Rəbiqə Nazimqızı. Şeirlər.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 28 Temmuz, 2008

1ÜZÜK
“Səslərin ardınca” silsiləsindən

Yenə ensiz, sarı, dar hasar.
Qandal yenə tapılar.
Dalana dirənər,
dillənər barmaqlar yenə.
Yanından keçə,
üstündən atıla bilməzsən.
Unuda bilməzsən,
dağıda bilməzsən…
Basılmaz, aşılmaz -
çevrətək qapanıb,
qapısı açılmaz…
Gözlərin qamaşar,
yanına buraxmaz.
Yandırar,
utandırar.
Və bu dəfə yenə yalvara bilməzsən:
“Bircə dəfə o üzüyü çıxar” deyə…

Yaralı oğlanın hekayəti
(“Səslərin ardınca” silsiləsindən)

Əvvəl külək başladı,
sonra naqillər dolaşdı.
Yanımda nəsə partladı,
sonra… mən yatmışdım.

Əvvəl gözlərimi açdım,
hər yanı ağ gördüm.
Sarğıları açmadılar,
gözlədim, dözdüm.

Sonra dostlarım gəldi,
Sonra O…
Əvvəl ağrılar kəsildi,
sonra sarğıları açdılar.

Əvvəl səsləri itirdim,
sonra dostları…
bircə O hələ də
məndən səs-səmir gözləyir…

Səndən sonra

Şeir oxumadım,
gündəlik yazmadım,
səni düşünmədim,
olanları anlaya biləcəyim dilə
çevirmək istədim.
Və anladım ki,
doğrudan da,
tərcümə çətin sənətmiş…

SMS-resept

Bir dəfə gözünü ekrandan ayırıb
körpə qızının gözlərinə bax –
nəsə deyir sənə o uşaq.
Bilirəm, gözlərdən oxumaq çətindi.
Amma elə indi
o gözlərə baxsan,
sənə xeyri olacaq -
bir də mənə dəli ismarışlar yazmayacaqsan…

Anlaşılmazlıq

Uzaqda, lap uzaqda,
dənizboyu uzanan qəsəbədə
uşaqlar qaçışır.
Nənələri onlara təzə nağıl danışır.
Bir kişi nəsə soruşur,
bir qadın darıxır,
saata baxır.
Kimsə məni axtarır
və bilmir ki,
mən yaxında, lap yanındayam…

Yaxındagörmə

Eynəyini gizlədirdin məndən.
Amma mən
sənin daha zəif gördüyünü
çoxdan bilirəm.

Dişimin dibindən çıxan şeir

Nə zəhər,
nə də söyüş,
heç şirə də yox idi.
Dişimin dibindən
qosqoca kötük çıxardı
həkim oğlan…

Külək

Külək hamıyla əylənir.
Agacda yarpaqlar yellənir.
Donumun ətəyi qalxır
və mən yenə
saxlaya bilmirəm onun əllərini…

***

Şeiri oxuyanda gördüm ki,
axtardığım sözlər
bir az bəzənib
yad vərəqlərə düzülüblər.

Zahir Əzəmətə iki parça

1.

Onlar bizə borclu deyillər,
Dilləri daha uzun,
minnətləri daha böyük.
Bizsə hələ də ovunuruq
günahkar özümüzük deyə…

2.

Dostum “yağışı sev” dedi.
O gündən göy üzündən bir damcı da düşmür…

Müxtəlif vaxtların qeydləri

Qarı xatrıladır qızımın nəfəsi -
soyuq çarpayını necə də isidib amma.

***

Əlindən aldığın ovu çoxdan unudub.
Amma hələ də səni axtarır
meşə qanunlarını anlatmaq üçün…

Doğrusu

Bilmədiyim sirrin var.
Qınamıram.
Yanlış anlamıram.
Doğrusunu düşünmürəm…
Və düzü, inan, bu barədə heç düşünmürəm..

Sual

Sənin deyil deyə
ən bahalı gəlinliyə acığın tutmursa,
sənin deyil deyə,
qonşu bağdakı gözəlliyə balta çalmırsansa,
sənin deyil deyə
sevdiyin kişiyə niyə qəzəblisən?

1 səs2 səs3 səs4 səs5 səs (2 səs, hardasa: 3,00 ilə 5 arası)
Loading ... Loading ...

9 Şərh var
Şərh yazın »

  1. bilirsinizmi, bu tip şeirler ciddi bir şey deyil. yalnız zeif olsa bele qadın hissleri ilə bağlı məqamlar “Külək”, “Sual”) nisbətən maraq doğurur. Rebiqenin içi var, ancaq özünəməxsus ifadə tərzi lazımı səviyyədə deyil

  2. P.S. Tez-tez çap olunmağın ziyanı var.

  3. Narahat olmayın, ya düzələr, ya da düzəlməz… diqqətiniz uchun teshekkur edirəm)))

  4. Dostum “yağışı sev” dedi.
    O gündən göy üzündən bir damcı da düşmür…

    bu sher gozumun yashini cixardi
    muellife ugurlar

  5. Xoşuma gəldi ümumən, Rəbiqə.
    Ayrı-ayrı ifadələr daha uğurlu idi.

    Sənə uğurlar!

  6. sheirlerin ən böyük qüsuru onlarda nəsr elementlərinin əndazəni ashmasıdır. sheirlərdə poetik düshüncəyə geyindirilmish sintetik texnika əlli sənə öncə öz ömrünü yashamıshdır.çağdash ədəbi mühitdə xanım yazarlara təsəlli əvəzi deyirlər ki,guya onlar qadın ruhunu ədəbiyyata gətirirlər.əslində,qadın düshüncəsi plotonikdir. ruhun cinsiyyəti yoxdur. bu sheirlərdə bütün texniki oyunlara(hoqqalara)baxmayaraq,poeziya yoxdur. son olaraq bildirim ki,istənilən halda axtarıshları alqıshlayıram,əgər onların mahiyyətində həqiqətən də modern düshüncəyə meyl varsa… həqiqəti demək hələ onu sevməyə zəmanət deyil.

  7. Salam Rəbiqə.

    Dostum “yağışı sev” dedi.
    O gündən göy üzündən bir damcı da düşmür…

    Bilirsən niyə düşmür,qorxur ki,sevginin atəşi yandırar onu…Belə sevmə nə olar)))

    Sual

    Sənin deyil deyə
    ən bahalı gəlinliyə acığın tutmursa,
    sənin deyil deyə,
    qonşu bağdakı gözəlliyə balta çalmırsansa,
    sənin deyil deyə
    sevdiyin kişiyə niyə qəzəblisən?

    Əhsən,çox xoşuma gəldi,hörmətlə

  8. Sizin emailinizi cokdan axtariram. Cok vacibdir

  9. Buyurun, Gulnar – rabiga_79@rambler.ru ve ya rebiqe@hotmail.com unvanlarindan birine yazin…

Şərh yazın