Prezident təqüdü verilən yaradıcıların siyahısı gizlədilir
Prezident İlham Əliyevin sərəncamları əsasında xüsusi təqaüdə layiq görülən yazıçı, rəssam və bəstəkarların adları məxfi saxlanır. Siyahını əldə etmək üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət edən «Media forum» saytının əməkdaşına nazirliyin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov deyib ki, siyahının açıqlanması hazırda məqbul sayılmır.
Təqaüdlərin verilməsi məsələsinin icrasını Mədəniyyət və Turizm Nazirliyi həyata keçirir.
Prezident İlham Əliyev 2007-ci il martın 12-də Azərbaycan Yazıçılar Birliyi, Rəssamlar İttifaqı və Bəstəkarlar İttifaqı üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması məqsədilə sərəncamlar imzalayıb. Üstündən bir ildən çox vaxt keçəndən sonra sərəncamların xüsusi təqaüdlərlə bağlı hissəsinin icrasına başlanıb. Sərəncamların həmin hissəsində Nazirlər Kabinetinə Yazıçılar Birliyi, Rəssamlar İttifaqı və Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla yaşlı və gənc nəsil yazıçıların, rəssamların və bəstəkarların yaradıcılıq fəaliyyətini təmin etmək üçün xüsusi təqaüd fondunun yaradılması və həmin fonddan istifadə qaydaları ilə bağlı təkliflərin prezidentə təqdim olunması tapşırılmışdı.
«Media forum» saytının məlumatına görə, Yazıçılar Birliyi, Rəssamlar İttifaqı və Bəstəkarlar İttifaqının xüsusi təqaüdə layiq görülmək üçün tərtib etdiyi siyahılar bir ildən çox müddətdə Mədəniyyət və Turizm Nazirliyi (siyahılar ən əvvəl bura təqdim olunub), Nazirlər Kabineti (ikinci instansiya bura olub) və Prezidentin İcra Aparatı (həlledici instansiya) arasında incələnib, dəfələrlə yenidən baxılması üçün geri qaytarılıb. 2007-ci il iyunun 1-dən isə siyahılardakı bəzi şəxslərə təqaüdlərin verilməsinə başlanıb. Təqaüd bir nəfərə bir il müddətinə, ayda bir dəfə verilir.
Üümumilikdə 180 nəfərə - 50 yaşlı 20 gənc yazıçıya, 50 yaşlı 20 gənc rəssama və 30 yaşlı 10 gənc bəstəkara təqaüd verilməsi qərara alınıb. Yaşlılar üçün ayda 300 manat, gənclər üçün isə ayda 200 manat.
Hazırda neçə nəfərə təqaüd verildiyi bilinmir. Təqaüdə layiq görülən şəxslərin adlarının məxfi saxlanmasının səbəbi bəlli deyil. Onu da qeyd edək ki, ölkə KİV-ində hökumətin müxalifətçi kimi qəbul etdiyi bəzi şair və yazıçıların adlarını həmin siyahılardan çıxardığı haqda məlumatlar gedib. Həmin məlumatlarda konkret olaraq Abbas Abdulla, Ramiz Rövşən, Vaqif Bayatlı Odər və Salam Sarvanın adları çəkilib və bildirilib ki, hazırkı hakimiyyətə müxalif mövqedə duran şəxs kimi qiymətləndirilərək onlara təqaüd verilməsindən imtina olunub. // Media forum




Bölmə: 









