmkan olanda kitabların nəşrinə kömək edirəm. Moskvanı yaxşı tanıyıram, ardıcıl olaraq bütün qəzetləri oxuyuram. İndi yaxşıdır ki, internet var, vaxt da çoxdur, bu sarıdan problem yoxdur. Çalışıram Azərbaycanla bağlı o mövzularda kitablar çap edək ki, o barədə az bilirlər. Bu sırada ilk növbədə Qarabağ problemini göstərmək olar. Qarabağ haqqında Rusiya mətbuatında yazılar çox çap olunub. Ancaq Azərbaycanın nöqteyi-nəzərinin kitab şəklində ifadə olunmasına nadir hallarda rast gəlinir. Keçmiş həmkarlarım -Xarici İşlər Nazirliyinin əməkdaşları olan istedadlı diplomatlar İlqar Məmmədov və Tofiq Musayev mən hələ Bakıda işləyəndə bir kitab yazmışdılar: “Erməni -Azərbaycan münaqişəsi: tarix, hüquq, vasitəçilik”.
Bu monoqrafiyanı 2 il əvvəl 700 sayda buraxdıq. Gördük ki, kitaba tələbat var, ötən il 1300 nüsxə ilə yenidən buraxdıq.
- Kitabın aidiyyatı ünvanlarda yayılması mümkün oldumu?
- Rusiyada pul tapıb kitab çap etmək bir çətinlikdirsə, yayım məsələsini təşkil etmək də digər problemdir. Belə kitabları çap edib yaymadınsa, effekti itə bilər. Hazırda Moskvanın Tverskoy küçəsində - şəhərin mərkəzində, Polyankada bu kitab satılır. Onu da deyim ki, indi Rusiyada çoxlu internet mağazalar var. Oxucu yeni kitabları internetdə izləyir, bəyəndiyi kitabın pulunu köçürür, kitab ünvanına göndərilir.
Yanvarda Aydın Balayevin “Fevral inqilabı və əyalətlər. 1918-ci il mart hadisələri” kitabını nəşr etdik. Bakıdakı mart hadisələrinə Rusiyadakı Fevral inqilabının təsiri məsələsi araşdırılıb. Adətən hər hansı bir imperiya dağılanda çoxlu qarışıq hadisələr baş verir. Necə ki, SSRİ dağıdanda yeni problemlər qaldırıldı. Sonuncu bu sıradan kitab isə “Azərbaycan Demokratik Respublikası - 90″ adlanır. Bu kitabın tərtibçisi mənəm. İstəyimiz budur ki, dünyada Azərbaycanın başına gələnlərdən xəbərdar olsunlar, haq səsimizi eşitsinlər. Dostum Cəfər Sadığın ötən il Xocalı faciəsi haqqında (”Bunu unutmaq olmaz”) kitabı da çap olunub.
- Qarşıda hansı işlərin görülməsi planlaşdırılır?
- Əşrəf Muradoğlu adlı bir rəssam olub, 1979-cu ildə Bakıda vəfat edib. Onun yaradıcılıq üslubu sosialist realizminə uyğun gəlmirdi. 1984-cü ildə dostlarımla birgə onun Bakıda sərgisini təşkil etdik. O zaman kitabını çıxarmaq istədik, imkan vermədilər. Nəhayət, gec də olsa, bu ilin oktyabrında Əşrəf Muradoğlunun əsərlərindən ibarət “Sehrli realizm” kataloq-kitabın təqdimatı olacaq. Qriqori Anisimov rəssamın əsərləri haqqında maraqlı araşdırma yazıb.
- Azərbaycanın taleyüklü məsələləriylə bağlı kitablar rəsmi ünvanlara göndərilirmi?
- Rusiyada kitab nəşriyyatı sahəsində qayda var. Nəşriyyat borcludur ki, çap etdiyi kitabın 16 nüsxəsini aidiyyatı dövlət orqanlarına göndərsin. Hər çıxan kitablarımızdan 100-150 nüsxə də Rusiyadakı səfirliyimiz vasitəsilə yayılır. Hər halda Azərbaycanla maraqlanananlara kitablarımız çatır.
Təbii ki, Azərbaycan haqqında kitab çap etdirməklə bağlı istəyimiz, planlarımız çoxdur, amma bunların gerçəkləşdirilməsi isə problemli məsələlərdir. Heç nə asan başa gəlmir. Mənim hesablamama görə, son 3 ildə Moskvada Azərbaycan müəllifinin, ya da Azərbaycan haqqında yazanların cəmi 30-dan çox kitabı çıxıb. Məncə, bu, yaxşı göstəricidir. Həmçinin Moskvada müntəzəm olaraq Azərbaycan və rus dillərində “Azərbaycan konqresi”, “Azərros”, “Azərbaycan diasporu” və “Salam press” qəzetləri, 5 ildir “İrs” jurnalı çıxır. Artıq Rusiyada qalın həcmli “Baku” jurnalı da çap olunur. Rus şairi Sinelnikov Əfzələddin Xaqaninin əsərlərini tərcümə və nəşr etdirib. Bu yaxınlarda “Drujba narodov” jurnalının bir sayı bütünlüklə Azərbaycan ədəbiyyatına həsr olunmuşdu. Rus yazıçısı Rudolf İvanov Cəmşid Naxçıvanski haqqında iki böyük həcmli kitab nəşr etdirib. Bu, onun müstəqil araşdırmalarının nəticəsidir, Rusiya arxivlərində araşdırmalar aparıb. Bu saat xarici ölkələrin arxivlərində araşdırmaların bahalaşma səbəbindən aparılması çətinləşdiyindən bu tipli kitablar Azərbaycanın hərb tarixini öyrənmək üçün çox əhəmiyyətlidir. Rusiyada yaşayan Eldar İsmayılov çar hakimiyyəti dövründə “Müqəddəs Georgi” ordeninə layiq görülmüş azərbaycanlılar haqqında kitab yazıb. Azərbaycan mədəniyyəti ilə bağlı da kitablar çap olunur. Bəlkə də bu sahədə kitablar azdır, çünki hazırda daha çox siyasi mövzulu kitabların çıxması üstünlük təşkil edir. Bu sırada əsas yeri Qarabağ problemi ilə bağlı araşdırmalar tutur. Hər halda mən əlimdən gələni etməyə çalışıram.
ADR-lə bağlı kitab ideyasını 3 aya gerçəkləşdirdik, arxivimdəki 6-7 məqaləni bir yerə yığdım, kitab yarandı.
Gərək işlərimizin çevrəsini daim genişləndirək, dayanmayaq. Son 3 ildə mədəniyyət sahəsində Tahir Salahovun, Fərhad Xəlilovun və Əşrəf Muradoğlunun albomları çıxıb. Bir ay qabaq Fərhad Xəlilovun Moskvada sərgisi oldu. Bu il Tahir Salahovun 80 iliyidir. Bildiyimə görə, 3 cildlik əsərlərindən ibarət albomu çapa hazırlanır. Məsəl var ki, dama-dama göl olar. Bu sahədəki canlanmanın daha da artacağına, son nəticədə daha yaxşı effekt verəcəyinə ümidliyəm.
- Azərbaycanda çıxan qəzetlərlə, kitablarla ardıcıl tanış ola bilirsinizmi?
- İnternetlə xəbər tuturam. Eşidəndə ki, Bakıda təzə kitab çıxıb, dostlarıma yazıram, göndərirlər. Moskvanın böyük mağazalarına gedirəm, axtarıram ki, görək rusca təzə nə var Azərbaycandan. Bu il Rüstəm İbrahimbəyovun, Anarın, Çingiz Hüseynovun, Sabit Ağayevin, Eduard Bağırovun kitabları, Afanasi Məmmədovun iki romanı çap olunub. Hər halda Rusiyanın kitab bazarında bizim kitablar artmağa başlayıb.
Özüm isə 2 il qabaq rusca Paris xatirələrimlə bağlı “Parisdə illər və görüşlər”, ötən il isə İkinci Cahan savaşı dövründə alman qoşunları tərkibində fəaliyyət göstərən Azərbaycan legionunun yaranma və fəaliyyət göstərməsi səbəbləri haqqında kitab yazmışam.
- Bu gün erməni mifi dünyanı daha çox cəlb edir. Baxmayaraq ki, siyasi dünya erməninin çoxsifətliyini gözəl tanıyır.
- Erməni diasporunun fəaliyyətini öyrənmişəm. Ermənilər harada əlverişli imkan olub, orada məskunlaşıblar, pul qazanıblar, imkanlarını artırıblar. Kilsə erməniləri həmişə birləşdirib. Parisdə olanda görürdüm ki, erməninin kapitalisti də, kommunisti də kilsəyə gəlir. Ermənilər heç vaxt dinc durmurlar.
Əgər millətimiz üçün iş görmək istəyiriksə, başqasından umduğumuzu özümüz etməliyik və nümunə olmalıyıq. Məncə, belədə milllət olaraq birliyimizə nail olarıq. Əgər bundan sonra daha çox çalışmasaq, yenə geri qalacağıq.
Sabah Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 90 ili tamam olur. Tarixçi-professor Fəzail İbrahimli deyir ki, 28 may Azərbaycan xalqının istiqlala, azadlığa qovuşduğu bir gündür. Onun sözlərinə görə, tariximizin çoxlu şanlı səhifələri olub, 28 may bunların içərisində özünəməxus yer tutur. Millətin özünə qayıdışı, öz haqqını tanıması, millətin digər millətlər içərisində azad yaşamaq haqqının bərpası günüdür. Bunun qısa adı isə Azərbaycan xalqının işğaldan, boyunduruqdan azad olduğu gündür. Professor bildirdi ki, bu, böyük bir tarixi yol olub. İstiqlal tamam başqa bir dövlətin ərazisində, Gürcüstanın paytaxtı Tiflisdə elan edilib. Bu, heç bir xalqa, dövlətə xas olmayan bir olaydır. Dünyanın başqa xalqları öz istiqlallarına qovuşan gün ayağa qalxır, mübarizə aparır, paytaxtı alır. Ancaq bizim xalqımıza kənarda istiqlalı elan etmək qisməti düşüb.
Bu, onunla bağlı idi ki, milli istiqlaliyyətimizi elan etdiyimiz şəhərdə-Bakıda Azərbaycan xalqına zidd qüvvələr, xalqımızın ideologiyasına, mənəviyyatına zidd mənəviyyat, əxlaq hökm sürüb. Ona görə istiqlala gedən yol ağrılı olub.
Elçin Qabiloğlu




Bölmə: 








