KultAz: İyulun 11-də məşhur alman rejissoru Fayt Helmerin quruluşunda lentə alınmış “Absurdistan” filminin Bakıda premyerası keçiriləcək.
Filmin süjet xəttini Asiya və Avropa arasında, naməlum bir yerdə sehrli Absurdistan kəndində baş verən hadisələr təşkil edir. Kəndin ən böyük dərdi su problemidir. Kəndin qadınları üçün isə ən böyük problem vəziyyəti dəyişmək üçün barmaqlarını belə tərpətməyən tənbəl kişilərdir. Filmin baş qəhrəmanları, uşaqlıqdan dost olan iki gənc-Aya (Kristina Malerova) və Temelkonun (Maksimilian Mauff) arasındakı dostluq artıq məhəbbətə çevrilib. Bədbəxtlikdən onların “ilk gecəsi” üçün Ayanın nənəsi tərəfindən hesablanmış ideal gün 4 ildən sonra gələcəkdir. İşləri qəlizləşdirən də onların ilk gecə birlikdə çimməsi şərtidir.
Aya Temelkodan ona yaxınlaşmazdan əvvəl kəndin su probleminin həll olunmasını inadla tələb edir. Kəndin bütün qadınları Ayanın “Su-yox, seks-yox!” şüarlı tələbinə qoşulur. Tezliklə bu münaqişə cinslərarası müharibəyə çevrilir və kənd tikanlı məftillə iki yerə bölünür.
Kiçik türk kəndində baş vermiş bu real hadisədən ilham almış rejissor filmdə gerçəklik üzərində qurulmuş bir fantaziya aləmi yaradır. “Bir oğlan bir qızı sevir” tipli bu sadə hekayə əslində ekrandan “sızlayan” romantik macəradır. Helmer komediya, alleqoriya və məhəbbət hekayəsini ustalıqla birləşdirərək filmə satirik, həm də stilistik olan mükəmməl bir quruluş vermişdir. Baş rolların ifaçıları Mauff və Malerova filmdə dinamik performans nümayiş etdirirlər.
Ondan artıq ölkənin müxtəlif kənd və qəsəbələrində aparılan axtarışlar nəticəsində Şəki və Lahıc filmin çəkiliş meydanı kimi seçilmişdir. Yeni ekran əsərinin çəkilişində 16-dan çox ölkənin nümayəndələri iştirak edib. Azərbaycan aktyorlarından Nurəddin Quliyev, Kazım Abdullayev, Ədalət Ziyadxanov, Elxan Quliyev, Hicran Nəsirova, Firəngiz Babayeva, Mətanət Atakişiyeva, Rafiq Əzimov, Yelena Spitsina və başqaları da filmdə çəkilmişlər.
“Absurdistan” bir sıra Beynəlxalq kino festivallarında iştirak edərək, müxtəlif mükafatlar alıb.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və BAKCELL-in maliyyə dəstəyi ilə çəkilmiş film iyulun 11-dən 16-dək Bakıda, Lahıcda, Şəkidə, Mingəçevirdə, Gəncədə, Lənkəranda nümayiş etdiriləcəkdir.


İyl
7
Azərbaycan haqqında “Absurdistan” filminin premyerası olacaq
Bölmə: Xəbərlər |
Göndər
|
Çap et
| 165 oxunma 









Novarg adlı istifadəçi, İyul 9, 2008 tarixində, saat 11:23 yazıb:
Xub… Amma bashliqdaki “Azerbaycan haqqinda…” sohbetini basha dushmedim…