Qaynar xəbər portalı

Kitab dünyası


Fərhad Mete. Şeirlər


Bölmə Bölmə: Ədəbiyyat | Göndər Göndər | Çap et Çap et | 292 oxunma

Fərhad MeteBakı Slavyan Universitetinin Yaradıcılıq Fakultəsi

Həyat

Bütün acı xəbərlər gecə saatlarında gəlir,
məsələn, bir körpənin doğuluşu xəbəri.
Və nöqtə  qoyur kişiylə qadının ayrılmaq istəyinə-
həm də əgər bu, oğlan uşağıysa.
Bütün acı xəbərlər gecə saatlarında gəlir.
Məsələn, «oğlunuz savaşa gedir» xəbəri.
Və nöqtə  qoyur kişiylə qadının ayrılmaq istəyinə-
həm də əgər geri gönəcəyi bəlli deyilsə.

Bütün acı xəbərlər gecə saatlarında gəlir,
Məsələn, «oğlunuz əsir düşüb» xəbəri kimi
Və nöqtə  qoyur kişi ilə qadının ayrılmaq istəyinə
Həm də əgər xilasına ümid qalmışsa

Bütün acı xəbərlər gecə saatlarında gəlir
Məsələn «oğlunuz güllələnib əsirlikdən qaçarkən»
xəbəri kimi
Və nöqtə qoyur kişi ilə qadının ayrılmaq istəyinə.

Ailə

Bir sabah ayılıb görsən ki, hər şey dəyişib,
yəni gördüyün kimi deyil nə varsa-
yəni göy üzünün yerində günəşdi.
Sonra yadına düşsə ki, yuxuda qadın görmüşdün-
uşaq yerinə iri buğda dənəsi doğan çılpaq qadın.
Qorxma, sığal çək sevgilinin saçlarına
və pıçıltı ilə «səni sevirəm» de,
o da mütləq «mən də sevirəm» deyəcək.

O sabah ayılıb görsən ki, hər şey dəyişib
yəni gördüyün kimi deyil nə varsa,
bom-boz evlərin önündəki dəniz deyil, zəmidir-
həm də içinə girib aza biləcəyin qədər sonsuz zəmi.
Sonra yadına düşsə ki, yuxundakı o qadın
qorxudan atıb getmişdi ağlayan buğda dənəsini.
Qorxma, baş əyib sevgilinin önündə diz çök
və pıçıltıyla «mənə ümid ver» de.
O da mütləq «mənəm ümüdin» deyəcək.

O sabah ayılıb görsən ki, hər şey dəyişib
Yəni gördüyün kimi deyil nə varsa,
yəni birləşir günəşlə o sonsuz  zəmi
birləşdikcə də boğulursan, nəfəsin kəsilir.
Yadına düşəcək ki, yuxuda ağlayan buğda dənəsini
qucağına alıb qaçmışdın arxana baxmadan.
Qorxma, qaldır otağın küncündəki boş beşiyin örtüyünü
və soruş sevgilindən «içində bir şey tərpəndimi?» deyə
O da mütləq «tərpəndi» deyəcək.
Mütləq deyəcək.

Hələ vaxt var…

Alatoran…hamı susur…
On yeddi nəfər qalmışıq.

Az sonra- siqnal fişəngindən sonra
ikinci həmlə olacaq qarşıdakı səngərə.
Hələ vaxt var ölənləri saymağa,
sonra bir siqaret yandırıb səni xatırlamağa…

Yadıma düşür, meydan izdihamının içində
düyünləyib hirsimi-hikkəmi,
ən çox da sənə olan sevgimi
yumruq şəklində qaldırmışdım göylərə.
Və o şairin nitqindən sonra
«azadlıq» sözünü üç hecaya bölüb
bagırmışdım bagıra bildikcə-
nə boyunduruqdan, nə də köləlikdən,
səndən azad olmaq üçün.

Hələ vaxt var…

Axşamları çörək növbələrində
baxışları yerə dikilmiş,
bir-birindən utanan insanların içində
səni axtarmışdım.
Sonra satıcı xanımın sanki qəsdən
«Bəlkə bu axşam çörək olmadı» sözündən sonra
izdihamdakı «Azadlıq!» bağırtımı xatırlamışdım
və küsmüşdüm sənə olan ehtiyacımdan.

Üstü yaşıl örtüklü şəhid tabutu önündə
cənazə namazı qılarkən
səni istəmişdim ayaqda və səcdədə.

Və bir gün qapınıza gəlib…

Bu da siqnal fişəngi,
vaxt bitdi…
Yadda saxlayın - on yeddi nəfər qalmışdıq.
İkinci həmlədən sonra
yenidən sayarsınız ölənləri
və bir siqaret yandırıb xatırlayarsınız -
mən olmasam

Yoxluğun…

Sadəcə gedişin deyil yoxluğun…
Baxıram pəncərədən sanki hər şey yerində -
sabahlar məktəbə gedən uşaqlar,
göy üzünə bulud kimi dağılan quşlar,
azad, qayğısız uçuşlar.
Və televizyondakı savaş xəbərləri
Fələstin, İraq, Somali-
Bombalanmış şəhərlər,
Küçələrdə sürünən yaralılar
Ölmüş qızına ağlaya bilməyən ata
Yarıçuq divarın kölgəsində gizlənən ölüm,
O biri üzündə nəfəsini dərən fotorepartyor,
Dodağında qorxulu gülüş
Yox…sadəcə gedişin deyil yoxluğun

Bir azdan
Ölüm dəyişəcək yerini
Keçəcək divarın o biri üzünə
Fotorepartyorun gülüşü donacaq dodağında
Çəkdiyi şəkillər kimi
Ata qızını pencəyinə büküb aparacaq
Sonra yaralıları güllələyəcəklər
Dağılmış şəhərə qaranlıq çökəcək
Sabaha qədər bir sükut yaranacaq
Və şəhər nəfəsini dərəcək ki,
Sabah hər şey yenidən başlasın
Elə yoxluğunda…






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (1 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Bazar ertesi, İyul 14th, 2008 tarixində 12:08 radələrində Ədəbiyyat bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

13 şərh var


  1. Çılğın adlı istifadəçi, İyul 14, 2008 tarixində, saat 13:22 yazıb:

    Fərhad qardaşımızın maraqlı fikirləri var, bir az ifadə tərzində cilalanmamaq hiss etdim. Elə bil, misraları bir az yonmaq lazımdı, təbii ki, bu istiqamətdə nə edilməlidirsə, o özü etmək şərtilə. Yəqin ki, zamanla özü olacaq. Fərhad, mən sizə uğurlar arzulayıram!


  2. Ryabina adlı istifadəçi, İyul 14, 2008 tarixində, saat 15:27 yazıb:

    Seva, gözəldi…Mən o “Ailə” şeirini də çox bəyənmişdim qəzetdə…
    Ay Allah. uşaqlara göz dəyməsin barı…
    Uğurlar, bir daha uğurlar…


  3. Raset Pirisoyu adlı istifadəçi, İyul 14, 2008 tarixində, saat 17:34 yazıb:

    Mən bilmirəm, istedadların nazı ilə oynamaq limitini hələ gündəldikdə saxlamaq lazımdır, yoxsa yox?
    Atılan daşları yığmaq vaxtıdırmı, bilmirəm.
    Amma mənə elə gəlir ki, artıq ortada bir istedad tünlüyü yaranmağa başlayıb.
    Bu uzun müddət davam edə bilməz.
    Bu tünlükdə yeni keyfiyyət dəyişilikliyi baş verməlidir.
    Elə bilirəm, istedadın qarşısında yeni tələblərin qoyulması vaxtı çatıb, təbii ki, onun uğurlarına kölgə salmadan…

    Deyirəm, BİSMİLLAHI (Hadi Qaraçayın qulağından iraq) bəlkə Fərhad Metedən başlayaq.

    Əzizim Fərhad, bu şerlərin hamısı heç şübəhəsiz maraqlı şeirlərdir. Yanaşma, şair içərisinin zənginliyi, sözlə ünsiyyət qurmaq bacarığı, xüsusən obrazı axıra qədər görmək səriştəsi … bunların hamısı bu şeirlərdə var.

    Amma bu şeirlər Sizin olduğu qədər həm də Sizin şeirlər deyil. Bilmirəm bununla razılaşacaqaqsınız, yoxsa yox?

    Mən həmişə «kollektiv şeir yazımığın» əleyhinə olmuşam.

    Bizdə tez - tez şair tənhalığından söhbət salırlar.
    Amma çox az adam başa düşür ki, şair tənhalığı nədir?

    Şair tənhalığı allahla, daha nə bilim, nəylə bağlı məsələ deyil.
    Şair tənhalığı şairin müntəzəm olaraq, sistemli şəkildə, heç şübəhəsiz özünü dinləyə - dinləyə, ətrafını yox, məhz özünü dinləyə - dindəyə özünü, sözünü nəzərdən keçirməsidir.

    Özünün özü ilə üz - üzə durmasıdır.

    Bu yoxdursa, ortada uğurlu yazı varsa, deməli, ortada hələ şair yoxdur, olsa olsa istedad var.

    Şair özünü hər gün hamıdan ayırıb özünə sarı aparmalıdır. Bu isə hay - küyün içərisində, yaradıcılıq emalatxanalarında, kollektiv müzakirələrdə sadəcə baş tutası məsələ deyil.

    Əzizim Fərhad, elə bilirəm bütün bunlardan sonra, desəm ki, mən bu təqdimatda Sizin gözəl şerlərinizi oxudum, amma bu gözəl şeirləri mən təkcə Sizdə yox, həm də başqalarında da oxumuşam, yəqin məndən iciməzsiniz.

    Mən şeirlərinizdə ancaq Sizi görmək istəyirəm.

    Amma onu da deyim ki, mən Sizin şeirlərinizdə həm də Sizi görürəm, amma Siz hələ o qədər adamın içərisində dayanmısiniz ki, hərdən dəqiqləşdirə bilmirəm, bu Sizsiniz yoxsa yox?

    P.S. Elə bilirəm, şeirlərinizdəki imkanları nəzərə alıb bütün bunları Sizə demək olar.
    Bəlkə heç demək olmaz.
    Bəzən belə də olur.


  4. ALIŞQAN adlı istifadəçi, İyul 14, 2008 tarixində, saat 18:59 yazıb:

    Çılğın adlı istifadəçi yazib: “Fərhad qardaşımızın maraqlı fikirləri var, bir az ifadə tərzində cilalanmamaq hiss etdim.”…Görürsünüz, esl cilalanmiş ifade bele olar e: “… BIR AZ IFADE TERZINDE CILALANMAMAQ HISS ETDIM”.(Edebiyyatşünasliq tarixine böyük herflerle düşecek bu ifadeni beri başdan iri şriftle ferqlendirmek menim borcum idi)


  5. Qəşəm Nəcəfzadə adlı istifadəçi, İyul 14, 2008 tarixində, saat 19:32 yazıb:

    Ferhad salam, Senin de Ilhamin da burada derc olunan seirlerinizi Pervane de dinlemisem. Orada sevindiyim kimi, burda da sevindim. Maraqlidi orjinaldi, size uqurlar…


  6. hadi qaraçay adlı istifadəçi, İyul 14, 2008 tarixində, saat 20:43 yazıb:

    Fərhad bəyin ən azı kultazda şərh yazanların yazısından ,ədəbi ictimaiyətimizdə tanış ad olduğu bilinir.mənsə birinci yoldur Fərhad bəyin şeirlərini oxuyuram.bu da mənim öz suçumdur.nəysə oxuduğum şeirlər,Fərhadın bacarığını,şeirin nə olub nə olmadığını ən azından özünə kəsinləşdirmiş biri olduğunu aydınca göstərir.bunlara baxmayaraq
    çılğının :
    “Elə bil, misraları bir az yonmaq lazımdı,”sözü ilə razılaşmaq da olar.örnək üçün belə bir misranı oxuduqdan sonra:
    (məsələn, bir körpənin doğuluşu xəbəri.)
    eləcə də ondan aşağıdakı misrada:
    (həm də əgər bu, oğlan uşağıysa.)”həmdə əgər bu”ilə şərtləndirdikdən sonra ardınca(oğlan uşağıy”sa”)sa şərtləndiricisini gətirmək,şairin öz yazdıqlarını yetərincə edit etməməsini göstərir.belə yanlışlar qabaqkı ədəbi quşağın yaradıcılığında az deyil,ancaq çağdaş ədəbi quşaqğmızın yaradıcılığında bunları görməmək istayi doğaldır.
    butun bu yazdıqlarımla birlikdə içimdə bir duyuğu özümü döyür.bu sözləri Fərhadın şeirlərinə görə yazmağa yetgim varmı deyə özümdən soruşuram.”ən azından,bir oxucu yetgisi səndə var”deyə özümü dilə tuturam.Fərhad bəy bu cəsarətimi mənə bağışlayacaqdır umuram.

    P.S
    Rasət Pirisoya deyin işində olsun.Hadi Qaraçay iranda böyüyüb,qulağı bu BİSMİLLAHlarla doludur.


  7. Elnaz Eyvazlı adlı istifadəçi, İyul 15, 2008 tarixində, saat 11:53 yazıb:

    Fərhad, qardaşım, sizin uğurunuza daha çox sevinən mənəm. Axı siz mənim qrup yoldaşlarımsınız… Sizə yalnız uğurlar diləmək və sevinmək düşər mənə.Şeirlərə gəldikdə isə sənin bu şeirlərinin ilk oxucularından biri, bəlkə dəbirincisi mənəm desəm, yanılmaram. Fikirlərimi də bilirsən. Sənin şeirlərin həmişə mənmi xoşuma gəlir.


  8. Qurban adlı istifadəçi, İyul 15, 2008 tarixində, saat 13:55 yazıb:

    “Əzizim Fərhad, bu şerlərin hamısı heç şübəhəsiz maraqlı şeirlərdir. Yanaşma, şair içərisinin zənginliyi, sözlə ünsiyyət qurmaq bacarığı, xüsusən obrazı axıra qədər görmək səriştəsi … bunların hamısı bu şeirlərdə var.

    Amma bu şeirlər Sizin olduğu qədər həm də Sizin şeirlər deyil. Bilmirəm bununla razılaşacaqaqsınız, yoxsa yox?”
    Hörmətli Rasət Pirisoyun bu fikirləri hədsiz xoşuma gəldi və hesab edirəm ki,bu, təkcə Fərhad üçün yox, bizim əksər cavan şairlərimizin yaradıcılığına qoyulmuş dəqiq diaqnozdur!


  9. Rebiqe adlı istifadəçi, İyul 16, 2008 tarixində, saat 10:18 yazıb:

    “Hələ var, hələ vaxta var”…


  10. sabutay adlı istifadəçi, İyul 16, 2008 tarixində, saat 20:19 yazıb:

    Fərhada əsl METE uğurları…


  11. ...duygu... adlı istifadəçi, İyul 17, 2008 tarixində, saat 14:52 yazıb:

    menim kimi belke seni duyan olmaz, serlerin de ozun kimi ferqlidir!


  12. qasım adlı istifadəçi, İyul 25, 2008 tarixində, saat 15:23 yazıb:

    Şerlər çox maraqlıdırıar. “Ailə” və “Hələ vaxt var…” şerləri çox xoşuma gəldi. Oxuyarkən bir az həyəcan, bir az gərginlik, bir az da təəssüf hissləri keçirdim.
    Senə uğurlar.


  13. Əsəd Cahangir adlı istifadəçi, Avqust 3, 2008 tarixində, saat 05:31 yazıb:

    Fərhad, salam!

    Feyziyyəyə aid sözlərimi sənə də aid edə bilərəm. Odur ki, təkrar etmirəm. Şübhəsiz ki, sənin daha mürəkkəb üsluba malik olmağını qeyd etmək şərtilə. Bir də romantizmdən tez çıxsan yaxşıdır. Mən romantizmin əleyhiə deyiləm. Amma, məncə, müasir poeziyada romantika bir az xəsisliklə verilməli, bir də reallığın özündən təbii olaraq döğulmalıdır. Kobud dillə desək, şair romantizmə münasibətdə mamaça yox, ana olmalı, onu doğuzdurmamalı, doğmalıdır.
    Təsir məsələsində Rasətlə mən də razıyam. Amma, məncə, bu sənin yaşın üçün bəlkə də təbiidir. Hər halda bu haqda indidən düşünsən, yaxşıdır.
    Nə qədər mümkünsə, bir o qədər tez özünə doğru!
    Bu yolda sənə uğurlar!

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: