Azərbaycan əyləncə xəstəliyinə tutulub
Yazar: Admin | Bölmə: Kino | Tarix: 29 Temmuz, 2008
Əli İsa Cəbbarov: “Cəmiyyəti uçuruma aparacaq bu xəstəlikdən qorumaq üçün “Fokus” jurnalını yaratdıq”
Yeni nəşrə başlayan “Fokus” analitik kino jurnalının baş redaktoruyla eksklüziv müsahibə
- “Fokus” kino jurnalını yaratmaq ideyası necə və hansı ehtiyacdan yarandı?
- Jurnal Gənc Film İstehsalçıları tərəfindən təsis olunub. Layihənin müəllifləri mən- Əli İsa Cabbarov, Asif Rüstəmov və Vəfa Cəfərovadır. Ehtiyac nədən yaranıb belə jurnala? Art sahəsində görülən hər işin analizə ehtiyacı var. Analiz dedikdə bizimkilər ya tərif başa düşürlər, ya da əsassız tənqid. Əslində çəkilən filmlərin müsbət və mənfi tərəflərini dərk etmək üçün daha çox analitik kino jurnalına ehtiyac var idi. Bundan başqa ən böyük bəla odur ki, Azərbaycan cəmiyyəti əyləncə xəstəliyinə tutulub. İnsan bədən, ruh və ağıldan ibarətdir.Azərbaycan cəmiyyəti isə sanki ruhu və ağlı unudub. Yalnız bədəninə xidmətlə məşğuldur. Faktiki olaraq Azəzarbaycanda sırf analitik jurnal yoxdur. Amma onlarla əyləncə jurnalı var. Cəmiyyəti onu uçuruma aparacaq əyləncə xəstəliyindən qorumaq və ətrafımızda müəyyən intelektual-analitik aura yaratmaq üçün “Fokus” jurnalı yarandı.
- Jurnal peşəkar kinematoqrafçılar üçün nəzərdə tutulub?
- Yox. “Fokus” hamının jurnalıdır. Orada müxtəlif rubrikalar var. Jurnalın quruluşu və mövzu seçimi elədir ki, yalnız peşəkar kinematoqrafçılara ünvanlanmayıb. Digər tərəfdən minimum məqsədimiz odur ki, jurnalımız peşəkar kinematoqrafçıların vəsaiti ola bilsin. Yəni peşəkarlar yeni ssenarilər ilə tanış olmalıdırlar, lazımlı informasiyalar almalıdırlar. Ən əsası isə cəmiyyətin nəbzini tutmalıdırlar. Cəmiyyətin nəbzini tutmaq üçün cəmiyyətin müxtəlif təbəqələrinin həyatı, məişəti, fəlsəfəsi haqqında məlumatı olmalıdır. Bu baxımdan bizim polemika rubrikamız var. Birinci sayda bu rubrikada “yerlilər və gəlmələr” mövzusu müzakirə olunub. Sonra Nərmin kamalın “Naturaçı qadınlar” haqqında maraqlı yazısı var. Yəni bizim auditoriya sırf kinopeşəkarlar deyil. Biz cəmiyyətimizi bu gün dəqiq, aydın, iluziyalarsız, streotiplərsiz görmək istəyirik. Və buna görə jurnal düşünən hər kəs üçündür.
- Kino peşəkarları demişkən, sizcə Azərbaycanda belələri var? Yəni bu yaxınlarda “Absurdistan” filminin premyerasında alman rejissoru baxışdan sonra filmin texniki heyətini təqdim edirdi. Film Azərbaycanda çəkilsə də, texniki heyət bütövlükdə Gürcüstandan dəvət edilmişdi. Əgər bizdə siz dediyiniz kimi peşəkarlar varsa, onlar haradadır?
- Konkret “Absurdistan” filminə gəldikdə, səbəb çox banaldır. Azərbaycan mütəxəssisləri ingiliscə bilmirlər. Mən özüm də ingilis dilini bilmirəm. Bu böyük bir qüsurdur. Və bu təkcə Azərbaycan kino ictimaiyyətinin problemi deyil, inandırıram sizi, heç bir yaradıcı gənc Azərbaycanda ingilis dilini bilmir. Məsələn, yeni nəsil yazarlar Seymur Baycan, Aqşin, Qan Tural, Rasim Qaraca, Şərif Ağayar – bunlardan heç biri ingilis dilini bilmir. Bədbəxtçilik ondadır ki, çoxları heç rusca da bilmir. Bu bizim nəslin, içi mən qarışıq, ümumi problemidir. Biz öyrəşmişik ki, biz filmi, Moskva da qəbul edir. Daha biz imperiya sakinləri deyilik. Dünyanın sakinləriyik və bunun vacibliyini dərk etməliyik. Dünyanın əsas şərtlərindən biri ingilis dilini öyrənməkdir.
- “Fokus” jurnal artıq bir neçə həftədir ki, satışdadır. Oxucuların reaksiyası necə oldu bu jurnala?
- Rəhman Bədəlov, Ayaz Salayev, Oktay Mirqasımov, Mədəniyyət Nazirliyinin kino şöbəsi, bizim gənc həmkarlar, sıravi oxucular, yeni nəsil yaradıcı gənclərdən gələn rəylərdən bəlli oldu ki, bu jurnalı çoxdan gözləyirdilər. Azərbaycanda analitik jurnala çoxdan ehtiyac var. Maliyyə baxımından sözsüz ki, uduşlu layihə deyil. Yaxın yarım ildə biz ancaq oxucu qazanmaq üçün işləyəcəyik.
- Əgər maliyyə baxımından uduşlu layihə deyilsə, o zaman bu jurnalı yaratmaqda marağınız nədir?
- Həsən Bəy Zərdabinin “Əkinçi” qəzetindən heç bir gəliri yox idi. Bununla bağlı məni dəhşətə gətirən bir faktı da deyim ki, Zərdabi “Əkinçi” qəzetini çap edən zaman o zaman Azərbaycanda yaşayan ermənilərin onlarla dərgisi var idi. Təsəvvür edin bu nə deməkdir? Təəsüf ki, bu məsələrdə biz həmişə uduzmuşuq. Bu jurnalı biz- yaradıc heyət- öz hesabımıza çap etdik. Yəni öz qonorarlarımızı bu jurnalın yaranmasına xərclədik. Növbəti nömrələrə isə Açıq Cəmiyyət İnstitutu pul ayırır. Bu təbii ki, artıqlaması ilə, bəs eləmir. Amma minimal xərcləri ödəyir. Bizim ilk nömrəni oxuyan insanlar bir sual verir, ikinci nömrə nə vaxt çıxacaq? Biz bu oxucu marağından stimul və enerji alıb işimizi davam etdirirk.
- Yeri gəlmişkən “Fokus” kino jurnalının növbəti sayı nə vaxt çıxacaq?
- Sentyabr ayında…
Nigar Atakişiyeva





Yüklənir...
FOKUSa və dərginin yaradıcılarına uğurlar.kinomuzun uğurlu gələcəyi belə düşünməyi və işləməyi bacaran insanların əlindədir.Allah qorusun.