Onun fikirləri
Bilmirəm nə səbəbdən son vaxtlar yaman hekayə yazmaq həvəsinə düşmüşəm. Hər şeyin səbəbi var, ancaq mənim hekayə yazmağıma tutarlı bir səbəb tapa bilmirəm. Amma yaxşı anlayıram ki, indi kitab oxumaq dəbdə deyil: bunun da səbəbi odur ki, ya yaxşı kitab yazmırlar, ya da oxumaq dünyagörüşünü artırmaq, bədii zövqü gözəlləşdirmək vasitəsi kimi artıq sıradan çıxıb. Mənim hekayə aludəçiliyimdən xəbər tutan bir dostumsa bütün bunların «bir qara qəpiyə də dəymədiyini», «əhəmiyyətsiz» yaradıcılıqdansa «perspektivli» işlərlə məşğul olmağımı məsləhət gördü. Dostumu qınamasam da, «ağıl-ağıldan üstün olar» deyib birdən-birə ədəbiyyat sevdalısına çevrildiyimi sevimli orta məktəb müəllimlərimdən birinə söylədim. Dedim: «Sizin yanınıza məsləhətə gəlmişəm»- çox sevindi, amma sözümün «mustafasını» biləndən sonra başını bulayıb: «Hekayə yazanların ağzı bala batdı, indi sən qalmısan? Ay oğul, sənin otuz iki yaşın var, get evlən, ailə qur. Anan da qocalır. Özünün də yaşın keçir. Tay sovet dövrü deyil e, kitab yazasan yaxana orden asalar».
Müəllimin belə məyus olacağını heç təsəvvür etməzdim. Axı mənə ədəbiyyatı sevdirən, dastanlarımızın şirin dilindən, əfsanələrimizin, bayatılarımızın zənginliyindən danışan, özü də sevə-sevə danışan sevimli müəllimin məyusluğu mənə də sirayət elədi. Qərara gəldim ki, doğurdan da mənim yaxşılığımı istəyən dostumun, müəllimin sözünə qulaq azım. Hekayə yazmaq mənlik deyil, sonradan həvəsə düşüb povest, roman yazmaq istəsəm bu kişilərin üzünə necə baxaram? Ədəbiyyat sevdasını başımdan çıxardım, elə rahatlandım, elə sevindim ki… Çiynimdən yük götürüldü, yuxularım da yerinə gəldi, elə bil iştaham da açıldı. Doğurdan da gözəl hislər idi. Keşkə özünü dahi hesab edən yazıçılar da elə mən yaşda olanda – cavanlıqlarında bu hisləri yaşasaydılar, bəlkə indi kitab oxumaq dəbdən düşməzdi, bəlkə də insanlar mağazaların, köşklərin önündə günlərlə növbədə dayanıb kitab alar, sevdiklərinə kitab hədiyyə edərdilər. Təəssüf… təəssüf ki, onlar dahi olmadıqlarını heç vaxt başa düşməyəcəklər. Başa düşəndəysə artıq 32 yaşları olmayacaq.
Ancaq yox, bir fikir başımdan çıxmır axı? Yenə yazmaq istəyirəm. «Yaxşı, yazırsansa, məqalə yaz, olsun iki yüz neçənci, bəlkə də 300 neçənci məqaləndən biri, indi ürəyin sakitləşdi» – öz-özümə dedim. Nəhayət yazmağa başladım. Lap şeir kimi yazdım. Birnəfəsə… Oxuyanda gördüm ki, məqalə yox, hekayə alınıb. Hər halda mənə elə gəldi. Struktur, hadisələrin inkişafı, süjet xəttinin qəflətən qırılması… Aman Allah, deyəsən lap novella yazmışam ki…
«Nə yaxşı, nə yaxşı, bizim yazıçılar 32 yaşlarında dahi olmadıqlarını anlamayıblar. Nə olsun indi kitab oxumurlar, axı əvvəllər oxuyardılar. Bəlkə mən öləndən sonra oxuyacaqlar… Kimdənsə eşitmişdim ki, hansısa Avropa yazıçısını (adı qəliz olduğu üçün yadımda qalmayıb) öləndən sonra tanıyıblar. Ölümündən sonra çoxlu oxucuları, hətta dostları yaranıb. Dostlar demiş, mən öləndən sonra onların sayı nə qədər olacaq bilmirəm, amma elə indi də kifayət qədər dostlarım var. Hamısı da savadlı, intellektual, alicənab, gözəl insanlardır. Qərara gəldim ki, rəylərini öyrənmək üçün novellamı deyim, hekayəmi deyim, hər halda yazdığımı dostlarıma verim. Mənim əziz, sevimli dostlarım! Sizin fikirləriniz bilsəniz mənim üçün nə qədər əzizdir.
Yazdığımı üç dostumun elektron ünvanına göndərdim. Bir də Ona verdim. Hamısından israrla xahiş etdim ki, diqqətlə oxusunlar, mənə kompliment yox, tənqidi fikir söyləsinlər ki, əyər-əskiyini düzəldim. Ancaq etiraf edim ki, mənim üçün ən önəmli olanı Onun fikirləri idi. Mən Onu əsil ədəbiyyat adamı hesab edirəm. Dövrün sıxıntılarına, dəblərin dəyişilməsinə, yazı-pozunun az qala yox, əməlli-başlı unudulmuş, lazımsız bir şeyə çevrildiyi günlərdə onun israrla yaradıcılıqla məşğul olması, dedi-qodudan uzaq gəzib əsərlər yazması məndə dərin təəssürat yaradırdı. İndi O, mənim yazdıqlarımı da oxuyacaq. Bunu fikirləşdikcə, həm qürurlanır, həm də alnımı soyuq tər basırdı. Onun necə zövqlü, geniş mütaliəli bir şəxs olduğuna çoxdan bələd idim. Mənim nəzərimdə O, hamıdan fərqli, başqa dünyanın adamı idi. «Qoy mənim hekayəmi də oxusun, qoy bilsin ki, O, tək deyil. Onun kimi olmasa da, hər halda nəyəsə cəhd edən insanlar var. Cəhd etməyin nəyi pisdi ki… Məncə cəhd etmək mürgüləməkdən daha yaxşıdı. Qoy oxuyub desin ki, səndə heç nə alınmayacaq». Vallah, incimərəm. Əksinə, bir qədər rahatlanaram ki, ədəbiyyat mənlik deyil. Barmaqla sayılacaq zövqlü oxucuların zövqünü korlamaqdansa, elə burda dayanmaq yaxşıdır. Başa düşürəm ki, sözü bol, sinəsi dolu insanların vətənində söz demək mənə görə iş deyilmiş. Amma birdən təriflədi… Birdən deyər: «Yaz, sənə uğurlar, çoxdandır belə yaxşı bir əsər oxumaq istəyirdim. Nə yaxşı onu sən yazdın. Bundan yaxşı nə ola bilər. Gərək bu sözlərdən sonra işimi-gücümü atıb romanlar yazam, bir-birindən gözəl maraqlı süjetlər tapam, heç nəyə fikir vermərəm, kiminsə tənəsinə, rişxəndinə, necə deyərlər oturub ədəbiyyatımız üçün fəhləlik edərəm. Təki, Onun dilindən belə sözlər çıxsaydı…»
Onun fikirlərini eşitmək üçün səbrim tükənirdi. Aradan bir həftə keçmişdi. Birinci dostum zəng elədi ki, hekayəmi oxuyub, görüşmək istəyir. Bulvarda görüşməyi qərara aldıq.
Birinci dostum tələbəlik yoldaşım idi, xasiyyətinə yaxşı bələd idim. Bilirdim həmişə gecikir. Elə mən də gec getdim, hələ də gəlməmişdi. Dedim dənizə baxıb bir az vaxt öldürüm. Dəniz nə gözəlmiş, nə yaxşı meh əsir… Mənim hekayəmə və bu söhbətin mövzusuna dəxli olmasa da özümə söz verdim ki, gələcəkdə yazacağım xəyali romanların birində bu dənizi gərək yaxşı-yaxşı təsvir edəm. Yadıma bizim yazıcılarımız, şairlərimiz haqqında çəkilən sənədli filmlər düşdü. Həmin filmlərdə onların demək olar ki, hamısı dənizin kənarında dayanıb hansısa uzaqdakı bir nöqtəyə dərin, mənalı nəzərlə baxır, baxır, hey baxırlar… Operator onların gözlərini və küləyin o yan, bu yana dalğalandırdığı ağarmış saçlarını iri planda daha yaxından çəkəndə isə onlar təmkini pozmur, bir siqaret yandırıb ağır nəzərlərini dənizdən ayırmırlar. Bu mənzərə hələ uşaq olanda da, elə indinin özündə də məni nə qədər ilhamlandırırdı. Bu mənim gördüyüm, bu mənim sevdiyim yazıçı obrazı idi. Sonra onların əsərlərini oxudum… Başa düşdüm ki, niyə dənizə elə baxırlarmış… İndi mən də dənizə baxıram… Amma nə isə çatışmır, hə, axı mən siqaret çəkə bilmirəm. Gərək tezliklə öyrənəm, ənənəni pozmaq olmaz axı…
- Nə yaman fikrə getmisən? – birinci dostum nəhayət ki gəlib çatdı. Təyin etdiyimiz vaxtdan nə az, nə çox 45 dəqiqə gec.
- Elə-belə, necəsən? – birbaşa mətləbə keçmədim, istədim özü başlasın.
- Babatam. Sən yazdığını oxuyub super oldum.
- Doğru deyirsən? Doğurdan oxudun, lap axıra kimi…
- Bu nə sözdü. Bilmirsənmi, mən ədəbiyyat vurğunuyam. Yadından çıxıb tələbəlikdə romanları məndən tez oxuyub qurtaran olmazdı?!
- Hə, çox sürətli oxuyardın.
- Sürətli deyəndə ki, mən kitabı sizin kimi oxumuram ki. Mən romanı axırdan əvvələ oxuyuram, ortasına çatana kimi söhbətin nədən getdiyini başa düşürəm, tam oxumağa ehtiyac qalmır.
- Nə danışırsan? Yəni, sən mənimkini də…
- Yox, yox. Səninki roman deyil ki, yeddi-səkkiz səhifəlik hekayədi, onu əvvəldən-axıra kimi oxumuşam, özüm ölüm. Hələ evdə uşaqlara da oxutmuşam. Hə, hə… Tay sənin yazdığını da axırdan-əvvələ oxusaydım, bu dostluq, qardaşlıq olmazdı ki…
- Hə, onda de görüm xoşuna gəldi?
- Bay, xoşuna gəldi də sözdü. Sən bu vaxta kimi harda idin, daha doğrusu harda olduğunu bilirəm, yəni, demək istəyirəm niyə yazmırdın? İncimə, sənin yerin həbsxanadı.
- Həbsxana niyə?
- Bu vaxta kimi bu boyda istedadın qabağını kəsdiyin üçün səni tutmaq lazımdı.
- Yaxşı, dolama məni. De görüm əsas nə xoşuna gəldi?
- Əsas xoşuma gələn hekayənin axırıdı. Pah… o nə cümlələrdi, yadıma düşəndə tüklərim biz-biz durur.
- Bəs deyirdin hamısını oxumusan?
- Əlbəttə, hamısını oxumuşam, sadəcə axırı nədənsə tez yadıma düşdü. Bilirsən, nə var, bunu «yumaq» lazımdır. Oturaq hamısını xırdalayacam.
Hələ işıq üzü görməmiş, bəlkə də heç vaxt görməyəcək hekayənin «yuyulub təmizlənməsi»ndən yadımda qalan birinci dostumun yalnız əsərin axırı barədə dedikləri oldu: «O nə cümlələrdi, yadıma düşəndə tüklərim biz-biz durur».
İkinci dostum münasibətini məktubla bildirdi. Səhər poçtumu yoxlayanda onun cavab göndərdiyini gördüm, qısa və konkret:
«Əzizim, salam. Axır ki, vaxt tapıb məktubunu oxudum. Bir az uzunçuluq eləmisən. Nəzərə al ki, hamı sənin kimi vaxtdan israfçılıqla istifadə etmir. İnsanlar məşğuldur. Cümlələri qısa yaz. Bəzi ixtisarlar elə. Onda tez oxunar. Məsələn, mənim kimi yazsan, yaxşı olar. Bir də sən insanları inandırmalısan ki, nəyə görə məhz sənin yazdıqlarını oxumalıdılar? Bunun əvəzinə televizora baxsalar pis olmazmı? Ürəyinə pis fikir gəlməsin. Məni inandırmaya da bilərsən. Sən nə yazsan, oxuyuram. Mən ümumiyyətlə, deyirəm. Bir də mənə elə gəlir ki, mən bunu haradasa oxumuşam. Yaman tanış gəlir. Təzə bir şey yazsan göndər baxım. Yəqin bundan sonra yazacaqların mənə tanış gəlməz. Əgər yazsan, qısa yaz. Mənim kimi. Sağ ol».
Açığını deyim ki, ikinci dostumun mülahizələri mənə bərk toxundu. Bu qədər insafsızcasına tənqid gözləmirdim. «Hələ bir buna bax, deyir mənim kimi yaz. Axı sən on iki ildir dəftərxanada işləyirsən, yazdıqların da arayış, xasiyyətnamə, ərizə. Ən yaxşı halda isə hesabat olub. İndi mən sənin kimi yazsam, onda bunları dəftərxana məmurlarından başqa kim oxuyacaq? Onların da vaxtı yoxdu». İkinci dostumun sərt tənqidindən belə nəticə çıxardım ki, zavallı o qədər rəsmi sənədlərlə işləyib ki, mənim hekayəmi də hansısa arayış, ya da ki, iclas protokolu ilə səhv salıb.
Axşama yaxın üçüncü dostum zəng elədi. Dedi elə indicə oxuyub qurtarıb, yaxşı olar ki, görüşüb danışaq, ancaq telefonla da deyə bilər. Ürəyimdən görüşmək keçdi. Amma dünən hekayənin yuyulmasının mənə baha başa gəldiyini yadıma salıb qiymətli fikirləri elə telefonda eşitməyə üstünlük verdim. İnsafla deyim ki, birinci və ikincidən fərqli olaraq, üçüncü dostum doğurdan da işəyarayan fikirlər səsləndirdi. Bütün kəm-kəsirləri, çatışmazlıqları, aydınca izah elədi və xüsusilə vurğuladı ki «əzizim, belə mövzuda yazmaqla heç kimi təəccübləndirə bilməzsən. İndi hamı bundan yazır. Sən çalış psixoloji məqamlara, qəhrəmanların daxilinə varasan, nə isə özünəməxsus bir şey düzəldəsən».
Dostumun sözləri sanki işıq kimi süzülürdü, aydın, yerində tutulmuş iradları nəzərə almamaq mümkün deyildi. Onların hamısı işin xeyrinə yönəlmiş fikirlər olduğundan qərara aldım ki, onların heç birini gələcəkdə – təbii ki, bu işə davam edəcəyəmsə, diqqətdən kənarda qoymayım. Amma üçüncü dostumun bir iradı ilə isə nə qədər çalışsam da razılaşa bilməzdim. Dedi ki, sənin yazı dilin bir az rəsmi təəssürat yaradır, bu da əsəri oxunaqlı eləmir: «Çalış həmişə nənənin dilində yazasan. Yadına sal, nənən necə nəql edərdi, başına gələnləri necə danışardı, bax sən də elə yaz. Nənənin dili şirindi, maraqlıdı…» Hə, əziz dostum, bax bununla heç cür razılaşa bilmərəm. Ona görə yox ki, səhv deyirsən, ona görə ki, mən nənəmi üç yaşında itirmişəm, nə nağılları yadımdadı, nə bayatıları, nə də laylaları. Ağlım kəsəndə şəklini göstəriblər ki, «bu sənin nənəndi», vəssalam. «Nənənin dilində» yazmaq vəziyyətdən əla çıxış yoludursa, bəs onda nənəsi ölmüş yazıçılar hansı dildə yazsın? Bunlar mənim əziz, sevimli dostlarımın rəyləri idi: onların hekayəni axırdan əvvələ oxumaları, qısa və konkret yazmağı tövsiyə etmələri, daha çox psixoloji məqamlara üstünlük verməyini məsləhət görmələri məni çox sevindirdi. Üç səmimi oxucu qazanmışdım, bizim günlərdə bu böyük olmasa da, hər halda nailiyyətdi. Sabah onların sayı bəlkə üç yüz, üç min, üç milyon, ya da daha çox olacaq, bəlkə də heç olmayacaq, deyə bilmərəm…
Amma mənim üçün ən vacibi Onun fikirləri idi. Mən onu eşitmək, qulaq asmaq, dediklərindən qeyd götürmək, bir sözlə, öyrənmək istəyirdim. Amma səs çıxmırdı. Əvvəlcə elə zənn edirdim ki, yəqin işlərinin çoxluğundadır ki, vaxt tapa bilmir. Amma onu da yaxşı başa düşürdüm ki, bizim yaradıcı adamlar nədən olsa da, vaxt sarıdan heç vaxt korluq çəkmirlər. Yeddi səhifəlik hekayəni oxumağa nə qədər vaxt lazımdır ki, bir balaca göz atmağı kifayətdi.
Günlər-günlərə calanaraq bir həftəni də arxada qoydu. Artıq səbrim qalmamışdı, qərara aldım ki, özüm yanına gedim. Fikirləşdim, bəlkə yadından çıxıb, nə olsun böyük ədəbiyyat bilicisi, dərin təfəkkür sahibi və ən nəhayət, mənim sevimli yazıçımdı. Axı «hər gözəlin bir eybi olduğu kimi» belə dahilərin də bir az yelbeyinlik xəstəliyi olur. Hər halda yanına getsəm, özümü göstərsəm yaxşıdı.
Məni çox mehriban qarşıladı, lap köhnə dostlar kimi ədəb-ərkanla görüşüb hal-əhval tutdu. Gözüm masasının üstündə tanış vərəqlərə sataşdı. «Aman allah, bu ki mənim hekayəmdir. Gör bir nə qədər qeydlər edib, vərəqlərin aşağısı, yuxarısı hər tərəf yazıq-yazıdı. Çox diqqətlə oxuyub. Sağ olsun. Deməli nəsə ona toxunub, nəsə xoşuna gəlib, nəyisə daha yaxşı yazmağımı istəyir. Yoxsa bu qədər qeyd aparmazdı ki?… Elə-belə deyil, bu qədər gərgin işlədiyi bir vaxtda əgər vaxt tapıb oxuyubsa, hələ üstəlik fikirlərini yazılı şəkildə bildiribsə, sağ olsun. Sağ olsun dünyanın bütün yaxşı adamları…»
- Hə oxudum, yaman yazmısan ha… Deyəsən bizi çörəksiz qoymaq istəyirsən. Elə baxma, zarafat edirəm. İndi hekayə yazmaqla «çörək pulu» qazanmaq özü bir zarafatdı. Amma diqqətlə oxudum. Ürəklə yazmısan. Əsas da ürəkdi. Hələ qeydlər də eləmişəm. İndi isə məni bağışlamalı olacaqsan, bizim balacanı hospitala gətiriblər, əsgərlikdəydi axı. Yanına getməliyəm, bayaqdan həkimlər zəng eləyir. Sən kağızlarını götür, mən xəstəxanadan çıxan kimi əlaqə saxlayıb görüşək, bir əməlli-başlı fikir mübadiləsi edək.
Təbii ki, razılaşdım, dediyi kimi «kağızlarımı», yəni mənim başıbəlalı hekayəmi götürüb otaqdan çıxdım. Yazıçı xəstəxanaya gedəsi, ordan çıxası, bir sözlə, kifayət qədər vaxtım yaranmışdı. Bir sakit küncə çəkilib onun qeydlərini oxumaq üçün ürəyim əsirdi. Tələsik və cəld addımlarla yolu keçdim. Elmlər Akademiyasının qarşısındakı parkda, xəlvəti skamyaların birində oturub sevimli yazıçımın qeydlərini oxumaq, bir qədər fikirləşmək istəyirdim. Amma… Başqalarını deyə bilmərəm, həmişə mənim vacib işim çıxanda «ammalarsız», «təəssüflərsiz» ötüşmür. Bu dəfə də belə oldu… Nəinki xəlvəti, heç açıq yerdə belə allahın bir boş skamyasını tapa bilmədim. Bütün yerlər tutulmuşdu. Sevənlər və sevişənlər, bəlkə də özlərini elə göstərənlər qolboyun olub bizim Akademiyanın parkındakı skamyalarda məhəbbət deyilən ümmanın dərinliklərinə baş vurmuşdular. Məndə elə təəssürat yaranırdı ki, hətta bəziləri, elə bu dəqiqə boğulacaq, nəfəsləri tıncıxacaq və qışqırıb qaçacaqlar. Amma nə qışqıran var idi, nə də qaçan, elə bil hamı boğulmaq istəyirdi. Bu cütlüklərin yanında mənim də əyləşib qovluğumdan üstü-başı yazıq-yazıq olmuş hekayəmi çıxardıb oxumağım necə də duzsuz görünərdi, İlahi.
Bu məkandan söz düşmüşkən mən hələ birinci kursda oxuyanda heç vaxt bura gəlməzdim. Mən elə bilirdim ki, Akademiyanın bağında ancaq akademiklər gəzirlər və mənim kimi birinci kursun uşaqlarını ora buraxmazlar. Bunu eşidən, indi mənim hekayəmə rəy vermiş birinci dostum uğunub getmişdi: «Hə, orda akademiklər gəzir, amma sən deyəndən yox». Dostumun sayəsində ilk dəfə bu parka ayaq açdım, «akademik»ləri gördüm… Elə indi də onlar gözümün qabağındadı, dəyişməyənsə mənim sadəlövhlüyümdü.
«Deyəsən yaşıl skamya boşaldı. Yeni aşiqlər peyda olmamış tez oturum». Nəhayət yerimi rahatladım, qovluğumu açıb, bəxti qara hekayəm haqda yazılmış fikirləri oxumaq istədim. Amma nədənsə məni qəribə hiss bürümüşdü, elə bil kimsə, daha doğrusu kimlərsə mənə baxırdı. Özü də yuxarıdan aşağı, məzəmmətedici nəzərlərlə baxırdılar. Ətrafa boylandım. Skamya parkın qurtaracağında yolun kənarında olduğundan yoldan keçən hər kəsin- sürücülərin, cavanların, qocaların məni görməsi təbii idi.
Bu vaxt yanımdan keçən polislər də diqqətlə, hətta deyərdim ki, bir qədər də qəzəblə mənə baxdılar. Onlar bayaqdan bəri parkda gəzişirdilər və kiməsə qıyqacı nəzərlə baxdıqlarını sezməmişdim. Hətta bəzi cütlüklərlə əl verib görüşəni də var idi. Bəs mənə niyə qəzəbləniblər? Mən ki…
Ən qəribəsi o idi ki, bir qədər aralıda dayanmış taksi sürücülərinin də mənə sarı boylanıb qımışdıqlarını gördüm. «Əcəb işdi, bunlar kimə gülürlər. Bəlkə üst-başımda nəsə qaydasında deyil. Yox, ola bilməz, bu gün yazıçı ilə görüşə getdiyimdən kostyumlarımdan ən yaxşısını geyinmişəm, qalstukum da pis deyil, saçımı da gördüyüm qədəri ilə pis daramamışdım. Bəs mənə niyə gülürlər?» İstədim onlara yaxınlaşıb qımışmaqlarının səbəbini soruşam. Sonra «lənət şeytana» deyib fikrimdən vaz keçdim, axı mən duran kimi skamyanı tuta bilərdilər.
Yolunu parkdan salan iki nurani qoca da mənə baxırdı. Elə diqqətlə baxırdılar ki, hətta birinin gözlərinin parıltısı eynəyində bərq vururdu. O biri isə başını bulayıb mənə eşitdirirmiş kimi köks ötürdü. Fikirləşdim ki, yəqin yadlarına cavanlıqları düşüb, axı onların vaxtında hamı parkda, metroda, avtobusda ancaq mütaliə edərdi. Bəs niyə köks ötürdülər, onu başa düşmədim.
Bir qayda olaraq günorta və axşam saatlarında parkda gəzişənlərə, ya da oturanlara yanaşıb «sən o yanındakı qəşəng qızın canı pul ver» deyən qaraçı qızcığazlar da mənə fikir vermədilər. Eləcə yanımdan ötüb keçdilər. Əlimi cibimə salmağımı, onlara diqqətlə baxmağımı da veclərinə almadılar. Əgər həmin an mənə yaxınlaşıb «sən o əlində oxuduğun hekayən, bizə bir pul ver» desəydilər olanımı-olmazımı onlara bağışlayardım…
Fikrimi toparlamağıma bu dəfə telefon zəngi mane oldu. Sevimli yazıçım idi, xahiş elədi ki, təcili xəstəxanaya gəlim. «Baş üstə» deyib yerimdən qalxdım. Elə bu dəm kol-kosun arasından pusquda dayanmış yaquar kimi iki növcavan skamyaya şığıyıb qol-boyun oldular. Onların sanki, həsrətdən qovrulmuş vüsala qovuşmaları elə bil hamının – polislərin, taksi sürücülərinin, nurani qocaların da ovqatını yerinə qaytardı. Qaraçı qızcığazlar dərhal skamyanın yeni sahiblərinin başının üstünü kəsdirdilər, cavan «yaquar» da əlini cibinə salıb qızın ovcuna nəsə qoydu, sonra üç-dörd metr aralıda dayanan polislərdən biri ona yaxınlaşıb salam verdi… Beləcə, parkın təbii harmoniyası yeganə «məşğul olmayan» skamyanın tutulması ilə öz ahənginə qovuşdu. Burada qeyri-təbii olan mən idim, hamının gözü qarşısında hekayə oxumağa cəhd edən adam. Doğrudan da gülməliydi. Heç kimi qınamıram…
Xəstəxanaya çatanda yazıçını yolun kənarında dayanıb məni gözlədiyini gördüm. O qədər səbirsizlənirdim ki, onun bütün fikirlərini dərhal eşitmək, təşəkkül etmək və bu dəfə parka yox evə qayıdıb o ki, var fikirləşmək istəyirdim. Adətən bir arzuya düşəndə alternativ variantlarım olur. Yəni, məqsədə çatmaq üçün bir neçə fərqli yol seçirəm ki, biri baş tutmayanda o biri ilə gedim. Düzdür, əksər vaxtlarda seçdiyim variantların heç biri işə yaramır, elə təsadüf ortaya çıxır ki, hər şey alt-üst olur. Amma bu dəfə alternativ variantlarım yox idi, bütün ümidimi onun fikirlərinə bağlamışdım.
Məni görən kimi nigaran-nigaran «nə tez gəldin?» - dedi.
- Taksi ilə gəldim. İstəmədim çox gözləyəsiniz.
- Sənə də lap xəcalət verirəm…
- Yox-yox, nə xəcalət. Təki sizin fikirlərinizi eşidim. Bilirsiniz sizin fikirləriniz mənim üçün…
- Nə fikirlərimi?
- Hekayəm barədə…
- Hə, elə ona görə səni təcili çağırdım də. Kağızlar səndədirmi?
Dərhal qovluğumdan hekayəni çıxardıb ona uzatdım. Sözün açığı onun mənim yaradıcılığımın bu ilk məhsuluna görüşəndən bəri artıq ikinci dəfə idi «kağız» deməsi qəlbimə toxunmuşdu, amma özümü o yerə qoymadım.
- Buyurun.
- Ay səni sağ olasan. Bayaqdan bunu axtarırdım. Görünməmiş şeydi. Oğlumun həkimi xəstəxanaya gəlməmişdən əvvəl telefonda uşağa lazım olacaq dərmanları demişdi, mən də hamısını bu kağıza yazmışdım. Xəstəxanaya çatanda yadıma düşdü ki, işdə unutmuşam, daha doğrusu sənə vermişəm. Bir azdan qəbul başlayacaq, mən tez qaçım aptekə…
…Mən artıq Onun fikirlərini soruşmadım. Mənim üçün az qala həyati əhəmiyyət kəsb edən fikirlərini O özü ilə birlikdə aptekə apardı…
« Hümmət Şahbazinin şeirləri, yaxud “DİŞİMDƏ BOĞULAN HARAY” | Əsas səhifə | Ramin Cahangirzadə. Şeirlər. »




Bölmə: 









Melahet adlı istifadəçi, İyul 6, 2008 tarixində, saat 12:58 yazıb:
Maraqla oxudum. hercendki bir az uzuncudu. Muellife de bir meslehetim var. tecili siqater cekmeyi oyren. Bizde siqaret cekmeyen yazicilara birteher baxirlar