Əli Əlioğlu. Şeirlər.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 23 Haziran, 2008

1Gəncliyin üsyanı

Dayandırın yağışı,
Günəşi susdurun,
Biz, köpəkləri təpiklə döyüb öldürən,
Amansız adamların arasında doğulmuşuq…
Qoruyun özünüzü…

Atanızı şah,
Övladınızı kölə olmağa qoymayın…

Torpağın üstündə yaşayın, amma
Heç vaxt torpağın dadına baxmayın…

Dilinizdə əzbər olsun bu qayda:

Nə çox kiçik, nə də çox böyük…
İnsan boydaca olaq,
İnsan boyda…

***

Bəzən hər şeyi uzunluq
Vahidi ilə ölçüb
Yaşamaq istəyir adam..
Məs: Bir neçə sm gülüş,
Bir neçə sm ağlamaq,
Bir neçə sm arzular…
Bir neçə sm nəşələnmək…

Beləcə hər bir şey asan…
Amma ümumi sahəsi
1 kv.m –dən artıq yer tutmamalısan…

Mövlud Süleymanlıya

Göydən kədər tökülür…

Babamın əlindən öpdüm,
“Əlimi seliklədin”- deyib
barmaqlarını köhnə pencəyinə sürtüşdürdü…

O gündən sonra
Beynimdə nələr dolaşmadı…
Bir səhər günəşi,
Bir səhər dənizi,
Bir səhər adamları
Güllələmək istədim…

Oxunan muğamatlar,
Bağırılan segahlar
Gözlərim önündə ağlaşan
Adamları canlandırdı…

Xalq ağlamağa başladısa
Məğlubiyyətlər tükənən deyil…

Göydən göz yaşı tökülür…

Bir gün şaxta pəncərəmi
Çilik-çilik elədi,
Qırıq şüşələri əlimə götürüb
Damarlarımı kəsmək istədim…
Torpaq göründü pəncərədən…
Dostlarım göründü… Dayandım…
Həmin gün axşama qədər yağış yağdı…
Axşam tərəfi babamın
qəbrini ziyarət etdim…
Başdaşındakı şəklinə baxıb
Gülümsündüm,
Amma o gülmədi…

Uzaqlardakı evlərin pəncərələri açıqdı,
Adamlar havadakı sülhün ətrini
Buraxırdı evə…

Göydən nifrət tökülür…

Bir axşam səsimi belə çıxarmadan
Göylərə baxıb eləcə güldüm…
Heç nə istəmədim Allahdan…
Vallah…

Göydən sevgi tökülür…

Bu məmləkətin unudulmuş portretləri

I yazı

Onun yanına baş çəkdiyim vaxtlarda
Məni yalnız
Üz-gözünə hopmuş toz
Kədərləndirir…
Unudulacağından qorxuram…

Göy üzü insanlara yalnız
Öz rəngilə tanışdır…

Onun pəncərəsindən
Göy üzünün rəngi aydınca sezilir…

Men siqaret yandırıb sakitcə dayanmışam,
O isə hörümçəyin torunda uzanıb yatır…

II yazı

Qarşıma çıxan adamlar
Mənə kimlərisə xatırladırlar…

Bu tanışlıq insanların içində ölüb qalmış
Doğmalıqdır…

Adamların üzündə kədər,
İçlərində qorxu var…

Bu məmləkətin görünüşündə bir yadlıq
Duyulur…
Fəsillər dəyişməmək
Günəş çıxmamaq
Külək əsməmək
Qorxusu ilə üsyana qalxır…

Körpələrin içindən
Səbəbsiz yerə dəlicəsinə ağlamaq keçir…

Ümidlər köhnədir, lap köhnə…

Senin pəncərəndən çox az şey görünür,
Məs: Sevgililərin hər gün bu parkda görüşü,
Get babanın tüfəngini gətir,
Vur bu görünüşü…
Vur, yox elə…

III yazı

1925-ci ildə
bu küçədə yaşayan adamlar
ağ-qara rəngdə idilər,
sürətlə hərəkət edir,
görünüşlərində cızıqlar var idi…

Tozun içində idilər,
Son səhifələri cırılmışdı…

Bu küçədə yaşayan adamlar
Hər günün xəbərlərini oxuyur,
Hamısına da sevinirdilər…

Havanın necə olacağından xəbərsiz idilər…

Biz bu küçədə yaşayan adamların
Qalıqlarıyıq…

Bu göyün üzünü biz yaratmadıq,
Biz çəkmədik adamların üzündəki cizgiləri.
Biz insanlara bir ömür bəxş etmədik
Biz insanları yaşamaqdan məhrum etmədik…

Adamlar gülümsəmək üçün yarandı

Biz bu qapısı bağlanan metrolardan,
Balaca liftlərdən, saqqız çeynəyən adamlardan,
Qışqıran və təpik vuran polisdən,
Cırıq ayaqqabılardan,
Qırıq stəkanlardan
xilas olmaq istəyirik!!!

Bizə kömək edin…

Yandırın küçələrin lampalarını…

1 səs2 səs3 səs4 səs5 səs (3 səs, hardasa: 3,67 ilə 5 arası)
Loading ... Loading ...

9 Şərh var
Şərh yazın »

  1. Eli, desem, en cox xoshuma gelen yazilarin bunlardir, belke yanilmaram, cox gozel, duyqusaldir, tebrik edirem.
    p.s. maraqli edebi tedbirlere meni caqirmaqi unutma.

  2. Yaxşı detallar var, amma qəribədir burda hər şey “nəql edilir”, necə deyim, mövzu var, ifadəsi çox zəifdi…

  3. sonun sher boir az maraqli geldi

  4. Əli isdedadlıdı, şeirləri düşündürücü və maraqlıdı

  5. Əlinin şeirləri məndə belə bir təsəvvür yaratdı ki, ən yeni ədəbi nəsil daha miqyaslı axtarışlar aparmaq niyyətindədir. Bu şerləri tənqid də etmək olar, tərif də… Əsas bu deyil, əsas Əlinin necə düşünməsidir. Bu düşüncə tərzinin ifadəsi hələ qabaqdadır. Özü də bu təkcə ən yeni nəslin qarşısında duran problem deyil. Bu hamının problemidir və ona görə də bu axtarışda hamı bərabər hüquqludur.

    Mən çox istərdim ki, Əli özünüifadə baxamından ətrafından daha çox özünü dinləməyə çalışsın.
    .

  6. Şeiri çox adi söhbət mövqeyindən başlamaq, məncə yeni strategiya deyil və burda təkcə milli ənənə çərçivəsi nəzərə alınmır. Hər şey Əlinin potensialından və müstəqilliyindən asılı olacaq. Paho, deyəsən Əliyə lap çox məsləhətlər verdim və əslində Əlinin ən az ehtiyacı olduğu bunlardır. İndiki halda bu şeirlər tam mənada məni açmadı. Uğurlaq!

  7. muellif aktyoru, sherlerde yerilen tesvirler ise sehne dekorasiyasini xatirladir.

    amma oynamaq da olardi.

  8. Movlud Suleymanliya yazdigin seir maraqli idi.ugurlar

  9. Bunun hamisi bos, menasiz yazilardi. bunlara seir desek gerek dilimiz quruya. teesswf ki bu gen dirnaqarasi edebiyyatda olan ekser gencler bele bos-bos seyleri seir adina siriyir

Şərh yazın