Azərbaycan ədəbiyyatı üçün yeni üfüqlər açılır
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 28 Temmuz, 2008
Lit.az Rumıniya və Bolqarıstanla əhəmiyyətli müqavilələr imzaladı
KultAz: Bu günlərdə Rumınyanın paytaxtı Buxarest şəhərinə səfər edən Lit.az ədəbiyyat portalının rəhbərliyi bir sıra əhəmiyyətli müqavilələr imzalayıb. Portalın rəhbəri Cavid Cəfərzadənin “Kultaz”a verdiyi məlumata görə, Lit.az-la yerli “Kurtya Veke” nəşriyyatı arasında əməkdaşlıq barədə razılıq əldə olunub. Eyni zamanda Buxarestdə səfərdə olan “Bukvite”- Bolqarıstan Ədəbiyyat Fondunun prezidenti xanım Kameliya İvanova ilə Lit.az ədəbiyyat layihəsinin rəhbəri C.Cəfərzadə arasında əməkdaşlıq sazişi imzalanıb. Sazişə əsasən hər iki dildə yerli yazarların əsərlərindən ibarət antologiya hazırlanacaq, “Bukvite” fondunun “Müəllif mərkəzi”, “Bukvite” nəşriyyatı, “Ədəbiyyat studiyası”, “Kitab evi” Lit.az –la birgə layihələr həyata keçirəcək. Tərəflər 10 gün ərzində antologiyalara daxil ediləcək əsərlərin siyahısını bir-birlərinə təqdim etməyi öhdələrinə götürüb. Bundan əlavə xanım Kameliya İvanova son bir ay ərzində Azərbaycanın ədəbiyyat portalında bolqar ədəbiyyatı nümunələrinin dərcini əməkdaşlıq üçün təqdirəlayiq hal kimi qiymətləndirib: “Hörmətli akademikimiz, yazıçı Elin Pelinin, Yordan Radiçkovun, Georgi Karaslavovun və digərlərinin əsərləri elektron formada Azərbaycan oxucusuna çatdırılır. Bu bizim üçün sevindirici addımdır. İndi isə növbə bizimdir”. Xatırladaq ki, portalda dərc olunan bolqar ədəbiyyatı nümunələrinin elektron variantı Səyavuş Məmmədzadənin tərcüməsində nəşr olunan “Bolqar hekayələri” adlı kitab əsasında hazırlanıb.





Yüklənir...
Eladi… Tebrik edirem. lit.az-a ugurlar…
amma nesimihilere nece, antologiyada yer olacaqmi? )))