Cavanşir Yusifli
Elin sözüylə, həm də kefli İskəndərin utancaq baxışlarıyla baxanda bir də görürsən ki, lotunun biri birdən-birə cild-cild əsərləri utandıracaq səmimiyyətlə seçilmiş əsərlərini qoydu ortaya və bu qəfil hərəkətiylə hamını çaş-baş saldı.
Budur, baxın, burada milli ədəbiyyatımızın bütün janrları üstə gəzişmələr var: qoşma, gəraylı, sərbəst, sonra: səhnəmizin yaraşığı dram əsərləri, hekayə, roman, povest və nəhayət bunların hamısının əvəzindən çıxış edən esselər… Sırtıq bir ifadəylə deməli olsaq, dərhal bədii ədəbiyyatı təbliğ və təşviq edən yaramazlar çıxdı meydana, başladılar, nə başladılar: ümumi mənzərə özü sənə deyir ki, hər şey əladır və deyəsən, az qalıb… bir azdan sükut pozulacaq. Amma pozulmur, hər şeydən əvvəl ona görə ki, sükut çox nəhəng və azman görünən, təsir bağışlayan şeylərin sonudur. Çox zəif bir şeyi məcburən, komsomol təşviqatının gücüylə müzakirəyə çəkmək, bum yaratmaq… bəlkə də pis deyil, ancaq ciddiyyətin, müzakirəyə layiq ciddi bir predmetin olmadığı təqdirdə danışmaq… biabırçılıq deyilmi? Bir dəfə belə şey olmuşdu, bu şeirləri oxuyan dostum onların gözəlliyindən, kamilliyindən… daha hansı xüsusiyyətlərindən ağız dolusu danışırdı. Bu monoloq bitdi və sükut pozulmadı. Elə bil heç kəs danışmamışdı. Yaxşı şeir qafiyə və bənzətməylə, bunların olması və olmamasıyla ölçülmür və ən qəribəsi odur ki, işə yarayan bir «ölçü vahidinin», etalonun olmasından söz açmağın özü yersizdir. Biz o uğursuz taleyi keçsək də, keçməsək də həmin tale şeirə çevriləndə, şeir kimi danışanda min illərin yuxusundan ayılır kimi olursan, danışmaq əvəzinə susur, içinə çəkilir və sənə nəyinsə agah olmasını özünün, içinin heç kəslə bölünməyən sirrin kimi yaşayırsan. Bu barədə danışmaq qeyri-mümkündür. Hər şeydən qabaq ona görə ki, şeir, gözəl şeyr, yox, belə deməzlər – sadəcə ŞEİR təzə dil yaradır, heç kəslə bölüşülməyən intim sirrin, həqiqətin dilində danışmaq rüsvayçılıqdır. İndi dəyərlərin itib, zövqlərin korşaldığı bir dövrdə cərəyan edən hadisələr mənim yaşadlarım olan şairlərin ədəbi taleyinə də təsirsiz qalmır, bir dəfə, bir, iki, on… şeiriylə özünü təsdiq edən şairlər elə bil ki, yenidən bu qovğaların burulğanında imtahandan keçməli olurlar. Elə bil ki, kimsə gəlib, yumruğunu düyümləyib yer kürəsinə çırpıb, bütün əvvəlki «imtahanların» nəticələrini ləğ edib, yeni, daha ağır sınaqlar başlayıb. Bu bir metafora olsa da, zamanüstü bir həqiqət də var: nəhayət, elə bir dövr gəlib yetişir ki, sən başqa bir şeyi yox, məhz aqibəti qələmə almalı olursan, bütün yazdıqlarının və yazmaq istədiklərinin məntiqi nəticəsi meydana çıxır. Bu fırtına və qovğada haçansa yazdığın yaxşı yazılar bir kənara qoyulur, deyirlər ki, indi bilmədiyin, danışmadığın bir DİLDƏ yaz. Əlisəmid, belə demək olarsa, mənim gözümdə həmişə qarlı, tufanlı bir havada ovunu gözləyən snayperçiyə bənzəyir. Deyəsən bu adamın atmaq fikri yoxdu, çox şeyin, sonsuz hadisələrin sonunu, bizim içimizdə dev balası kimi yatan səbrin də sonunu gözləmək fikrindədir. Dünyanın sonunu gözləyib atmağın görəsən nə ləzzəti var?! Bəlkə bu adamın heç gülləsi yoxdu? Ya… İndiyə qədər, bax, bu an da yaşanılana qədər necə gözəl mənzərələr, hadisələr ötüşüb keçdi, baxır, baxır, eynəyini çıxarıb silir, ətrafı dinşəyir, gözləyir, yenə də gözləyir… Məni ən çox məyus eləyən hal şeirdə formal ştrixləri qabartmaq cəhdləridir. Guya filankəs sərbəsti belə yazıb, mənim fikrimcə bu sərbəst deyil, sərbəsti elə yox, belə yazarlar. Mənə qədər olan şeir romantika tülünə bürünmüşdü, mən bütün boz pəncərə şüşələrini sındırmışam, baxın, feyziyab olun. Filan-filankəslər millətin taleyi ilə möhtəkirlik edib görün hansı mərtəbəyə ucalıblar, əsl şair, qələm adamı elə yox, belə olmalıdır.. və sair və ilaxıra. Bütün bu cəfəng şeylərin, cəhdlərin, enerji sərfetməyin, «yanacaq yandırmağın» arxasında heç bir ciddilik yoxdu, çox danışan və çox yazan adam… diqqətlə baxanda görürsən ki, eyni bir şəxsdir. Yenə də insanı yoran, ruhunu incidən bənzətmələr meydan sulayır. Bütün bunları dəf etməlisən ki, oturub namuslu bir yazı yaza biləsən. Əlisəmidin şeirlərində, sizə qəribə gəlməsin, ənənəvi mənada bənzətmə yoxdu, hadisə baş verdikdən, hərəkət icra olunduqdan sonra yaranan mənzərə var. Əlisəmidin şeirlərində hər şey diri və canlıdır, hər şey «naturadan çəkilib», ona görə də hələ nəyisə nəyəsə bənzətməyə macal, vaxt, imkan qalmayıb, daha doğrusu, bu fürsət «əldən buraxıldıqdan» sonra şeir gəlib. İstənilən şeirini oxuyun, ya da baxın – elə bil bu hisslər, bu görüntü göz-gözü görməyən bir havada, yerdən göyə qar yağan bir durumda «tululub», sən demə, tüfəngi endirib atmaq ən mahir ovçuluqmuş. Ürəklə əlin arasındakı məsafənin demək olar ki, aradan götürülməsi (snayperçinin özünə atması) üslubi metamofoza yaradır – bu şeirləin məkanı dünyanın qurtaracaq yeridir, zamanın qızıl qanı yerə, qarın üstünə yox, üfüqlərin ovcunun içinə səpələnib…
SONRASI NƏ OLA-OLA
Çölün dumanında azıb qalasan,
Bir qoyun sürüsü otlayan yerdə.
Əlini dizinə çırpıb qalasan,
Ürəyin buz kimi çatlayan yerdə.
Sonrası… sonrası nə ola-ola.
Ocağın da sönə… düşəsən dərdə,
Yanasan, öz tüstün başından çıxa.
Bıçağın sümüyə dirənən yerdə
Cibindən pas atmış bıçağın çıxa,
Sonrası… sonrası nə ola-ola.
Əynində quruya nimdaş köynəyin
Tənhalıq içində canın sıxıla.
Görəsən sinəndə bir daş göynəyir
Qəfildən bir quzu sənə qısıla…
Sonrası… sonrası nə ola-ola.
Quru çörəyini böləsən yarı…
İllah da bir yandan duman, çən ola.
Qurbanlıq quzusan, quzu qardaşım!
Bıçağımdan qorxma…
Sonrası… sonrası nə ola-ola.
Yazıya səs verin
Şərhlər
Bu yazı Cümə axşamı, İyun 12th, 2008 tarixində 19:59 radələrində Ədəbi tənqid bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.




Bölmə: 









Ryabina adlı istifadəçi, İyun 12, 2008 tarixində, saat 22:08 yazıb:
İndi bu məkanda it yiyəsini,
bıçaq tiyəsini tanımır daha,
Ayın o üzü də bir astar imiş,
Ayın da astarı üzündən baha,
Yenil içindəki sənə bənzəyən,
Və səndən çox fərqli olan Allaha…
Sonrası…
Sonrası nə ola, ola…
***
Bəlkə kultazın tənqid üçün ayrıca bir qolunu təşkil etmək mümkündür?
Admin, bunu etmək olarmı?
Rebiqe adlı istifadəçi, İyun 12, 2008 tarixində, saat 22:48 yazıb:
Əlisəmidin bu şeiri çox gözəldi…həm musiqisi xoş gəlir mətnin,həm mənası…
Stilyaga adlı istifadəçi, İyun 13, 2008 tarixində, saat 09:56 yazıb:
Elisemidin tekce bu seiri yox, ekser seirleri gozeldir.
Esas odur ki, Elisemid hec kesi yamsilamir, ozunu yaradir.
Intonasiya ve nefes ozunemexsuslugu, seirin bitkinliyi, ugurlu misra yox, ugurlu seir yazmak Elisemid poeziyasinin ayrilmaz elementleridir…
Çılğın adlı istifadəçi, İyun 13, 2008 tarixində, saat 10:00 yazıb:
Hə, şeir mənim də xoşuma gəldi. Əzbərləmək istədim lap…
Raset Pirisoyu adlı istifadəçi, İyun 13, 2008 tarixində, saat 12:10 yazıb:
Müasir Azərbaycan ədəbiyyatının bir çox «ziqzaqları» Əlisəmid Kürün taleyində çox qəribə şəkildə öz ifadəsini tapıb. Elə buna görə də Əlisəmid təkcə istedadına görə deyil, o həm də taleyinə görə çox maraqlı yazıçıdır. Mən istərdim ki, Əlisəmidin poeziyasından yazmaq həvəsinə düşmüş Cavanşir Yusifli, əgər cəsarəti çatarsa, həm də buna diqqəti cəlb etsin.
Əlisəmidin poeziyası taleyinin davamıdır.
Mən Cavanşir Yusifliyə nümunə təqdim edirəm. Bu, mənim «Sənət qəzeti»ndə çap olunmuş «Azərbaycan yazıçıları və Azərbaycan Yazıçılar Birliyi» məqaləmdən götürülüb.
«Günlərin bir günü «Yol» ədəbiyyat qəzetinin baş redaktoru Əlisəmid Kür mənə dedi:
-Bizi Yazıçılar İttifaqına çağırıblar.
Mən soruşdum:
-Bizi deyəndə sən «məni» də nəzərdə tutursan?
Əlisəmid Kür dedi:
-Bəli…
Yazıçılar İttifaqına gəldik.
Məlum oldu ki, biz Anarın yanında hansısa yığıncağa dəvət olunmuşuq. İçəri girdik. Otaqda Anar idi, Çingiz Abdullayev idi və bir də Azər (soyadını unutmuşam -R) idi.
Keçib oturduq.
Stolun üstündə hazır mətn vardı. Mətn Aydın Uluxanlının, səhv etmirəmsə, o vaxt «Müxalifət» qəzetində Yazıçlar İttifaqının , əslində isə Anarın əleyihinə yazdığı məqaləyə cavab idi.
Mən mətni ötəri nəzərdən keçirdim. Və məsələni anladım. Heç kəsə heç bir söz demədən durub otaqdan çıxdım. Az sonra Əlisəmid Kür də mənim arxamca çıxdı.
Biz bir xeyli bir - birimizin üzünə pərt - pərt baxdıq.
Sonra Yazıçlıar İttifaqını tərk edib, «Yol» qəzetinin redaksiyasına qayıtdıq.
Və deyəsən elə bu da «Yol» ədəbiyyat qəzetinin aqibətini həll etdi. «Deyəsən» ona görə deyirəm ki, «Yol» ədəbiyyat qəzetinin bağlanmasında digər səbəblər də az rol oynamadı.
Ümumiyyətlə, mənim kifayət qədər əsasım var, deyim ki, «Yol» ədəbiyyat qəzeti sistemili bir işin təbii nəticəsi kimi öz ömrünü başa vurdu.
Bu isə öz növbəsində bizim bir nəsil kimi özümüzü ifadə etmək imkanımızı əlimizdən aldı…»
Bu gün Əlisəmid Kürün maddi durumu yaxşı vəziyyətdə deyil. Yazıçlar Birliyinin sədri Anar yaradıcılığına görə deyil, ictimai mövqeyinə görə ona qənim kəsilib. Elə bilirəm indilərdə buna, məhz buna diqqəti cəlb etmək lazımdır.
cavanşir yusifli adlı istifadəçi, İyun 13, 2008 tarixində, saat 12:27 yazıb:
Əlisəmidin poeziyası taleyinin davamıdır….
Davamı deyil, taleyidir”!
Yerdə qalan məsələlərlə SİZİNLƏ razıyam, məncə, “YOL” qəzeti bizim taleyimizdə böyük rol oynadı.
Qaldı… cəsarətə!
Məni Əlisəmidin obrazı maraqlandırır.
YAZMAQ, məncə insanın özünün özündən fərqidir, Əlisəmiddə bu var, Əlisəmiddən elə buna görə YAZDIM.
Rasətə dərin hörmətlə,
Cavanşir.
YOLDAN OTEN adlı istifadəçi, İyun 13, 2008 tarixində, saat 12:32 yazıb:
Elisemidin sheiri yamsilama deyil? ozunuzu aldatmayin, bu nefes, musiqi min defe tekrar olub. Bu seir yalanchi keder numunesidir.
cavanşir yusifli adlı istifadəçi, İyun 13, 2008 tarixində, saat 12:42 yazıb:
YOLDAN ÖTƏNƏ:
Aydındı şerin dili,
… Nadan yüz yol oxusun,
Yenə bir şey anlamaz!
Raset Pirisoyu adlı istifadəçi, İyun 13, 2008 tarixində, saat 13:04 yazıb:
Cavanşir,
Mən də çox isterdim ki, aramızdakı ədəbi mübahisə hansısa anlaşılmazlığın nəticəsi olsun. Təbii ki, bunun nə qədər həqiqət olduğunu vaxt üzə çıxaracaq. Onsuz da bizim geriyə yolumuz yoxdur.
Görək vaxt nə deyir?
Sənə hörmətlə Raset
Stilyaga adlı istifadəçi, İyun 13, 2008 tarixində, saat 15:31 yazıb:
Yene de cesaret?
Tenqidcinin saire, yaziciya munasibeti ele cesaretin ve ya cesaretsizliyin numunesi deyilmi?
Indiki halda meni - inaniram ki, ele butun oxuculari - Elisemidin poeziyasi maraqlandirir.
Anarin Elisemide munasibetinden, ve ya eksine edebiyyat hec ne udmayib, hec uduzmayib da.
Tebii ki, Elisemid de teqaud alanlar sirasinda olmaliydi. Bu, onun haqqidir. Ancaq bu sohbetlerin poeziya ile ne elqaesi?!
Raset beyin -Bu gün Əlisəmid Kürün maddi durumu yaxşı vəziyyətdə deyil- demesi ile razilasmiram. Elisemid bacariqli oglandi, onun veziyyeti hemishe yazsi olub. Guya Yolda isleyende Elisemid ordan aldigi pulla dolanirdi…
yusifli cavanshir adlı istifadəçi, İyun 23, 2008 tarixində, saat 13:28 yazıb:
Bəsti Əlibəylinin Əlisəmid haqqında yaxşı bir məqaləsi var.
Diqqətinizi ona yönəltmək istərdim.
Zaur adlı istifadəçi, İyun 24, 2008 tarixində, saat 20:14 yazıb:
Salam
Elisemid menim sevdiyim ve hormet etdiyim shexlserden biridir. Onunla ilk defe gerishende bu insanda ozunutenqid hissinin oldugun gerdim. Fikrimce insanin ozunu tenqid etmesi onun daha da insan olmasinin gestericisidir. Bezileri bir iki yazi yazib sonra ozlerini dahilerele bir seviyede tutmasi ne qeder yaziq ve miskindirse Elisemidin ozunetenqidi daha seviyeli ve insanidir.
Cavanshir muellim tebrikler. Elisemedi yaddan chixartmadiginiza gere.
Insanlara sagliginda qiymet vermek lazimdir.
Hormetle,