Bakıda Ukrayna mədəniyyəti günləri keçirildi, məşhür şair Taras Şevçenkonun heykəlinin açılışı oldu, dost ölkənin incəsənət xadimləri konsertlər verdilər. Düşündüm ki, tanınmış şair Vasil Stus barədə yazını azərbaycanlı oxuculara təqdim etmək yerinə düşər.
Oğuldan ataya
GUAM yazarlarının Bakı görüşləri olmasaydı və bu görüşlərdə məşhur Ukrayna şairi Vasil Stusun oğlu, “Kiyevskaya Rus” jurnalının baş redaktoru Dimitro Stusla görüşməsəydim, bu yazı da alınmayacaqdı. Mirzə Fətəli Axundov adına kitabxanada keçirilən poeziya gecəsində oğul Stus atasının şerini oxudu. Bələd olmadığım ukrayna dilindəki kəlmələri dilimizə tərcümənin köməyinə ehtiyac duymadan misraların musiqisindən anlamağa çalışdım. Alındı da…
Əlbəttə, görüşdən öncə də ata Stus barədə məlumatım vardı, Səlim Babullaoğlunun və Siyavuş Məmmədzadənin tərcüməsində onun şeirlərini də oxumuşdum, amma orijinal mətn və səs, diksiya effekti ayrı şeydi. Nə gizlədim, başqa bir həssas məqam da var - şeir daha çox ovqat məsələsidir və onu oxuyub anlamaq üçün vaxt, münasib əhval-ruhiyyə tələb olunur.
Oğul Stusla tanışlıqdan sonra “GUAM ölkələri ədəbiyyatından seçmələr” antologiyasına növbəti dəfə nəzər saldım, Vasil Stusun şeirləriylə yaxından tanışlığım belə yarandı. Sonra təbii ki, internetdən ata Stusun mətnlərini axtardım, bu dəfə də onun misralarıyla rus dilinin vasitəsilə tanış oldum…
Dustaqlıqdan qəhrəmanlığa doğru
Məlumat üçün deyim ki, Vasil Stus repressiyanın qılınc oynatdığı 1938-ci (mistikaya baxın - şairin demək olar ki, bütün şüurlu həyatı da represiya içərisində keçib) ildə Ukraynada, kollektivləşmənin fəsadlarını bütün ağrısıyla yaşayan kəndli ailələrinin birində doğulub. Hələ yuxarı siniflərdə oxuyarkən Ukraynanın SSRİ-də qadağan olunmuş “Güllənmiş İntibah” ədəbiyyatı ilə tanış olub. Donetsk dövlət unviersitetini bitirdikdən sonra kənd məktəblərinin birində ixtisasına uyğun olaraq, dil və ədəbiyyat müəllimi kimi çalışıb. Sonra orduya gedib və bədbəxt hadisə nəticəsində bir barmağını itirib. “Xruşşov mülayimləşməsi” dövrü onun üçün dönüş nöqtəsi olub, aktiv yaradıcı və siyasi fəaliyyətə də həmim vaxtdan başlayıb. Dissident Alla Qorskinin müəmmalı ölümünə, ziyalıların həbslərinə etiraz edib. Nəticədə aspiranturadan qovulub, həm də işsiz qalıb. 1972-ci ildə siyasi fəaliyyətinə görə həbs olunub. Aşağıdakı şeirinə görə:
Banditlər, casuslar,
oğrular və təcavuzçülər dəstəsi
paytaxt şəhərdə oturublar
bolşevik partiyası adı altında.
Həbs düşərgəsində keçirdiyi beş ildən və Maqadana iki illik sürgündən sonra şair Kiyevə qayıdıb, əcnəbi qurumlar onu “vicdan məhbusu” elan ediblər və 1978-ci ildə ingilis “Pen-klubu”na üzv seçilib. 1980-ci ildə onu ikinci dəfə həbs ediblər və o, beş il sonra, Perm vilayətindəki həbs düşərgəsində, quru aclığın ikinci günündə karserdəcə müəmmalı şəraitdə həlak olub.
1985-ci ildə həbsdə olarkən Stusun Nobel mükafatına namizədliyi irəli sürülüb, amma vəfatı bu məsələnin müzakirəsinə imkan verməyib. 1989-cu ildə onun cənazəsini təntənəli şəkildə Kiyevə gətirib, orada dəfn ediblər. 1993-cü ildə öülümndən sonra Şevçenko adına mükafata layiq görülüb. 2005-ci ildə isə, prezident Viktor Yuşşenko Vasil Stusa vətənə və milli ideyaya fədakar qulluğa, yaradıcılığındakı humanist ideallara görə ölümündən sonra Ukraynanın Qəhrəmanı adı verib.
Şaxtadan göyərən şeirlər
Stusun şeirləriylə tanış olmayan azərbaycanlı oxucuya belə bu şeirlərdəki ağrı, kədər tanış olmalıdır - şairin müstəmləkədən qurtulmaq, azadlıq arzuları kimi. Necə olsa, uzun illər Ukrayna ilə Azərbaycan (eləcə də digər 13 respublika) birgə boyunduruqda yaşayıb.
“Şaxtada Ukraynanın günəşi göyərir” və “Payız axşamında budaq xışıldayır” şeiri bu mənada daha təsirlidir. Payız axşamı budaqlar xışıldayır, əsir, ağrıdan göyərir, ağacın isə heç nədən xəbəri yoxdur - ağac isə yuxudadır. Budaq ağacın balasıdır, ağac, yəqin ki, Ukraynadır, budaq - Vasil və onun həmfikirləridir. Amma şair ağrımaq və bu ağırını yazıya köçürməklə işini bitmiş hesab etmir. Məsələn, “O təmiz çöldə…” şeirində şair, həmvətənlərini ürəklərinin səsini dinləməyə çağırır. Xatırlatmaq istəyir ki, üstündə yaşadıqları torpaqları imperiya onlara hədiyyə etməyib, bu torpaq onların doğma vətənidir.
Yüzlərlə qara kölgə yol kəsir
artıq meşə kimi böyüyür onlar,
gəlirlər izimizlə və uzanaraq məcbur edirlər
möhkəm kələflə səni yolundan döndərsinlər.
Amma bu vətən öz övladlarına sənə nə qədər “yadlaşsa” da, yenə də vətəndir, onu qorumaq üçün, yağılardan almaq üçün ayaqda durmaq, mübarizə aparmaq, azadlığını hiss etmək lazımdı. Sürgündə isə daha çətindir. Başqa bir şeirində ata Stus Maqadanda keçirdiyi həyatı təsvir edir : burada təkcə günəş, genişlik və qar var. Əlbəttə, xoşbəxtlik üçün bu, az deyil. Amma nə qar, nə də ucsuz-bucaqsız genişlik sevinc gətirmir, çünki bura vətən deyil, üstəlik, xoşbəxtlik üçün həm də insan səsi eşitməli, insan üzü görməlisən… Budur Stusun insanpərvərliyi və daxili humanistliyi!
Başqa bir şeirində şair sürgün həyatını təsvir edir: nə bir səs, bir insan üzü, yalnız intəhasızlıq -çünki bura vətən deyil.
Qəribədir, Stusun şeirlərində tünd qara rəngin içiərsində qəfildən işıq, nur peyda olur, əgər qara rəng ətrafdan gəlirsə, işıq müəllifin özüdür - “Şamla avtoportret” şeirində olduğu kimi. Şair özünü dirilən adam kimi təqdim edir. O, şamı başının üstündə saxlayır, mum əriyərək əllərinə tökülür, dərisini yandırır, amma bu yanan əlin özü qaranlıqda ən böyük məşəldir. Şeirdə qəfildən yatmış polislər və Dantes (Puşkinin qatili) peyda olur. Mətn çox maraqlı sonluqla bitir:
Ey qadın düşkünü, pəltək,
Haydı məni vur necə gəldi.
Sənəmi göz vuracaq şam?
“Balzak həsəd aparar” şeirindəki üslub da maraqlıdı. Adama elə gəlir ki, Balzak, gecə, “teleqüllə məftilinin səadət vəd etməsi” xatırlanırsa, növbəti misralarda dünyəvi həzlərdən danışılacaq. Amma şair şeirin təmizliyinə toxunmur, “onun ilhamı vəcdə gələndə xam xəyalları bir yana qovur”, “al üfüqlərə çağırır” və:
Orada yer yoxdur nəşə umana,
Oradır həqiqət, düzlük vətəni.
Bütün bunlarla yanaşı, şair bədbin deyil, bilir ki, bir gün imperiyanın günəşi sönəcək. Amma bir şeirində qeyd etdiyi kimi, o bu günləri görə bilmir:
Yağılar kütləsi kəsir nəfəsi,
Yenə də tükənmir bu qənaətim:
Vəhşilik dövranı ötüb köçəsi.
Hayıf ki, gödəkdir ömür nəşəsi,
Qısadır həyatın acı nəşəsi.
Atadan yenə oğula
Stus təkcə gözəl şeirlər müəllifi deyil, o həm də dünya ədəbiyyatının incilərini - Höteni, Kiplinqi və Rilkeni ukrayna dilinə çevrib. Amma Vasil Stusdan yadigar qalan təkcə mətnlər deyil, onun canlı yadigarı da var: Dimitro. Atasına həsr etdiyim yazını oğlunun “GUAM ölkələri ədəbiyyatından seçmələr” antologiyasına yazdığı məqalədən gətirdiyim sitatla bitirmək istəyirəm: “Bu gün azərbaycanlı oxucu Ukrayna ədəbiyyatı materiki barədə az şey bilir desək, yəqin ki, mübaliğəyə yol vermərik. Təəssüf ki, söhbət Azərbaycan ədəbiyyatından gedəndə eyni şey ukraynalı oxucu üçün də keçərlidir. Bu da məntiqəuyğundu: Sovet İmperiyasının SSRİ-də yaşayan xalqlar və onların mədəniyyəti barədə dozalaşdırılmış məlumatları imperiya dağılandan sonra heçə çıxdı və indi bizim hamımız Moskvadan asılı olmayaraq, birbaşa yeni əlaqələr qurmalı oluruq. Münasibətləri düzgün qursaq, qarşıda yeni magistral açılacaq, yanılsaq, o zaman salınan çığırda cəngəllik yarana bilər… Amma… hər şey bizdən, bizim işimizdən, qarşılıqlı hörmətimizdən, bizim ürəklərimizdən asılıdır”.
RƏBİQƏ
« Azərbaycan haqqında “Absurdistan” filminin premyerası olacaq | Əsas səhifə | Bakıda bard musiqi festivalı davam edir »




Bölmə: 








