Qaynar xəbər portalı

Kitab dünyası


Bir bazar günü aqressiyası


Bölmə Bölmə: Köşələr | Göndər Göndər | Çap et Çap et | 1,562 oxunma

Elnur Astanbəyli
molodoy25@box.az

Bu gün «altmışıncılar»dan danışacağıq. İndiyə qədər hər üzünə çevirdiyimiz bu mövzu həmişə aktualdır. Həmişə də aktual olacaq - hətta onlar fiziki cəhətdən məhv olandan uzun illər sonra da. Çünki heç kim gələcəkdə bir daha bu qədər merkantil bir nəslin yetişməyəcəyinə təminat verə bilməz.
Möhkəm olun, getdik! 
Ağ yalan, qara yalan

Başlayaq AYB sədri Anar müəllimdən. O, «Azadlıq» radiosuna müsahibə verib növbəti dəfə atası Rəsul Rzanın «qəhrəman», «dissident» obrazını yaratmağa çalışıb. Guya Rəsul Rza Bakı komissarlarına nifrət edirmiş, ona görə də 26-lar haqqında simfoniya yazmaq istəyən Qara Qarayevin üstünə təpinib, onu bu fikrindən daşındırıbmış. Hələ bu harasıdır? Anar müəllim bir az da irəli gedib deyib ki, bəs Rəsul Rza ömrü boyu Xalq Cümhuriyyətinin yaradıcılarına dərin sevgi bəsləyib, onlar haqqında söz düşəndə həmişə  «yazıqların hakimiyyəti az çəkdi, çox iş görə bilmədi» deyirmiş. Anar müəllim, adamda insaf da yaxşı şeydi. Bəlkə «Lenin» poemasını sənin atan Rəsul Rza yox, mənim dədəm Raqif kişi yazıb? Hər halda Rəsul Rza uzaq tarix deyil. 30-cu illərdə, vicdanlı ziyalıların qılıncdan keçirildiyi vaxt heç bir istedadı, ali təhsili olmadığı halda Rəsul Rzanın karyera pilləkənləri ilə sürətlə irəliləməsinin özü hər şeyi deyir. Özünüzə nahaq əziyyət verirsiniz. Belə nağıllarla indi bağça uşağını da aldada bilməzsiniz. İnanın mənə. Sadəcə, dediklərinizin üstündən ona görə sükutla keçmək olmaz ki, bu hesabla sabah, o birigün oğlunuz, gənc yazıçı Tural müsahibə verib asanlıqla deyər: «Faiq Sücəddinov «91-lər» haqqında simfoniya yazmaq istəyirdi, atam qoymadı». Ya da belə: «Atamın Xalq Cəbhəsinə böyük məhəbbəti olub. Həmişə onlardan söz düşəndə deyərdi: «Yazıqların hakimiyyəti az çəkdi, çox iş görə bilmədilər»». Toyuq toyuqdu, su içəndə göyə baxır, Anar müəllim, nəyisə danışanda azacıq insaf etsəniz, fənamı olur?
Bir də ki, əgər atanız Xalq Cümhuriyyətinin belə sevdalısı imişsə, heç olmasa, onun ruhuna sayğı duyun, əlinizi istedadlı gəncliyin boğazından çəkin, təqaüdün, mənzilin, titulların, vəzifənin peşini buraxın və Rəsulzadəyə bir heykəli qıymayan sevimli hakimiyyətinizdən hesab sorun. Əlbəttə, əgər buna cəsarətiniz çatırsa.

İsa Hüseynovun idealı

Bu həftə yazıçı İsa Hüseynovun 80 yaşı tamam oldu. Təbrik edirik. 60-cı illərin İsası həqiqətən Markes-zad deyil, amma Azərbaycan çapında sözsüz böyük yazıçıdır. 80-90-cı illərin İsa Hüseynovu isə qeyri-ciddidir. Odər-modər, boş-boş şeylər. Nə isə. İsa Hüseynov yubileyi münasibəti ilə APA-ya müsahibə verib. Ordan-burdan göz atdım, yaşlı adamdı, danışıb özü üçün. İsa Hüseynovdu, Vaqif Bayatlıdı, mən bunlardan müsahibə almağın mənasını başa düşmürəm. Kimə və nəyə lazımdı? Hamısı göynən əlləşir. Ətrafımızda bir yazıçının hər üzünə çevirib oxucuya maraqlı nəsnələr xırd eləyə biləcəyi hadisələr baş verdiyi halda, aşağı yeri ruhları, mələkləri, planetləri dartışan bu adamların danışdıqlarının nə funksionallığı var axı?
İsa Hüseynovun müsahibəsində gözümə dəyən ifadələrdən biri böyük ideallar oldu. Sanki «mən bu yaşımda əlimə silah alıb Heydər Əliyevin keşiyində dayanan əsgər olmağa  hazıram» deyən o deyildi. AYB-nin son qurultayında Anarın xoşuna gəlmək üçün Əkrəm Əylislini necə asıb-kəsdiyini də unutmamışıq. Bəlkə də bütün bunları da bir vaxtların böyük yazıçısına bağışlamaq olardı. Amma onun müsahibəsində söz azadlığını bir qəpiklik eləməsini, demokratiyaya patoloji nifrətini heç cür bağışlamaq olmaz. Yaşından, xəstəliyindən asılı olmayaraq belələrinə qarşı amansız olmaq lazımdır. Sən söz, fikir özgürlüyü uğrunda gecə-gündüz döyüşürsən, həbsə atılırsan, məhkəmələrdə sürüdülürsən, öldürülürsən, başından armatur endirib ayaqlarının üstündən maşın keçməyə razı və hazır olursan, bütün yaradıcılığı ənama, titullara hesablanan biriləri isə durub-dururkən uf da eləmədən bu söz, fikir azadlığını itdən urvatsız eləyir. İsa Hüseynovun idealı ilə hər şey aydındır, bir-iki kəlmə də onun nəsildaşı Əkrəm Əylisli haqqında.

Əkrəm Əylislinin debütü

Mişel Uelbekin «altmışıncılar» haqqında amansızcasına, amma həm də çox dəqiq deyilmiş bir fikri var: «Onlar heç nifrətə də layiq deyillər». İgidi öldür, haqqını yemə, insafən, Əkrəm Əylisli bu nəsilin ən istedadlı, ən işıqlı nümayəndəsidir. Adam inana bilmir ki, o da «altmışıncı»dı, Anar da, Elçin də. Amma deyəsən, deputat mandatı artıq Əkrəm Əylislini də dəyişib, son vaxtlar ağzını açanda tıpkı məmur kimi danışır. «Proloq» ədəbiyyat qəzetinin son saylarından birində Əkrəm müəllim gənc yazarların suallarını cavablandırıb. Hiss olunur ki, cavanların ittiham, qınaq dolu sualları onu çox əsəbiləşdirib. Bu əsəbiliyini biruzə verməmək üçün yumor hissini işə salmaq istəyib, alınmayıb. Açıqca görünür ki, artıq ya deputat mandatı, ya da yaş sözünü deyir - Əkrəm Əylislidə Anarın, Elçinin kompleksləri baş qaldırır.
Bir yerdə yazıçı-deputat deyir ki, «mən nə vaxt danışmaq lazım olduğunu bildiyim kimi, nə vaxt susmaq lazım olduğunu bilirəm». Əkrəm müəllim, siz indi niyə susmalısınız? Nə baş verib, bəlkə torpaqlar işğaldan azad olunub, bəlkə ölkədə rüşvətin kökü kəsilib, məhkəmələr azad və ədalətlidir, neft pulları da bir zümrənin yox, xalqın cibinə axır, bizim xəbərimiz yoxdur? Siz indi də danışmayıb, nə vaxt danışacaqsınız? Əkrəm müəllim, baş verən bu qədər haqsızlığın, özbaşınalığın qarşısında sizin ağzınıza su alıb oturmağınız o deməkdir ki, əslində siz nə vaxt danışmaq lazım olduğunu da bilmirsiniz, nə vaxt susmaq lazım olduğunu da.
Məni Əkrəm Əylislinin cavablarında yandıran bir də nə oldu? Açıqca görünür ki, yazıçı-deputat Anarla, Elçinlə münasibətləri korlamaqdan peşimandı, guya indi bir yerdə olsaydılar, futbol termini ilə desək, üçlü müdafiə qurub, «altmışıncılar»a qarşı haqlı hücumların qarşısında alınmaz qala kimi dayanacaqdılar. Adam bu qədər də naşükür olmaz. Biz Anar, Elçin haqqında yazdıqlarımızın mindən birini Əkrəm haqqında yazmamışıq. İndiyə qədərki cığallıqlarını istedadına, «bapbalaca boyuna, dam dolusu toyuna» bağışlamışıq. Amma insan əvvəl-axır özü olur, Əkrəm Əylisli də hərlənib-fırlanıb «altmışıncı» oldu. Şəxsən bu, mənə sərf eləyir, yoxsa yazılarda daha nə qədər Anarı qoyub Elçini, Elçini qoyub Anarı götürmək olardı.
Əkrəm müəllim, yazılarıma xoş gəldin!






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (4 səs, təxmini: 4.25 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Bazar ertesi, İyun 16th, 2008 tarixində 11:39 radələrində Köşələr bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

5 şərh var


  1. scorpion adlı istifadəçi, İyun 19, 2008 tarixində, saat 09:11 yazıb:

    Allah şəfa versin!!!


  2. Şahanə adlı istifadəçi, İyun 21, 2008 tarixində, saat 15:07 yazıb:

    Amin!!!


  3. Turan Şirvanlı adlı istifadəçi, İyun 21, 2008 tarixində, saat 16:30 yazıb:

    Tofiq abi deyir ki, Elnur istedadlıdır, bəs onda niyə belə haray-həşirçidir, yahu? Niyə belə qəzəbli və aqressivdir?


  4. Qasımov İlkin adlı istifadəçi, İyun 21, 2008 tarixində, saat 23:31 yazıb:

    Mən yuxarıda şərh yazanları qətiyyən qınamıram.Görünür belə düşünənlər heç azalmayıb.Təəssüf..Elnur bəy, siz davam edin.Daha çok çalışmamız gərək


  5. amaravati adlı istifadəçi, İyul 14, 2008 tarixində, saat 15:57 yazıb:

    yazida xroniki eseb pozuntulari patalogiyasinin tezahurleri var. scorpionun humanist alqishina qoshuluram.

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: