Qaynar xəbər portalı

Kitab dünyası


Qan TuralıQan Turalı

Absurd sözü deyiləndə Kamyu yada düşür. Amma ekzistensianistlərin arasında da Kamyu xatırlanır. Kamyu isə yazırdı: “Adımın Sartrın yanında yazılması məni təəccübləndirir. Çünki ilk kitablarımı yazanda Sartrı şəxsən tanımırdım. Tanıyandan sonra isə nə qədər fərqli olduğumuzu anladım. Mənim dərc olunan yeganə fikir kitabım olan “Sizifin hekayəsi” ekzistensianizmə və Sartra qarşıdır.”
Sartr ekzistensianalizmi “humanizm” adlandırırdı. O, ekzistensianalizmin din kimi xilas yolu olduğuna inanırdı. Kamyu isə “Sizif hekayəsi”ndə mübarizənin mənasız olduğunu sübuta yetirirdi. Həyatları da çox fərqli idi.

Sartr Nobeldən imtina etdi. O təklif etdi ki, ona verilən bu yüksək mükafat Şoloxova verilməlidir. Çünki Şoloxov totalitar bir ölkədə azadlığını qoruya bilirdi. Kamyu isə Nobeli aldı. Və Nobel nitqində həyatın mənasız olmasından danışdı. Həyat mənasız idisə, Nobel bu həyata məna qata bilərdimi?

Praktik cəhətdən məsələyə yanaşdıqda Sartr Nobeldən imtina etməklə daha populyar oldu. Amma Sartrı populyar edən onun fəlsəfəsi qədər alovlu və humanist mübarizəsi idi. Məhz Sartrın qətiyyəti ilə ölüm hökmünün ləğv edilməsi prosesi başlandı. Məhz Sartr Amerikaya məhkəmə qurub Vyetnam hadisələrində onu günahkar çıxartdı. Məhz Sartrın başlatdığı etiraz kampaniyası Nazım Hikməti həbsdən çıxartdı. Çe Gevara Sartrın müdafiəsinə ümid bağlayıb təslim oldu, amma öldürüldü. Sartr bütün əzabkeşlərin yanında idi, Kamyu  kimi onların acısından fəlsəfə düzəldib Nobel almırdı. Sartr XX əsrin peyğəmbəri idi.

Kamyu qətiyyən mübariz deyildi. Absurd onun fəlsəfəsinin adı idi. Amma ondan artıq dərəcədə absurd Kamyunun həyat tərzi idi. Birini artıq qeyd elədik: Nobel məsələsini. Kamyu həyatın mənasız olmasından əzab çəkirdi və bu əzabdan danışa-danışa, yaza-yaza Nobel aldı. Ən pisi isə Əlcəzairlə bağlı idi. Sartr və digər sol filosoflar Fransanın Əlcəzairə müstəqillik verməsini tələb edirdilər. O zamanlar Əlcəzairdə müharibə gedirdi. Kamyu isə əslən əlcəzairli olsa da bu məsələ onu maraqlandırmırdı belə. Daha doğru desək, Əlcəzairin Fransa müstəmləkəsi olaraq qalmasını tələb edirdi. Amma Stokholm  universitetində verdiyi konfransda Kamyu Əlcəzair məsələsindəki passivliyini müdafiə etdi. Sözlərini isə Əlcəzairdə yaşayan anası üçün narahat olduğu ilə bitirdi. Bu ziddiyyət və eqoizm sol filosoflar tərəfindən ciddi tənqid olundu.

Kamyu “Sizif”də absurdu belə izah edir: “Bir tərəfdən məmnuniyyətlə yaşayırıq, amma öləcəyimizi də bilirik. Öləcəyini bilərək yaşamaq insana əzab verir. Üstəlik ölümü məhv etmək də mümkün deyil.” Amma fəlsəfəsi etibarı ilə Kamyu heç də pasifist deyildi. O insanları ümidsiz mübarizəyə səsləyirdi. Filosof insanları passiv qiyama səsləyirdi. Onun qiyamkar insanı həyatın mənasızlığını dərk edərək ona qarşı passiv qiyam qaldıran insandır.

Amma passiv qiyam mənasız qiyamdır. Passiv qiyamın özü absurddur. Absurda qarşı absurd. Sartr mübariz oldu, çünki o həyatın mənasızlığını anlayıb, yeni məna yaratmağı və bunu həyata qarşı qoyaraq vuruşmağı təklif edirdi. Kamyu isə insanları ümidsiz mübarizəyə səsləyirdi.

Bu günkü situasiyamız da Kamyu-Sartr qarşıdurmasından başqa bir şey deyil. Kimiləri siyasi hakimiyyətə gəlməyin mənasız olmasını düşünür, amma  yenə də müxalifətdə qalır. Hərçənd ümidi olmayanın məğlubiyyəti qədər cəbhə dəyişdirməsi də realdır. Optimistlərin isə hələ də kökü kəsilməyib. Bunu isə Sartr yox, Kamyu yazıb: siyasi azadlıq anlayışı insan anlayışının inkişafını təmin edir. Amma bunu da Kamyu yazıb: uğurlu olan yeganə qiyam intihardır.

Kamyu yalan danışır.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (2 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Çərşənbə, İyun 11th, 2008 tarixində 16:44 radələrində Köşələr bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

5 şərh var


  1. pechorin adlı istifadəçi, İyun 11, 2008 tarixində, saat 20:01 yazıb:

    Yazini cox beyendim.


  2. oqtay agayev adlı istifadəçi, İyun 13, 2008 tarixində, saat 22:21 yazıb:

    Tural, eladır. Lutfen fəlsəfədən yazmaga davam et…


  3. amaravati adlı istifadəçi, İyun 17, 2008 tarixində, saat 16:39 yazıb:

    “Kamyu yalan danışır”.

    qıcıqlandırıcı sonluqdur


  4. mirmehdi adlı istifadəçi, İyun 17, 2008 tarixində, saat 21:07 yazıb:

    Tural eladir.


  5. vicay adlı istifadəçi, İyun 22, 2008 tarixində, saat 02:14 yazıb:

    bugunki muxalifetde qalanlari Kamyunun ideallari ile eynilesdirmek insafsizliq olardi. Sartr heqiqetende kamyudan daha boyuk isler gorub ve bu danilmazdir amma , Kamyunun irsi de ozunemexsuslugu ile secilir ve solcularin hazirki fealiyyetinde boyuk rolu vardir

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: