«Absurdistan» Azərbaycanda
Artıq iki ilə yaxındır ki, alman rejissoru Fayt Helmerin Azərbaycanın bir neçə bölgəsində lentə aldığı «Absurdistan» filmindən xəbər-ətər yox idi. Xatırladım ki, bu film rejisorun ölkəmizdəki birinci işi deyildi. İndiyə qədər 11-12 dəfə vətənimizdə olan rejissor burada artıq «Xəzər gəlini» adlı qısametrajlı bir flm çəkib. Bu onun ölkəmizdəki ikinci işidir və bu film layihəsinə 16-dan çox ölkənin kino adamları cəlb olunmuşdu. Filmdə yerli aktyorlarımızın da xidmətlərindən yararlanan rejissor filmi bitirəndən sonra Almaniyaya dönmüşdü.Və budur, o Azərbaycana nəinki artıq hazır olan, hətta dünya və Avropa premyerası keçirilmiş («Sundans» Kino Festivalı və Moskva Beynəlxalq Kino Festivalı) «Absurdistan» filmi ilə gəlib.
İyulun 10-da «Azəbaycan» kinoteatrında mətbuat nümayəndələrinə təqdim olunan film, iyulun 11-də (maraqlıdır, məqaləni yazanda bu tarixin filmdəki vacib günlə üst-üstə düşdüyünün fərqinə vardım) Opera və Balet teatrında geniş tamaşaçı kütləsinə təqdim olunacaq.
Bir az rejissor haqda
Fayt Helmer Almaniyada, Berlində yaşayıb yaradır. Onun azərbaycanlı kino həvəskarlarının da yaxşı tanıdığı «Tuvalu» filmi 60 beynəlxalq kino festivalında 32 mükafat qazanıb. Həmçinin Fayt «Səmalara açılan darvaza» filminin quruluşçusu, Vim Vendersin məşhur «İşığın oyunu» filminin isə ssenari həmmüəllifidir. Yuxarıda qeyd etdiyimiz kimi, o Azərbaycanda «Xəzər gəlini» adlı qısametrajlı film çəkib.
Və bunu da qeyd edək ki, Fayt Helmeri Azərbaycana təkcə yaradıcılıq məsələləri deyil, həm də buradakı dostları bağlayır. Ölkəmizdə olduğu müddətdə Fayt Helmer yerli kino adamlarının, mətbuat nümayəndələrinin demək olar ki, əksəriyyətini tanıyıb və onlarla sıx ünsiyyət qurub.
Bir az film haqda
«Absurdistan» filminin qəribə bir yaranma tarixçəsi var. Rejissor yeddi il bundan əvvəl qəzetlərin birində belə bir məlumat oxuyur. Türk kəndlərinin birində su problemi həll olunmur. Bundan əziyyət çəkən qadınlar kəndin kişilərinə belə bir tələb irəli sürür ki, onlar kəndə su çəkməyincə kişiləri yataqlarına buraxmayacaqlar. Bu məlumatı oxuyan rejissor elə həmin dəqiqə bilir ki, mütləq bu barədə bir film çəkəcək. Bunu qərarlaşdırdırqdan sonra Fayt Helmer Türkiyəyə yola düşür. Həmin kəndə gedir. Amma o, filmin süjetini burada tapa bilmir. Belə ki həmin hadisə barədə ona konkret məlumat verən, ətraflı nağıl eləyən olmur. Kəndin kişiləri bunun qadınların uydurması olduğunu bildirir, gənc qadınlar bunu yaşlı qadınların elədiyini, yaşlı qadınlar isə cavan xanımların elədiyini deyir. Bundan başqa həmin kəndin mənzərəsi də rejissorun təsəvvür elədiyi nağılvari süjet üçün uyğun gəlmir.
Fayt Helmer bu filmi çəkmək üçün məkan axtarışına uzun vaxt sərf edir. Bu vaxt ərzində o 20-dən çox ölkə gəzir. Nəhayət 2006-cı ildə o Lahıcda olanda özünün nağıl dünyasını tapır. Və «Absurdistan»ı məhz burada çəkməyi qərara alır. Filmi çəkərkən o, yerli kino adamlarının, kino rəsamlarının, aktyorların xidmətlərindən istifadə edib. Həmçinin filmdə bir neçə Azərbaycan xalq mahnısı səslənib.
Su yoxdu – seks yoxdu!
Asiya və Avropa arasında olan bir yerdə sehrli «Absurdistan» kəndi yerləşir. Bu kənddə qadınların hələ ki, ən böyük problemi barmaqlarını tərpətmək istəməyən, səhər tezdən çayxanaya qaçan, təkcə gecə qadınların yatağına soxulmaqda mahir olan tənbəl kişilərdir. Amma bundan əlavə kənddə su problemi də var. İllər öncə çəkilmiş boru paslanıb və kəndə çatan yeganə su şırnağı get-gedə nazilir.
Filmin baş qəhrəmanları Aya və Temelko bir-birini lap bələkdən tanıyır. Onlar birlikdə böyüyüb və bu gənclərin bir-birini sevməsinə, qovuşacağına kənddə kimsə şübhə etmir. Amma bədbəxtlikdən ulduz falını yaxşı bilən nənə onların ilk gecəsinin yalnız 4 ildən sonra- iyulun 11-də gələcəyni deyir. Bu illər ərzində kəndə gələn su şırnağı lap nazilir. İndi kənddə suyu ancaq içmək üçün istifadə edirlər. Kənd və adamlar isə kirə batıb. İşləri qəlizləşdirən məsələlərdən biri də budur ki, Aya ilə Temelko ilk gecələrində həzz və çəkisizlik hiss etmək üçün əvvəlcə bir yerdə çimməlidirlər. Su isə yoxdur
Temelko çimmək üçün bir az su tapır. Amma Aya onun bu eqoist davranışını hiddətlə qarşılayır və bütün kəndə su çəkməyini tələb edir. Bir azdan kəndin bütün qadınları «Su yoxdu – seks yoxdu!» şüarı ilə bu tələbə qoşulur. Tənbəl kişilərə başlarını qaşımaqdan başqa bir şey qalmır. Tezliklə bu münaqişə cinslərarası müharibəyə çevrilir və tikanlı məftil kəndi iki yerə – kişilər və qadınlar olan hissəyə bölür.
Fərhad və Şirinin müasir versiyası
Lakin bu tələb tamam başqa təsirlər göstərir. Tənbəl kişilər su borusunu təmir etmək əvəzinə qadınları yataqlarına çəkmək və ya heç olmasa, qadın problemini birtəhər həll etmək üçün min cür fırıldağa əl atır. Qadın paltarına bürünüb, qadınlar olan hissəyə keçən kim, çıxış yolunu telefonla seksdə görən kim, qadın tapmaq üçün şəhərə qaçmaq istəyən kim…yalnız gənc Temelko kəndə su çəkmək və sevgilisinə qovuşmaq haqda düşünür. Və buna görə borunun keçdiyi mağaraya gedir. Amma ora çox təhlükəlidir. Borunu birinci dəfə çəkəndə orada çoxlu kişi həlak olub. Elə buna görə də indi kəndin kişiləri mağaraya getmək istəmir.
Amma gənc Temelko qorxmur. O, Aya üçün bu fədakarlığa hazırdır. Bir növ Şirinin sarayının yanına süd arxı çəkən, sonra da ona qovuşmaq üçün Bisutun dağını çapan Fərhad kimi.
Alman rejissoru daha optimistdir. Onun versiyasında «Fərhad» mağaranı da yarır, suyu da çəkir, «Şirin»ə də qovuşur.
Min söz danışmaqdansa, filmi bir dəfə görsəniz yaxşıdır.
Günel Mövlud




Bölmə: 








