Cavanşir YUSİFLİ
“Güney Azərbaycan ədəbiyyatı” həftəsi
Hümmət Şahbazini uzaqdan tanıyıram. Şeirlərini oxumuşam. Müxtəlif saytlarda (ilk dəfə Məsiağa Məhəmmədinin irfan.azeribloq.com bloqunda) və onun şəxsi bloqunda. Müşahidələrimə görə, Hümmət Güney Azərbaycan şeirində gedən proseslərin simvolik deyil, qabarıq bəlirtisidir, məlum səbəblərə görə Güney Azərbaycan poeziyasında müşahidələr aparıb dəqiq bir proqnoz qoymaq, aparılan təhlillərin sonucunda dəqiq ayrıntıları olan nəticəyə gəlmək mümkün deyildir. Zövqlərin müxtəlifliyi, baş alıb gedən proseslərin xarakteri, incələnməsi və ən əsası ədəbiyyatımızın bu qolunun zaman-zaman elmi araşdırmadan kənarda qalması… elə bir mənzərə yaradıb ki, bu prosesin içində ədəbiyyatımızın inkişafı üçün önəmli və ikinci dərəcəli hadisələri bir-birindən ayırmaq müşkülə çevrilmişdir. İndi Güney Azərbaycan problemi ilə çoxsaylı qurumlar məşğul olsa da (məncə, daha çox şüar şəklində), dünyanın müxtəlif yerlərinə səpələnmiş soydaşlarımızın son dərəcə maraqlı ədəbi nümunələri, bir qayda olaraq bizim ədəbi icmalların dairəsinə daxil olmur, onlardan daha çox fərqli, ayrıca bir hadisə kimi bəhs edilir. Halbuki, fikrimcə, bütün fərqli aspektlərinə və fərqli durumuna baxmayaraq, söhbət eyni bir prosesdən getməlidir və bu iki qolun vahid məcrada araşdırılması perspektiv üçün gözlədiyimizdən də maraqlı ola bilər. Adətən mahiyyətcə eyni olan hadisələr özlərini fərqli bəlirtiləri ilə sərgiləyir, eyni kökdən gələn bu qabarıq fərqlər diqqətli incələmə tələb edir.
Bu mənada Hümmətin indiyə kimi oxuduğum şeirləri və Azərbaycan ədəbiyyatının müxtəlif elmi problemlərinə yönəlik məqalələri (o həm də “Müasir Azərbaycan (Güney Azərbaycan nəzərdə tutulur – C.Y.) şeirinin tənqidi” adlı monoqrafiyanın müəllifidir) yaxşı mənada bildiyimiz, beynimizdə kök salmış təsəvvürlər baxımından xarakterik deyil və kultaz-ın oxucuları üçün maraq doğura bilər.
Şeirləri təqdim etməzdən öncə onların mənim üçün nəyə görə çox maraqlı görünməsini açıqlamaq istərdim. Bu şeirlərdə əvvəla, mənim həmişə axtardığım vahid plan var – bənzətmələr, məcazlar, epitetlər… bu vahid tikilinin adi elementləridir, hansısısa görünür, hansısısa görünmür, yəni onların sabit yerlərindən “durub, səfər etməsinə ”, özbaşına hərəkətlər edərək bədii mətnin içində xaos yaratmasına… ehtiyac duyulmur. Bəzən bütün bu hərəkətləri (dalğavarı hərəkətləri) biz özümüz yaradırıq, elə nöqtələrə toxunuruq ki, oradan şeir şəklini, formasını, mahiyyətini itirməyə üz qoyur. Yəni, forma ilə elə oyunlar qururuq ki, yazacağımız şeir sadəcə ürəyimizdə qalır, vərəqin üstündə isə tamam başqa hüceyrələr görünür, nə qədər özümüzü aldatsaq da onlar birləşmir, vahid orqanizm yaratmır və ən acınacaqlısı yaxşı, parlaq müqayisələrin mənbəyi, boğçası, heybəsi… kimi yerindəcə durur. Bədii filmlərimizdə də belədir, kino unudulur, içindəki ayrı-ayrı sözlər, cümlələr yaşayır – mətndən ayrı!
Hümmətin şeirləri bu gün ədəbi prosesdə mövcud olan bir çox qüsurları anlamaq baxımından da önəmlidir. Hümmət şeirlə nəyəsə tərif vermir, onun bədii boyalarla konturlarını aydınlaşdırmır, sözün, mətləbin bətninə nüfuz etməyə çalışır və tapdığını ürəyində min illərdi susan DİLİN içində gizlədir. Bu hal bizi şeiri dəfələrlə oxumağı tələb edir, ona görə yox ki, anlaşılmır, ona görə ki, bunu HÜMMƏT yazıb və onun daxilində dilimizin yalnız yuxumuza gələ bilən pıçıltıları var. Bu ona görə belədir ki, Hümmətin sözlərində mənanın, bədii məntiqin öyrəşmədiyimiz aspektləri mövcuddur. Diqqət yetirin, bu sözlərə baxış, yaxud, belə deyək, sözlərin içindən dünyaya baxış zəif nüans şəklində olsa da elə bil ki, ayrıdır, elə vəziyyətdədir ki, düşünməyə sövq edir, ancaq oxuya-oxuya deyil, oxuyub qurtardıqdan sonra! Bu cüzi fərq düşüncəndə təbəddülat oyadır, belə deyək, şeirdən – mətndən ayrılıb “çayın qıvrımını” təsəvvür etmək istəyirsən. Yeri gəlmişkən eyni prinsip Rəsul Rzanın “Ərk Qalası ” şeirində də izlənilir – kiçik bir məkanın içinə bütün dünyanın daşınması, balaca bir məkanda bütün dünyanın, ona aid edilən mənaların ələk-vələk edilməsi, birdən, qəfildən pəncərə açılır və hər şey çölə sovrulur – bu “qəza” nəticəsində dünyaya gələn hadisələr, ştrixlər, nüanslar özlərini tam fərqli formada göstərirlər.
Hər şey birdən başlayır və anidən min il qabaq dünyada gedən proseslərə qoşulur, nəyin qədim, nəyin indi baş verməsini heç kəs kəsdirə bilmir…
Hümmət ŞAHBAZİ
Əllərin ürəyimdə tərpənir
uxusuzluqdan,
Yorğunluqdan,
Pozğunluqdanmı
əsnəyirsən?
Düşünmürəm.
Çoxdur sənin könüldaşın
Əllərini qoyma ürəyinin başına;
Əllərin
Ürəyimdə tərpənir,
Gözlərin
Yuxumda qışqırır,
Ürəyini sıxma,
Ki yerləşim
Ürəyinin vüqarında
Axıram mən
Həyatın axımıyla
Axa-axa,
İçin-için…
Könlüm əyilir bənövşə tək,
Ürəyim sıxılır
Sıxıldıqca kiçilirəm,
O qədər kiçilirəm,
Qarışqalar da ötür başımın üstündən
O qədər kiçilirəm,
Vüqarımın da başı əyilir
Gecələr tükənmir,
Alnım isə
Bayquşun yuvasıdır.
Əllərinsə
Ürəyimdə tərpənir
Gözlərin yuxumda qışqırır.
Haraya gedir bu həyat?
Haraya gedir görəsən
Bu durumda
Bu həyat?
Qorumaqla da olmur,
Sevdanı yaşamaq.
Uzanır yalaqlıq,
İlğımlı nərdivanla
Dimdikləyir quşlar
Dayğaların izini…
Günəş: bir sıldırım qaya
Arxasında sıra duran göyərtilər
Ölümlü-dirimli yuxularda
Bəlkə də.
Hər addımda sanki
İllərin qoxumuş izi var.
