Bir və Sıfır
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 30 Haziran, 2008
ALOV
a.eyvazova@yahoo.com
Günlərin bir günü Sıfır diyirlənə-diyirlənə gedərkən yol kənarında daşın üstündə kədərlə oturub burnunu sallayan Birə rast gəldi. Sıfır birtəhər dayanıb Birin kədərinə şərik olmaq istədi.
– Noolub? Qaş-qabağını niyə tökmüsən?
Bir gözlərini bir anlığa Sıfırın boşluğuna zilləyib yenidən burnunu salladı, acı-acı fikirləşməyinə davam elədi.Sıfır əl çəkmədi, daşın ətrafında bir dəfə dövrə vurub yenə başladı Birin yaxasından yapışmağa:
– Dərdini deməsən əl çəkməyəcəyəm.
Bir burnunun altında mızıldandı:
– Dərdim sənlik deyil. Yaxşısı budur ki, məni tək buraxasan.
Sıfırın, görünür, başqa işi-gücü yox idi, bir tərəfdən də maraqdan az qalırdı partlasın. Birin danışmaqdan başqa əlacı qalmadı.
– Eh, ay Sıfır. Bundan böyük nə dərdim olacaq. Rəqəmlər məni saymır, sevmir. Mənim bircəliyimə, birinciliyimə, heç kim fikir vermir, hamı məni kiçik görür. Bu cəmiyyətdə məndən başqa birsifətli yoxdur.
İki ikiüzlüdür. Üçün hər üç sözündən ikisi yalandır, “atalar üçdən deyib”, xasiyyətinin günahını yıxır ataların boynuna. Dördün dörd gözü var, bilmirsən şimala baxır, ya cənuba, qərbçidir, ya şərqçi. Səni azdırar. Beş, üç gündən bir, beş gündən bir dəyişir. Bilmirsən hansı sözünə inanasan. Altı Yeddinin qapazaltısıdır. İçimizdə ondan avamı, yazığı yoxdur. O da bu dünyadan narazıdır. Həsrətlə dünyanın baş-ayaq olmasını gözləyir ki, gəlib Doqquzun yerini tutsun. Yeddi özünü yeddi başlı əjdaha kimi aparır. Bir başını vursan yerində digəri peyda olur. Səkkiz özünü sonsuzluq işarəsinə oxşadır. Elə bilir ki, dünya onundur. Əlacı olsa elə uzanmış vəziyyətdə qalar ki, onu sonsuzluq hesab etsinlər. Doqquzdan heç danışmağa dəyməz. Başı hamınınkından böyükdür deyə içimizdə ondan “yekəbaşı” yoxdur.
Di gəl belə ölkədə yaşa! Bu cəmiyyətdə birlər məhv olur, anlayırsan? Hamısı məndən başlayır, hamısının başındayam, amma hamısı mənə üstdən aşağı baxır.
Sıfır yumru başını qaşıyı-qaşıya dərin fikrə qərq oldu.
– Həə… Dərdin böyükdür… Amma bəlkə əlac tapıldı.
Sükut xeyli sürdü. Sıfır birdən sevinclə bağırdı:
– Ağlıma bir şey gəlib!
Bir etinasız-etinasız başını yellədi.
– Bu saat dur ayağa, gəlim sənin yanına.
– Hə, nə olsun?
– O olsun ki, sən indi hamıdan böyüksən. Biz səninlə On olduq.
Bir bir də gözünü açıb gördü ki, Sıfırla birgə On olub. İndi ondan böyüyü yoxdur.
Sıfır sözünə davam elədi:
– Kim sənə yuxarıdan baxdı, məni çağır. Özümlə ürəyin istəyən qədər sıfır da gətirərəm. Bir halda ki, bu cəmiyyətdə saya fikir verirlər, birlik, birincilik keçmir, neynək… Bax, tək mən Sıfır sənin yanında durmaqla Doqquza doqquz gələrik. O biriləri də onun kimi…
Bir bu çıxış yoluna çox da sevinmədi.







Yüklənir...
Çox yaxşı yazıdır. Axır vaxtlar heç bu tip yazılar oxumurdum. Yerinə düşdü. Həm güldüm, həm düşündüm. Çox təşəkkürlər və uğurlar!
Mən rəqəmlərlə bağlı qəribə hekayələr çox oxumamışam. İlk baxışda adama elə gəlir ki, bu hekayə də onlardan biridir. Sənətin sənətdən, təcrübənin təcrübədən, sözün sözdən güc, təkan alamsının ən gözəl nümunələrindən biri bu hekayədir və bu hekayənin bütün gözəlliyi, bütün fəlsəfəsi, özündən əvvəlki «rəqəmli hekayələrə» əlavə etdiyi ən maraqlı informasiya hekayənin sonuncu cümələsində ifadə olunub
«Bir bu çıxış yoluna çox da sevinmədi»
Başqa sözlə «Bir»in kədəri əbədidir. Onun ən böyük faciəsi «Bir» olmağıdır, «Bir» olduğun başa düşməsidir.
Kədərli hekayədir.
Gözəl yazıdır. Həm güldürücü, həm də düşündürücü. Həm də toplumda hər kəslə olursa olsun əməkdaşlığın törətdiyi qaçınılmaz sorunlar. Yalnız yaşamaq mümkün deyil, toplumsallaşmaın da öz problemləri var. İştə bütün yaradıclıq, elm, fəlsəfə də bu ortamda yaranır. Kültürəl dəyərlərin ayrıca bu başqasıyla oluşda biçimləndiyini görürük. Yalnız bu yazıda gizlin bir şərqçi baxış var. Bəlkə də yazarın öz bilincaltında gizlədiyi qorxu xofu, yəni toplumsallaşma sürəcindəki uğursuzluqları, ya da istedadına görə sosial statusunun olmaması özünü ifşa edir burada. Nədən şərqçilik var dedim? Çünkü Şərqdə əslində başqası bir digəri üçün potasiel təhlükədir. Çünkü Şərqdə insana ehtiyac yoxdur. İnsana ehtiyac olmayanda onun haqları da heç düşüncənin konusu ola bilməz. Əslində isə 1 ona görə 1.dir ki, daha sonrakı rəqəmlər var. 1 öz varlığını digər rəqəmlərin gerçəkliyi ortamında tanımlamış olur. Şərqin dinçi kültüründə və istibdadında isə 1-rin Tanrıya xas olduğu və qalanlarının da ondan törədiyi vurğulanır. Öz üzdən də sosial həyatda 1 (fərd haqları) göz ardı edilir. Fəlsəfi dərinliyi olmayan bir yazıdır. Bu yazıya dərin fəlsəfi anlam və fəlsəfi söyləm yükləmək mükündür deyə, düşünürəm.
Yaxshidir, ancaq daha derin felsefi dushunceler yüklemek olardi bu yaziya. Hecmi uzadilmadan.
“…daşın üstündə kədərlə oturub burnunu sallayan Birə rast gəldi” – olmalidir:”…daşın üstündə oturub kederle burnunu sallayan Birə rast gəldi”.
eksine, sonluq maraqli alinmayib. hekayenin en deyerli cumlesi: “Bir gözlərini bir anlığa Sıfırın boşluğuna zilləyib yenidən burnunu salladı”
Mənə tanış gələn bu pritça cəmiyyətdə gedən prosesləri müəyyən dərəcədə əks etdirir. Daha dərini göstrərən detallara getmək olardı, yaxud elə ştrixlər vermək olardı ki, bir sıra bilinməyən nüanslar çıxsın ortaya. İndi cəmiyyətdən pis mənada sinxronluq var, klassik mənada nisbət itib, sərhəd yoxdu, yalnız İNSAN var və o, fasiləsiz danışır.
İnsanı bu hala nə gətirib? Səbəb var. Bu səbəb yuxarıda kı yazıda tam olmasa da açılıb.
Uğurlar!
Əzizim üsyankar!
Yəni Siz demək istəyirsiniz ki, «daşın üstündə oturub kədərlə burnunu sallamaq» olar, «daşın üstündə kədərlə oturub burnunu sallamaq» olmaz, yaxud əksinə, yaxud da lap əksinə?
Bəlkə Bir burunun kədərlə sallamayıb. Məsələn, qəzəblə sallayıb… Amma daşın üstündə kədərlə oturub… Və sair və ilaxir və qeyri…
Gənc yazıçıya da hec belə əndrəbadi məsləhət vermək olar?
Ay xətakar!
P.S. Alov xanım, bir balaca… təbbəssüm.
anarın Molla nəsirəddin-66sından bəhrələnmə…