Qaynar xəbər portalı

Kitab dünyası


Fayt Helmer“Absurdistan” filminin rejissoru Fayt Helmerin “Kultaz”a müsahibəsi

- Fayt, sizin Azərbaycanda film çəkmək ideyanız Almaniyada necə qarşılandı?
- Maraqlıdır, mən bu fikrimi orada deyən kimi, məni qorxutdular. Bilmirəm, orada belə bir rəy hardandır, amma Almaniyada mənə dedilər ki, bura az qala vəhşi bir yerdir. Dedilər ki, məni burada öldürə bilərlər, soya bilərlər. Amma bura gələndən sonra gördüm ki, Azərbaycan başqa ölkələrdən o qədər də fərqlənmir. Yəni kriminal durumuna görə…

- Filmdəki kəndin konkret bir ölkəyə aid olunmaması nədən irəli gəlir? Buradakı hadisələrin hansısa ölkənin mentalitetinə uyğun gəlməyəcəyi və o ölkədə filmə qadağa qoyula biləcəyi ehtimalına görəmi?
- Yox. Bilirsiniz, mən kəndi əvvəlcə məhz bu hadisənin baş verdiyi kəndin adı ilə adlandırmaq istəyirdim. Sonra həm məkan, həm də süjeti çox dəyişməli oldum. Göründüyü kimi filmdəki hadisələr reallıqla nağılın sərhəddindədir. Bu hansısa ölkədə olan konkret bir məkan deyil. Absurdistan mənim beynimdəki kənddir, mənim fantaziyamdır. O yalnız mənim xəyalımda mövcuddur.
- Niyə məhz Azərbaycanda çəkdiniz bu filmi?
- Lahıcı görəndə başa düşdüm ki, bu kənd mənim gördüyüm ən sehrli yerdir. Fimdəki hadisələr də bir növ nağılvari idi. Mən Lahıcla yanaşı Şəkinin, Qubanın kirəmit damlarına, daş küçələrinə vuruldum. Və gördüm ki, film üçün buralardan daha uğurlu yer tapa bilməyəcəm.
- Bizim aktyorlarla işləməyin özəlliyi nədir?
- Sizin aktyorlarınız çox təvazökardılar. Mən çox şadam ki, aktyorların bu üzünü də gördüm. Onlarla ancaq dil barəsində problemimiz oldu. Hamısına məsləhət gördüm ki, başqa dilləri də bir az öyrənsinlər. Elə özüm də azərbaycanca bir az öyrənməyə cəhd eləyirəm.
- Filmdə bir neçə xalq mahnısı səslənib. Və maraqlıdır ki, filmdəki kadrlarla çox səsləşiblər. Xüsusilə «Küçələrə su səpmişəm..» mahnısı lap yerinə düşüb. Dili bilmədiyiniz halda buna necə nail oldunuz?
- Mən Rəşid Behbudov sənətinin pərəstişkarıyam. Onun qızı Rəşidə xanımla tanışam. O mənə təklif elədi ki, onun ifasında səslənən bir neçə mahnını filmdə istifadə eləyim. Məsləhətçim o oldu və buna görə Rəşidə xanıma minnətdaram.
- Azərbaycana əvvəlki kimi intensiv səfərlərinizi davam etdirəcəksinizmi?
- (ah çəkərək) Bu axmaq viza prosedurları olmasa, mən Azərbaycana lap tez-tez gələrəm. Bura mənim çox xoşuma gəlir və gələcəkdə də məmnuniyətlə burada layihələr realaşdıra bilərəm.
- Sonda sizə belə bir sual vermək istəyirəm. Sizcə bu film qadınlara ötürülmüş mesaj deyil ki? Axı onlar sizin filminizdən ilhamlanaraq, kişilərin qarşısına təkcə su deyil, bir çox tələblər qoya və sekslə şantaj edə bilərlər…
- (bərkdən gülür) Oooo! Heç ağlıma da gəlməzdi ki, belə bir şey ola bilər. Bütün qadınlara üzümü tuturam: Mən bu filmi həmcinslərimlə düşmən olmaq üçün çəkməmişəm. Xahiş edirəm, qadınlar, bunu eləməyin!

Günel Mövlud






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (1 səs, təxmini: 3 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: