Ayaz. N. prospektindəki 4321-ci Xala
Yazar: Admin | Bölmə: Proza | Tarix: 16 Temmuz, 2008Onlar bəlkə bütün dünyanı sevə bilərdilər, ancaq onları heç kim başa düşmədi və onlar hamıya nifrət etməyi öyrəndilər
Divar yazısı
Sənin üzündə insan əzabının son həddini görürəm
“Nəsimi” filmindən
Gecə hamilədir. Hər kəs yataraq səhərin doğmasını gözləyir. Dünən olduğu kimi bu gün də onlar xoruzdan qabaq oyanıblar. Bəlkə də, heç yatmayıblar.
Mən onu və onun kimilərini lap uşaqlıqdan tanıyıram. Bəlkə də, özümü tanıyandan. Bizim ev prospektin yanında olduğundan onları tez-tez görürəm. Onlar bu prospektin sakinləridirlər. Burada yeyirlər, burada içirlər…
Uşaqlıqda onu və onun kimilərini başa düşməzdim. Hətta onladan qorxurdum, əxlaqsız, oğru, dilənçi, fahişə kimi baxırdım onlara. Biz onlara BOMJ deyirik.
Ancaq o xala ilə baş verən hadisə və mənim o hadisədən sonra o xalanı və onun kimilərini daha tez-tez müşahidə etməyim, mənim ona və onlara olan münasibətimi dəyişdirdi.
Bu xala çox kök, enli baş, enli sifət, toppuş əlli və toppuş bədənlidir. Asta-asta yeriyir, hər addımını atanda elə bilirsən ki, indi aşacaq. Əlində həmişə qara torba olur. Yay-qış olmasına baxmayaraq, həmişə əynində nazik gödəkcə olur. Gödəkçənin altında isə əsasən qara rəngdə paltarlar olur. Saçı qıvrım olduğundan həmişə dağınıq olur. Paltarlarının köhnə və cındır olmasına baxmayaraq, təmizliyinə fikir verəndir. Özü ilə həmişə su gəzdirir. Əsasən də bazarın “bulağına” tez-tez gəlir.
Bu hadisə baş verəndə mən uşaq idim. Bazardakı başqa uşaqlar kimi ya yük daşıyıb, su satıb pul qazanırdım, ya da oğurluq edirdim.
Günlərin bir günü, həmişə sakit, təmkinli gördüyüm bu xala qışqıra-qışqıra bazara girdi. O qışqırmırdı, sanki aslan kimi nərildəyirdi. Bazardakılar ona baxırdı, əxlaqsız bildiyim bu xalanın dalınca iki nəfər düşmüşdü, onlar içkiliydilər və deyəsən onu harasa aparmaq fikrindəydilər. İki nəfər bu yaşlı xaladan yapışıb onu sürümək istəyirdilər, amma ona güc gələ bilmirdilər. Hamı durub onlara baxırdı. Heç kəs yaxınlaşmırdı. Xala əlindəki qara torbanı göydə fırladaraq həmin iki nəfərə ilişdiridi. Onlar çox içkili olduqlarından özlərini saxlaya bilmədilər və sərildilər yerə. Hamı davaya baxıb gülürdü, amma yaxınlaşan olmadı. Hamı nəticəni gözləyirdi, nəticə isə həmişə olduğu kimi polisin gəlməsi ilə yekunlaşdı.
Sonradan xalanı və xalakimilərini mən daha çox müşahidə etməyə başladım və gördüm ki, onlar tamam fərqli insanlardır. Onlar dilənmirlər. Onlar gündəlik xərclərini yollardan tapdıqları butulkaları harasa “zdavat” verməklə yaşayırlar.
Mən xalanı hər səhər əlində hansısa qəzet olduğunu görürəm. O, oxuyur, oxumağına davam edir. Onu hər gün yolda, parkda özü kimilərnən dayanıb mübahisə edən görürəm- siyasətdən, bahalaşmadan, insanlardan və s.
Bizim şəhərdə çoxlu məşhur bomjlar olub. Məsələn, Məstəli və Vitya. Məstəli deyilənə görə çox oxumaqdan dəli olub bu vəziyyətə düşmüşdü. Axırda harasa itdi. Vityanın isə həmişə bir sözü qulağımdadır: “Qospodi, day mne meç”. Həmişə də mənə maraqlı olub ki, görəsən o, bu qılıncı neynəyirdi? Elə Allahdan qılınc istəyə-istəyə də öldü.
Onları öyrənməyim mənə bir şeyi başa saldı ki, bütün fəlsəfələrin öldüyü yer bomjluqdur.





Yüklənir...
Yeri var!