Qaynar xəbər portalı

Kitab dünyası


1Günel Mövlud

Əvvəla mən bütün ədəbi mühiti “Alatoran” dərgisinin yeni sayının işıq üzü görməsi münasibətilə təbrik edirəm. Doğma dərgini vərəqləyəndən sonra usdufca bir ah çəkərək, bir şeyin fərqinə varıram - bu yüz altmış səhifəlik nəşrdə adamın gözünü sevindirən yeganə mətn “Böyükfırat lahmacun”unun reklam mətnidir. Amma nə yazıq ki, başqası, sadəcə olaraq, yoxdur.
Mən jurnaldakı əsərləri bir-bir saf-çürük etmək niyyətindən bilmərrə uzağam. Amma bu dərgidə ənənəvi olaraq gözdən qaçırmadığım yeganə mətn Azad Yaşarın tərcümələri olur. Azad bəy bu “tərcümə” sözünə həddən artıq həssaslıqla yanaşdığından tezcə də səhvimi düzəldirəm - Azad Yaşarın çeviriləri. Bəri başdan tərcüməçinin (bağışlayın, çevirmənin) qanını qaraltmayaq. Onsuz da çox döşəyəcəyik qabırğasına.Azad bəyin tərcümələrini (bağışlayın, çevirilərini) oxuyan gündən bircə qənaətim var - onun tərcümələrini (bağışlayın, çevirilərini) çevirdiyi dil hər nədirsə, o dildən təzədən Azərbaycan türkcəsinə çevirmək lazımdır. Və Azad bəyin olduqca naşılıqla qurduğu cümlələri təzədən malalamaq, rahatlamaq, sözləri yerbəyer eləmək… Amma indiyə qədər birtəhər dözmək olardı. Ta ki…
Deməli dərginin bu sayında Azad bəy mənim dəhşət sevdiyim yazıçının - Qabriel Qarsia Markesin bir hekayəsini tərcümə edib.
Markesi rus dilində oxuyan hər ortabab oxucu onun dilinin zənginliyindən, təmizliyindən, rahatlığından xəbərdardı. Markesin qəhrəmanlarının qısa dialoqlarından özünü öldür, bircə kəlməni çıxara bilməzsən. Dili hiss etmək məsələsində ən həssas adamlardan biri olan Şərif Ağayar demişkən “kəl sözü otuzdurur eee!!!”.
Keçək Markesin Azad Yaşar variantına.
Təxminən 5-6 min işarəlik hekayədə az qala hər cümlədə sözlərin yeri dəyişikdir, cümlə narahatdır, mətn adamın dilinə-dişinə ilişir. Amma bunlar daha çox redaktorun qüsurudur, tərcümənin yox. Bizsə Azad bəyin tərcüməsindən (bağışlayın, çevirisindən) danışırıq.
Hekayənin əvvəlində nənə Minaya onun donunun taxma qollarının yerini deyir: “Onlar yuyunma otağındadırlar”. “Yuyunma otağı”! Bilirik, Azad bəy mətni ruscadan çevirib ki, o mətndə də bu söz “kupalnya” kimi işlənib. Düzdür, ola bilər ki, kolumbiyalılar yuyunduqları yerə “hamam” demirlər, onlarınkı doğrudan da “yuyunma otağı”dı. Rus dilindəki tərcümə - “kupalnya” uğurludur, çünki rus dilində bu söz var. Amma azərbaycan dilində “yuyunma otağı” ifadəsi yoxdur. Ola bilər, bunu tərcüməçi mətni çevirərkən yazıçının dilindən belə tərcümə eləsin. Amma obrazın dilindən “yuyunma otağı” ifadəsini işlətmək məncə, olduqca ehtiyatsız hərəkətdir. Qoca nənənin dilində bu söz uzaqbaşı belə işlənərdi: “Çimdiyimiz yerdədi…”.
Sonra. Mina nənəsinə deyir: “Bir daha mənim əşyalarıma toxunma!” Amma mən nənəmə belə deyərdim: “Bir də mənim şeylərimə toxunma!” Hələ bir az da fikirləşsək, “toxunma”nı, “dəymə!” ilə əvəzləmək olar.
Mina nənəsinə deyir: “Sənin sayəndə oldu!”. Şəxsən mən nənəmlə belə qəliz danışmazdım. Nənəmə belə deyərdim: “Sənin ucbatından oldu!” Özü də kağızdan gül düzəldən Minadan fərqli olaraq ali təhsil gördüyüm halda…
Nənə Minaya deyir: “Səhər sən ayaqyoluna iki dəfə baş çəkdin”. Məncə, adam xəstəyə “baş çəkər”. Ayaqyoluna isə adam uzaqbaşı “girər”. Düzdü, bu o qədər də dəhşətli səhv deyil, amma Markesin hekayəsini çevirərkən oradakı bir sözü “gedərayaq” kimi gözəl enerjisi olan, mətnə oturan sözlə əvəzləyən Azad bəy gərək belə səhvə yol verməyəydi.
Azad bəy mətni tərcümə edərkən, (oy, bağışlayın, çevirərkən) Minanın donunun qollarını “taxma qollar” kimi çevirməsində bir zərər yoxdu. Taxma qolu elə “taxma qol” kimi çevirmək olar. Amma Minanın nənəsi qızın anasına Minanın kilsəyə getməməyinin səbəbini izah edəndə, “bugünkü günün müqəddəs cümə olduğunu unutduğum üçün mən onun donunun taxma qollarını suya çəkmişəm” deməsi gülməlidir. Yəni qarı bunu qadına izah edərkən donunu qollarının “taxma” olmasını qeyd etməyi yersizdir. Əgər latın amerikasında qadınlar taxma qolları olan don geyinirlərsə, qarı “donun qollarını suya çəkmişəm” də deyə bilər. “Taxma”nı deməsə də, ana söhbətin hansı qollardan getdiyini biləcək.
Eyni şeyi Minanın dilindən işlədilən “yapma qızılgül” sözünə aid etmək olar. hekayənin adının “süni güllər” yerinə “yapma güllər” kimi çevirilməsinə etirazımız yox. Nə olar, dilimiz qoy bir az təmizlənsin. Amma “yapma gül” sözünü Minanın işlətməyi lazım deyil. Anasına və nənəsinə “yapma gül düzəltməliyəm” deməsi ciddi dil qüsurudur. Adından məlum olduğu kimi, gül “yapma”dır. Onu “düzəltməyin” lazım gəldiyi onsuz da aydındır. Mina ya “gül düzəltməliyəm” deməli idi, ya da ki “gül yapmalıyam”. Aydındı ki, gülü yapırsansa, ya da düzəldirsənsə o, artıq təbii ola bilməz. O ya yapmadır, ya da düzəltmə gül.
Hekayənin axırında nənə Minanın fırıldağını tutur və bunu onun üzünə vurur: “Sənin bazar günü kilsəyə getməməyin də bundan qaynaqlanır”. Bu lap ağ oldu! “Qaynaqlanır” nədi? Siz ağzında bir dişi qalan, kor, qarabağlılar demiş “mütəfin” bir qarının “qaynaqlanır” sözü işlətməyini təsəvvür edirsiniz? “Qaynaqlanır” sözünü danışığında bu avaragor kolumbiya qarısı yox, məsələn, Liberal Partiyasının sədri Lalə Şövkət işlədər. O da rəsmi nitqində.
Nənə isə “pataloku” nəvəsinə deyər ki: “Sən buna görə kilsəyə getmədin”.
Hələ bu da axırı deyil. Tərcümənin pik nöqtəsi, dadı-tamı, duzu-istiotu, zəfəranı-sarıkökü hekayənin sonundadır. Mina ayaqyoluna niyə iki dəfə getdiyini nənəsinə ən kobud şəkildə izah edəndən sonra qarı fırıldağı “yemədiyini” nəvəsinə belə izah eləyir: “Əgər indiyədək səndən buna oxşar hər hansı kobud söz eşitsəydim, buna inanar və bunu normal bir səbəb kimi dəyərləndirərdim…”.
Afərin! Eşq olsun! Super! Nənə deyil eee, ictimai-siyasi xadimdir! Nəvəynən danışmır eee, “Yeni Müsavat”a münasibət bildirir. “Hər hansı” nədir, “normal bir səbəb” nədi, “dəyərləndirərdim” nədi? Nəinki Markesin, latın amerikasının ən naşı yazıçısının da qəhrəmanı belə danışmaz. Hətta o qəhrəman Kolumbiyanın Sülhəddin Əkbəri olub, oranın məsələn, “Manzana” (ispanca “Alma”) qəzetinə ABŞ qoşunlarının İraqa yeridilməsi ilə bağlı fikir bildirirsə belə…
Yazının sonunda istedadına, intellektinə, çevirmənlik qabiliyyətinə qətiyyən şübhə etmədiyimiz Azad bəydən xahiş edərdim ki, dərginin hər sayında bizi bir hekayəyə bu qədər düzəliş etməyə məcbur eləməsin.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (2 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Bazar ertesi, İyul 21st, 2008 tarixində 13:30 radələrində Ədəbi tənqid bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

3 şərh var


  1. amaravati adlı istifadəçi, İyul 22, 2008 tarixində, saat 08:27 yazıb:

    bravo gunelcim!
    tutduğun iradlara sevinmisən, sevin, ancaq bu sadəlövh sevinc, şadyanalıq hissini yazına sızdırmasaydın super olardı.


  2. Ox Ucu İlahə adlı istifadəçi, İyul 22, 2008 tarixində, saat 15:30 yazıb:

    Gunel düz tutub səhvləri (bağışlayın- yanlışlıqları.) Təşəkkür! (bağışlayın-Sag olsun!) Yaşar bəy “Teoriya perevoda” kimi kitablardan (bağışlayın-bitiklərdən) tapıv vərəqləsin (yarpaqlasın) hərdən.


  3. koch adlı istifadəçi, İyul 28, 2008 tarixində, saat 15:10 yazıb:

    evvelki sherhleri yazanlar proloq gezetinin axrinci sayinda gunele yazilan cavabi oxuyanda aynada uzlerinin shokdan nece eyileceyine baxsinlar.

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: