Sevinc Pərvanə. Hekayə.
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 27 Haziran, 2008
Güllər necə tər, necə qəşəng idilər
Sizə bir əhvalat danışmaq istəyirəm. Amma haradan başlayacağımı, harada qurtaracağımı belə bilmirəm. Əyləncəli bir şey danışacağıma da söz vermirəm. Axır vaxtlar güllər mənim beynimi çox məşğul edir. Fikrim elə güllərdədir. Tez-tez Turgenevin məktəb illərində hansısa jurnallardan birində oxuyub bəyəndiyim mənsur şeirini zümzümə edirəm: “Güllər necə tər, necə qəşəng idilər”. Mənim əvvəldən güllərə həvəsim yox idi. Rəhmətlik nənəm qışqıra-qışqıra qalardı: “Ay bala, nə olar o güllərin dibinə bir dəfə də sən su tökəndə. Yəni qız olan bəndənin gülə marağı olmazmış? Ay canın yanmasın, sənin göbəyini o vaxt bax bu gülün dibinə atdım ki, bağa-bağçaya, gülə-çiçəyə yanıb dönəsən ”. Dedim axı… Allahından gülləri sevmirdim. Sevmirdim deyəndə birdən elə bilərsininz nifrət edirəm onlara. Əslində güllər başqa qadınlarda olduğu kimi məndə heç vaxt xüsusi rəğbət-filan oyatmayıb. Bura dodağınızı qaçıracaq bir şey də əlavə etsəm, uzağı qızıl kimi vaxtınızdan bir dəqiqə almış olacam. Bir dəfə ərimlə parkda oturmuşduq. Balaca bir uşaq yaxınlaşıb israrla bizə gül satmaq istədi. Mən güllərdən xoşlanmadığımı dedim və uşaq o qədər bezdirdi ki, axırda əlindəki qızılgülü alıb uşağın gözləri önündə yedim. Eynilə balacalığımda olduğu kimi. Nənəm qızılgüllərini həmişə məndən qoruyurdu ki, dərib yeməyim.
Ərimin güllərə marağı məndən çoxdur. O, yeni tikdiyimiz gecəqondumuzun cəmi 12 kv. metr olan həyətində gül kolları əkəndə Aqşinin “Kişi gül şəkli çəkməz ” misrasını xatırladırdım ona. “Anarın Turalı kimi bu nədi e … gül-çiçəklə oynayırsan ?” deyə sataşırdım. O da “sən o gül yeyən mutant qız deyilsən?” –deyə cavab verərdi. Axırda həvəsinin çox olduğunu görüb, əhəmiyyət vermədim. Bir də ki, gül idi də, ayağı yox, yeriyib ayağıma dolaşa, əli yox əlimə. Üstündən bir yaz ötdü. Ərimin gülləri böyüdü, qol-qanad atıb, açdılar. Doğrusu, hərdən mənim də xoşuma gəlməyə başladılar. Arabir qulluq da edirdim güllərə.
Bir səhər ərim işə gedəndə təəccübdən gözləri dörd olmuş bir şəkildə evə qayıtdı və “Niyə gülləri dibindən qırıb atmısan, sənə nə ziyanları vardı axı”dedi. Qulaqlarıma inanmadım, mən belə iş tutmamışdım. Onu inandırmaq da çətin olacaqdı. Çıxıb gördüm ki, güllər doğrudan da kökündən çıxarılıb. Güllərdən heç bir iz-toz da qalmayıb. Bu hadisəni unudardıq. Amma üstündən bir-iki gün ötməmiş anamgilin həyətindən, sonra digər qonşularımızın həyətlərindən güllər köklü-köməcli yoxa çıxdı. Maraq məni öldürürdü. Bu tərəflərdə parnik saxlayan yox, gülsatan yox, gülalan yox. Bəs bu gülləri hansı sehrli əl dibindən qoparıb aparır?
Məhəlləmizin hər səhər dərsə, işə yollanan gənc oğlanlarını bir neçə gün pusdum. Dedim bəlkə qırıb sevgililərinə aparırlar. Amma heç bu fikrim ağlabatan deyildi. Hansı qeyri-adi oğlan sevdiyi qıza gülü kol qarışıq aparar? Olsa-olsa üç-beş çiçəyini dərər də… Amma həm də fikirləşdim ki, yığıb dəstə bağlamaq çox vaxt apardığından bu üsula əl ata bilərlər. Amma kolu da Qaraca Çoban kimi kökündən dartıb çıxarmaq hər oğulun hünəri deyildi, axı. Bir də ki, yazıqlar səhərin şirin yuxusundan güclə qalxıb elə tələsirdilər ki, heç gül dərəsi hallarımı vardı? Gecələri güdməyə başladım. Yenə əlimə ipucu keçmədi. Onda günün günortasında, istidən hamı əpriyib damın altına girəndə bütün günü pəncərənin arxasında oturub tül pərdənin dalından məhləni gözətlədim. İpin ucun tapdım. Axsaq Nəsib deyə tanıdığımız, üst-başından daim çirk axan, əyyaş görkəmli adam çiynində bel, ipin ucun tutub gəlirdi.
Məhləmizdə qəribə bir ailə yaşayır. Ailə də deməzdim, vallah bilmirəm nə deyim, hər halda iki nəfər bir damın altında yaşayırsa, ailə adlana bilərlər. Biz məhləyə təzə gələndə həmin kişi ilə qadının əla gecəqonduları vardı. Bir neçə otaq, geniş həyətdən ibarət. Üstəlik həyətdə də bir neçə otaqcıq qaralamışdılar, kirayə verirdilər. Evləri ilə üzbəüz yolun bu tayında da mənşəyi bəlli olmayan vaqonları vardı. Kənddən-kəsəkdən şəhərə işləməyə gələn üç-dörd fəhlə hər gecə işdən gəlib o vaqonda gecələyirdi. Vaqonun dörd tərəfindən dumanlanıb qalxan sidik iyi adamın başını çatladırdı. Onların evinin də qabağından keçməli deyildi. Nə vaxt evlərinin qabağından keçirdin, başına dana kəlləsindən çıxarılmış zir-zibil düşəcəkdi. Bütün günü dana başımı yeyirdilər, nədi? Qapını döyüb dişinin dibindən çıxanı demək istəsən, heç kim qapını üzünə açmayacaqdı. Eləcə söyə-söylənə yoluna davam etməyə məcbur qalacaqdın. Elə bil ölkənin dörd bir yanını gəzib-dolanıb iki eşşəyi gətirib bu evə salmışdılar. Bir də gördün günün günortasında ər-arvad başladılar bir-birini küçə söyüşləri ilə söyməyə. Arvad kişini söydüyü kimi heç kişi arvadı söyə bilmirdi. Deyilənə görə arvad alverçi idi, üstəlik ara düzəltməklə məşğul idi. Məhlədə peşiman idi kiminsə qızı-gəlini bu arvadla üz-üzə gələ, yaxud salamlaşa, camaat başlayırdı pıçı-pıçıya. Neçə dəfə qabağıma çıxmışdı, gözlərimin içinə baxa-baxa salam vermişdi, qorxa-qorxa ətrafa baxınıb almışdım salamını. Nəinki qadınlar, kişilər də arvadlarından, el qınağından qorxub bu arvadla kəlmə kəsməməyə çalışırdılar. Babalı öz boynuna, deyirdilər, bu ev-eşiyi də uçastkovıya, bələdiyyənin adamlarına düzəltdiyi qızların sayəsində qurub-yaratmışdı. Günlərin birində məhlədə bir qıy-mərəkə qopdu ki, gəl görəsən. Bir xeyli qadın-kişi yığılmışdı darvazalarının ağzına. Heç Amerika səfirliyini yumurta atəşinə tutmağa bu qədər adamı birdən yığa bilməzsən. Sonra məlum oldu ki, arvad oraya yığılanların hərəsinə filan qədər pul atıbmış. Hər şey sürətlə baş verdi. Ailə evdən çıxarıldı. Gedib fəhlələrə gecələmək üçün kirayə verdikləri vaqona yığışdılar.
Həmişə fikirləşirdim ki, heç bir sevgi və hörmət olmadığı halda bu iki yaşlı adamı bir-birinə nə bağlayır? Cəhənnəm, deyəsən uşaqları var. Heç o da yoxdur. Ailənin dar günlərində başa düşdüm bu sirri. Günlər keçdikcə kişi başladı vaqonu abadlaşdırmağa. Taxtadan hamam-tualet tikdi, paltar asmaq üçün zivəyə qədər çəkdi o bir damcı yerdə. Vaqonun pəncərəsini genişlətdi, pilləkan qayırdı, qapı-pəncərəyə pərdə asdılar. Uzaqdan baxanda artıq bilirdin ki, burada insan yaşayır. Adam boyundan hündür hasar çəkdi, dəfələrlə gəlib sökdülər, amma o, Sizif kimi usanmadı. Axırda sökənlər bezib əl çəkdilər, daha onların hasarlarına baş qoşmadılar. Həmin vaxt başa düşdüm ki, heç yerdə işləmədikləri, heç bir işlə məşğul olmadıqları halda qadın ikisini də qədim sənət növü, aradüzəltməklə dolandırır. Kişi bir qarın çörək xatirinə qadınla yaşayır. Həftədə bir yol qadın araq-pivəsini də əsirgəmir. Əvəzində kişini bütün günü nökər kimi işlədir. Həm də bu kişi qadına əməllərinin üstünü basdırmaq üçün lazımdır. Hər halda, ancaq müsəlman ölkəsində qadın üçün kişi həyatını sığortalamaq vasitəsidir. Bir də ki, kimsəsiz birisi evində it-pişik saxladığı kimi bu qadın da kişini saxlayırdı evində. Bir sözlə qadın kişiyə ev heyvanı, kişi də qadına sahibəsi kimi yanaşırdı. Evlərinə ayaq açan çoxlu qadın və kişi indi də vaqona ayaq açmışdı. Məhəllədə bu ailəyə necə dözürdülər deyə düşüncəniz ola bilər. Ailə özünü o yerə qoymadığı kimi, məhəllə sakinləri də görməməzlikdən, bilməməzlikdən gəlirdilər. Amma cüzamlılar kimi bu ailəni özlərindən, toylarından, yaslarından təcrid eləmişdilər.
Qəribə bir maraqla həyətə, oradan da küçəyə endim. Axsaq Nəsib məni görüb özünü itirdi. Yerindəcə mıxlandı bir anlıq. Sonra çiynindəki beli aşağı endirib elə durduğu yerdəcə ayağının altını qazmağa başladı. Təəccüblü baxışlarım altında bir qədər midiləndikdən sonra beli yenidən çiyninə aşırıb çıxıb getdi.
Axsaq Nəsib hasarı çox möhkəm düzəltmişdi, balaca bir dəlik də tapa bilmədim ki, həyətə boylanam. Məhəllə sakinlərindən də o həyətə bir insan bəndəsi ayaq basmır ki, sorğu-suala tutasan. Ərinməyib güc-bəla ilə hasara dırmaşdım. Bir xeyli gözlərimə inanmaq istəmədim. Bu balaca həyətdə nağıllarda deyildiyi kimi gül-gülü, bülbül-bülbülü çağırırdı. Bizim həyətdən bura köçürülmüş gül də elə xoşbəxt-xoşbəxt bərq vururdu ki…
ADMİN QEYDİ: Müəllifin xahişi ilə yazılan şərhlər silindi və yazı şərhlərə bağlandı. Bunun qaydalara zidd olduğunu bilirik və bu istisnaya görə dəyərlioxuculardan, şərhçilərdən admin olaraq üzr istəyirəm. Xahiş edirəm ki, anlayışla qəbul edəsiniz.







Yüklənir...