Qaynar xəbər portalı

Kitab dünyası


Şair Vaqif Bayatlı Odərlə müsahibə

Vaqif Bayatlı Odər- Yeni kitabınızla sözü Yerin köləliyindən azad etdiyinizi bildirirsiniz. Bu hansı köləlik və azadlıqdır belə?
- Mən sözləri kitabdan çıxartdım, onları kitabdan və Yer üzündən xilas elədim. Sözlər bu dünyanın bəzi həqiqətlərinə əsir düşmüşdü, onları Yerin mənasız həqiqətlərindən ilk dəfə mən xilas etdim. Yenicə işıq üzü görən “Yupyumru bir eşq ilə” kitabımın ilk səhifəsində mən boş yer qoymuşam və yazmışam ki, əslində bu yer boş deyil. Gündüz görünməyən ulduzlarla dolu göy üzü kimidir, Allahın qəlbindəki, hələ bizə gəlib çatmamış ilahi sözün, ilahi şeirin varlığına kiçik bir işarədir. O sözün, şeirin varlığını duymadan səhifəni keçirtsək, heç çevirməmiş olacağıq. Bu həqiqətlərə göz yuman oxucu mənim kitabımı adi kitab kimi oxuyacaq, əslində bu, adi kitab deyil. Bu kitabda oxucu Göy üzünü görəcək, ona görə də ardınca yazıram ki, xoş gəlmisiniz, lütfən ayaqyalın keçin, Göy üzündə üzü tanrıya doğru ayaqyalın yüyürün…
- Doğrudanmı, Yer üzündə şairin deyə bilmədiyi heç nə yoxdur və elə şeylər var ki, onu yalnız şeirlə demək olar?
- Şair ürəyinə gələnlərin hamısını demək fikrinə çata bilməz, çünki insan ürəyi və ilahi təmas o qədər güclüdür ki, ona insanın ürəyindəki sözün qüdrəti çata bilməz. Sənin ürəyindəkiləri deməyə yalnız ilahinin qüdrəti çata bilər, çünki yalnız o bilir ki, sən nə boyda və hara qədər düşünürsən.
- Onda şair kimdir, ilahi həqiqətləri adi insanlara çatdıran sadəcə mirzəmi?
- Şairlər yoxdur, ayrı-ayrı şair, ayrı- ayrı insanlar var və mənim fikrimcə, heç nəyi cəmləşdirmək doğru deyil, ümumiləşdirəndə artıq itirirsən… İlahi hər insanı ayrıca yaradıb. Hər varlıq ilahinin gözəl əsəridir, şeiridir, nəsridir… Yeni kitabımda qoyduğum boş yerlər bizim hələ eşitmədiyimiz ilahi söz və ilahi şeirə işarədir. Onlar digər böyük həqiqətlər və müqəddəs kitablar kimi bizə göndəriləcək. Mən bu yazıların varlığını duyuram, həm də bundan sonra ilahidən bizə göndərilənlərə və ilahi duyğulara bir hörmət hissi ilə boş yer qoyuram…
- Müasirlərinizdən razısınızmı, onlar Sizi anlaya, duya bilirlərmi?
- Şeirlərim bir az mürəkkəbdir, ona görə də məni hamı gözəl anlayır desəm, bir az yalan olar. Məsələn, 70-ci illərdə akademiklər, elmlər doktoru , namizədlər yazırdılar ki, Vaqif Cəbrayılzadənin şeirləri anlaşılmır, amma elə həmin vaxt şeirlərim balaca uşaqların xoşuna gəlirdi. Onlar ya doğrudan məni başa düşmürdülər, ya da cığallıq edirdilər. Bilirəm ki, insanlar anlamasalar belə, duyurlar, çünki insanlara ilahi duymaq qabiliyyəti verilib. Siz təsəvvürünüzə gətirə bilməzsiniz ki, yeni kitabımı ilk anda ağla gələnlər yox, daha çox polislər, zabitlər istəyiblər, mən də məmnuniyyətlə onlara paylamışam. Yeri gəlmişkən, onu da deyim ki, mən yeni kitabımı təmənnasız paylayıram. Ürəyi istəyən hər kəs onu Tərcümə Mərkəzindən götürə bilər.
- Müasirlərinin İsa peyğəmbərlə müqayisə etdiyi Vaqif Bayatlı Odərin İslam dininə münasibəti necədir?
- Mənim bütün dinlərə münasibətim gözəldir. Yeri gəlmişkən, müqəddəs kitabımız olan “Qurani-Kərim”in ilk dəfə Azərbaycan dilində anlamın, duyumun – onun tərcüməsi ifadəsi yanlışdır, çünki böyük həqiqətlərin yalnız anlamın vermək olar -, “Xəzər” jurnalında Nəriman Qasımoğlunun təqdimatında mən vermişəm. Mən ilahi kitablara bəşəriyyətin əlifbaları kimi baxıram. Əslində dini elmə, və elmi dini qarşı qoymaq qeyri-ciddi bir işdir, onlar bir-birini tamamlayırlar. Amma dini fanatizmin, xurafatın əleyhinəyəm.
- Sizin köhnə şeirlərinizə təkrar qayıdıb düzəlişlər etməyiniz birmənalı qarşılanmır. Belə dəyişikliklər zəruridirmi?
- Bəziləri bir az cığallıq edirlər. Mənim sonradan dəyişiklik etdiyim şeirlərimin ilkin variantı köhnə kitablarımda var, ürəyi istəyən onu oxuya bilər. Həm də dünya ədəbiyyatı tarixində bu təcrübə var. Professor Kamil Vəli Nərimanoğlu “Füzulinin dibaçəsi”ni tərcümə eləmişdi, o kitabı oxuyanda birdən belə bir sitata rast gəldim ki, şair yazır: “Mən gənclik dövründə yazdığım şeirlərə yenidən qayıtdım”. Üzeyir Hacıbəyovun ev-muzeyinin direktoru Sərdar Fərəcov müsahibələrinin birində deyir ki, Üzeyir bəyin arxivini araşdıranda son gününə qədər əsərlərinə təkrar qayıdıb düzəlişlər etməsi məlum olub. Əslində şairlərin çoxu yaradıcılığında belə dəyişikliklər edir, amma etiraf elədiyim üçün mənim daha çox adım çıxır. Bir də mən şerlərimi çox dəyişmirəm axı, sadəcə vaxtilə senzura mənim şeirlərimə çox yersiz düzəlişlər edib, indi mən həmin düzəlişləri təmizləyirəm. Bir də, bəzi şeirlərim var ki, uzun illər keçsə də, mən onun bitmədiyini hiss edirəm. Məsələn, “Qonşunun toyuna oynayan uşaq” şeirimin sonluğunu 20 ildən sonra yazdım ki, odur bax, odur bax, baxıb sənin oyununa, 10 Göy üzü o yana oynayırlar uşaqlar…
- Postmodernizmə münasibətiniz necədir?
- Hazırda bütün dünyada dəbdə olan və artıq bitməkdə olan postmodernistlər əslində mənim 40 il bundan əvvəl gəldiyim nəticəyə gəliblər. Mən o mərhələni keçmişəm. İndi məndən təxminən 20 yaş böyük olan Umberto Eko müsahibələrinin birində deyir ki, mən keçmiş yazılarıma təkrar qayıtdığımı görürəm. Bu ondan irəli gəlir ki, hər şair, yazıçı ömür boyu əslində bir yazını yazmalıdır.
- Sizcə, çağdaş Azərbaycan ədəbiyyatında hansı proseslər gedir, cavanların yaradıcılığını izləyirsinizmi?
- Mən neçə illərdir deyirəm ki, ədəbiyyatımız inkişaf edir, çox güclü ədəbiyyatımız var, amma hamı deyir yox, biz balacayıq, pisik, zəifik. Görünür, onlar mənim kimi ədəbi prosesləri, ədəbiyyatımızı duymurlar. Deyəsən, hamı indi özünü tərifləmək, başqalarını pisləməklə məşğuldur. Amma mən heç vaxt özümü tərifləmirəm, hamını tərifləməklə məşğulam və bütün gözəl yazıları görürəm. Hətta məni söyənin də gedib gözəl bir misrasını tapıram və ona təsir edirəm. Görürəm ki, onun içində kin, nifrin var, onu bu hisslərdən ayırmağa çalışıram. Məncə, bir insanın həm şair, həm yazıçı, həm də tənqidçi olması mümkün deyil və belə universallıq mərhələsi çoxdan keçib. İnsan yalnız bir sahədə uğur qazana bilər və ona bütün həyatını həsr etməlidir. Hər İnsan özünün ilahi missiyasını dəqiq tapmalıdır. Mən düşünürəm ki, bizim şeirimiz dünyanın ən gözəl poeziyasıdır. Biz bu gücümüzü orduya çevirə bilsək, o zaman bu, dünyanın ən güclü ordusu olardı. Üç dildə mükəmməl nümunələr yaradan yeganə ədəbiyyat xadimi azərbaycanlıdır-Məhəmməd Füzuli. O qədər mükəmməl yazıb ki, farslar onu fars, azərbaycanlılar Azərbaycan, ərəblər ərəb şairi sayır. Belə fenomen dünya ədəbiyyatında yoxdur. Bu bizim dilimizin, insanımızın, ruhumuzun gücüdür.
- Bunu dünya da etiraf edirmi, yoxsa özümüz deyib özümüz də eşidirik?
- Azərbaycan ədəbiyyatı kifayət qədər dünya miqyasında tanınır. Amma ən böyük problem budur ki, biz öz dahimizi görmək istəmirik, elə bil nədənsə qorxuruq. Elə bilirik ki, böyrümüsdəki yüksəlsə, biz balacalaşacağıq. Elə deyil, çalışmalıyıq ki, böyrümüzdəki qalxsın, onda biz də onunla yüksəlirik. Bircə Qabriel Qarsia Markes bütün Latın Amerikası ədəbiyyatının ortaya çıxmasına, dünyada tanınmasına səbəb oldu. Bizim yeni ədəbi nəsildə bir Kamyu Kafka - mən ona “kaka” xəstəliyi deyirəm- var. Hamısı onun bənzərsizliyindən danışır…Halbuki tanınmaq hələ istedadlı olmaq deyil.
- Nobel mükafatı nə vaxt bizim olacaq?
- Türk ədəbiyyatında Orxan Pamuk Nobel mükafatı aldı. Bu mükafatı o qədər təsadüfi adamlara veriblər ki, Pamuk onların çoxundan hələ yaxşıdır. Orada ədəbiyyatdan heç başı çıxmayanlar oturub bu məsələni həll edirlər. Əslində bu ödülləri dövlətlərə, xalqlara verirlər. Təsəvvür edin ki, bütün məşhur yazıçıların əksəriyyəti heç bu mükafatı almayıb. Əsas şeirin, ədəbiyyatın olmasıdır. Gözəl əsər gec-tez tanınacaq. İkinci amil isə dünyanın yox, özümüzün tanımamağımızdır. Mən həmişə deyirəm ki, Azərbaycan böyük, fədakar insanlarını tanıyanda dünya da onu tanıyacaq. Mənə elə gəlir ki, indi gəlirlər hesabına ilk növbədə mədəniyyət proqramı hazırlanmalı, televiziyada mədəniyyət kanalı açılmalı, dünya dillərinə tərcümə olunmalıdır. Hərbə ayrıldığı qədər də mədəniyyətə pul ayrılmalıdır, cünki biz eyni işi görürük. Hərbçilər qədər biz də torpaqlarımızın müdafiəsi və qorunması uğrunda çalışırıq. Bizim istedadlı müğənni, şair, bəstəkarların hərəsi bir tank alayı, batalyonudur.
- Adınızın prezident təqaüdü siyahısından çıxarılması müxtəlif cür yozuldu, bunu həyat tərzinizin yüksək olması, təqaüdə ehtiyacınızın olmaması ilə də izah edənlər oldu…
- Mənim heç vaxt pula ehtiyacım olmayıb, çünki pul qətiyyən məni maraqlandırmayıb. Mən heç pul da saya bilmirəm. Pula ehtiyacım olmadığı ilə bağlı insanlarda yaranan təsəvvürlərə sevinirəm. Əslində sadə insanlar tanınmış adamların nəyəsə ehtiyacı olduğunu biləndə pis olurlar, sınırlar. Onlar bizim hərtərəfli təminatımızın olmasını güman edirlər. Yaxşı yaşayışımla bağlı təsəvvürlərin qalması məni çox sevindirir, amma yüksək həyat tərzim yoxdur, sadəcə tox insanam. Əslində bu siyahının çap olunmaması mənim üçün qəribə oldu, niyə çap olunmasın ki? Bir də, Azərbaycan Yazarlar Birliyi o siyahını göndəribsə, Mədəniyyət Nazirliyi bunu təsdiqləyibsə, onlar öz siyahılarını niyə müdafiə etmədilər? Mənə qaranlıq qalan bu oldu.
- Yaradıcı təşkilatların müasir dövrdə fəaliyyətinə münasibətiniz necədir?
- Əgər bu təşkilatlar olmasa, onda yenilərini yaratmalı olacağıq. Elə hazır varsa, onun daha yaxşı fəaliyyətinə çalışmaq lazımdır. Mən dağıtmağın əleyhinəyəm, amma AYB-nin həddindən artıq üzvü var. Mən həmişə deyirəm ki, biz ya AYB-ni yazarlar klubuna çevirməliyik, hamı onun üzvü olsun, ya da onu elitar bir quruma çevirmək lazımdır ki, üzvü az olsun. Rəhbəri də yazar yox, hüquqşünas, iqtisadçı olsun, təşkilat naminə yaxşı pul qazansınlar, cavanlara, yaşlılara təqaüd ayırsınlar, maraqlı tədbirlər keçirtsinlər… Bir neçə yazarlar qrupunun olması və onların konfederasiya şəklində birləşməsi daha yaxşı olardı.
- Siz Göyün, Tamam xanım isə Yerin yeddinci qatından, yəni təbii sərvətlərimizdən danışır. Yer üzü bu iki maraqlı şəxsin sadəcə görüş yeridirmi? Yəqin bir-birinizi başa düşmədiyiniz anlarda da günahı Yerdə görürsünüz…
- Biz ikimiz də elə eyni şeyi danışırıq, mən onu həmişə Göy üzündə görürəm. Biz heç kimdə, heç yerdə günah axtarmırıq. Mən dünyanı düzəltməyə, gözəlləşdirməyə çalışıram. Bu gün Yer üzünü bu qədər gözəlləşdirməyə, qanadlandırmağa çalışan yeganə insan mənəm. Deyirlər ki, Vaqifi yamsılayanlar yoxdur, dəqiq fikirdir, çünki mən özüm də özümü, şeirlərimi yamsılaya bilmirəm…

Laura Cəbrayıllı, APA






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (2 səs, təxmini: 4 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Çərşənbə, İyul 16th, 2008 tarixində 10:43 radələrində Persona bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

4 şərh var


  1. hadi qaraçay adlı istifadəçi, İyul 16, 2008 tarixində, saat 22:03 yazıb:

    “Mən dünyanı düzəltməyə, gözəlləşdirməyə çalışıram”bu gözəl missiyanı daşıyan şairə eşq olsun.olan durumu dəyişdirmək,dünyanın razılaşdığı bütün təqdirə kritik münasibət,günümüzün aydınlarının ən çox baş vurmalı olduqları bir qonudur.Vaqif Bayatlı Odərə daha böyük başarılar.


  2. Suleyman Seferov adlı istifadəçi, İyul 17, 2008 tarixində, saat 00:09 yazıb:

    “Allah” bu camaatın başını xarab eləməkdə davam edir. Qocaldıqca hamısı “səma şairi” (oxu: molla) olmağa susayır. “Göy üzündə üzü tanrıya doğru ayaqyalın yüyürün…” - nədir axı bu, şeirdi? Ziyalı mövqeyidi, peyğəmbərlikdi, şair həssaslığıdı…? Hadi şeirlərini satırdı, bir qarın çörək pulu üçün, Vaqif isə kitabını havayı paylayır… Ehtiyacsız adamın Göy üzündən danışması! Ay Vaqif, dilxor olma sən canın, bu boyda intervyuda bir dənə cümlən yadımda qalmadı axı. Belə şairlik olar?
    Hər halda təbrik edirəm son kitabına görə.


  3. Chilgin adlı istifadəçi, İyul 17, 2008 tarixində, saat 10:09 yazıb:

    Amma mene lezzet eledi. Ozel ruhlu insanlar hemiwe maraqlidir! Allah can sagligi versin!


  4. Sima Ənnağı adlı istifadəçi, İyul 18, 2008 tarixində, saat 19:32 yazıb:

    1/ “yeni kitabımı ilk anda ağla gələnlər yox, daha çox polislər, zabitlər istəyiblər” - yoxsa polislər o qədər həssasdır ki, Göyüzünün şeirlərini anlayır?
    2/”Hətta məni söyənin də gedib gözəl bir misrasını tapıram və ona təsir edirəm. Görürəm ki, onun içində kin, nifrin var, onu bu hisslərdən ayırmağa çalışıram” - canım, bu missiya şairin missiyası deyil
    3/ “Bu gün Yer üzünü bu qədər gözəlləşdirməyə, qanadlandırmağa çalışan yeganə insan mənəm” - bu qədər özünəvurğunluq?

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: