Qaynar xəbər portalı

Kitab dünyası


Kütlə, kütlə deyil


Bölmə Bölmə: Köşələr | Göndər Göndər | Çap et Çap et | 329 oxunma

Seymur BaycanSeymur Baycan

“Azərbaycanda nökər olmayan adama ya agent, ya dəli, ya da “mavi” deyirlər”
     Elmir Mirzoyev

Yaxşısın Mətanət Əliyeva edir. May ayının sonunda “İmpuls” qəzetin bağlayıb, bir də sentyabrın əvvəlində açır. Nə özün yorur, nə də azsaylı oxucuları. Kimdir bu isti, havadan palçıq yağan günlərdə qəzet oxuyan? Hər kəs öz işində, öz istirahətində. Özümüz yazıb, özümüz oxuyuruq. Seçki ilində qəzetlərin tirajına, gününə baxın. Əslində hadisələr baş verir, amma Zərdüşt Əlizadə demiş, cəmiyyətin bir hissəsi başqa bir hissənin başına gətirilənlərə tam laqeyd münasibət göstərdiyi üçün həm də heç nə baş vermir. Alimləri evdən bayıra atırlar, Fəhlə prospektinin altını üstünə çevirirlər, Aygün Bəylərə ev verirlər, “GEN” MMS camaatın pulun alıb üstündən su içir… Burda təəccüblü nə var? Belə də olmalıdır. Artıq elə bir vəziyyətə gəlib çatmışıq ki, nə yazan, nə də oxuyan nəsə bir dəyişiklik olacağına inamını itirib. Kimisi öz ruhi vəziyyətini aşkar edir, kimisi, özünü hələ də arsızlığa qoymaqdadır. Camaat öz faciələrinə ustalıqla tamaşa etməkdədir və hər kəs öz növbəsini gözləyir. Məsələn, Fəhlə prospektində yüzlərlə obyekti bir qəpik kompensasiya ödəmədən yerlə-yeksan etdilər. Etməkdədirlər. Doğrusu, bu məni sevindirdi. Niyə? Özüm öz sualıma cavab verirəm. Bax, indi göz yaşı tökən sahibkarlar 2005-ci il parlament seçkilərində bizi lağa qoyur, plakatları cırır, “gedin işinizlə məşğul olun, dövlətlə dövlətlik etmək olmaz” deyirdilər. Mən sevinməyim nə edim? Yazının əvvəlində hamının bildiyi şeyləri təkrarlamaqda təbii bir məqsəd var.
Seçki ilində mətbuat mövzu qıtlığı keçirir. Belə olmasaydı hər şeydən ustalıqla mövzu çıxaran Hacı Zamin yay günlərində əcaib cümlələr yazmazdı. O Zamin ki, Azərbaycan publisistikasının göydən yerə endirilməsində şəksiz müstəsna rol oynayıb. Bunu heç kim dana bilməz. Zamin bəy “Yeni Müsavat” qəzetinin 3 iyul 2008-ci il tarixli sayında dərc olunmuş “Rusiya örnəyi” adlı yazısında yazır: “Bu saat Tolikin macəralarını gündəm adən, Azərbaycan xalqının mənasızlığı haqda hədyanlar püskürən, insanların başın qatıb ümidsizliyə yuvarlayan saytlar itinə tök qədərdir. Qurdalasan, hamısının arxasından hakimiyyət çıxacaq. Qəsdən “hər xalq öz hakimiyyətinə layiqdir” fəlsəfəsini yayırlar. Ki, heç kim fəaliyyət göstərməsin, əlini-qolunu yanına salıb otursun. Azərbaycana qüssə, ümidsizlik yayanlar hakimiyyətin özündən də təhlükəlidir. Qəhramancasına həlak olan Elmar Hüseynov, zindanda əyilməyən, sınmayan Mirzə Sakit, Eynulla Fətullayev, Qənimət Zahid kim oğulları varsa, bu xalqı aşağılamaq alçaqlıqdır”. Əgər xalqı aşağılamaq alçaqlıqdırsa, mən bəri başdan bu sözü öz üzərimə götürürəm. Zamin bəy kifayət qədər oxumuş, mütailəli, müxalifət düşərgəsinin digər yazarlarından fərqli olaraq, daima öz üzərində işləyən adamdır. Və yəqin bilir ki, bir vaxtlar Nitşe o boyda alman xalqını donuz adlandırırdı. İkincisi, son vaxtlara qədər Zamin özü xalq sözünün əvəzinə, camaat sözünü yazılarında istifadə edirdi. Dəfələrlə yazılarında qeyd edib ki, bizə xalq sözü yaraşmır, bizim xalq olmağımıza min il var, biz hələ camaat səviyyəsindəyik. Bəs, nə oldu birdən birə bu adamın vətənpərvərlik damarı tutdu? Hər halda, çox maraqlıdır. Əgər ümidsizliyi yaymaq alçaqlıqdırsa, yalandan ümid vermək də yəqin ki, ikiüzlülükdür. Firudin demişkən: “Mən bu xalqa nifrət etməyə onlarla səbəb göstərə bilərəm, amma siz bu xalqın sevmək üçün mənə üç səbəb göstərə bilməzsiniz”. Nə yazıq ki, bizim adamlar çox vaxt nikbinliklə arsızlıq anlayışın səhv salırlar. Nəsə, min dəfə yazdığımız şeyləri boş yerə təkrarlamağa ehtiyac yoxdur. Bu gün xalqı aşağılayanlar onu qız kimi bişirib sonra düşürənlərdən, Nizami Cəfərovdan, Rafael Hüseynovdan, Yunis Oğuzdan min dəfə təmiz, vicdanlı adamlardır. Lap elə irtica, tayfa-klan sözlərini öz leksikonlarına əbədi həkk etmiş adamlara da bu sözlər aiddir. Deyirlər heç kimi özünə kumir seçmə ki, sonra peşiman olmayasan. Tanrı həbsdə yatan junalistlərə özü gömək olsun. Amma bütün jurnalist tayfasına məlumdur ki, Qənimət Zahid həbs olunandan sonra “Azadlıq” qəzetində qonorar sistemi fantastik dərəcədə qaydasına düşüb.
… Biz hamımız bu sistemin bu və ya digər formada içindəyik. Ən yaxın adamlarımız söydüyümüz mentalitetin şiddətli tərəfdarlarıdır. İnsanı yalnız öz seçiminə görə qınamaq olar. Mən heç vaxt Zamin bəyi qınaya bilmərəm ki, nəyə görə “Yeni Müsavat” qəzeti müğənnilər, Toliklər haqqında əcaib yazılar dərc edir və nəyə görə bu yazılar qəzetin saytında Zamin bəyin yazıların daha çox oxunur? Əgər Azərbaycan camaatı manıslara göstərdiyi maraq və qayğının iki faizin bizə göstərsəydi, biz də daha rahat formada əzilmək, minilmək üçün öz növbəsini gözləyənlərin hüquqların müdafiə edə bilərdik. Əgər bu xalq qəzet, kitab oxumursa, bir qələm adamı kimi mən necə dolana, yaşaya bilərəm? Hər şeyə pul tapan camaatımız bir qəzet alıb vərəqləməyə canı çıxır. Ən yaxınlarımız belə bizi adam yerinə qoymur. Məsələn, dostumuz Aqşinin illərdir Rusiyada yaşayan bir dayısı, oğlunun toyuna meyxana deyənləri gətirdi. Neçə il ailəsinin üzünü görməyən adam qazandığı 8-9 min dolları meyxanadeyənlərə xərclədi. Bir az toydan sonra kənddə avaralandı, daha sonra həyətin inəyin satıb Rusiyaya qayıtdı. “Dalğa” gənclər hərəkatının sədri, həm də ləziz yeməklər bişirən Vəfa Cəfərova deyir ki, bir dəfə metroda qəzet oxuyan adam görüb sevindim. Sonra bu qəzet oxuyan adamın Murad Köhnəqala olduğu məlum olur.
Lütfən deməyin ki, kütlə hər yerdə kütlədir. Və guya kütlə, xalq, camaat bizdən nə qədər üz döndərsə də biz onun yolunu işıqlandırmağa borcluyuq. Xeyir. Mən içim qan ağlaya-ağlaya, dənəylə siqaret aldığım halda, sirk meymunu kimi özümü arsızlığa vurub heç kimin yolunu işıqlandırmağa borclu deyiləm. Kütlə isə biz düşündüyümüz kimi hər yerdə kütlə deyil. İnanmayanlar böyük çex yazıçısı Milan Kunderanın “Var oluşun dözülməz yüngüllüyü” romanın oxusun. Yeri gəlmişkən bir neçə il əvvəl bu romanı oxumağı mənə tövsiyyə etmiş Vurğun bəyə öz təşəkkürümü bildirirəm. Həmin romanda Tomaş adlı bir cərrahı 1968-cı il sovet tanklarının Praqaya girdiyi zaman işdən çıxarırlar. Səbəb isə Tomaşın yazdığı bir məqalədir. Tomaş öz məqaləsindən imtina etmir, redaktorları satmır. Onu işdən bayıra atırlar. Kundera yazır ki, ən böyük azadlıqlardan biri insanın işini itirmək qorxusunun olmamasıdır. Daima işini itirmək qorxusuyla yaşayan adam hər bir əclaflığa, yaltaqlığa hazırdır. Tomaş sınmır. Bir müddətdən sonra təmizlik işiylə məşğul olan firmaya şüşəsilən kimi işə düzəlir. Onu mağazalara, evlərə şüşəsilməyə dəvət edirlər, amma heç vaxt onu şüşəsilməyə qoymurlar. Bu işin onun əvəzinə qadınlar görür. Hamı ona əvvəlkindən daha nəzakətlə “Pan Doktor” deyərək müraciət edir. Onu hər yerdə gülərüzlə, xoşsifətlə qarşılayırlar. Qadınlar onunla vulqar zarafat edirlər ki, Pan Doktor sınmasın, əyilməsin. Hətta bir xanım firmaya zəng vurub Tomaşı tələb edir. Guya, Tomaş firmanın başqa işçilərinə nisbətən öz işinə daha vicdanla yerinə yetirir, şüşələri mükəmməl təmizləyir. Tomaş həmin ünvana gəlir. İşə başlamaq istədikdə qadın onu saxlayır. Torta və şampan şərabına qonaq edir. Sonra isə Tomaşın əlindən tutub yataq otağına aparır. Beləcə çex xalqı özünə hörmət edən  bir ziyalının sınmasının qarşısını alır. Gəldik çatdıq yazının sonuna. İsti yay günündə sizi yorduğum üçün üzr istəyirəm. Zamin bəy iddia edir ki, guya, biz qəsdən “hər xalq öz hakimyyətinə layiqdir” fəlsəfəsin yayırıq. Lənət olsun bu fəlsəfəni yayanlara. Mən bu fəlsəfəni yayanların  xirtdəyini öz dişlərimlə gəmirərdim. Azərbaycan camaatının və mövcud hakimiyyətin səviyyəsi arasına bərabərlik işarəsi qoymaq allahsızlıq olardı. Bu camaat bu iqtidara layiq deyil. Mən öz fikrimdə qalıram. Azərbaycan camaatının prezidenti ya Çoban Xanış, ya da Nadir Qafarzadə olmalıdır. Öz aramızdır İlhamə Quliyeva da pis deyil.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (7 səs, təxmini: 4.57 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Şərh yazma qapalıdır!

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: