Qaynar xəbər portalı

Kitab dünyası


Teatrda tərcümə əsərləri


Bölmə Bölmə: Teatr | Göndər Göndər | Çap et Çap et | 199 oxunma

AliyəVəziyyət necədir?

ALİYƏ

Oylə bir tərcümə kim, ruhi Şekspir görcək,
Ağladı ruhi Otelloyla bərabər özünə.
«Ax mütərcim!» deyə odlu bir tüpürcək atdı,
Şübhəsiz düşdü o da tərcüməkarın gözünə.

Bu taziyanəni əsrin əvvəllərində Mirzə Ələkbər Sabir Şekspirin «Otello»sunun tərcüməsini bəyənməyərək yazmışdı. Bu illərdə klassik əsərlərin təbdili də yayğın hal almışdı. Təbdil klassik əsərlərin «milliləşdirilmiş» variantı idi. Bu zaman əsərdəki surətlərin adları Zübeydə, Məmmədhəsən kimi adlarla milliləşdirilirdi. Şekspirin və Molyerin əsərləri bu yolla «özümüzünküləşdirilmişdi». Əsrin əvvəllərinə nisbətən tərcümə sahəsində nə qədər inkişaf olsa belə, problem aktuallığını itirməyib. Ölkədə tərcümə mərkəzləri, xarici dillərə meyl nə qədər artsa da bədii tərcümə sahəsində boşluq həmişə nəzərə çarpır. Prezidentin sərəncamı ilə 150 cildlik dünya klassiklərinin əsərləri tərcümə olunub, çap olunacaq. Görəsən hansı yazıçılar hansı meyarlarla götürülür? Ardınca yaxşı və ya pis nəsə deməyimizdən asılı olmayaraq, tarixiləşmiş bir sistemdə - sovet ölkəsində, sosializm zamanında xarici ədəbiyyat xüsusi diqqətlə seçilir, yazıçı şairlərin ictimai siyasi mənsubiyyəti nəzərə alınır, insafən, keyfiyyətlə tərcümə olunurdu. O zamanlar bizdə tanınan ən məşhur xarici yazarlar ən qatı kommunistlər idi. Sistemin necə müəyyənləşdiriləcəyi, bu klassikanın hansı meyarlarla seçiləcəyi barədə araşdırma aparıb məlumat çatdırmaq mənə borc olsun.
Müstəqillik illərinin adda-budda sistemsiz tərcümələrinin xaosunu ən çox yaşayan bir obyekt teatr oldu. Tərcümə əsərlərinin teatrda xüsusi yeri var. Dünya klassikası yerli teatrlarımız üçün daima bir istiqamət, peşəkarlıq səviyyəsini ölçəcək barometr olmuşdur.
Adətən xarici dramaturqların əsərləri orijinaldan yox, ruscadan tərcümə olunur. Görəsən bədii material kimi əcnəbi ədəbiyyata daim ehtiyacı olan teatr problemi necə həll edir? Tərcümə əsərləri, xüsusən, dramaturgiya sahəsində o qədər çox deyil və seçim imkanı yaratmır. Bəlkə də məhz bu səbəbdəndir ki, teatrlarımız nə qədər yerli dramaturgiya qıtlığından şikayətlənsələr belə, xarici dramaturqlara az-az müraciət edirlər. Hər teatrın repertuarının maksimum 20 faizini xarici ədəbiyyat nümunələri təşkil edir. Bu nümunələrin əksəriyyəti isə tanış materiallardır.
Adətən tərcümə məsələsi rejissorların üzərinə düşür. Hətta repertuarda olan bir çox əsərlərin tərcüməçisi rejissorlar özləridir. Məsələn, Bakı Kamera teatrının tərcüməçisi adətən aktyor Şövqi Hüseynovdur (məs. «Kontrabas» (Züskind), «Don Raffael Trambonçu» (P.de Filippo), «Mavi yuxular» (Ş.Aleyxem), «Sən məni atmazsan ki…» (C.Steynbek) və s. Əsərlər məhz onun tərcüməsi ilə tamaşaçılara təqdim olunub. Yeri gəlmişkən qeyd edək ki, paytaxt teatrları arasında xarici dramaturgiyaya ən çox meyl edən də elə Bakı Kamera Teatrıdır. Bu teatrın ikinci qeyri-rəsmi tərcüməçisi İlqar Fəhmidir. Teatrın hazırda üzərində işlədiyi bir əsəri - Martin Makdonalfın «Yastıq adam» dramını rejissor Cənnət Səlimova orijinaldan, yəni ingiliscədən özü tərcümə edib.
Akademik teatrda tamaşaya qoyulmuş bir-iki tamaşa da bu qəbildəndir. Viktor Hüqonun «Paris Notrdam kilsəsi» əsərindən gərəkən parçaları rejissor Samir Qulamov özü tərcümə edib. Belə misallar hər teatrda var. Və əslində, gərəkli tendensiyadır. Məsələn, rejissor tərcümə olunmuş ədəbi mətn gözləmək əvəzinə, özü axtarışlar edir, rusdilli ədəbiyatla maraqlanır və nəhayət hazırlayacağı əsəri birbaşa olaraq özü seçir. Hərçənd ki, tərcüməçilik sistemi daha möhkəm və yayğın olsa idi, bu da onların işinə əngəl törətməzdi.
Tərcümə olunmuş səhnə materialının keyfiyyətinə gəlincə isə, peşəkar tərcümə olmadığından qüsurlar yox deyil. Diqqətinizə çatdırım ki, nəsr və kitab variantına nisbətən, dramaturgiyada tərcümə qüsurları daha tez nəzərə çarpır. Səhnə dili bu mətnləri nə qədər cilalasa belə, qüsurlar nəzərdən qaçmır. Cümlələr çox uzun, sözlər yerində olmur. Əlbəttə, söhbət yuxarıda adı çəkilən tərcümələrdən getmir. Maraqlı da olsa, belə tərcümələr, yəni rejissorların qələmindən çıxan tərcümələrin əksəriyyəti bu kimi qüsurlardan uzaq olur. Bu uzun cümlələr Akademik Teatrın sarsılmaz pafosuna, lirizminə, Kamera teatrının emosyalarla yüklənmiş nitqlərinə, hətta Pantomim teatrının danışmağa yadırğamış aktyorlarına (məs: «Foto Bahar» tamaşasında) əməlli-başlı mane olur. Akademik teatrın «Oyuncaq ev» tamaşasında isə cümlələr elə qurulub ki, adamda norveçlərin anaşılmaz məntiqi təəssüratı yaranır. Sumqayıt teatrının Qolsuorsidən hazırladığı bəyənilən tamaşa belə, tərcümə qüsurlarından xali deyildi.
Problemin nədəni yenə də peşəkarlıqdır. Bədii tərcümə isə yaradıcı bir işdir. Həm də tərcümə o sahədir ki, hər çevirmədə əsər neçə faizsə itirir. Yazını isə məhz teatrda tərcümə problemləri baxımından yerinə düşən bir deyimlə bitirmək istəyirəm. Bunu A.P,Çexov qeyd dəftərinə yazmışdı (kim bilir, bəlkə də hekayə süjeti üçün): «Adam bütün ömrünü norveç dilini öyrənməyə sərf etdi ki, İbseni ingiliscədən oxusun. Oxuyandan sonra fikirləşdi ki, İbsen də bir fərli dramaturq deyil. Onda bilmədi ki, norveç dilini neyləsin».






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (1 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Çərşənbə, İyun 11th, 2008 tarixində 09:48 radələrində Teatr bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

1 şərh var


  1. scorpion adlı istifadəçi, İyun 12, 2008 tarixində, saat 17:20 yazıb:

    «Adam bütün ömrünü norveç dilini öyrənməyə sərf etdi ki, İbseni ingiliscədən oxusun. Oxuyandan sonra fikirləşdi ki, İbsen də bir fərli dramaturq deyil. Onda bilmədi ki, norveç dilini neyləsin».
    Aliyə xanım, Çexovun bu fikirlərini kim tərcümə eliyib?

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: