Kəmalə Nəsrin. Şeirlər.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 26 Haziran, 2008

Kəmalə NəsrinDilək

Dan yerində çaparkən
Qızıl qanadlı buludlar,
Yolumuza çıxdı
Gözü fosforlu göy atlar.
Bəlli, qaçmışdılar gecə boyu.
Tər içində çimir atlar.
Kəsmişdilər bütün yolu-
Soluqlanır,
Nəm havanı əmir atlar.
Qalmışdıq aralıqda-
Qalmışdıq sehirdə,
Nə göydəyik, nə yerdə,
Dastanlarım keçdi
Xəyalımdan pərdə-pərdə
Atları uçuracaq
Dəmir biləklər pərdə.

Dan yerindən günəş
Az-az damarkən,
Süzəırkən hava çəndə
Bir qutlu dilək qopdu içimdən:
Goy atlara qonacaq,
Yurdumu qurtaracaq,
Igidlər gözləyir Vətən-
Tanrım,
Diləyim budu Səndən!

Xocalı gəlin

Oyan təzə gəlin, xınalı gəlin
Oyan, qan içində Xocalı gəlin
Üstündə yığışıb buludlar ağlar
Solan xoş arzular, umudlar ağlar
Oyan bax gedibdi, azğın yağılar
Tökülər bir azdan
Quzğun-qarğalar
Oyan təzə gəlin, körpən ağlayır.

Əlini, üzünü, gözünü yoxlar
Ana istisini, mehrini qoxlar
Süd bilib süzülən
Al qanı əmir,
Ağlayır, oynayır, gah mürgüləyir,
Saçını əlinə yığıb saxlayır
Başını sinənə sıxıb ağlayır
Korpəcə uşaqdı,
O, nə anlayır-
Oyan təzə gəlin, körpən ağlayır.

Dünyanın nağıllı vaxtı da deyil,
Bir qurd çıxa gələ, anası ola.
Dünya qurtarıbdı öldüyün yerdə
Hələ o ağıllı vaxtı da deyil
Gede dağın-daşın balası ola.

Səsi yayılıbdı tənha çollərə,
Səsi yayılıbdı uzaq göylərə,
Bu səsə dayanmaz goylər ,
Tökülər,
Oyan, xain düşmən eşidər,
gələr-
gələr gözü qanlı, əlində süngü
ölməklə qurtarmır ananın yükü
oyan, təzə gəlin,körpən ağlayır.
Boyüyər bir igid, bir əsgər olar,
Qoruyar  Ananı, ana Torpağı.
Vətən dediyimiz bu doğma
Torpaq
Anadan öyrənib ana olmağı.

Oyan təzə gəlin, xınalı gəlin,
Oyan, qan içində Xocalı gəlin,

Oyan, təzə gəlin, körpən ağlayır.

Yurdum

Quzeyi nəmdən sökülən
Günüyi qəmdən bükülən
Gün-gün qanadı tökülən
Yazıq yurdum.

Ərəbdə türkmanı qalan
Hayda İravanı qalan
Dərbənddə dərmanı qalan
Yazıq yurdum.

Boz qurdunu köpək çalan
Bədöy atı ürkək olan
Bahadırı ipək olan
Yazıq yurdum.

Kürhsən tökülər tükün?
Bütövlükdü yoxsa yükün?
Eləsə mübarək yükün!

Çox acılar çəkdik
Çox yaşlar tökdük
Harada ki, yenildik
Orada təkdik.

Kişnəsin atın
Ulasın qurdun
Hayqırsın bahadırın
Gözəl yurdum.

Axın var

Axında hava, su da
Axında günəş, od da.

Zaman da axında

Yaxın uzaqdadı
Uzaq yaxında.

Doğulmusan doğadan
Doğandan ayrılandan
Ayrılmırsan qovğadan.

Axın hər gəzərgəndə
axın qafanda, təndə
Ağnayan ağıl səndə
Axın-axın oğul səndə.

Axına axış ey Türk!
Göy yumşaq,
Torpaq bərk.
Baş özü hörk
Ayaq özü çarıqdı
Gün bütün
Ay yarıqdı.

Ya Axını dərk elə
Ya dünyan tərk elə.

Axına axış ey Türk!
Axın-axın Axın var
Axına var, Axın var.

Lələyi qızıl durna
(Turan Cavidə Ağı)

Bir bulud çırpıntısından
Bir qərib durna səsindən
Diksindi durğun hava
Damlalara qarışıb
Durna səsi yağdı torpağa:

-tuzaq qurdu ömrünə
Mərdanə gülüb keçdin
Qaranlığın toruna
Savaşın nə uğruna-
Lələyi Qızıl durna?

Ağzında su limlənən
Qarışqa yuvaları tıqlım-tıqlım.
Bu sıtqı sıyrıq havalar
Ah, bu dəyişən bu iqlim…
Aldı, apardı səni.

Ağ(ı)layırıq baş ucunda
Qabığın bom-boş qalmış
Qurumuş yanağında
Bir damlacıq yaş qalmış.
Özünmü ağladın
Bir damlacıq yaş qoymaqla
Bizə nə ismarladın
Qanadı qırıq durnam?
Sən uçalı yer üzündən
Açıq qalıb göyün yağış dükanı.
Asılıb su damlasından
Qızılgülün tikanı.
Baharın saxlı qaldı
Taleyinin qışında
Həyat orda-tikanın
Yenə gül oluşunda.

Gün günortadan keçərkən
Sən uçarkən qəfəsindən
Duydum, tanıdım onda
Qanadlarının səsindən.
Büklüm-büklüm ağrılar
Doğradılar içimi.
Baxdım, baxdım aradım
Durnaların köçünü.
Içlərində sən yoxdun!
Qızıl Durnam, bildm sən
Durnalar uçumıyan
Ayrı aləmə axdın:
Axının min mübarək!

Yolun açıq qalacaq
Durnalarla dön bir gün.
Zülmətləri solduran
Lələyi Qızıl durnam.
Yolunu gözləyəcək
Gözlədiyin Turan.

Daş gətirin

Ağ Şaman soyundan gələn
babam Bayram Qazanoğlunun əziz xatirəsinə

Qaf dağında uyqu tutmuş
elim qalmış,
qırmızı gün işığında
əlim qalmış,
qopuzunda dilim qalmış
babam bilən dağ başından
yellər, mənə daş gətirin-
daşlar mənim yaddaşımdı.

Qanımdakı uçmaq bilən
Oddaşımdı,
Göydən düşən daş beşiyim
Yaddaşımdı,
Babam bilən dağ başından
Yellər, mənə daş gətirin-
Daşlar mənim başlanğıcım,
Yazıdaşımdı.

Qəm tutub şənimi adaxlı
Adaxlım iki yavuqlu,
Iki yoldan biri bağlı
Babam bilən dağ başından
Yellər, mənə daş gətirin-
Mənim canım daşda saxlı.

Qarabağın səs muzeyi

Atların kişnərtisi,
Quşların qiyyası,
Oğuz igidlərinin
Hayqırtısı-
Qarabağın əski səs müzəsi.
əmanətimi Sən qoru
buludların Yiyəsi!

Qulağıyla görən varmı?
Eşidən varmı əliylə?
əllərim kar
qulaqlarım kor oldu
xocalıdan gələn səslə
gözlərim duzla doldu.

Şuşa: Oğuz Xanın evi
Banında Qızıl Ayna.
Ayna düşdü qanlı oyuna
Aynanın qarğışından
Özünü qoru, dünya.

Yuxuma əsir qız girir
Aparmışlar İrəvana.
Səsi beynimi dəlir:
“Mən gülməyi unutdum
Ölməkdən betər olmuşam
Niyə məni  doğdun, ana?”

Yastığı daşa dönmüş
Ey o, qızın anası,
Hardasan, o başdan dur,
Balanın fəryadına
Bax, yenə qan ağlayır
Dan yerinin astaqnası.

Od səsi,
Ağıt səsi
Quşların,
Qocaların,
Körpələrin naləsi
Qarabağın yenə səs müzəsi.
Yer haqlının haqqını yeyir,
Göydə çoxdan qurulmuş
Qarabağ məhkəməsi.

1 səs2 səs3 səs4 səs5 səs (1 səs, hardasa: 4,00 ilə 5 arası)
Loading ... Loading ...

6 Şərh var
Şərh yazın »

  1. Kəmalə xanım, sizin şeirlərinizdə mistik bir aura, sehir, qədim zamanlardan, ruhun dərin nöqtələrindən gələn bir üşənti var. Yəni sizin şeirləriniz sözün həqiqi mənasında poeziyadır. Sizə uğurlar arzu edirəm.

  2. Əsəd… ay Əsəd yəni sən heç vaxt dəyişməyəcəksən? Bu sənin ədəbi zövqün deyil axı, səni dilləndirən görəsən yenə nədir?

  3. Mən həmişə öz adımdan və öz adımla danışıram. Kəmaləni isə ciddi şair sayıram. Hətta onun bu saytda yer alan “Yurdum” şeirinə musiqi də bəstələmişəm. Tünzalə oxuyacaq, razılıq əldə edilib. Məni dilləndirən qəlbimin səsidir. Qılınc Qurban həmişə xalq deyəni deyib.

  4. Qəribədir, Yurdum şeirini oxuyan kimi düşündüm ki, əsl mahnı yazılası şeirdi:))

  5. kochurmeyin ozude bir istedatdir

  6. son vaxtlar hecada azerbaycan poeziyasina salam yeni dwshwnce getirdi.sizin sheirlerinizdeki ab-hava daha ağrili daha həlimdi, bu ağrini yalniz yurdunu sevenler yashaya biler.sene uğurlar yurdumun vətənpərvər qizi!

Şərh yazın