Güntay Gəncalp
Ərdəbildə muğam yarışması keçirilib və böyük rəğbətlə qarşılanıb. Dəstgahlarda oxunan şeirlər Azərbaycan şairlərindən və ifa tərzləri isə Üzeyir Hacıbəyli məktəbinə aid olub. Ərdəbildəki bu yarışmaya Güney Azərbaycanın müxtəlif bölgələrindən muğam ifaçıları qatılıb. Ərdəbil Mərkəzli bu mədəni fenomen toplumsal zövqün hansı istiqamətdə gəlişməsi ilə bağlı ipucları verməkdədir. Ulusal kimliyimizin hər şeydən daha çox musiqimizdə barınmış olduğunu nəzərə alsaq, bu yarışmanın nə qədər önəmli olduğunu asanca düşünə bilərik. Ayrıca, hər hansı bir mədəni hadisənin sosial ehtiyac olmadan ortaya çıxa bilməyəcəyini düşünsək, Ərdəbildəki musiqi yarışmasının hansı ictimai istəkdən qaynaqlandığını təsəvvür etmək mümkün olacaqdır. Həm yarışmaçı ifaçıların, həm münsüflər heyyətinin, həm də tamaşıçıların böyük şövqlə bu mərasimə qatılmaları Güney Azərbaycanda özəlliklə musiqi zövqü anlayışında sosial atmosferin hansı istiqamətdə gəlişməsi və dəyişməsinin göstəricisidir. Millətolma yolundakı çalışmalarımızın təməlində mədəni planda böyük hərəkət və irəliləyiş sağlamaq durmalıdır. Arxasında böyük mədəniyət durmayan heç bir ictimai hərəkat öz məqsədinə içi boş şüarlarla çata bilməyib. Tarın, kamanın, ritmin və insan avazının yönləndirdiyi milli ruh, öz qurtuluş modeli haqqında dərin- dərin və həm də estetik səviyədə planlar hazırlaya bilər. Ərdəbildə gerçəkləşən bu böyük hadisənin dəyəri heç də 2006-cı il Xordad qiyamından az deyildir. Bunun adına “olaysız oluşum” deyə bilərik. Bu mərasimin gerçəkləşməsində əməyi keçən hər kəsi, özəlliklə qazanan yarışmaçıları təbrik edirik.




Bölmə: 








