“Güney Azərbaycan ədəbiyyatı” həftəsi
1
Duyğularım körpə kəpənək,
Qanad çalır
Həyatımın xəzan vurmuş bağçasında
Payızım küləyində
Al-əlvanlı qanadları
Naxış salır
Qızarılmış yarpaqların üzərində.
Qanadsız duyğular
Körpə kəpənək
Basdırır xəzana
Amansız külək.
2
Anlarla döyüşüb
ona yenilib
yıxılıb
bir daha durmaqdır
yaşamaq!
zülmə
zəlalətə kələfcələnmədən
özgür yaşamaqdır
yaşamaq!
anda ölməkdir yaşamaq!
3
Ürəyimizi torpağımıza gömürdük
Cəsarəti düşüncəmizdə yaşadırdıq
Və ölümü
Nəfəs kimi içimizə çəkirdik
Acılıq süfrəmizin yeməyi olmuşdu
Ahımızsa vulkan püskürdürdü susan dağlarımıza
Və xaça çəkilmiş dilimiz
Fəlakəti haqsızlğı illər boyu tüpürəmədi
Udamadı
Bir ağız dolusu yaşadı
Və susdu!
4
Hanı!
Hanı!
Hanı uçacaqdıq
Ucalacaqdıq
Sevda qanadıyla.
Qanadın yoxdursa
Qanadlanıb
səninlə bilə
uçacayıq demişdin də
hala…
hala sınmış qanadım dikəlir də
bax
sən yoxsan
qanadım da qalxmır.
Sevgilim, söylə də
Bir gün göylərdə quşlanarkən
Məni sürünməkdə görsən
Utanacaqmısın?!
5
Gözlərimdən çəkildikcə
Həsrətin ürəyimə damırdı damcı-damcı
Və ölüm çalqısını calırdı dizlərimə.
Gedəndə çantanda götürdün sevdalı ruhumu
Və məndə qalan
Yol boyu uzanan kölgəm
Yeyilirdi dilim-dilim.
Və bir tək qalacaq
Qurumuş ağaca bənzəyəndir
Şıdırqı yağış altında
Boynu bükük görünürdü.
Bu mən idim
Heç yerdə yonulmayan
Sevgi abidəsi
6
ətləri ətimdən idi onların
qanlarımız tutmurdu.
gözləri düyünlənmiş kipriklərdən baxırdı
halalları da harama yoğrulmuşdu.
yollarımız bir idi sanki
ama ayaqları
ayaqlarım kimi qabarlı deyildi heç.
əl-ələ verdik biz
tüm ulduzları evlərinə dərmək idi amacımız
və bir gecə qonaqlığında
dost gülüşlülərinə pay verəcəkmişdilər.
7
Yaz yağışlarında səpildin şəhərimizə
Gözlərim səni həsrət bağırdı hər kəsə
O yağışlı gün ortada
Qorxurdum
Tapılanda yox olacaqdın
Bəlkə
Yuxularımdakılar kimi.
8
illərcə yaşadığım şəhər
indi qurbət gəlir mənə
o da unutdu Eynalısındakı yediyimiz duz-çörəyi
gözünə dursun demirəm
təki
daracıq küçələrindəki itmiş uşaqlığımı
bir də dağlarında içdiyim andı
tapa bilsəm
əl üzüb köçərəm diyar-diyar
özgənin Təbrizinə.
9
Sözüm dilimdə qurudulandan bəri
Canımı ovcuma yığıb
Özümü ürəyimin fırtınasına vurdum.
Önümdə duran uzun yol
Ölüm qalxanlıydı
Up-uca dağlar boyu uzanmışdı
Və arxamca səpilən anamın göz yaşlarıydı
Məzarımın ətirli suyuna dönüşdü.
10
Gözlərinə baxacaqlar
Ürəyini yoxlayacaqlar
Cibinə belə, əl atacaqlar
Kimliyin ürəklərindən deyilsə…
Ağzın qanlıdırsa tüpürmə, canım
Burada torpağın da gözü var
Alnın fəlakətin aynasıdır
Gülüşlərin gizlətməyəcək onları kəsin
Sus ancaq sus,
Burada yalan yol tutub gedir.
11
Gəncliyim saçlarıma bənzəyir nədən
Zamanla boyasın uduzur
Ömür saniyələr qovrasında yonulur
Sən varlığım!
Zamanla nə olacaqsan?!
12
Oy əsən yel!
külümü savuracaqsan
barı ölkəmə doğru əs
bir gəldiyimə varayım.
qoy sağ əlim ötükənə pay olsun
sol əlimsə sibiryamı tutsun
Araz laylamı sızlasın beşiyində
özləmli baxışlarıma.
qoy torpağım olsun məzarım
kimliyimsə baş daşım
bu anılmayan çağda
oy əsən yel…
Yazıya səs verin
Şərhlər
Bu yazı Çərşənbə axşamı, İyul 1st, 2008 tarixində 21:33 radələrində Güney Azərbaycan bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.




Bölmə: 











Raset Pirisoyu adlı istifadəçi, İyul 4, 2008 tarixində, saat 14:13 yazıb:
Bu şeirlər bir daha subut edir ki, Azərbaycan ədəbiyyatı ifadəsi dünyada artıq səkkiz milyonu deyil, azərbaycanlı kimi yazmağı, düşünməyi, öz axtarışlarını Axərbaycan yazıçılarının axtarışları miqyasında aparan çox böyük sayda bir toplumu əhatə edir.
Bu çox yaxışıdır.
Ruqiyyə xanım axtarışlarının gücünə, dil təmizliyinə, xarakterinə görə Azərbaycan dili mühitində olan yazıçılardan heç nə ilə fərqlənmir, öz fikirlərini Azərbaycan dili mühitində yaşayan yazıçıların səviyyəsində ifadə edə bilir.
Yeri gəlmişkən bir məsəlyə də toxunmaq istəyirəm. Bu dil mühitini bizim üçün Mirzə Fətəli Axundov, Mirzə Cəlil, Əli bəy Hüseynzadə, Sabir (təbii ki onların da xidməti olub)… yaratamyıb, bu dil mühitini bizim üçün bu gün «mənfur sovet şairləri» (Rasim Qaracanın, Qan Turalının təbrincə) elan etdiymiz Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza… yaradıb.
Mən Ruqiyyə xanıma uğurlar arzulayıram.
Raset Pirisoyu adlı istifadəçi, İyul 4, 2008 tarixində, saat 15:05 yazıb:
Bir məsələnin də qeyd edim;
bu dil mühitinin
meydana çıxmasında Şəhriyarın da əvəzsiz rolu olub.
Şəhriyara necə deyir:
«Yaxşılığı əlimizdən albılar,
yaxşı bizi yaman günə salıblar»
Bu gün azərbaycanlıların əlindən məhz yaxşılıq alınıb,
yaxşılıq etmək alınıb,
yaxışılıq görəmk alınıb.
Elə buna görə də biz bir fərd kimi, bir millət kimi, bir yaradıcı kimi dünya ilə əlaqlərimizi qura bilmirik
Elsever adlı istifadəçi, İyul 4, 2008 tarixində, saat 19:33 yazıb:
Azerbaycanin genc shaire ve yazichisi Ruqiyye xanimin bashqa sheer ve hikaye eserlerini evveller de oxumusham. Onun eserlerinde selislik ve edebi dile yaxinligi achiqca duymaq olur. Gorunur Guneyde Ruqiyye xanimin timsalinda guclu shairler yetishir. Ona ugurlar dileyirem.