Bu izlərdə:
Qoxumuş əllər,
Çürümüş dillər
Bu dillərdə:
Boğulmuş həyat
Bu durumda bu həyatın:
“Sağ olsun” sədası gəlsin
Bu bir sevinc,
Bu bir nisgil.
Haraya gedir görəsən
Bu durumda bu həyat?
Nə dənizdə bir sevinc,
Nə damlada bir arzu
Səssiz-səmirsiz hıçqırtıdır
Bu həyat
Bəbəklərində iz qoyan
bu baxışların tozunda
haraya gedir görəsən
bu həyat
bu durumda…
Çənli Saniyələr
Yaşıl yellərin sığalını
Duyanda yalnızlığımda,
İçimin alaqlarının səsini eşidirəm
Ağız açıbdır,
Göyün pəncərəsinə.
Necə baxım
Çayın qıvrımına,
Şəlaləyə yetən zaman
Ləhzələrimin qoxusu
İzlərimi yalayanda.
Ulduzların qaş-göz atması
Aldadır məni.
Çənli saniyələrin,
Simfonyasının vurğusundan
Çıxmaq olarmı heç?
Mən,
Bu quru yarpaqları
Toplayanacaq,
Dumanlı yellər
Hamısını oğurlayacaq.
Yaşıl təpənin saçlarını,
Hörən zaman
Keçidsiz dərələrə hopacağam.
Mən,
Və bu biçimsiz parlaq güzgüm
Gecənin qarnında
Pas bağlayacağıq.
Qanlı şərqi
Duzlaq düyğülarını
Dəmir ayaqlar tapdayanda
Sazaqlar
Yazacaqdır min illik kədərini
Yarpaqların saçına.
Bu tozlu meşənin arasında
Çürümüş ağaclar
Dənizdən danışırlar
Dənizin vüqarından
Dalğasından
Genişliyindən.
Və yel
Qanlı boğazıyla
Qanlı şərqi oxuyur
Ağacların cəsədinə.
Gəbə əllərin sənin
Yağmursuz gündüzlərdə pöhrəlirdi;
Və ürəyimin vurğusunu
Düşünülməz vurğuya çevirirdi.
Duzlaq duyğularımla ağlayacağam
Gecə oğrusu vüqarını aparsa da
Röyalarının sümüyünü
İblisin görünməz əlləri
Quylasa da
Sazaqlar
Söyləyəcək nəcabətini;
Sazaqlar
Yazacaqdır
Min illik kədərini
Yarpaqların saçına.
Tozlu Ayağım
İstəyirsən
Baxışımın paslı ayağını
Sarmaşıqlı ətəyinə sərim!
Gözlərinin önündə
Başmaq taxsam ayağına
Dabanı cırıq
Və murdar qoxuludur.
Başmaqsız dolansam,
İz salacaq gözlərinə
Tozlu ayağım.
Qoy dirçəlsin ürəyim səninlə.
Dənizlə sahili qovuşduran
Dalğalardır.
Sınıq qanadımdan tut,
Sınıq qanadından tutum.
Dalğalardır
Dənizli sahili qovuşduran.
İstəmirəm
İstəmirəm
Duvarlara suvansın.
Yamyaşıl xol-budağım.
Gözlərimin yumşaq uzanmasına bax
İnanmırsan əyər.
Ayla solan gündüzəm
Günəşlə açan
Ayla solan gündüzəm.
Bu gündüzün ürəyində
Qaralan ləkəyəm.
Bu gündüzün saçında
Ağaran dənəm.
Dimdiyində
Qızaran diləyəm.
Və gövdəsində
Qanadlanan həyat.
Bu gündüzü gözətləyən bir gözəm.
Günəşlə açan,
Ayla solan gündüzəm.
Barmaqlar
Barmaqların
odda cilalanmış
qılıncdır sanki.
Parçalayır
Parça-parça
Güvəndiyim ərliyimi.
Didir
Didim-didim
Tərpəndiyim yerin də üzünü
Ötdüyüm yolları da qazır
Bu barmaqlar.
***
Könlüm azır
Bir yırtıcı qurd olur.
Bir iti barmağa dönür
Sənə bənzər
Barmaq olub
Xıncır bütün ərlikləri
Xıncım-xıncım
Odda cilalanmış qılınc kimi.
Yazıya səs verin
Şərhlər
Bu yazı Cümə, İyul 4th, 2008 tarixində 22:26 radələrində Güney Azərbaycan bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.




Bölmə: 









şahbazi adlı istifadəçi, İyul 5, 2008 tarixində, saat 01:07 yazıb:
Dəyərli cavanşir bəy!
Fikirlərinizdən çox yararlandım. Güney ədəbiyatına verdiyiniz dəyərə görə çox sağ olun. Məncə güney ədəbiytı bilik üzrə gəlişməkdədir. özü də gəncliyimiz arasındadır. Bilik üzrə yaranan ədəbiyatın deməyə də sözu vardl. Güney də qadağalarla yanaşı, onu əks etdirən çoxlu şüarçı şeirlərdə yaranıbdır. Ancaq son illərin sevindirici hallarından güney ədəbiyatında bu qadağaları və hətta insani dəyərləri və dünya problemini gözəlcə özündə əks etməsidir. böyük füzuli demişdir: elmsiz şeir, xərci hesabı olmayan duvardı. Çox sevinirik ədəbiyatımız bilik üzrə davam edir. Bu bilik hər bir şairdə yeni cığır, yeni axım açmağa da səbəb olmuşdu. Bu cığırların axarını, 4 il bundan qabaq yazdığım (gücüm çatan yerədək) güney şeiri haqda tənqidi araşdırmada görmək olar. Bu kitabda çağdaş şeirimiz araşdırılır.
Quzeydə də artıq, güney şeirini “şahriyar”da tamam olduğunu sananların sayı azalır. Daha gənclərimizin güclü şeirləri özünü göstərməkdədir.
Bir daha sizə və dəyərli məsiağa bəy məhəmmədiyə dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə - H.şahbazi
usyankar adlı istifadəçi, İyul 6, 2008 tarixində, saat 01:35 yazıb:
Hormetli Sahbazi bey, seirleriniz bilimden nerede ve necure yararlanib onu axtardim tapa bilmedim, eger bu yararlanma Cavansir Yusiflinin bilimden yararlandigi qederse onda sozum yox, conki Cavansir Yusiflinin de bilimle arasi sazdir; ozunu hep bilikli gostermek ister, ona gore cumleleri qarisdirar ki oxuyan hec ne basa dusmesin. mence siz seirde bilim deyil realizm axtarmalisiniz; hele de goy uzunden enmemisiniz, ayaqlariniz yere deymir.oz real hiss ve heyecanlarinizi yazin lutfen, baxaq gorek Guney insanin ureyini doyunduren nelerdir, yoxsa xeyal urunlerine biz doymusuq.sizin seirdeki qehremaninizin tebi cox nazikdir, cox idealdir, az qala bir melekdir - heyatda bele olmur axi, kimi qandirirsiniz. buraxin ayi, ulduzu, buludu, gunesi, yarpagi, seir dunyaniza real nesneler getirin. size ugurlar dilerim.
kiyanxiyav adlı istifadəçi, İyul 6, 2008 tarixində, saat 12:39 yazıb:
Hümmət bəy şəhbazi,artıq güneə azərbaycan ədəbiyyatının ən dəyərli simalarındandır. O şübhəsiz təki güneydə deyil,quzeydə də tanınmış,və mən inanıram bir zaman dünyanın başqa ölkələrində də adlım bir görkəm olacaq.hələ hümmətin çox kitablıq əsərləri kitab şəkilində yayımlanıb ışıq üzü görməsə də,bir çox sitə-vebsayfalarda ekrana qoyulmuşdur.bu o deməkdir ki hümmət şəhbazi özündən necə yuxarı səviyyə,böyük dərəcədə görkəm yaratmışdır. O yalnız şair yox,bəlkə çağdaş şeirimizin gözəl köklü,böyük ruhlu tənqidçisidir də.onun əslində farsca yazdığı “azərbaycan çağdaş şeirinin eleştirməsi(tənqidi)bu günkü güney ədəbiyyatçılarımızın bilim və düşüncə qaynağına çevrilib.üstəlik ara-sıra yazdığı şeirlər də bir ayrı kök,bir ayrı dil,bir ayrı formada yaratdığı üzərindən çox sanballı və gəncliyimiz üçün etgi vəilham almalıəsərlərdir…
Mən bu şeirlrin bir neçəsini qabaqcadan oxusam da,yenə oxuyub bir sevdim.sevimli dostum hümməti şeirimizin daha böyük zirvələrində görmək,mənim arzumdur.daha uğurlar diləyi ilə: təvəkkül kiyani əsl(kiyan xiyav)
ellez adlı istifadəçi, İyul 6, 2008 tarixində, saat 14:53 yazıb:
Üsyankar - rasim qaraca şeir və elm sənlik deyil.
usyankar adlı istifadəçi, İyul 7, 2008 tarixində, saat 07:36 yazıb:
ellez - cavansir yusifli, elm menlik olmaya biler, ancaq seir menlikdir ve sizin kimileri bu alana buraxmamaq menim gorevimdir. hummet shahbazinin seirleri haqqinda baxin ne yazmisiniz:”Hümmət şeirlə nəyəsə tərif vermir, onun bədii boyalarla konturlarını aydınlaşdırmır, sözün, mətləbin bətninə nüfuz etməyə çalışır və tapdığını ürəyində min illərdi susan DİLİN içində gizlədir. Bu hal bizi şeiri dəfələrlə oxumağı tələb edir, ona görə yox ki, anlaşılmır, ona görə ki, bunu HÜMMƏT yazıb və onun daxilində dilimizin yalnız yuxumuza gələ bilən pıçıltıları var. Bu ona görə belədir ki, Hümmətin sözlərində mənanın, bədii məntiqin öyrəşmədiyimiz aspektləri mövcuddur. Diqqət yetirin, bu sözlərə baxış, yaxud, belə deyək, sözlərin içindən dünyaya baxış zəif nüans şəklində olsa da elə bil ki, ayrıdır, elə vəziyyətdədir ki, düşünməyə sövq edir, ancaq oxuya-oxuya deyil, oxuyub qurtardıqdan sonra!” - bunun adi sadece taftalogiyadir. eyni sozleri yanilmiramsa bir defe qesem necefzadenin seirleri haqqinda yazmisiz, dolayisiyla bu cur “tenqid” konkret olmadigina gore her kese aid edile biler. axi bu tenqidde hummet shahbazi seirleri gorunmur. misal getirdiyim bu parcadan hec ne (!) anlashilmir. ne demekdir “sözün, mətləbin bətninə nüfuz etməyə çalışır və tapdığını ürəyində min illərdi susan DİLİN içində gizlədir”? elmi deyil, cunki konkretlikden uzaqdir, qeliz umumilesdirmeler aparib bas aldatmaq isteyirsiz,belke guneyli dostlarimizin emosional durumundan istifade edib puan qazanmaq isteyirsiniz. feqet cox hessas bir bolgeye girdiyinizin ferqindemisiniz? guneyde boyuk edebiyyat herekati baslayib ve hummet shabazi de sizin kimi 1 nomreli tenqidcinin diqqet gostereceyi ilk shair deyil. mence guney yeni edebiyatindan xeberiniz yoxdur. eger maraqlanmaq isteseniz Alatoran jurnalinin 4-12 ve bu gunlerde cixacaq olan 13-cu saylarinda derc olunmus 100-den artiq shair ve yazichinin eserlerini oxumagi size tovsiyye edirem.
ellez adlı istifadəçi, İyul 7, 2008 tarixində, saat 11:52 yazıb:
Sən nə danışdığını bilmirsən. Bir daha deyiriəm: hər şeyə belə qısqanclıqla və hikkəylə reaksiya göstərən yalnız BİRİSİDİR, özü-özünün başına iş açan və nə etdiyini bilməyən bir adamdır. Bu sözlərəi niyə deyirəm: ikl reaksiyan (instinktin) yalnız və yalnız hikkəylə göstərilir və bu da naxoşluq əlamətidir.
P.S. Hörmətli Nobelşi, şeir və elm sənlik deyil. Gün o gün olsun intiriqalara yer qalmasın. Sağlam qocalasan. Dəstəbazlıq etməyəsən.
usyankar adlı istifadəçi, İyul 7, 2008 tarixində, saat 13:48 yazıb:
ellez (c.y.), her shey goz qabagindadir, sohbeti shexsi meselelere cekme, ne qisqancliq, ne intriqa? sene konkret iradim var: bosbogazliq edirsen, seir haqqinda yazdigin tehlil hoqqabazliq numunesidir, buna cavab ver. ve seviyyeni qoru, qargisa kecme (”saglam qocalasan”- bu ne demekdir, bir de bu qebilden bir sey yazsan sene Turkun Meseli kitabimdan bezi maddeleri xatirladacam). O ki qaldi intriqaya, sen yanlis anlamisan, bu intriqa deyil, edebiyyati alaq otlarindan temizlemek ugrunda mubarizedeir.
Rasim Q
ellez adlı istifadəçi, İyul 7, 2008 tarixində, saat 17:20 yazıb:
Öz cavabını özün verdin. Faciən bundadır.
O ki, qaldı mübarizəyə, özün haqqında rəy yaratma, “Alataoran” dediyin AYB-nin o biri üzüdür. Hər iki tərəf eyni mənasızığın içindədir.
Qurtardıq!
usyankar adlı istifadəçi, İyul 7, 2008 tarixində, saat 23:37 yazıb:
Ellez m-m, ola bilsin indi qurtardiq, ancaq edebiyyatimiz alaq otlarindan temizlenecek, buna emin olun. mubarizemizi sona qeder surdureceyik, payini almayan kimse qalmayacaq. bu tarixi missiyani basa duseceyinize umid edirem. RQ
ellez adlı istifadəçi, İyul 8, 2008 tarixində, saat 11:13 yazıb:
Sənin gözəlliyin hər çeyə belə baxmağındadır. Özünü gülünc günə qoyma. Böyük şair və alovlu publisist.
P.S.
Bax:
…Niyə bəs böylə bərəldirsən, a qare, gözünü,
Yoxsa bu ayinədə əyri görürsən özünü?!
Bax: azeriblog.qayidish.com: Komediya janrında mətnaltı güc
ellez adlı istifadəçi, İyul 8, 2008 tarixində, saat 11:23 yazıb:
Bax:irfan.azeriblog.com
Gözünə su ver.
camaat nə iş görür, sən nəynən məşğulsan?
Bu kultaz məkanında həmişə, paraşütlə, ya paraşütsüz, çağrılmamış qonaq kim düz mətləbin ortasına düşənlər var.
Kin-kidurəti böyümək cılız adamların yoludur.
edebiyyat-Peres adlı istifadəçi, İyul 8, 2008 tarixində, saat 16:25 yazıb:
Mence bunlar seir deyil, hansisa ugursuz eksperimentin neticesinde meydana cixmish soz yiginidir.
Dili de cox berbaddir.
Birinci seire baxaq.
Pozğunluqdanmı
əsnəyirsən?
Burda pozgunluk deyende sair yeqin ki, xestelenmeyi, keyfsizliyi, ehvalin pis olmasini nezerde tutur.
Ancaq azeri turkcesinde pozgunluk pis yola dusmekdi axi.
Seirlerde ritm yox, havasi bogucu, cansixicidi.
Bir sozle gurama edebiyyatdi.
O ki, galdi iki nehengin deyismesine, bunun da edebiyyata zerrece xeyri yoxdu.
ellez adlı istifadəçi, İyul 9, 2008 tarixində, saat 10:58 yazıb:
Mence, hissə qapılırsınız.
Zaur adlı istifadəçi, İyul 10, 2008 tarixində, saat 11:30 yazıb:
Mence biz Hümmət ŞAHBAZİ simasinda Guney Azerbaijan edebiyatina ve poeziyasina hormetsilik edirik
Ellez-Usyankar mubahise uchun burada Kollizey bolmesi achilmasini xahish edin. Her halda Hümmət ŞAHBAZİ sherlerini ouyub hezz almaq lazimdir
Hormetle,
Raset Pirisoyu adlı istifadəçi, İyul 10, 2008 tarixində, saat 14:34 yazıb:
Ədəbiyyatın təkcə mədəni deyil, həm də çox ciddi ictmai,siyasi əhəmiyyət daşadığı heç kəsə sirr deyil.
Ədəbiyyat totalitarizmə meylli cəmiyyətlərdə heç bir vaxt başlı başına buraxılmayıb.
Ona görə də əyyami - qədimdən ədəbiyyata əsil istedadların böyründa həmişə qondarma “istedadlar” da itələmyə çalışıblar.
Bu günlərdə Ərdoğanın Orxan Pamukla qarşı sui-qəsd cəhdi ilə bağlı verdiyi bəynat da bunu təsdiq edir.
Nəzərə alsaq ki, bizdə də bədii sözlə bağlı həbslər olub, məhkəmələr qurulub, məsələnin ciddiliyi bir daha aydın olar.
Bu baxımdan Hümmət Şahbaziyə yazılmış ön söz və şeirləri ilə bağlı mübahisələr düşünmək üçün xeyli material verir.
Bu xüsusən Cavanşir Yusiflinin dostu, mənim «həmyerlim» Zaurun Hümmət Şahbazinin şerilərinə münasibət «Güney Azərbaycan ədəbiyatına və poeziyasına hörmətsizlik»dir bəyanatında bariz şəkildə özünü göstərir. Bu həm də onu göstərir ki, bu gün ədəbiyyatda təkcə nüfuz uğuruda, ədəbi prosesi nəzarətə götürmək uğurunda mübarizə getmir, hətta gələcəkdə kimlərisə «müqəddəşləşdirməyin də» əsasları qoyulur.
Bu kontekstdə marqlı bir formula da işə salınıb; «Güney Azərğaycan ədəbiyatına hömətsmizlik» sonra «Güney Azərbaycan xalqına hörmətsizlik», daha sonra «Azərbaycan xalqına hörmətsizlik», lap daha sonra «milli xəyanət»
Tanış mənzərədir.
Nəzərə alsaq ki, Azərbaycan xalqı da totalitarizmə meylli xalqdır, onu fanatik dini ideologiyadan qurtarıb, çox asanlaqla fanatik etnik ideologiyanın içərisinə atmaq olar, onda məsəlnin nə qədər ciddi olduğunun izaha ehtyac qalmaz.
Himmət Şahbazi orta səviyyəli qələm sahibidir.
Məsələn, onun Məlihə Əzizpurla müqayisəsində bunu açıq - aydın görmək olar.
Məlihə Əzizpur düşüncə tərzinə görə daha azərbayücanlıdır, Hümmət Şahbazi osmanlı türkü.
Məlihə Əzizpur şeirləridən daha çox şairdir, Hümmət Şahbazi alim.
Məlihə Əzizpurun şeirlərində poetik təkan duyumdan gəlir, Hümmət Şahbazidə müşahidədən və s.
Mənim üçün nə qədər çətin olsa da, mən burdakı mübahisələrdə daha çox Rasim Qaracını haqlı hesab edirəm. «Nə qədər çətin olsa da», ona görə deyirəm ki, mənim Rasim bəyin dünyagörüşündəki bir çox məqamlarla mübahisəm var.
Burdakı təqdimatında Cavanşir bəy də özünü tənqidçidən çox, ədəbi reklam agentliynin nümayəndəsi kimi aparıb. Bu isə ədəiyyayatı nəzarətəgötürmə mexanmizmi kimi çoxdan məlumdur.
Sözümü yekunlaşdırıram; bütün bunlar ədəbiyyatın inkikafına, yazıçı xarakterinin açılmasına yönəlməyəib, ədəbiyyatı hansısa növbəti «proletar işinin» təkərciyi, vintciyi kimi başa düşməkdən irəli gəlir.
Mən bilmirəm, Cavanşir bəy bunun nə qədər fərqinə varır, bu kimi təhlillərin böyründə ədəbiyyatı ədəbiyyatçılara qarşı çevirmək üçün həmişə «hörmətsizliklə», «milli xəyanətlə» silahlanmış bir zaur hazır dayanıb.
Cavanşir bəy arxayın ola bilər, vaxtı gələndə o da zaurların əlindən yaxısını qurtara bilməyəcək.
Ona görə də, dostlar, gəlin biz Azərbaycan xalqını «ədəbiyyat xalqına» çevirməyək, ədəbiyyatın özü ilə məşğul olaq.
Cavanşir Yusifli adlı istifadəçi, İyul 10, 2008 tarixində, saat 16:03 yazıb:
Hörmətli Rəsət bəy!
Fikirlərinizi bölüşmürəm, hökm verdiyinizə görə. Necə deyərlər, babalı deyənin boynuna…
“Nəzarət” sözünü düz iişlətsən də, ünvanı səhv salırsan, çox geniş və miqyaslı şərhlərdən sonra gəldiyiniz nəticə yanlışdır.
Nəzarətə götürənlər sizdən inciyər. Həm də indi onların “atı yerimir”, dərdlərinin üstünə dərd gətirmə…
İki güneyli şairin şeirlərini müqayisə edəndə də hissə qapılırsınız, acıqlı hökmlər verirsiniz.
Mən sizin zövqünüzə inanıram, ancaq fikirlərinizi bölüşmürəm.
Bəlkə ona görə ki, siz hələ də 90-cı illərdə qalmısınız.
Sizə hörmətlə,
Cavanşir.
Raset Pirisoyu adlı istifadəçi, İyul 10, 2008 tarixində, saat 21:15 yazıb:
Hörmətli Cavanşir bəy!
Mən qənaətlərimin hökm olduğunu güman eləmirəm. Bunlar acı həqiqətlərdir.
Gözəl yazıçılarmızdan biri qurtardığı romanı çapa verməyə tələsmir, səbəbini soruşanda «vaxtı deyil» deyir.
Mən balaca bir povestimi dostlarımdan birinə, fikrini öyrənmək üçün göndərmişdim. Mənə bir cümləlik cavab yazdı: «Əflatun Amaşov yenə də Mətbuat Şurasının sədri seçildi»
Yaxşı ki, Siz ədəbiyyatda «nəzarətə götürmək» faktorunun olduğunu etiraf edirsiniz. Hələ təhlükəlisi bu deyil, təhlükəlisi ədəbiyyatda «müqəddəslik» amilinin işə düşməsidir.
Ən nəhayət, Cavanşir bəy, ədəbiyyatda 90-cı illər olmur. Ədəbiyyatda ƏDƏBİYYAT VAXTI olur. 90-cı illərdə ƏDBİYYAT VAXTI yaradanların içərisində mən də olduğuma görə çox məmnunam.
Sizə də həmişə ƏDƏBİYYAT VAXTININ içərisində olmağı arzulayıram.
Sağ olun.
Cavanşir Yusifli adlı istifadəçi, İyul 11, 2008 tarixində, saat 16:03 yazıb:
Sizə böyük uğurlar!