Bəxtiyar Hidayət. Hekayə.
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 23 Haziran, 2008
ÖLÜM VİRUSU
Özü də öz ixtirasına mat qaldı Məllim.Telefona elə bir proqram yükləmişdi ki… Qalırdı təcrübə. Çox da neynim-neceliyim vəziyyətində qalmadı. Götürüb polis rəisinə zəng elədi.
- Ay əclaf, gör “Zəngimsell”-dən nə yazdırıb!
“Mən həmişə fəxr etmişəm, yenə də fəxr edirəm ki, mən azərbaycanliyam”- azı yeddi-səkkiz dəfə dahi rəhbər bu dahiyanə sözünü təkrarladı.Və rəis “yes”i basdı. Hər şey əla oldu. Adını “QISAS-1” qoyduğu virus anındaca rəisi havalandırdı. Hətta rəis bir ağız anqırdı da “yes”i basandan sonra.
Niyə rəisin boş başında öyrəndi dəlləkliyi, bunun da öz səbəbi vardı. Ötən il qapısında yabanı bitən xaş-xaş kolları birdən-birə əsl xaş-xaşa dönmüşdü əsl şeylərin yabanılaşdığı bu məmləkətdə. Və bu bəlli idi ki, xaş-xaş bəhanədi. Müxalifətçi olduğundan gəlmişdi bu bəla onun başına. Və orda işi boynuna götürmədiyinə görə rəis onu ölüncə çırpdırıb üstünə-başına işəmişdi. Məllimin özü içəridə oldugu vaxt qardaşı malı-qoyunu bazara töküb rəisi görmüşdü. Rəis onu aç-burax eləsə də başına şəxsən özünün işədiyini bir xeyli reklam etmişdı.
Məllim bu ixtiranı hansı arzularla etmişi. Təsəvvür et, beş-on mütəxəssis əlində telefon düşmən dövlətin bütün ordusunu dəli edir. Məllimin ölkəsi nüvəsiz-zadsız dünyada ağalıq edir. Niyə də olmasın. Nüvə bombası hara, adicə bir telefon hara.
Yaxşı bu ixtiraya necə patent almalı? Necə deməli ki, rəisi mən havalandırmışam və bu rəisin havalanmağı o boyda ixtiranın yanında heç nədir. Həm bu rəis elə öləsi köpəkoğlu idi. Lap elə yaxşı oğlan idi. Axı o boyda ixtiraya bir yox, minlərcə yaxşı oğlanı da qurban vermək olar. Özü özünə acıqlandı da: “Deyəsən lap Raskolnikovluq edirəm”.
Bir xeyli beləcə öz-özünə danışdı.
- Dayan-dayan, bu xalqı dünyanin ağası etməyə dəyərmı heç? Axı iki kilo pesoka səs verənlər buna layiq deyil. Dünya da yazıqdı axı.
Beləcə öz-özünə deyindikcə başını az qalırdı ki, itirsin.
Və birdən:
- Onlar elə o əmri yerinə yetirdiklərinə görə ölməlidilər,- deyib rəisin əmri ilə onu döyüb yerə sərən polislərə bir-bir zəng etdi. Polislərin dördünün də əvəzindən dahi rəhbər danışdı: “Mən həmişə fəxr etmişəm, yenə də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Beləcə dördü də fəxr edə-edə fəxri dəli oldular.
Səhər özünə təzə bir telefon aldı. Proqram yüklədiyi telefon ancaq qisas üçün lazım oldu ona. Həm də izi azdırmaq lazım idi.
Bu sirri dövlətə açıb-açmamaq haqda düşündü bir müddət. Artıq qurbanları da çoxalmışdı. Yox, bu sirri heç kimə açmaq olmazdı. Həmçinin onu öldürüb, kəşfini başqasının adına çıxa bilərdilər.
Hətta proqramı təkmilləşdirdi də. İndi “yes”i basan adam anındaca rəhmətə və yaxud cəhənnəmə gedə bilərdi. Bu təcrübəni də məktəblərinin direktorunun başında çatdatdı. Onun da son sözünü öz əvəzindən dahi rəhbər dedi.
Ürəyində “gəbər köpəkoğlu, məni az utandırıb qızartmayıbsan seçkilərdə”- dedi.
Həyatı kinolent kimi gözünün qabağında dövr etdikcə o qədər ölməli və havalanmalı adam tapdı ki…
Onun qapısına polisləri göndərən kənd icra nümayəndəsi, kənddə YAP-ın sədri, müxalifətin YAP-a işləyən sədri, kəndin mollası, aşığı, şairi və sairi az bir müddətdə – mən həmişə fəxr etmişəm yenə də fəxr editəm ki, mən azərbaycanlıyam sədaları altında dəlixanaya təşrif buyurdular.
Özü-özünü qınayırdı ki, nə oldu mənə. Bunca cılız hisslər axı mənlik deyil. Lakin əsgərlik illəri yadına düşəndə az qaldı ki, özü də havalansın.
- Mayor Məmmədov, indi gör analar necə oğullar doğub. Sən idin mənim başımı unitaza soxan, eləmi? Nədi-nədi, sənə corab yumamışdım.
Axşam “Xəbərlər”də general-leytenant Məmmədovun beyninə qan sızmasından qəflətən dünyasını dəyişdiyini bildirdilər.
Generalın dalınca bu sözləri dedi:
- Get əclaf, sən də fəxr elə ki, azərbaycanlısan. Qıracam hamınızı yaltaq köpəkuşağı. Bu özü də xalqa xidmətdir.
Sonra dembllər Surxayev, Nağıyev, Əliyev, praporşik Aslanov da bir-birinin ardınca- mən həmişə fəxr etmişəm, yenə də fəxr edirəm ki, mən azərbaycanlıyam sədaları altında İnkir-Minkirin qəbuluna yollandılar.
İnternetdə Güneylə bağlı olaylardan xəbər tutduqda öz təbirincə cılız hisslərdən bir az uzaqlaşdı. Xüsusi proqram vasitəsi ilə ETTALAT-ın həmin gün xüsusi qəddarlıq göstərmış üzvlərinin nömrələrini əldə etdi. Bu cəlladların bir-birinin ardınca gəbərmələri onun gözlədiyi effekti vermədı.
Baş mollalardan bir-ikisi xalqa bəyan etdilər ki:
- Camaət, bu rəhmətliklər şallağı Allahın buyurduğu kimi vurmadiqlarına görə Allahın qəzəbinə gəldilər.
Bir-iki İran mollasını da “fatihə” sədaları altında o dünyaya göndərib, Güney məsələsini hələlik qapatdı.
Sonra Xocalı faciəsində xüsusi qəddarlıq göstərmiş ermənılərin bir xeylisini də cəhənnəmə vasil etdi. Bir gün bizim xüsusi xidmət orqanları Mehman Əzizov adlı bir Xocalı əsirindən danışdılar televizorda. Yazığın dili kəsilmiş, böyrəyinin biri satılmış və hətta özü də 16 ildi ki, bir erməni komandirin qapısında it kimi zəncirlənmişdi. Əlbəttə o komandir də gəbərdi. Amma bu arada Allahın nömrəsini ha axtardı tapa bilmədı. ONU öz-özündə asıb kəsdi:
- Yaxşı, bu insan hansı günahlarına görə bu əziyyətləri çəkməlidi. Əgər əvvəldən bu taleyin belə olacağını bilirdinsə, sən necə Allahsan. Bilmirdinsə necə Allahsan. Axı sənin icazəm olmasaydı, onun böyrəyi hansısa bir amerikana düşərdimi. Sən də bir düz əməlli şey deyilsən haa…
Aradan bir il keçmiçdi. Ölkədə dəlixanalar dəli, qəbristanlar ölü tutmurdu. Artıq Məllimin sayəsində- mən həmişə fəxr etmişəm, yenə də fəxr edirəm ki, mən azərbaycanlıyam –kimi məhşur bir aforizm də telefonlardan yığışdırılmışdı. Hətta dahi rəhbərin oğlu da telefonundan bu sözləri sildirmişdi. Ölənlər arasında iribuynuzlu və xirdabuynuzlu məmurlar üstünlük təşkil edirdilər. Hətta Məllimin SPAKER adı verdiyi spiker də dünyasını dəyışmışdı. İndi ölkədə heç kim yad nömrəni açmırdı.
Artıq Məllimin izinə düşmüşdülər. İlk qurbanlar onun rayonundan, onun məktəbindən, onun qulluq etdiyi hərbi hissədən olmuşdu. Hətta onun düşməni YAPtokratiya da yarıya qədər seyrəlib, keçəlləşmişdi. Bir sözlə, ehtiyatı əldən vermışdı.
Bu gün naməlum nömrədən telefonuna bir mesaj daxil olmuşdu: “Bu proqramı açıqla dövlətə. Dövlət keçər günahlarından.”
Bildi ki, ev mühasirədədi. İndiyə qədər evlənmədiyini bu kəşflərindən də böyük bir uğur sayıb təzə telefonundakı nömrəsinə yeni ixtira etdiyi bomba kimi partlayan, şərti adı “QISAS-3”olan virusu göndərdi.
Bir xeyli ‘Çırpınırdı Qara Dəniz”ə qulaq asdı. Heç nə düşünə bilmirdi. Yalnız “əcəb eləmişəm” deyib, “yes”i basdı. Partlayış oldu.
Xalq “Bulaq -1″, “Bulaq-2″, “Bulaq-3″-ün nə demək olduğunu bilməsə də, “Qisas-1″, “Qisas-2″, “Qisas-3″-ün nə demək olduğunu bildi. Bilinc adamlarının linç adamlarının əlində qaldığı bu ölkədə nəhayət ki, bir bilinc adamı öz sözünü dedi.





Yüklənir...
Yaxşı arzudu…
Baxtiyar sen shairsen. Texminen 7-8 il once senin tecnislerini indide calishdlglm “Kaspi” qezetinde cap etmishem. Arzulayardlm ki, Sherini yazasan.