Payızda I Beynəlxalq “Buta” Festivalı keçiriləcək
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 29 Mayıs, 2008NƏSİB PİRİYEV: «MƏQSƏDİMİZ DÜNYA İCTİMAİYYƏTİNİN DİQQƏTİNİ CƏLB ETMƏKDİR»
«Buta» İncəsənət Mərkəzi paytaxt Bakıda festival keçirəcək. «I Beynəlxalq Buta Festivalı» adlanacaq bu tədbir bir həftə ərzində dünya sənətsevərlərinin diqqətini Bakıya yönəldəcək. «Azərcell Telekom» MMC, Mədəniyyət və Turizm Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Bakı Bulvarı İdarəsi, Fransa Səfirliyinin dəstəyilə baş tutacaq bu festivalda yerli və əcnəbi sənət ustalarının iştirakı gözlənilir. 7 gün ərzində Bakının müxtəlif meydanları və mədəniyyət mərkəzlərində incəsənət xadimlərinin, xarici mədəniyyət ustalarının, eləcə də uşaq yaradıcılıq kollektivlərinin maraqlı proqramlarının şahidi olacağıq. Festiavlın keçirilməsində əsas məqsəd paytaxt sakinləri və qonaqların Azərbaycan incəsənəti və mədəniyyətilə yaxından tanışlığı, habelə dünyanın müxtəlif ölkərində keçirilən bənzər festival ənənəsinin əsasını öz məmləkətimizdə də yaratmaqdır. «Buta» İncəsənət Mərkəzinin baş direktoru Nəsib Piriyev belə deyir: «İki ildən bir təşkil olunan Moskva Festivalı, Luiziana və Montrö İncəsənət Festivallarından tutmuş Kann festivalına qədər- bu cür mədəni tədbirlər beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir, həmçinin mədəniyyətlərarası mübadilə prosesinə xidmət göstərir. Ümidvaram ki, I Beynəlxalq “Buta” festivalı da bu baxımdan dünya festivallarından geri qalmayacaq».
Qeyd edək ki, festival çərçivəsində caz, klassika, estrada və milli musiqi və mahnılarla bahəm incəsənətin digər sahələrinə də diqqət yetiriləcək. Məsələn, Azərbaycanın xalq artisti, muğam ustası Alim Qasımovun ustad dərsləri, cazmen Şahin Növrəsli və respublikanın əməkdar artisti, pianoçu Murad Hüseynovun konserti təşkil olunacaq. Həmçinin divar yazılarının çəkilməsi, gil və çini qabların düzəldilməsi, metal üzərində döymə üzrə, «Qədim Azərbaycan incəsənəti» mövzusunda ustad dərsləri, eləcə də (tar, dəf, kamança kimi milli musiqi alətləri, violonçel və skripka kursları məhz bu festival çərçivəsində ilk dəfə olaraq reallaşacaq. Lakin bütün bu sadalananlar yaxın gələcəkdə, dəqiq desək, payız mövsümündə olacaq. Festivalın açılışının 1 iyun tarixinə nəzərdə tutulmasına baxmyaraq, bir neçə aylığa ertələndi. Buna səbəb festivalda iştirak üçün İtaliyadan təşrif buyuracaq pop-ulduzun səhhətindəki problemlər olub. Belə ki, əvvəlcə adı açıqlanmayan pop ulduzun kimliyi sonradan bəlli oldu. Söhbət dünyaşöhrətli Eros Ramazottidən gedir. Nəsib Piriyevin sözlərinə görə, bu xəbər son anda məlum olub. Bu da ümumilikdə festival proqramında dəyişikliyə gətirib çıxarıb.
Yeganə qüvvədə qalan tədbir isə açılış mərasimi olub. Məhz 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günündə, yenicə təmirdən çıxmış A.Şaiq adına Kukla Teatrının qarşısında bayram əhval-ruhiyyəsi yaşanacaq. Proqrama əsasən həmin gün uşaqları Mərkədəkan Uşaq Evinin Nəfəs Alətləri Orkestri təbrik edəcək. Teatrın foyesində uşaqlar üçün veriləcək ayaqüstü ziyafətdən sonra Azərbaycan xalq nağıllarının qəhrəmanı – Cırtdan kuklası balaca seyrçilərə hədiyyə ediləcək. «Dünya uşaqları» adlı fotosərginın də nümayişi unudulmayıb. Qeyd etdiyimiz kimi bunlar açılış mərasimində olacaq. Festival proqramında ehtimal edilə biləcək dəyişikləri nəzərə alaraq, digər xəbərlərin dərcini payıza saxlayırıq.
SEVDA BABAYEVA, “Kultaz”





Yüklənir...