Yazıçı ideoloq olmazdan qabaq humanist olmalıdır!

Yazar: Qan Turalı | Bölmə: Köşələr | Tarix: 26 Haziran, 2008

Qan TuralıQan Turalı

Aqil Abbasın dolu romanı haqqında

Aqil Abbasın “Dolu” romanı bir neçə aydır dərc  olunub. Bu yaxınlarda isə romanın kitab variantı nəşr  edildi. Roman haqqında xeyli məqalə dərc edilsə də, romanın polemika doğurduğunu söyləmək mümkün deyil. Çünki dövri mətbuatda dərc olunan məqalələr birmənalı şəkildə tərif və mədhiyyə xarakteri daşıyır. Amma özü-özlüyündə bu da rezonansdır. Eyni rezonans bir neçə il əvvəl Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı ətrafında yaranmışdı. Amma o zaman “Yarımçıq əlyazma” romanı əleyhinə də məqalələr dərc edilmişdi. İndi isə biz “Dolu” romanı ətrafında məqalə yağışını seyr etməkdəyik. Bu məqalələrin həcmi tezliklə romanın həcmini keçəcək. Bir daha vurğulayırıq, bu məqalələrdə tənqidi təfəkkürün elementlərindən daha çox assosiativ təfəkkürün elementləri çoxdur. Deputat, həm də şair  Vaqif Səmədoğlu isə roman münasibət bildirməkdə daha orijinal yol seçib. Belə ki, o romanı APA-ya xüsusi açıqlamasında tərifləyib. Bu fakt bədii əsərə münasibət bildirməyin yeni forması kimi tarixdə qalacaq.

Savaş ədəbiyyatı, ədəbiyyatın savaşı

Azərbaycan nəsrinin cəmi 150 illik tarixi var. Bu tarixdə isə Azərbaycan cəmi üç savaşda iştirak edib. Epizodik planda I Dünya savaşında, arxa cəbhə statusunda Böyük Vətən müharibəsi adlandırılan II Dünya müharibəsində, birbaşa şəkildə isə  Qarabağ savaşında.  I Dünya savaşında Azərbaycan yalnız xüsusi bir alayla iştirak edib. Bu savaş nəsrimizdə çox epizodik formada işlənilib. Böyük azəri romançısı Yusif Vəzirin “Studentlər” romanında birbaşa müharibə səhnələri olmasa da müharibənin havası oxucunun burnuna dəyir. Bu əsər bəlkə də bədii-estetik səviyyə baxımından  Remarkın “Zəfər tağı”,  Pasternakın “Doktor Jivaqo” romanından geri qalsa da üslub və metod eynidir. Savaş çox uzaqlarda baş verir, lakin o, insan həyatına təsir edir. İnsanlar onunla yaşayırlar.

II Dünya savaşı isə Azərbaycan ədəbiyyatında yüzlərlə əsərə mövzu olub. Bu əsərlərin əzici çoxluğu bəlkə də hamısı boz maklaturadan ibarətdir. Bunun səbəbləri üzərində geniş şəkildə dayanmağa ehtiyac yoxdur. Anar xatirələrində  yazır: “Müharibə başlayan kimi Mir Cəfər Bağırov yazıçıları  yanına çağırıb deyir: “Vətən, Vətən deyəndə ağzınıza çullu dovşan sığmır. Yığışıb, gedin İrana, orda qəzet çıxartmağa”. Sovet rejimi üçün bu savaş şəxsi mövcudluq savaşı idi. Nəyin bahasına olursa-olsun bu savaşı udmaq lazım idi. O zamankı savaş ədəbiyyatı “boyevoy listok”dan ibarət idi. Süni savaş pafosu, xalqların faşizmə qarşı birləşməsi, faşizmin ifşası fonunda kommunizmin təntənəsi bu ədəbiyyatın əsas mövzuları sayıla bilərdi. İstisna kimi İsa Hüseynovun  arxa cəbhədən bəhs edən, güclü humanist pafosu, əhəmiyyətli reallıq hissi olan “Saz”, “Tütək səsi”  povestlərini göstərmək olar. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu povestlər müharibədən bir neçə onillik sonra yazılıb. Birtərəfli və ideolojik  estetika filmlərə də sirayət etmişdi. İsa Hüseynovun adıkeçən povestləri əsasında çəkilmiş “Tütək səsi” filminin ictimai məzmunu, humanist pafosu povestlərin özündən dəfələrlə az idi. Bu günlərdə 80 yaşını qeyd edən böyük yazıçımız İsa Hüseynov şəksiz ki, Azərbaycan nəsrində müharibə nəsrinin ən yaxşı nümunələrini yaradıb və onun qoyduğu yol ondan sonra boş qalıb.

Qarabağ mövzulu əsərlərin sayı da kifayət qədərdir. Lakin demək olar ki, bu mövzuda ciddi əsər yoxdur. Qarabağ mövzulu əsərlərdə süni Vətən həsrəti, saxta savaş pafosu, gərəksiz və bayağı nifrət hissi olduqca güclüdür. Aqil Abbasın romanı bu mövzuda yazılan ciddi  əsərlərin ilkincisi hesab oluna bilər. Bunun da bir neçə səbəbi var.

Əvvəlinci səbəb budur ki, Qarabağdan yazanların əksəri üçüncü-dördüncü dərəcəli yazarlardır. Adıbəlli yazarların demək olar ki, heç biri bu mövzuya girişmir. Elçin Əfəndiyevin “Bayraqdar” povesti isə nəinki ciddi nəsr tələblərinə cavab vermir, tam əksinə Elçin Əfəndiyevin özünün cüzi səviyyəsinin də altındadır. Anarın Qarabağ savaşının detallarına yer verdiyi “Otel otağında” povestində  isə savaşdan çox, savaşdan qaçıb gizlənən “obıvatel”dən, deməli elə Anarın özündən söhbət gedir.  Və Aqil Abbasın romanını maraqlı edən əsas cəhət onun real hadisələrin əsasında yazılmasıdır. Bura Aqil Abbasın romanda qələmə aldığı  proseslərin bilavasitə şahidi olması, eləcə də yüksək yazı təcrübəsi də daxildir. Lakin bizim “Dolu” romanı  haqqındakı mülahizələrimiz  daha çox tənqidi xarakter daşıyır. İndi onlara keçək.

Motiv nədir? Ədəbi əsər, yoxsa vətənpərvərlik təbliğatı?

Aqil Abbasın “Dolu” romanında dəfələrlə Sovet zamanının müharibə filmləri lağa qoyulur. Aqil Abbasın qəhrəmanları müharibə kimi özü də ancaq filmlərdə II Dünya savaşını görüblər. Müəllif tez-tez sovet filmlərində almanları aciz, avara, zəif, qorxaq göstərilməsini tənqid edir. Amma onun özü də bu yolu gedir.  Romanda bircə dənə olsun müsbət erməni surəti yoxdur. Romanda ümumiyyətlə erməni obrazı yoxdur. Azərbaycan əsgərlərinin rəşadəti fonunda ermənilər aşağılanır. Bu düzgün yol deyil.

Konkret olaraq elə bizim ədəbiyyatda erməni-azəri problemini yüksək humanizm mövqeyindən həll edən ciddi əsərlər var. Mirzə Cəlilin “Kamança” dramını qeyd etmək kifayətdir. Bu kiçik dramda Mirzə Cəlil vuruşan iki qonşu xalqın mədəniyyətlə birləşəcəyini göstərmişdi. Hətta mədəni birliyin simvolunu da tapmışdı. Bu simvol kamança idi. Ya da elə həmin mövzudan bəhs edən başqa bir əsərdən- Cəfər Cabbarlının “1905-ci ildə” dramından bir cümləni xatırlayaq: “Atan kazaklardı”.

Xalqlar müharibəyə qarşıdır. Bu sözü keçmiş sovet ideoloqları da çox deyiblər. Çox sadə, hətta bayağı görünsə də bu, doğrudan da belədir. Yazıçıdan tələb olunan isə vətənpərvərlik təbliğatı aparmaq əvəzinə müharibənin ortaya çıxardığı ziddiyyətləri aşkarlamaq və savaşa qarşı çıxmaqdır. Aqil Abbas isə belə etmir, tam əksinə, “boyevoy listok” yazır. Söz yox ki, Aqil Abbas azəri və erməni xalqlarını birləşdirən nəsnələrdən yazıb, antimilitarist bir əsər də ortaya qoya bilərdi. Buna onun həm fakturası, həm də yazı imkanları əsas verirdi. Lakin o, savaşın acılarını görmüş bir qarabağlı kimi yazır.  “Dolu” romanı yazıçı Aqil Abbasdan çox, qarabağlı Aqil Abbasın romanıdır.

Dövlətlər savaşır, digər dövlətlər isə geopolitik, siyasi və ya iqtisadi maraqları əldə rəhbər tutaraq savaşan dövlətlərdən birinə dəstək verirlər. Məlum məsələdir ki, müharibənin əziyyətləri isə savaşan xalqların üzərində olur. Azəri xalqı da çox əziyyət çəkib, erməni xalqı da. Onların hər ikisini bu savaşa sürükləyən isə vecsiz siyasi hakimiyyətlər olublar. Və yazıçı belə bir böhranlı şəraitdə nə beyni hakimiyyət sevdasında olan iqtidarın, nə də iqtidarın savaş təbliğatı ilə beyni dolmuş xalqın yox, məhz həqiqətin yanında olmalıdır. Qar kimi soyuq həqiqət isə Qarabağ savaşının əzab, işgəncə və məhrumiyyətlərdən, qandan və ölümdən başqa bir şey olmadığını bizə deyir.

Avropa Şurası  “günah keçisi” obrazında

Aqil Abbasın romanında siyasi motivlər də üstünlük təşkil edir. Belə ki, möcvud iqtidar- Mütəllibovun iqtidarı satqın, cəbhəçilər isə mağmun və aciz göstərilir. Və sonra proses bitir. Elə bil onlardan sonra heç nə olmadı, barış sazişi imzalanmadı, hər il “gələn Yeni ili öz torpaqlarınızda qeyd edəcəksiniz” vədləri verilmədi. Aqil Abbasın Avropa Şurasına qarşı ironiyası da çox təəsüf ki, hökumətin mövqeyindən fərqlənmir. Misal üçün, Aqil Abbas  ötəri olsa da yazır ki, Avropa Şurası jurnalistlərin həbsinə reaksiya verir, amma Qarabağa yox. Hərçənd elə deyil, Avropa Şurası istər Ermənistan, istərsə də Azərbaycan qarşısında münaqişənin sülh yolu ilə həll ediləcəyi şərtini qoyub. Bir sözlə, Qarabağı verməyimizin də, indiyənə kimi ala bilməməyimizin də milli hökumətin olmamağıdır. Bu, ot qədər adi və sadə həqiqətdir. Aqil Abbasın bu günkü siyasi fəaliyyəti ilə bir işimiz yoxdur, lakin məsələ bundadır ki, torpaqları ala bilmədiyimizə görə Avropa Şurasını qınamaq mənim yadıma “günah keçisi” ifadəsini salır. Yəni illah ki, bir günahkar tapmalıyıq. Qoy onda bu günahkar Avropa Şurası olsun. Herkel və Jivkova Aqil Abbasın romanını oxumayacaqlarına görə bu, nisbətən təsirsiz yoldur. Müharbənin gerçək səbəbləri barədə yuxarıda yazmışıq, bu səbəblərdən yayınan adam mütləq özü üçün bəhanə və sığorta xarakterli başqa səbəblər tapmalıdır və Aqil Abbas bu yöndəki seçimini Avropa Şurasından yana edib. Məncə 6 rayonu vermiş adamlar haqqında bəlağətlə danışmağın axırı da günahı Avropa Şurasında tapmaq olacaqdı.

***

Aqil Abbas “Dolu” romanı ilə keçən onillikdə baş vermiş və bitib-bitməməsi hələ də bəlli olmayan bir savaş barədə yazmışdır. Biz bu romanı Azərbaycan ədəbiyyatının aktivinə yazmağa tərəddüd edirik. Çünki “Dolu” bir roman, müharibəyə  yazıçı münasibəti  olmaqdan ziyadə ideolojik bir romandır. İdeolojik romanların dövrü isə çoxdan keçib. Lakin Qarabağda baş verən qəhrəmanlıqları öyrənmək üçün bu əsər gənclik üçün əvəzedilməz bir qaynaq ola bilər. İndiki gəncliyimizin “Bahadır və Sona”, “Kamança”, “1905-ci ildə” əsərlərindən daha artıq dərəcədə bu əsəri sevəcəyinə şübhəm yoxdur.

1 səs2 səs3 səs4 səs5 səs (1 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

8 Şərh var
Şərh yazın »

  1. 1. C.Cabbarlının o əsərini oxumayanlara, mən də qarışıq, “Atan kazaklardandır” cümləsi anlaşılmaz qalacaq . Hansı kontekstdə deyilib bu fikir, Tural?
    2. Romanın bəddiiliyi, dili, poetikası da təyhlil olunsaydı burada , A.Abbasın yeni əsəri haqda təsəvvürümüz daha dolğun olardı.
    Sag ol!

  2. Mən Qan Turalının bu məqaləsini oxuyandan sonra kompüterimin yaddaşında «Dolu» romanı ilə bağlı olan düşücələrimin bir hissəsini şərhələr bölməsinə yerləşdirməyi qərara aldım.

    Məncə, Qann Turalının bu məqaləsi roman haqqında yazılmış ilk ciddi yazıdır.

    Bəlkə bu yazıdan savayı da ciddi yazılar var, mən bilmirəm. Amma səmimi deyirəm, mən hələ ki Azərbaycan tənqidində roman haqqında Qan Turalının yazıdığı bu yazı qədər ciddi yazı yaza biləcək tənqidçi görmürəm.

    Və beləliklə…

    bu romanda Qarabağ müharibəsinə yazıçı münasibətini formalaşdıra biləcək xeyli maraqlı material var.

    Bu vaxta qədər çoxlu əsər – məqalə, hekayə, povest və hətta roman – oxumumağıma baxmayaraq, mənə elə gəlir ki, «Dolu» Qarabağ müharibəsi haqqında yazılımış ilk əsərdir. Ona görə yox ki, oxuduğum əsərlər zəif idi, xeyir, ona görə ki, bu əsərlərin heç birində Qarabağ «Dolu»da olduğu qədər canlı, diri deyildi.

    Əsərin bütün qüsurlarına baxmayaraq Qarabağ «Dolu»da canlıdır.

    Əslində «Dolu» roman deyil, poemadır
    Əsərin fələsəfəsi tapılmayıb. Əsər romandan daha çox elegiya təsiri bağlıyır.

    Yazıçı şahidi olduğu hadisələrin, ağrıların, düşüncələrin içərisindən çıxıb heç cürə çıxıb «yazıçı ola bilmir», yaxud çox çətindiklə çıxır, əsərədə yazıçı daha çox təsvir elədiyi obrazlardan biri təəssüratını bağışlayır.

    Mən yuxarda «Dolu»nun Qarabağ müharibəsi haqqında yazılmşı ilk əsər hesab etdiymi bildirmişdim.
    Bəli, «Dolu» məhz ilk əsərdir.
    Biz Qarabağ müharibəsi haqqında ciddi əsər yazamaq üçün mütləq müharibənin «Aqil Abbas qatına» enməliydik. Bunsuz Qarabağ bizim əsərlərimizdə heç bir vaxt canlı olmayacaqdı.
    Amma biz Qarabağ müharibəsinin bu qatında çox ləngiyə bilmərik.

    Qarabağ münaqişəsinə nə qədər ki, Azərbaycan yazıçıları yazıçı münasibəti formalaşdıra, dünyanı, həm də Qarabağ müharibəsini ortaya çıxaran hadisələrə, proseslərə, siyasi sifarişlərə öz konseptul, fəlsəfi, insani münasibətini müəyyəlşdirə bilməyib, Qarabağ müharibəsinə nə qədər ki, biz «öz müharibəmiz» kimi yanaşırıq, bu müharibənin insanlığa qarşı yönəldiyni izah edə bilmirik, biz Qarabağ mühariəsi haqqında əsl həqiqətələri dünyaa çıxa biləmyəcəyik.

    Qarabağ müharibəsi haqqında əsil həqiqəti ifadə etmək üçün yazıçı özünü bütün aslılıqlardan xilas etməlidir və ortada ancaq yazıçı özü qalmalıdır. Biz ancaq bu halda Qarağağ müharibəsi haqqında əsil həqiqəti dünyaya çıxara və bu dünyanın nə qədər iyrəc olduğunu ağlı başında olan insanlara – bəşəriyyətə – izah edə bilərik.

    P.S. Qan Turalını nəzərinə.

    Əzizim Qan Turalı, sən yazılarının birində öz haqqı uğurunda təkbaşına mübarizə aparan bir alim haqqında (mən həmin alimin adını çəkib mövzunu təzələmək istəmirəm) elə bilirəm ədalətsiz fikirlər səsləndirmisən. Mən buna etiraz etməyi özümə borc bildim və etiraz edirəm.

  3. Çatışmayan şey təhlildir!
    Yazı intiriqa üslubundadır.

  4. Siz hansl intriqadan danisirsiniz?

  5. Əzizim Qan Turalı!

    Sənin Aqşinlə mübahisə zəmində kompüterinin yaddaşından «Proloq» qəzetinin səhifəlrinə çıxardığın «Atalar və oğlullar problemi ədəbi müstəvidə» yazını oxudum.
    Yazı bir çox məqamlarına görə diqqətimi cəlb etldiynə görə münasibət bildirmək qərarına gəldim. Və Sənin şəxsində Azərbaycandakı ədəbi üsaynın nə qədər şərq despotizmi içərisində olduğunu (bu şərq despotizmi, konkrei olaraq İran şiəyliyi, stalinizmdən tutmuş erməni «soyqırımı haray həşirinə qədər hər yerdə özünü göstərir») açıqlamaq fikrinə düşdüm.

    Yadıdıdırsa, bir neçə ay əvvəl mənim səninlə «Papa düzmü dedi?» yazısı ətrafında mübahisəmiz düşmüşdü. Səni bilmirəm, amma mən diqiq bilrəm ki, bizim aramızdakı mübahisə təsadüfü deyildi. Bu ayrıca söhbətin mövzusu olduğuna görə bu məsəlyə burda toxunmaq ismtəmirəm.

    Amma sənin diqqətini başqa bir şeyə yönəltmək istəyirəm. Kultazda bu günlərdə belə bir informasiya getdi; Mədəniyyət və Turizim Nazirliyi Yazıçılar Birliyi ilə birlikdə Gənc Yazıçılar Məktəbi açır. Yəqin ki, ilk baxışda bu məktəbin, sənin «Proloq»da yazıdığın yazının, İran Şiyəliynin, «erməni soyqırımı» vay şivənin, stalinzimin, sənin Aqşinlə mübahisədən sonra bu yazını mətubata çıxarmaq istəyinin arasında əlaqə görmək bəlkə də çoxlarına qəribə gələ bilər.

    Amma çox təəssüf ki, bütün bunların hamısı eyni hadisənin müxtəlif tərəfəlridir və bu «hadisə» indi Azərğbaycan çayxanalarında inkubator maşını kimi işə düşüb, hətta istedadlı adamları belə bir – birin əlavəsinə çevirməyə başlayıb.

    Azərbaycan çayxanaları Azərbaycan yazıçılarına özləri – özlərini dinləməyə imkan vermir.

    Bilmirəm fikir vermisən, yoxsa yox, bu gün ədəbi mühitdə xanım yazıçılar kişi yazıçılardan daha çox özlərini uğurla ifadə etməyə başlayıblar.

    Niyə? Çünki onların çayxana problemi yoxdur. Onlar ən azı özləri ilə kişi yazıçılarından daha çox baş – başa qalırlar. Fikir adamının isə özünəməxsusuluğu özü ilə təkbətək, baş başa qalanda meydana çıxır və inkişaf edir.

    Azərbaycan çayxanlarındakı bu total inkubatorçuluq hardan gəlir? Bu da ayrıca söhbətin mbvzusudur.

    Elə Mənədiyyət Nazirliyi ilə Yazıçılar Birliynin Gənc Yazıçılar üçün məktəb açmaq arzısu da inkubator yaratamq arzusundan irəli gəlir, elə bir inkubator ki, onu Azərbaycan çayxanaldarında, Azərbaycan mətuatında, Azərbaycan cəmiyyətində artıq çoxdan yaradıblar və sən də bu inkubatorçuluğun bariz nümunəsisən.

    Başqa sözlə, sən Azərbaycan çayxanalarının yetişdirdiyi özünəməxsus klassik «İran şiyəsisən» sənin İslam haqqınlda necə düşüməyinlən asılı olmayaraq İran «televiziyasın»ının diqqətini də sənin məhz bu keyfiyyətin cəlb etmişdi, Samirlə Rafiqi türməyə atmaq içün ayaga qalxan fanatizm səninlə əmkdaşlığa getmişdi.

    Sənin Rəsul Rzanı tənqid etməyin də sırf ədəbi maraqdan irəli gəlmir, məhz İran şiəyliyindən, stalinzmdən irli gəlir. Sən Rəsul Rza haqqında yazılarında daha çox stalinçi kimi çıxış edirəsn. Leninizim Rəsul Rzanın dünyagörüşünün tərkib hissəidir, əqidəsinə görə fikir adamını təqib etmək, adına demokratiya dleyilən bir anlayış tərəfində min il əvvəl qadağan olunub, amma sən, özünu demokrat hesab edən adam İran şiəsi kimi bunu bu gün işə salmısan, yazıçını yaradacılığını təhlil etmək əvəzinə, onun xatirsəini təqib edirsən. Bu klassik nadanlıq nümunəsimdir.

    Bu nadanlıq elə stalinizmin özündən gəlir.

    Səni çox güman ki, başqa bir şey də maraqlandıracaq; səninlə, stalinizmlə, İran şiyəli ilə, ən nəhayət «erməni soyqırımı» şivənliyi arasındakı əlaqə…

    Əzizim, ən təhlükəlisi də sonuncusudur. Çünki sonuncunun gözünə əzabkeşlik də qatılıb. Erməni şivənliyi bütün miqyası ilə İran şiyəlinin nəticəsidir. Cəmiyyədə, ədəbiyyatda, dövlətdə isə erməni şivənliyi 37-ci il deməkdir.

    Mən artıq iki aya yaxındır ki, ədəbiyyatıdkı ən yeni nəslin nümyanədələrinin – Rəbiqə ilə Cavidanın diqqətini məhz buna cəlb etmək istəyirəm. Məsəlen. Cavidan isə məni başa düşmək istəmir. Men Cavidanın Qan Turala çevrilməsindən qorxuram. Özləri ilə baş – başa qalmağın ən gözəl şerilərini yazan bu xanımların inkubatora salınması müasir ədəbiyyat dələduzların əlinəd bir su içim kimi şeydir.

    Sənin mənsub olduğun nəsli çayxanalar məhv etdi. Rəbiqəni, Cavidanı “müsabiqələrin” məhv edəceyindən qorxuram.
    Çünki büitün hallarda bu posesin arxasında istedadarın Qann Turalı şəklinə düşmək təhlükəsi dayanır.
    Bu isə artıq adamın genlərində şərq despotizminin bütün miqyası ilə fəaliyyətə başlaması deməkdir.

    Sənin mənə müasibətinə gəlincə isə. Sən heç cürə mənə münasibətini dəqiqləşdirə bilmirsən

    Bir tərəfədən aləmə car çəkib deyirsən ki, Rasəti oxuyun və özü də bunu elə deyirsən ki, hətta mən də Rasəti oxumaq həvəsinə düşürəm. Bir tərəfədən deyirsen ki, Rəsul Rza Rasəti sənətə sürütdəmə gətirib, o biri tərəfədən deyirsen ki, Rasət əsil şairdir.

    Bu qeyri – müəyyənlik ərə getmək istəyən, amma heç cürə seçim etməyi bacarmayan yeniyetmə qız uşağı üçün xaratkerik olan əhvaldır.

    İndi də Rəsul Rza şaqqında.

    Rəsul Rza ola bilər bütün dövlərin şairi deyildi. Elə onun yaşadağa dövr də bütün dövrlərə hesablanmış dövr deyildi, dövr hətta özünü belə təqdim etmək üçün yaxa cırsa da.

    Amma Rəsul Rza kişi idi. Səməd Vurğunun oğlu Vaqif Səmədoğlunun Səməd Vurğunun «düşməni» Rəsul Razanı özünə qayğıkeş seçməsi də bunu sübut edir.

    Bizim ədəbiyyatda isə indi məhz RƏSUL RZA KİŞİLİYİ çatmır.

  6. Rasətin yazisi ədəbiyyatımızda maksimalizm meyllərinin İran şiəliyi, Stalin despotizmi ilə eyniləşdirilməsi olduqca
    orijinal fikirdir. Hətta
    müəllif deyəndə ki, insanı və əsasən də yazıçını dünyagörüşünə görə təhqir etmək olmaz.
    Tamamilə haqlı fikirdir. Rasət deyir ki, Leninizm Rəsul Rzanın dünyagörüşü idi. Düzdür. Leninizm bizim bütün yaşlı nəslimizin dünyagörüşü
    olub. Ancaq bütün leninçilər Stalin tərəfindən güllələnib,
    asılıb, sürgünlərə göndərilib. Mənim fikrimcə Qan Tural da Stalinçi olduğundan leninçiləri və eləcə də
    Rəsul Rzanı və Rəsul Rzaları həmişə məhv etməyə hazırdır.
    ALLAH bizi Neo Stalinizmdən hifz etsin.

  7. tural duz deyir

  8. Məsələ Turalın nəyi düz, nəyi əyri deməyində deyil. Tural bəlkə də çox
    şeyləri düz deyir. Lakin
    Tural hələ uşaqdır. O nəyi necə deməyi bilmir. Bu isə Turalın uşaq ola-ola böyük-böyük mətləblərdən dəm vurmasıdır. Tural əslində
    REVİZİONİST-dir. Yəni təftişçi. Mən Turala öz
    yaradıçılığı ilə məşğul
    olmağı və təftişçilikdən uzaqlaşmağı məsləhət ğörürəm. Orijinal Azərbaycan filosoflarından olan Asif atadan soruşanda ki, Azərbaycanda filosofları necə qiymətləndirirsiniz? Cavab vermişdi ki, İndi Azərbaycanda filosof yoxdur. Bütün filosoflar deyirlər ki,
    Marks belə deyib, Engels elə deyib. Mən isə onlara deyirəm ki, bəs sən özün nə düyirsən.
    Tural sən özün nə demək
    lazım olduğunu öyrən. Sən yalnız bu zaman özün olacaqsan və sənətdə öz yolunu tapacaqsan. Ona-buna sataşmaqdan əl çək. Özünü axtar, özünü tap.
    Dünyaya öz prizmandan,
    öz dünyagörüşündən baxmağı öyrən.

Şərh yazın