Qaynar xəbər portalı

Kitab dünyası


Qan TuralıÖlüm kimin üçün gəlir?

Mən Rüstəm Behrudini demək olar ki, oxumamışdım. Tələbə olanda onun “Salam, dar ağacı” kitabını almış bir az vərəqləyib dostuma bağışladım. Bu yaxınlarda “Azadlıq” qəzetində Rüstəm Behrudinin şeirlərini gördüm, şeirlər  haqda “Reytinq” qəzetində bir yazı da yazdım. Əlbəttə ki, Rüstəm Behrudini tərifləməmişdim. Amma keçdiyimiz aylarda  Rüstəm Behrudidən müsahibə aldım. Filosof-şair mənə öz kitabını da bağışladı. Bu kitabın da adı “Salam, dar ağacı” idi. Bu kitabı vərəqlədim, ciddi bir şey hesab eləmədiyim üçün ikisini birdən Vüqar Qurdqanlıya bağışladım.
Keçənlərdə Rüstəm Behrudi “Azadlıq” qəzetinə gəlmişdi. Özü haqqında Fərdi Uğurtac adlı müəllifin yazdığı bir yazını gətirmişdi. Yazını isə böyük ehtimalla bizim dostumuz Məhəmməd Ərsoy yazmışdı. Bilməyənlərə deyək ki, belə bir imza “Gündəm” qəzetində yer alır. Burda elə də dəhşətli bir şey yoxdur. Belə şeyləri çox görmüşük. Amma ən maraqlısı və maraqlı olduğu qədər də iyrənci bilirsinizmi nə idi? Yazıda müəllif Murad Köhnəqaladan soruşur ki, Rüstəm Behrudini necə görmək olar? Murad da buna deyir ki, onu tənqid eləsən özü səni mütləq tapıb təşəkkür edəcək. Guya ki, bu çox dözümlü adamdır. (Muradla bu söhbəti də dostumuz Ərsoy edib). Ona görə müəllif haqqında yüksək ehtimallıq dərəcəsi iıə danışıram. Və həmin “tənqidi” məqaləni redaksiyaya Rüstəm Behrudinin özü gətirir. Redaksiya rəhbərliyinə deyir ki, bir məqalə var, məni möhkəm tənqid ediblər. And olsun o göydəki dar ağacına, o yazıda bircə sətir də tənqid yox idi.

Nekrofiliya və anologiya

Əvvəlcə nekrofil sözünün mənasını bilməyənlər varsa, onlar üçün kiçik bir açıqlamada bulunaq. Nekrofil ölümü sevən deməkdir, psixoloji bir xəstəlikdir. Bu xəstəliyə yoluxan  adamlar ölüm haqqında çox sevinclə danışır, ölümlərini arzulayır, bir çox hallarda isə intihar edirlər. Rüstəm Behrudi isə poeziyamızın nekrofilidir. Rüstəm Behrudi poeziyasında Əzrayılın əlindən tərpənmək olmur. Behrudi mənim üzərimdə savadsız bir adam təsiri bağışlamadı, lakin onun nekrofilliyinin bircə səbəbi var, o bu yolla kütlənin zövqünə işləyəcəyinə inanır.

Rüstəm Behrudi bütövlükdə dekadans şairidir. Onun şeirlərindən misallar gətirib bu bazar günündə qanınızı qaraltmaq, sizi mənfi enerji ilə yükləmək istəmirəm. Ona görə də ən ümumi şeyləri yazacağam. Dekadans poeziya mahiyyətcə əksinqilabi poeziyadır. Bu poeziyanın dirçəlişi bir çox hallarda siyasi uğursuzluqlar zolağına təsadüf edir. İctimai olan hər şeyə ümidlərini itirən şairlər öz şəxsi kədərlərini yazır, bununla da insanları cəmiyyətə, inqilaba nifrət elətdirirlər. Meydan hərəkatında ön plana çıxan şairlərin hamısının dekadans olması isə izaholunan hadisədir. Çünki Azərbaycanda Meydan hərəkatı heç bir zaman inqilabi mahiyyət daşımamış, ictimai təfəkkürü dəyişdirməmişdir. Məhz buna görə də Meydan hərəkatında əvvəlcə Leninə, sonra Nemət Hüseynova, daha sonra isə mərhum prezidentə şeir yazan Xəlil Rza Meydan şairinə çevrildi.

Rüstəm Behrudinin şeirlərinin adını yazmaq kifayətdir ki, onun hansı poeziyaya mənsub olduğunu biləsən: Mən qəm yolçusuyam;  Andsız, umudsuzam daha; Ürəyim ürəkdən sevinə bilmir; Məmləkət haqqında ağı; Ölümün  gözləyən adam; Ölüm bilmir; Ölüm ruhun üsyanıdır. Bu qədər kifayətdir.

Rüstəm Behrudiin yaradıcılığında şeir isə “Salam, dar ağacı” şeiridir. Bir müddət əvvəl Özbəkıstanda yaşayan soydaşımız Azərbaycana gəlmiş, bizim yazarlarla görüşmüşdü. O, Daşkənd universitetində ədəbiyyatdan dəsr deyirdi.  O,  “Salam, dar ağacı” şeirini özünün yazdığını və Rüstəm Behrudinin bu şeiri çox kiçik dəyişikliklərlə ondan oğurladığını deyirdi. O zaman “Sənət” qəzetinə də müsahibə verdi və bu sözləri müsahibəsində də dedi. Lap  deyək ki, Rüstəm Behrudi haqlıdır.  Lakin bildiyim bir şey var ki, belə bir bəsit şeiri mən heç kimdən oğurlamazdım. Bir misraya fikir verin: “Danış, Əmir Teymur bu son nəydi bə?” Biz yaxşı bilirik ki, bu son nədir. Əmir Teymur siyasətin dahisi idi və ona qarşı poeziyanın dahisi Nəsimi vuruşurdu. İndi Teymurləng kimi siyasət dahisi də yoxdur və Rüstəm Behrudi guya vuruşduğu hakimiyyət də Teymurilər dövləti deyil. Və ən əsası: Nəsimi həyatdan yaza-yaza ölümə getdi, Rüstəm Behrudi isə ölümdən yaza-yaza komforta gedir. Son ortadadır.

Rüstəm Behrudininin kədəri saxta kədərdir, burjua kədəridir. Çünki onun özü də burjuadır. Burjuanın kədərinə heç bir zaman inanmamışam. Sadəcə olaraq burjua üçün kədər “kabab üstdən sərin su pis olmaz” kimi bir şeydir. Həqiqi kədərin nə olduğunu bilmək istəyənlər Maksim Qorkini oxusunlar.

Rüstəm Behrudinin şeirlərində yalnızca eqoist bir mən var. “Ölsəm tabutumu mələklər tutar / Yasımı Allahlar saxlayar mənim.” Artıq bu şeiri şərh etmək istəmirəm. Yorulmuşam. Siz də yorulmusunuz. Amma Rüstəm Behrudinin bir şeirini verirəm. Özünüz qiymət verin.

Bitəcək

Ölüm hər şeydən gözəldi,
Gəldimi, hər şey bitəcək
Bu bədəndən ruh çıxacaq
Çəkilən ah-vay bitəcək.

Gələr sevda, dərd yox olar
Bu dərdə həmdəm yox olar
Tanrıyla sərhəd yox olar
Sərhədsiz hər şey bitəcək

Gəlmişdik, yenə gedərik,
Son varsa, sona gedərik
Tanrı var, ona gedərik,
Bu sonla hər şey bitəcək.

Mən ah çəkdim, bu ah yalan
Dünən ölüb, sabah yalan
“Allah”-dedim, allah yalan
Yalanla həır şey bitəcək.

Mən susdum, göz yaşı dindi
Bir vaxt vardım, yoxam indi
Sonda hər şey ölümündü
Ölümlə hər şey bitəcək.

Bu isə Murad Köhnəqalanın şeiridir. Görün, maddi ehtiyacı hər zaman öz üzərində hiss edən  Murad Köhnəqala kimdir, Rüstəm Behrudi kim?

DƏRDALGİN
(tabletkalarda)

Ey günəşli yurdun şərqli insanı!
Nə vurulmusan bu qəmlərə
nə əzizlərsən öz dərdini?
Dərd-bəladan həzz alırsan
manyakmısan?
Sənə verilən o işıq ömür
Uçub gedir bir ox kimi
Adam da bu qədər dərdbaz olarmı?

Köynəyin cırıqdı - cəhənnəmə ki…
Bir az da cırıq gəz.
Dişin yoxdu, pulun yoxdu
mırıq  gəz.
Dabanı sürtülmüş, üstü sökülmüş
su buraxan o ayaqqabınla
bir təpik ilişdir dərdin dalına
getsin öz işinin-dərdinin dalınca.

Evin yoxdur - nə olsun ki
vağzallara nə gəlib
binaların damlarına nə gəlib?..
Belə şeydən dərd yonub, qəm düzəltmə
Pulun yoxdu - bir az da ac gəz.
Ac-yalavac gəzməkdən
xoşbəxt və gülməli
bir şey varmı dünyada…
Ac-acına
küləkli küçələrdə veyillənmək
boş sok qablarını
su qablarını
təpikləmək dərd çəkməkdən pisdirmi?

Tutalım evlənmisən,
evdə uşaqların var
pulun az, məvacibin yox
noolsun?
Qazıb-qazıb dərd çıxartma bundan,
Qoy bir az da az yesin arvadın
bir az da arıq olsun
bir az da kasıb geyinsin.
Oğlun keçənilki şalvarını geyinsin
bir az da gödək olsun.
Qızının keçənilki ayaqqabısının
sökülmüş yerlərini özün tik.
Sən sapı dişinlə dartdıqca
uşaqların gülüşəcək.
Necədir, gözəl deyilmi?
Təki arvadın sevsin səni…
Qonşu uşaqları bahalı geyər
özləri bilər.
Qonşu arvadları xəz geyər
qızıl taxar,
özləri bilər.
Onda var, səndə yoxdu,
noolsun ki?
Səndə var, onda yoxdu
noolsun ki?
Dərdə çevirmə
zəhrimara döndərmə bunu.
Qoy gülsünlər sənə,
gülüb-gülüb axır yorulacaqlar.

Ömür axır işıq kimi
Arvadın həmişə səndən narazıdırsa
dırsa, dirsə, dursa
fikirləşməyə dəyməz
ayrıl getsin, boşa getsin
uşaqları dərd eləmə
bura bax,
yenə dərdə taxılma
onları əvvəlkindən də
gözəl böyüdəcəksən…
Tutalım, bir işdi, düşdün türməyə
Nə olub
özünü tütün kimi büküb çəkirsən?
İri, ağır fikirlərin hambalına dönmüsən?
Künclərdə əyilib
üzünə əlavə qırış yonursan
Gözüm aydın,
noolsun haqsız tutulmusan?
Nə üçün qan qusmalısan?
Döyəcəklər - döz gülə-gülə
Söyəcəklər - döz gülə-gülə
Bıçaq soxmaq lazımdısa kiməsə
lazım deyil fikirləşmək
ordaca sox!
Güllələmək lazımdısa
güllələ yerindəcə!
Səni də güllələyib yorta bilərlər
Sən də ölməlisən, heç dərd eləmə!
Ömür axıb gedir işıq misalı
Axmaq kimayəgərlər kimi
hər şeyi dərdə-qəmə döndərmə.

Qəmli oxuyursan
muğamda zarıyırsan
bu cavan vaxtında nə qarıyırsan
o qədim qəzələ nə kərkinirsən?
Manyakmısan,
maymaqmısan?
Tüpürüm sənin o dərdli şeirinə
tüpürüm sənin dərdə aşiqliyinə
Həyata gəl!
Həyata gir!
Nə göllənibsən?
Nə iylənibsən?
Ömür axıb gedir işıq kimi
Dərdin-qəmin-vərəmin-bəlğəmin
götünə bir təpik!
İşıqlı dünyada onların
hörməti yoxdu bir qəpik.

Ziyalı missiyası və saxtalıq

R. Behrudi hər dəfə “Azərbaycan  ziyalısı mədhiyyə oxumaqdan başqa nə bilir ki?”  deyir. Amma psevdoziyalılara xas olan bir cəhətlə heç kimin adını çəkmir, tutalım ki, Bəxtiyar Vahabzadəyə, Sabir Rüstəmxanlıya. Vaqif Bayatlı Odərə, Anara, Əkrəm Əylisliyə  övgülər yağdırır, ardında da bayaqkı cümləsini deyir.  Təbii sual doğulur:   Kimlərdir bəs “mədhiyyə oxumaqdan başqa bir iş bilməyənlər?”. Başqa hansı ziyalı  qaldı ki?  Məsələ başqa cürdür, Rüstəm Behrudinin özü də tipik Azərbaycan ziyalısıdır, heç bir zaman gərəkli sözü deməyən, arxada şeirləri kimi mücərrəd və bayağı şəkildə iqtidarı tənqid  edən, üzdə isə onun ən kiçik fiqurlarından biri olan Hacıbala Abutalıbovla  dostluğu ilə fəxr edən bir insandır. Rüstəm Behrudi komfort içində yaşaya-yaşaya ölümdən yazan, kədər tirajlayan bir şairdir, ziyalıdır. Onlarla gənc başa çatmamış tikintinin qalıqları altında can verir, amma “Behrud”  inşaat şirkətinin  sahibi,  patronajı  Rüstəm Behrudi “ölüm, xoş gəldin, xoş gəldin” deyir. Ölüm kimin üçün gəlir, cənab Behrudi? M. Muxtarov  küçəsindəki bina uçqununda- toyundan bir həftə əvvəl ölən və meyidi bir həftə sonra- toyu olacaq gün  çıxardılan Anar adlı fəhlə üçünmü, yoxsa tikinti patronu Behrudi üçünmü?

Rüstəm Behrudi digər ziyalılardan fərqli olaraq zaman-zaman öz mövqeyini açıqlayır. Lakin necə? Tipik ziyalılar kimi. 2005-ci il seçkilərində Ramiz Rövşən exit-pollda qalib gəlsə də MSK-nın nəticələrinə görə seçkini uduzdu. O, mitinqdə bu məsələyə belə şərh vermişdi: “Deyirlər ki, Ramiz Rövşən qutudan çıxmadı. Amma Ramiz Rövşən qutulara sığmır”. Birdəfəlik de ki, seçkini saxtalaşdırdılar də. Daha camaatı dağa-daşa niyə salırsan?   Behrudi  Qənimət Zahidlə şəxsi münasibətlərinə görə Mirzə Sakitin həbsi haqqında danışıb: “Şairin cibindən nəşə çıxmağı, İblisin cibindən Quran çıxmağı kimi bir şeydir”.  Bir çox şairlərin narkotik və psixotrop maddələrdən istifadə etdiyini hamı bilir, bu çox adi şeydir, istər bizdə, istər dünyada.  Üstəlik də Behrudi “İblisin də cibindən; İncil və Quran çıxır” misralarının müəllifidir. Bu cümləpərdazlıq kimə lazımdır?  Bircə cümlə ilə demək olardı ki, “Mirzə Sakit siyasi sifarişlə həbs olunub”. Rafiq Tağı həbs olunanda da Rüstəm Behrudi “Gündəlik Azərbaycan” qəzetində “Azadlıq, Romantizmin süqutu, Şərq və Qərb”adlı bir yazı yazmışdı. Bu yazını o zaman da oxudum, indi bu yazını yazanda bir də  oxudum, amma heç bir şey başa düşmədim. Guya Rafiq Tağının mövqeyini müdafiə etmişdi. Amma Rafiq Tağını həbsə atan hakimiyyət və onu güdaza verə müxalifət mətbuatı haqda bircə kəlmə də tənqid yox idi. Düzdür, R. Behrudi orijinal görünməyə çalışır, sözünü deyir, lakin bu cür mücərrəd və obrazlı sözlərlə kimsəni tükünü tərpətmək mümkün deyil və funksional olmayan bu cür münasibətlər dolayısıyla Rüstəm Behrudinin psevdoziyalı obrazını tamamlayır.

O, heç zaman soyuq həqiqəti demir. Ezop dilində danışıb. Amma “Alatoran” jurnalına verdiyi müsahibəsində deyir: “Bəzi dəyərlər var ki, onlara toxunmaq olmaz. Mən də o dəyərlərdən biriyəm”. Bəli, biz inkar edə bilmərik, Rüstəm Behrudi bir dəyərdir, lakin psevdo dəyərdir, ali dəyərlərin ucuzlaşdığı, ədəbi vicdan və ləyaqətin itirildiyi cəmiyyətlərdə bu cür dəyərlər ön plana keçir, həqiqi dəyərlərin yerini tutur və həqiqi  dəyərlərin bir də taxta qalxmaması üçün əllərindən gələn və gəlməyən hər şeyi edirlər. Lakin hər şeyin bir sonu olduğu kimi bu dəyərin də bir sonu vardır. Bu müdriklik qiyafəsinə bürünmüş nadanlıqdır, əsillik cildinə girmiş saxtalıqdır, istedad libası geymiş qrafomanlıqdır, qəhrəmanlıq yapıncısına bürünmüş qorxaqlıqdır, altruizm görüntüsü yaradan obıvatellikdir. Bu dəyərin daşıyıcıları isə bizim ziyalılardır, Elçin Əfəndiyevdir, Tofiq Hacıyevdir, Rəfael Hüseynovdur, Nizami Cəfərovdur, Kamil Vəliyevdir, Ramiz Rövşəndir, Anardır, onlar yüzlərlədir  və ən sonlarda  Rüstəm Behrudi gəlir. Rüstəm Behrudi orijinal görünməyə can atsa da mahiyyətcə onların heç birindən fərqlənmir, hətta ədəbi istedad baxımından onların bir çoxunun gerisindədir, bu geriliyi naxçıvanlı olduğu üçün  ona verilən “icazəli cəsarətlə” sığortalamaq istəyir. Bizim  missiyamız isə dəhşətlidir: onların maskalarını cırıb, sifətlərini hamıya göstərmək. Bizə uğur diləyin, uğur bizimlə olsa da.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (1 səs, təxmini: 1 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Bazar ertesi, İyul 21st, 2008 tarixində 12:28 radələrində Ədəbi tənqid bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

18 şərh var


  1. Chilgin adlı istifadəçi, İyul 21, 2008 tarixində, saat 13:03 yazıb:

    Ugurlar, Tural, hem de aferin! Yazin cox xowuma geldi. Bir de ozumunde bir vaxtlar Nekrofil oldugumu anladim))) Herden mende de tutur, goresen birdefelik aradan qaldirmaq mumkundu?))
    Daha gozel yazilar arzusuyla TEBRIK edirem!


  2. alpan adlı istifadəçi, İyul 21, 2008 tarixində, saat 14:52 yazıb:

    Məncə Rüstəm Behrudidən daha dözülməzlərə var. Sən ən dözülməzindən başlasan Behrudiyə ömrün çatmaz. İnsanları Nekrofıl olma həddinə çatdıranlar onu təbliğ edənlərdən daha dözülməzdilər. Uğurlar


  3. fexri adlı istifadəçi, İyul 21, 2008 tarixində, saat 17:46 yazıb:

    “…Bəli, biz inkar edə bilmərik, Rüstəm Behrudi bir dəyərdir, lakin psevdo dəyərdir, ali dəyərlərin ucuzlaşdığı, ədəbi vicdan və ləyaqətin itirildiyi cəmiyyətlərdə bu cür dəyərlər ön plana keçir, həqiqi dəyərlərin yerini tutur və həqiqi dəyərlərin bir də taxta qalxmaması üçün əllərindən gələn və gəlməyən hər şeyi edirlər.” Yalandı, Rüstəm Behrudi heç zaman dəyər olmayıb, ola da bilməz. Bu cəmiyyətdə rüstəm kimdi ki, dəyəri də olsun. Üzdə olmaq heç də dəyərli olmaq deyil.


  4. Vacib Deyil adlı istifadəçi, İyul 21, 2008 tarixində, saat 18:16 yazıb:

    Sayğıyadəyər sayt sahibi!

    Yazının müəllifi kifayət qədər kobud səhvlərə yol verib. Bəli, “filiya” sevmək anlamı daşıyır. Amma o halda ki, suffiksi olduğu söz cansız olsun. Yəni məsələn, “bibliofiliya”-kitaba sevgi, “bibliofil”-kitabsevər. Əgər “filiya” tipli tam suffiks “zoo” (heyvan), “nekro” (ölü), “heronto” (yaşlı) sözlərinə bitişikdirsə qoşulduğu sözlə birgə tibbi terminə (cinsi məyusluq) çevrilir. Axı bunu bilməyən az adam var. Nekrofil ölməyi sevən adam deyil, ölü ilə cinsi əlaqəyə girməyi sevən adamdı. Və ilk dəfə bu üsuldan Misirdə, mumyalama işləri ilə məşğul olanlar istifadə edib. Onlar gözəl qadınları mumyalamazdan əvvəl nekrofiliya ilə məşğul olub. İnanmaq istəyirəm ki, özünə yenicə nüfuz qazanmağa başlayan saytınız bu kimi yanlışlıqlarla admalara əlavə söz-sözhbət üçün imkan yaratmaz.


  5. scorpion adlı istifadəçi, İyul 21, 2008 tarixində, saat 18:19 yazıb:

    “…Nekrofil ölümü sevən deməkdir, psixoloji bir xəstəlikdir. Bu xəstəliyə yoluxan adamlar ölüm haqqında çox sevinclə danışır, ölümlərini arzulayır, bir çox hallarda isə intihar edirlər. Rüstəm Behrudi isə poeziyamızın nekrofilidir…”
    VİKİPEDİA da daxil olmaqla bütün ensikloprdiyalarda yazılıb:
    “Некрофили́я (от др.-греч. νεκρός — «мёртвый» и φιλία — «любовь») — сексуальная девиация (перверсия), выраженная в половом влечении к трупам, а также секс с трупами. Может рассматриваться как разновидность фетишизма или как самостоятельное расстройство полового предпочтения.”
    Belə yazılarından sonra adamda təsəvvür yaranır ki, Qan Turalı özü koprofiliyaya düçar olub… ancaq bu əsasən gerantofiliya ilə paralel baş verir…


  6. Sia adlı istifadəçi, İyul 21, 2008 tarixində, saat 22:55 yazıb:

    Tural, cox mukemmel yazidir. Tek Rusteme deyil, butun Rustemkimilere tutarli zerbedir. qelemin iti olsun, tebrik edirem.


  7. Tətikçi adlı istifadəçi, İyul 22, 2008 tarixində, saat 03:36 yazıb:

    Nekrofiliya umumi sozdur. Onun seksual anlami da var.


  8. Tətikçi adlı istifadəçi, İyul 22, 2008 tarixində, saat 03:37 yazıb:

    Bu mentiqle gerek felsefe de mudriklikle olmaq demek ola…


  9. tural adlı istifadəçi, İyul 22, 2008 tarixində, saat 08:24 yazıb:

    Men de R. Behrudini yaxsi sair hesab elemirem. Amma Qan Turalin bu cur munasibetini de qerez hesab edirem. Sifarisli yazidir. Yeni Qan Tural bu yazisinda da R. Behrudinin pul kisesinden asili olub. Kiseni de Allah kessin. Gorunur, aqzi baqli olub o anda…


  10. amaravati adlı istifadəçi, İyul 22, 2008 tarixində, saat 08:32 yazıb:

    Hörmətli Vacib Deyil müəllim, ölü də cansızdır.


  11. scorpion adlı istifadəçi, İyul 22, 2008 tarixində, saat 10:17 yazıb:

    Tətikçi müdafiə üçün başqa variant seç… Dediyindən belə çıxır ki, ölümü sevən də ölü ilə cinsi əlaqəyə meylli olan da hər ikisi nekrofil adlanır…Onda sənin məntiqinlə yanaşsaq çox gülməli və dəhşətli bir şey alınır… Deməli uşaqları sevən humanist bir insan da, xəstə uşaqbaz da hər ikisi pedofildir hə?


  12. oxatan adlı istifadəçi, İyul 22, 2008 tarixində, saat 15:20 yazıb:

    Dostlar, bu lap klassik milli
    numunelerimizdeki kimi oldu: meselenin ehemiyyetsiz terefine (”nekrofil”) bash qarishdi, esas mahiyyet yaddan cixdi. Axi muellif oz prizmasindan baxib saxta gorduyu bir maskani yirtir, olani gosterir, analiz edir, movqe bildirir. Bu istiqametde neye nail olub, neye yox - bunu dartishaq. Meselen, mence Qan Turalinin fikirleri o derecede yenidir ki, derhal etiraz dogurub. Amma esas odur ki, fikirleri orijinaldir, arqumentleri deqiqdir…


  13. orman adlı istifadəçi, İyul 22, 2008 tarixində, saat 15:43 yazıb:

    Bu yerdə “Əjdər əmi” mahnısının yeridi.


  14. mamed adlı istifadəçi, İyul 26, 2008 tarixində, saat 02:32 yazıb:

    Allah hech kime senin kimi dushmen qismet elemesin. kimin haqqında yazsan, o gerek sene cavab vermesin. chunki senin menasiz düşük arqumentlerine cavab veren adam da senin seviyyeve düşecek. ona göre de heç kim sene tutarlı cavab vermir. onsuz da sennen ishim yoxdu. bu yazini yaziram ki, hormet gosterdiyim Zahir Ezemet oxusun. Zahir, eziz insan, basha dushurem seni. kultazda demokratik hava esdirmek isteyirsen. ona gore de bu yazıların yayınlıyırsan. Ama bele de olmaz axı. demokratiyadan da “demokratiyanı ortadan qaldırmaq” meqsedile istifade ederler? chox seviyyesiz yazır axı, qadan alım.

    desem ki, yashda ozunden boyuklere hormet elemir, deyeceksen ki kohne fikirlisen, milli mentalitet şablonundan çıxa bilmemisen. qardaşım, her şeyin yolu-yordamı var da. men iqtisadiyyatçıyam. sence Con Maynard Keynes haqqında kritika (hetta tehqir) yaza bilerem? (ya da ki yazma haqqına sahibem?). Gerek evvelce ozumu subut eletdirim ki, sonra kiminse boğazından yapışım da. belke ele deyil?

    sohbet chox uzandı. istiyirsen bu yazını yayınla, istiyirsen yayınlama. mene maraqlı deyil. ama sen ozun oxu, meni duzgun basha dush.

    Salamat qal ezizim.

    saygı ve sevgiyle


  15. Səbuhi Hacıxanlı adlı istifadəçi, İyul 26, 2008 tarixində, saat 18:43 yazıb:

    Çox gözəl yazıdır, siz də bu xalqa xas olmayan sosial ədalət prinsipi var, lakin Anara qarşı kininizi başa düşmürəm, bilmirəm bəlkə də mən haqlı deyiləm…


  16. canpolad adlı istifadəçi, İyul 26, 2008 tarixində, saat 20:45 yazıb:

    Ugurlar olsun ,Tural.


  17. Emil adlı istifadəçi, İyul 29, 2008 tarixində, saat 19:22 yazıb:

    Neyse de, here eline bir terminler lugeti alib heckimin istifade etmediyi sozleri secib bir “eser” yaradir ki, camaat desin bundan yoxdur. Indi bu yazinin ne ehemiyeti var axi? Bu yazindan kime ne xeyir geldi? Ele bos bos yazirsiz. Siz ne etmek isteyirsiz? Bu milletin kifayet qeder problem var, brice siz qalmsizi beyinleri yeni ecaib sozlerle doldurmaga. Adama gulerler valla. Men 2-3 ildir amerkada yasayiram, bu cemiyetin inkisainin bele curuk yazilarla hecbir elaqesi yoxdur. Siz insanlari dash dovrune aparacaqsiz


  18. elminhesenli adlı istifadəçi, Avqust 16, 2008 tarixində, saat 01:28 yazıb:

    Salamlar.
    3-4 gun bundan qabaq Behrud kendinde toyda idim. Rustem Behrudi de ordaydi. Bir az sohbet etdik. Dedi ki Tural elime kecse salamacam tepiyimin altina =)))

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: