PENGUAM həm də bizim ədəbiyyatımıza xidmət edəcək

Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 24 Haziran, 2008

3Hər şey ondan başladı ki…

Hər şey ondan başladı ki, Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondu adlı qurum Kiyev şəhərində qeydiyyatdan keçdi. Daha doğrusu, Ukraynada yaşayan soydaşımız, tanınmış iş adamı, «Polisya» şirkətinin sahibi İlqar Abbasov qardaşı Azər Abbasovla birgə fondu qurdular. Onsuz da o vaxta qədər Abbasov qardaşları sosial yönlu onlarla layihə həyata keçirirdilər. Bəs onda fondu qurmaqda məqsəd nə idi? Çox adi. O vaxta qədər gördükləri çoxsaylı xeyriyyəçilik fəaliyyətlərini konseptual və sistemli hala gətirsinlər. Eyni zamanda hər iki ölkənin tanınımış mədəniyyət xadimlərinin məsləhətinə ehtiyac vardı. İlqar Abbasov fondun prezidenti kimi məhz bu yolu tutdu. İlk məsləhətlərini isə elə İlqar müəlləimin də mələhətçisi olduğu ölkəmizin Ukraynadakı səfirliyi, konkret olaraq isə cənab səfir Tələt Əliyev verdi.
Fond ilk böyük addımını atmalıydı. Artıq Bakıda fondun işinə tanınmış telejurnalist, respublikanın əməkdar artisiti Rafiq Həşmiov və «Dünya ədəbiyyatı» jurnalının baş redaktoru, şair Səlim Babullaoğlu dəvət olunmuşdular. Üçlükdə olan söhbətin nəticəsi kimi GUAM ölkələri yazarlarını Bakıya toplamaq kimi böyük bir ədəbiyyat layihəsi gerçəkləşdirilmək qərarı verildi: İlqar abbasov nə lazımdısa edək, maliyyə problemimiz olmayacaq dedi .

Niyə PENGUAM?

GUAM təşkilatı Gürcüstan, Urkayna, Moldova və Azərbaycanın beynəlxalq aləmdəki yerinin möhkəmləndirilməsinə xidmət edən strukturdu. Demək ki, həm də əməkdaşlıq üçün daha müvafiq zəmin vardır artıq. Bəs niyə bu zəmin var ikən, mövcud beynəlxalq siyasi formatın üstündə bir ədəbiyyat qurumu olmasın. Qərbdən-şərqə uzanan ox boyu, niyə Ukrayna bizim ədəbiyyatın qərbə daha bir qapısı olmasın, yaxud tərsinə? Bunu layihəni gerçəkləşdirmək üçün Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinə olunan müraciətə cavab da təsdiqlədi. İdeya nazirlik və konkret olaraq nazir cənab Əbülfəs Qarayev tərəfindən dəstəkləndi. Özü də bu tədbirlər silsiləsi təkcə müstəqil Azərbaycanın deyil, həm də GUAM-ın yaradıcılarından biri olan Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuşdu.

Kiyevdə Azərbaycan mədəniyyəti günləri…

Layihənin birinci mərhələsi Kiyevdə məşhur olan «Kiyevskaya Rus» jurnalının bir sayının bütünlüklə Azərbaycan ədəbiyyatına həsr olunmasından ibarət idi. Yəni tərcümələr hazırlanmalı və nəşr olunmalı idi. Səlim Babullaoğlu ilə jurnalın baş redaktoru Dimitro Stusun dostluğu ilə başlanan bu aksiyanın nəticəsi sonradan 50 azərbaycanlı müəllifin əsərlərinin peşəkar tərcümədə və yüksək poliqrafik nəşrdə cəmlənməsi ilə bitdi, giriş məqaləsini isə Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov yazmışdı. Sonradan Bakıda ikən Dimitro Stus Azərbaycan telekanallarının birinə verdiyi intervüdə deyirdi: «Bilirsiz, Kiyevdə ümumiyyətlə azərbaycanlılara münasibət çox yaxşıdır. Amma birmənalı deyil. Digər tərəfdən sizdə olduğu kimi bizdə də sizin ədəbiyyatı tanımırlar. Ona görə bir jurnalın özünü bütünlüklə kifayət qədər tanınmayan ədəbiyyata həsr etməsi, hətta bütün məsrəflər ödəndiyi təqdirdə belə, jurnalın gələcəyi baxımından eyhtiyatlı olmağı tələb edirdi. Amma mən mətnlərlə iş prosesi zamanı anladım ki, seçim düz aparılıb, mətnlər çox maraqlıdır, Ukraynalı oxucu zövq alacaq. Nəticə gözəlniləndən qat-qat yaxşı oldu. Ədəbiyyatşünaslar və oxucularımızın rəyləri bizim üçün çox sevindirici idi.»
Aprelin 20-25-i arasında Ukraynanın paytaxtında, məşhur «Kiyev» otelində təmtəraqlı şəkildə təqdim olundu. Tədbirə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anarın başçılığı ilə nümayəndə heyəti də qatıldı. Bir neçə gündən sonra Kiyev mətbuatında İlqar Abbasovun intervüsü dərc olundu:
«Biz istəyirik bizim xalqımızı bütün dünyada olduğu kimi Ukraynada da qədim mədəniyyətə sahib xalq kimi tanısınlar. Biz istəyirik ki, azərbaycanlı deyəndə bütün insanların ürəyi sayğı və hörmət hissləri ilə dolsun. Bütün görülən bu işlərin, əvvəl gördüklərimizin də, indikilərin də, niyyətlərimizin də yalnız ölkələrimizin dostluğuna, dövlət başçılarımız hörmətli İlham Əliyev və Viktor Yuşşenkonun apardığı strateji dostluq siyasətinə bir vətəndaş töfhəsi kimi başa düşülməsini istərdik.»

GUAM ölkələri yazarlarının antologiyası

Tədbirin ikinci mərhələsi belə bir antologiyanın hazırlanması idi. Səlim Babullaoğlunun tərtibçiliyi ilə hazırlanmış, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunmuş antologiyaya Ukraynadan- Vasil Stusun, Vasil Gerasimyukun, Sergey Qrabarın, Aleksey Zaraxoviçin, Mariya Matiosun, Taras Fedyukun, Vyaçeslav Klokovun və Dimitro Stusun bədii mətnləri, Moldovadan Vladimir Lorçenkovun, Uzun Sergeyin, Olqa Xodovanın və Yekatrina Burlakın hekayə və şeirləri, Gürcüstandan -Şota İataşvilinin, Zviad Ratianinin, David Çixladzenin, Lela Samniaşvilinin, Rusudan Kaişaurinin və Şalva Bakuradzenin, Azərbaycandan isə İmir Məmmədlinin, Əjdər Olun, Orxan Fikrətoğlunun, Yaşarın, Kamran Nəzirlinin, Rafiq Həşimovun, Əlizadə Nurinin, Əlişirin Şükürlünün, Rəbiqə Nazimqızının, Pərviz Yusifin, Elnarə Şəmsin, Əli Əlioğlunun, Qismətin və Orxan Muxtarlının bədii mətnləri daxil edilmişdi. Mətnləri Siyavuş Məmmədzadə, Rəbiqə Nazimqızı, Pərviz Yusif, Gülər Sadıqova, Mehriban Əsgərova və Səlim Babullaoğlu tərcümə etmişdilər. Antologiyada yer alan əksər mətnlər həmin ölkələrin yeni dövr ədəbiyyatı nümunələrindən ibarət olub yaxın qonşularımızın çagdaş ədəbiyyatlarına kiçik baxış üçün gözəl imkan yaradırdı.

PENGUAM günləri

Tədbirlərin əsas mərhələsi Bakıda baş tutdu. İyunun 1-5-i arasında baş tutan tədbirin ilk günü yazarlar- Ukraynadan Sergey Qrabar, Dimitro Stus və Pyotr Kralyuk, Gürcüstandan Şota İataşvili və David Çixladze, Moldovadan Vladimir Lorçenkov ölkəmizin paytaxtına toplaşdılar. Qonaqlar üçün üçgünlük maraqlı proqram nəzərdə tutulmuşdu. Sabahı gün-yəni iyunun 2-si səhərdən etibarən gərgin və maraqlı proqram başlayırdı. Proqrama mərhum prezident Heydər Əliyevin məzarını ziyarətlə start verildi. Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondunun prezidenti İlqar Abbasov və fondun digər nümayəndələrinin iştirakı ilə qonaqlar ümummilli liderin məzarına əklil qoyduqdan sonra Şəhidlər Xiyabanını ziyarət etdilər. İlk görüş Yazıçılar Birliyində keçirildi. Azərbaycan Xalq Yazıçısı Anar tərəfindən qəbul olunan yazarlara ölkədəki ədəbi proses, dövlətin ədəbiyyata qayğısı və digər məsələlər barədə məlumat verirldi. Sonra müstəqil fondların və təşkilatların sənətə və mədəniyyətə yardımı məsələsinin bu gün çox aktual olması ətrafında fikir mübadiləsi oldu. Xalq Yazıçsı Anar qonaqları maraqlandıran suallara aydınlıq gətirdi. Sonra isə yazıçılar birliyinin sədri ukraynalı yazar Dimitro Stusa, gürcüstanlı şair Şota İataşviliyə və moldovalı yazıçı Vladimir Lorçenkova birliyin fəxr üzvlük vəsiqələri təqdim olundu.
Növbəti maraqlı görüş Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevlə oldu. Layihə çərçivəsində fondla tərəfdaşlıq etdiyini məmnuniyyətlə dilə gətirən nazir Qarayev PENGUAM adlı bir ədəbiyyat təşkilatının xalqlarımızın ədəbiyyyatlarının tanıdılması işində xidmət göstərəcəyinə əminliyini ifadə etdi. Daha sonra layihənin koordinatoru Səlim Babullaoğlu qonaqlar və onların gördüyü işlər haqqında nazirə müfəssəl məlumat verdi. O qeyd elədi ki, fondun prezidenti İlqar Abbasovun dəstəyi və jurnalın baş redaktoru Dimitro Stusun rəhbərliyi ilə «Kiyevskaya Rus» -Azərbaycan buraxılışı işıq üzü görmüşdür. Eyni zamanda Şota İataşvilinin tərtibçiliyi və redaktorluğu ilə ötən il «Azərbaycan poeziyası antologiyası» nəşr edilmişdir. «Biz isə öz növbəmizdə nazirliyin dəstəyi ilə GUAM ölkələri yazıçılarının əsərlərindən ibarət bir antologiya nəşr etmişik, cənab nazir, bu nəşrə görə icazə verin sizə təşəkkür edək» deyə Səlim Babullaoğlu öz fikirlərini belə yekunlaşdırdı.
Daha sonra yazıçılar Sergey Qrabar, Petro Kralyuk, Şota İataşvili, Elçin Hüseynbəyli də çıxışlar etdilər. Ukraynalı qonaqlar Petro Kralyuk prorektoru olduğu «Ostrojskaya Akademiya» Ukrayna Milli Universiteti adından nazir Əbülfəs Qarayevə kollaj üsulu ilə hazırlanmış bir rəsm əsəri hədiyyə etdi. Sonda çıxış edən fondun prezidenti İlqar Abbasov nazirə layihə boyu fondu dəstəklədiyinə görə və qəbul üçün minnətdarlığını bildirdi, qeyd etdi ki, fondun əsas məqsədi xalqlarımızın mədəniyyətlərinin yaxınlaşdırılması işinə dəstək verməkdir: « Bizim üçün çox sevindiricidir ki, bu böyük tədbir ümummilli liderimizin anadan olmasının 85-ci ildönümünə həsr olunub. Çünki Heydər Əliyev həm də dünya miqyaslı siyasətçi kimi GUAM-ın da memarı olub. İndi hörmətli prezidentimiz İlham Əliyev cənabları GUAM formatında Ukrayna, Gürcüstan, Moldova ilə ölkəmizin əlaqələrinin hərtərəfli inkişafı naminə uğurlu siyasət aparır, qoy bizim GUAM yazıçılarını bir yerə toplamağımız da həmin işə bir vətəndaş töhfəsi olsun.» Görüşdə qonaqlarla yanaşı yazıçılar Rafiq Həşimov. Günel Anarqızı, Pərviz Yusif, Elxan Zal Qaraxanlı, Məqsəd Nur, Aydınxan Əbilov da iştirak edirdilər. Görüşün sonunda qonaqlara təşəkkürünü bildirən və onlara nazirliyin adından hədiyyələr verən nazir qonaqları bir daha Azərbaycanda görmək istəyini dilə gətirib bəzi tövsiyyələrini də verdi.
Tədbirin növbəti və maraqlı anlarından biri Axundov adına Milli Kitabxanada təşkil olunan poeziya gecəsi idi. Gecədə ukraynalı şairlər Sergey Qrabar və Dimitro Stus, gürcüstanlı şairlər Şota İataşvili və David Çixladze, azərbaycanlı şairlər Qəşəm Nəcəfzadə, Elxan Zal, Rəbiqə Nazimqızı, Qismət, Əli Əlioğlu və başqaları öz şeirlərini oxudular. Sonra isə «İrəli» Gənclər Hərəkatının nümayəndəsi gənc yazıçı Orxan Muxtarlı qonaqlar üçün hazırlanmış hədiyyələrini təqdim elədi.
Tədbirin daha bir məqamı fondun nümayəndələrinin və qonaqların Heydər Əliyev Fondunu ziyarət etmələri, muzeylə tanışlıq oldu. Təkcə Azərbaycan tarixində deyil, bir vaxtlar onların ölkələrinin də daxil olduğu böyük bir dövlətə rəhbərlik edənlərin sırasında olmuş azman siyasət adamının keçdiyi dolğun həyat yolu ilə tanış olan qonaqlar öz heyrətlərini gizlətmirdilər. Sonda Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondunun prezidenti İlqar Abbasov həm fondun, həm də qonaqların adından Heydər Əliyev muzeyinin rəhbərliyinə məşhur Ukrayna rəssamı Vladimir Slepçenkonun «Şərq natürmortu» əsərini təqdim etdi.
Görüşlərin xaricində əsas hadisələr qonaqların yerləşdikləri və məmnun qaldıqları «İçəirşəhər» otelində baş verirdi. Belə ki, 2-3 iyun tarixləri bütünlüklə müzakirələrə və PENGUAM təşkilatının yaradılması məsələlərinə həsr edildi. Ukrayna tərəfindən məruzə ilə Dimitro Stus, Gürcüstan tərəfindən David Çixladze, Azərbaycan tərəfindən ədəbiyyatşünas Rüstəm Kamal məruzə etdikdən sonra məruzələr ətrafında Rafiq Həşimiovun, Səlim Babullaoğlunun, Elçin Hüseynbəyli və Aydınxan Əbilovun qoşulduqları çıxışlar başladı.
Sonda isə heç bir şəxsi və dövləti asılılığı, eləcə də siyasi prioritetləri və məqsədləri olmayan, məqsədi üzv ölkə xalqları ədəbiyyatlarının təbligi, nəşri, habelə yazarların hüquqlarının qorunması olan PENGUAM Ədəbiyyatçılar və Mədəniyyət Xadimlərinin Yaradıcı Birliyi yaradıldı və onun idarəçilik, nizamnamə və prinsiplərpi müzakirə edildi. Birliyə sədrlik iki illiyə olmaqla, dəyişkən xarakter daşıyacaq. Ukraynalı şair Sergey Qrabarın təklifi ilə ilk sədrliyi Azərbaycan tərəfi- PENGUAM Şurasının sədri kimi Səlim Babullaoğlu həyata keçirməsi qərara alındı. Qərar qəbul edildikdən sonra qonaq yazarlarla yanaşı PENGUAM-ın təsisçiliyinə təşkilat kimi qoşulan Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondu və «Ostrojskaya Akademiya» Ukrayna Milli Universiteti olaraq fondun prezidenti İlqar Abbbasov, universitetin prorektoru Petro Kralyuk, Azərbaycan tərəfindən isə Səlim Babullaoğlu və Rafiq Həşimov həm təsis sənədlərinə, həm memoranduma imza atdılar.
Beləliklə PENGUAM yarandı.

PENGUAM nə edəcək…

Bu suala çoxlu cavablar olacaq. Ən doğru cavab indiyə qədər görülən işlərdir. Və bir də zaman-zaman mətbuat və mediaya görülən işlər, imzalanan sənədlər, keçiriləcək görüşlərlə bağlı məlumatlar veriləcəkdir. Mətbuat üçün verdiyi ilk açıqlamalarında Səlim Babullaoğlu dedi: “Əlbəttə ki, biz ilk növbədə ədəbiyyatların tanıdılması işinin mütəmadi xarakter almasına çalışacayıq. Artıq hər üç ölkədə həm ayrı-ayrı müəlliflərin publikasıiyaları, antologiya və kitablarının nəşri istiqamətində konkret işlər görməyə başlamışıq. Hər halda 2010-cu ildə Kiyevdə toplaşmaq qərarını vermişik.Yəqin ki,o vaxta qədər çoxlu layihələrimiz olacaq .

Ceyhun Məmmədov, Bakı-Kiyev

3

2

1

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

Comments are closed.