Azad Yaşara cavab

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 30 Temmuz, 2008

1Biri çevirini ruscadan, digəri də orjinaldan edirsə, burada hansına üstünlük verilməsi oxucu ixtiyarındadır

Cəlil Cavanşir Yurdsevən

Mümkün qədər bu günki ədəbi qalmaqallardan uzaq olmağa çalışsam da, alınmır. Hansı mətbu orqanda bir ədəbi yazım yayımlanırsa, qərəzli tənqidlərin və qərəzli münasibətin şahidi oluram. Bu yazını yazmaqda məqsədim şikayətlənmək deyil. Sadəcə və sadəcə Azad Yaşar adlı qələmdaşıma cavab vermək istəyirəm. Bu qoca yazarlar həmişə belə cığal olaraq qalacaqlar. 60-cı illərin qocaları ilə bunların fərqi çox azdır. Azad Yaşar qoca olmasa da gənc də sayıla bilməz. Zənnimcə AYB-ni qamarlayan qocalarla Rasim Qaracanın ətrafında toplanan Azad Yaşar kimi qocaların fərqi çox azdır. Azad Yaşarın qiyas etdiyi orjinal tapıntı məsəli özünə qətiyyən aid deyil. Olsa, olsa, orjinallıq onun ruscadan etdiyi tərcümələrdədir. Dəvə məsəli də onun özünə və ətrafına aiddir.
“Proloq ” qəzetinin 05.07.2008 tarixli 16-cı sayında “Plagiat baş alıb hayana gedir?” adlı yazıya münasibətimi bildirməyim məncə yerinə düşər. Azad Yaşarın bu yazısının başdan ayağa cəfəngiyyat olduğunu bir cümləylə bildirib keçirəm arqumentlərimə. Azad Yaşar yaradıcılığına uyğulanan plagiat hadisələrindən danışmaq əvəzinə, çaşıb yazısını təkcə mənə həsr edib.
Öncə onu deyim ki, qəzetin xırda bir texniki səhvinin “başna ip salmaq” savadsızlıqdır. Mən əminəm ki, Azad Yaşar mənim ədəbi imzamın Yurdsevər yox Yurdsevən olduğunu çox gözəl bilir. İlk dəfə “Ədalət” qəzetinin “Nar” əlavəsində Rasim Qaraca mənim imzamı Yurdsevər olaraq yazmışdı və bunun texniki səhv olduğunu düşünmüşdüm. Sonradan dəyərli Rasim qardaşım təkrarən bu texniki səhvə yol verərək baş redaktorluğunu yaptığı “Alatoran” dərgisinin 10-cu məhşur sayında imzamı təhrif etmişdi. Bu tip xırda məsələləri mübahisə obyekti eləmək və şişirtmək fikrindən uzaq olduğum üçün məsələni qapatmışdım. Ancaq Azad Yaşarın bu yazısından sonra mənə elə gəlir ki, bu təhriflər də qərəzlidir. Nə isə, bu başqa yazının mövzusu olduğu üçün keçirəm Azad Yaşarın cəfəngiyyatla dolu yazısına. Mənim imzamın “patriot” anlamına gəldiyini yazan Azad qardaşıma demək istəyirəm ki, mənim imzam elə “yurdunu sevən insan” anlamına gəlir.
Azad Yaşar iddia edir ki, Erix Friddən etdiyim tərcümələrin altısı ona məxsusdur və bu tərcümələri 1995-ci ildə Rusiyada yaşayarkən tərcümə edib. Bunun mümkünlüyünə mənim qətiyyən şübhəm yoxdur. Əgər elədirsə, onda nə üçün Rasim Qaraca həmin şeirləri “Alatoran” jurnalında, “Jurnal içində jurnal” layihəsi adı altında, Almaniyanın “Literaturen” jurnalının bədii materealı kimi çap edib? Axı “Literaturen” jurnalının 3 mart 2007-ci il nömrəsində Erix Fridin heç bir şeiri yoxdur. Onda Azadın məntiqincə mən plagiatçıyamsa, Rasim Qaraca və Azad Yaşarın da redaksiya heyətində təmsil olunduğu jurnal yalançıdır. Yəni 1995-ci ildə tərcümə olunmuş şeirləri 2007-ci ilin materealı kimi çap elətdirərək oxucuya ucuz yalan sırıyırlar. Hələ onu demirəm ki, adıçəkilən jurnalda müəllifi Günter Grass olan “Annabel Lee” adlı şeir də “Literaturen” jurnalında yoxdur və həmin şeir Nuridə Atəşinin “Orjinaldan tərcümələr” kitabındakı eyniadlı tərcümədir. Deyə bilərsiniz ki, burda qeyri-adi heç nə yoxdur. Mən isə iddia edirəm ki, var. Əgər tərcümə verilirsə, onun müəllifi də verilməlidir. Bəlkə bu şeiri də Azad çevirib?
Mənim ağlıma gələn başqa bir fikiri də Azadla bölüşmək istəyirəm. Deyirəm bəlkə bu materealllar heç “Literaturen” jurnalının deyil? Azad bu yazıları hansısa rus jurnalından götürüb?! Azad Yaşarın istinad etdiyi həmin mətbu orqan isə ən tezi 1988-ci ildə çap olunub, çünki Erix Frid 1988-ci ildə Almaniyaya etdiyi səfərlərin birində vəfat edib və Londonda dəfn olunub. Azad isə tərcüməsinə yazdığı ön sözdə Erix Fridin Londonda yaşadığını yazır. Ön sözdəki digər yanlışlıq isə Erix Fridin ilk kitabının çapıyla bağlıdır. Yenə ön sözdə Azad yazır ki (tərcümə edir ki?), Erix Fridin ilk kitabı İngiltərədə nəşr olunub, ancaq Erix Fridin ilk kitabı 1944-cü ildə gizli şəkildə Avstryada “PEN” nəşriyatında “Almaniya (Deutschland)” adı ilə çap olunub. Digər səhv isə lap biabırçıdır. Azad ön sözdə yazır ki, E.Fridi Şekspirdən etdiyi tərcümələr məhşurlaşdırıb. E.Fridin tənqidçiləri isə bu tərcümələrin zəif olduğunu, E. Fridin ən uğurlu tərcümələrinin isə Dilan Tomasdan olduğunu yazırlar. Məhz E.Fridi də Dilan Tomasdan etdiyi tərcümələr məhşurlaşdırıb. Bütün bunlar azmış kimi Azad E. Fridin bir kitabının adını da səhv tərcümə (?) edib. Məlumat üçün onu deyim ki “100 Gedichte ohne Vaterland” kitabının adı almancadan tərcümədə “Vətənsiz 100 şeir” anlamına gəlir. Əgər kitabın adı “100 gedichte” olsaydı, bunu “100 şeir” kimi tərcümə etmək olardı.
Təbii ki, Azad Yaşar alman dilini bilirsə, bu tərcümələri edə bilər. Ancaq deyəsən Azad almanca… Onun “Alatoran” dərgisində çap etdirdiyi tərcümələrlə tanışam, çünki tərcümələr çap olunan sayda mənim də bir şeirim çap olunmuşdu. Azadın bu tərcümələri ilə tanış olmamışdan qabaq mənim Erix Friddən etdiyim tərcümələr artıq “Mərkəz” qəzetinin 8 may 2007-ci il tarixli sayında “Çölçülər Ədəbiyyat Mərkəzi”nin ədəbi əlavəsində yayımlanmışdı. Azadın tərcüməsini öz tərcüməmlə tutuşdurmasam da Erix Frid haqqında yazdığı ön sözün yanlışlıqlarla dolu olduğunu görmüşdüm. Bu yazını yazmamışdan öncə isə tərcümələri tutuşdurdum və yaxınlığın az olduğunun şahidi oldum. Mən bu tərcümələri yenilik kimi öz adıma çıxmıram və Azadın da zəhmətinə sayğıyla yanaşıram. Etiraf edirəm ki, hansı dildən tərcümə olduğunu bilməsəm də Azad bu tərcümələri məndən qabaq edib. Mənim Erix Fridə ilk müraciətim 2005-ci ildə olub. Ali məktəbin 2-ci kursunun yay semestrində “Erix Fridin şeirlərində müharibə mövzusu” adlı kurs işi yazmışam. Erix Fridin “Dinlə İsrail”, “Uşaqlar üçün bomba” şeirlərini məhz o vaxt tərcümə etmişəm. Bundan sonra Erix Fridin şeirlərinə olan marağım üzündən müəllifin təxminən bir kitablıq şeirlərini tərcümə etmişəm. Tərtib etdiyim kitaba isə “Dinlə İsrail” adını vermişəm. Maddi səbəblərdən bu kitabın çapı ləngiyir. Onu da diqqətinizə çatdırım ki, mənim öz blogumda Erix Fridin 38 şeiri yayımlanıb. Buyurub baxa bilərsiniz: http://www.celilyurdseven.tk
Bunun məsələyə dəxli olmasa da bildirməyi özümə borc bilirəm ki, Erix Fridin əsərlərinin tərcüməsinin Azərbaycanda iki fərqli yazar tərəfindən edilməsi mümkündür. Biri çevirini ruscadan, digəri də orjinaldan edirsə, burada hansına üstünlük verilməsi oxucu ixtiyarındadır.
Azad yazır ki, Azərbaycan xəritədə rəqəmlə göstərilir. Mən bu fikirlə razıyam. Əgər sizin kimi yazarlar olmasaydı, bu gün Azərbaycanın Güneyi ilə Quzeyi birlikdə idi. Bu gün Azərbaycanın xəritədə rəqəmlə göstərilməsindən utanmayan sizin kimilər ancaq ambisiya xətrinə ədəbiyyatla məşuğul olurlar. Ancaq mən əminəm ki, Bütöv Azərbaycan xəritədə rəqəmlə göstərilməyəcək. O zaman sizin kimilərin də deməyə sözü olmayacaq.
Azadın plagiat iddiası əsasız olduğu qədər də gülməlidir. Necə olur ki, mən oxumadığım bir yazını plagiat edim. Azad özü də bilir ki, bizim tərcümələrimizdə eyni sözlər və sintaksislər azdır və tərcümələr fərqlənir. Azad iddia edir ki, eyni sözlərlə və sintaksislərlə tərcümə mümkün deyil, halbuki buna aid yüzlərlə nümunələr var və məni ən çox təəccübləndirən də budur ki, bizim dilimiz nə qədər zəngin olsa da bəzi alman sözlərinin türkcəmizdə ekvivalenti bir dənədir. Əgər Azad alman dilini bilirsə, bunu bilməmiş deyil.
Sizcə “plagiat tərcümə” adlandırdığınız aşağıdakı şeiri necə çevirməliyəm ki, sizin tərcüməyə bənzərliyi az olsun:

1.Antwort (Almanca orjinalı)

Zu den Steinen
hat einer gesagt:
seid menschlich
Die Steine haben gesagt:
Wir sind noch nicht
hart genug

2.Cavab (C.C.Yurdsevənin tərcüməsi)

kim isə daşlara
“insan kimi olun!”-
dedi.
daşlar belə cavab verdi.
“buna nail olmaq üçün biz
bir az da bərkiməliyik.”

3.Cavab(Azad Yaşarın tərcüməsi)

kim isə daşlara
“insan kimi olun!”-
dedi.
daşlar belə cavab verdi.
“buna nail olmaq üçün biz
bir az da daşlaşmalıyıq.”

Azad qardaşım səncə “Den Steinen-daşlar” sözü başqa necə tərcümə olunur? Və yaxud “seid menschlich- insan kimi” söz birləşməsi daha necə tərcümə olunur? Digər bir məsələ hansı dildən tərcümə etdiyini bilmirəm, ancaq alman dilində aşağıdakı sintaksis sənin tərcümə etdiyin şəkildə tərcümə olunmur. “Wir sind noch nicht hart genug” sintaksisinin türkcəmizdə qarşılığı “… biz bir az da bərkiməliyik” kimi tərcümə olunur. Bu ifadə bədii cəhətdən qüsursuz sayıla bilrər və heç bir “azadvari” düzəlişə ehtiyac duyulmur. Əgər sənin “özünəməxsus sintaksis” dediyin budursa, şəxsən mən bir ədəbiyyat fanatı və alman dili mütəxəsisi kimi bunu qəbul etmirəm. Misalları hər altı şeirlə izah edə bilərəm, ancaq uzunçuluğa ehtiyac görmürəm. Əgər bu mövzunu uzatmaq fikrin olarsa mütəxəsislərin iştirakı ilə istənilən debata hazır olduğumu bilmiş ol. Bütün bu məqamlara diqqət etməyini rica edirəm Azad qardaş!
Mən onu da bildiməyi özümə borc bilirəm ki, mənim heç bir plagita ehtiyacım yoxdur. Əgər belə şeyə ehtiyac duyan birisi sənə lazımdırsa, onu öz sıralarınızda axtar. Çünki mən nəyi necə etdiyimi anlayan birisiyəm.

Qaldı ki, üslub məsələsinə, Azadın üslubu o qədər də fərqli deyil. “Alatoran” dərgisi ətrafında toplanan yüzlərlə yazardan Azadın fərqli heç nəyi yoxdur. Əgər Azad hesab edirsə ki, o fərqli üslub sahibidir, onda bilsin ki, üslubun tərcüməyə dəxli çox azdır. Tərcümə ədəbiyyatı mənim nəzərimdə dəqiq elmlərə yaxın bir ədəbiyyatdır və tərcümənin dəqiq və dürüst, orjinala yaxın olması vacibdir.
Təbii ki, oxunaqlı və anlaşıqlı olması da vacib şərtdir. Deməli burda söhbət Erix Fridin üslubundan gedir və bu üslub hər iki tərcümədə eyni ola bilər. Sizin tərcümələrinizin əksəriyyəti ilə tanış olduğum üçün uğurlu tərcüməçi olmağınız barədə dediklərinizlə qismən razıyam. Ancaq uğurlu tərcüməçi olmaq o demək deyil ki, siz istədiyiniz tərcüməçini plagiatda suçlayasınız.

Əziz oxucular, mühakimə yürütməyi sizin ixtiyarınıza buraxıram. “Proloq” qəzetinə də uğurlar arzulayıram və bildirmək istəyirəm ki, mənim bizimki.org saytında yayımılanan tərcümələrimə qarşı Azad Yaşarın iddiaları əsassızdır. Ədəbi imzamı təhrif etməyinizi isə texniki qüsur kimi qəbul edirəm. Diqqətlə baxsanız görərsiniz ki, mənim imzam sizin yazdığınız kimi deyil.

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

13 Şərh var
Şərh yazın »

  1. CƏLİL, KİFAYƏT QƏDƏR GENİŞ İZAHATDIR MƏNCƏ. SƏNİ ŞƏXSƏN TANIDIĞIM ÜÇÜN ALMAN DİLİNİ HANSI SƏVİYYƏDƏ BİLDİYİNƏ BƏLƏDƏM. HƏTTA TƏLƏBƏ VAXTI SƏNDƏN ÖYRƏNDİYİM BƏZİ ALMANCA SÖZLƏRİ DƏ XATIRLAYIRAM. PROLOQ QƏZETİNİN NÖVBƏTİ SAYINDA ÇOX GÜMAN Kİ, SƏNİN BU CAVABIN ÇAP OLUNACAQ.

  2. Azad Yashar arxadashi tebrik edirem; plagiatlari ve ustelik, hansisa xarici dilde 3-5 kelime bilib ozunu, tercumechiyem, deye edebiyyatimiza soxushduran firildaqchilari ifsha etmezsek sabah edebiyyatimizdan eser-elamet qalmayacaq…

  3. Dəqiq kəlimələrlə “Wir sind noch nicht hart genug”
    cümləsi “bir az da bərkiməliyik” mənasına çevirilirsə məncə Azad Yaşarın “bərkiməy”-i “daşlaşmaq” ilə əvəz etməsi uğurlu çeviridir.
    səhv edirəmsə üzürlü hüsab edin.
    PS: Eziz Celil, tenqidi və analitik meqaleler məişət üslubunda yazılmır, diqqətli olmaqda yarar var.

  4. Tekce ele Cavab sheirinin 2 tercumesini tutushduranda, Azadin plagiat barede dediklerinin dogrulugu uze chixir. Eger hegigeten Celil Azadin tercumesinden xebersiz olsaydi, bu kichik sheiri her halda bele cevirerdi * “insan kimi olun!” -dedi / kim isə daşlara. / daşlarsa buna belə cavab verdiler. / “bundan otru biz / hele bir az da sertleshmeliyik”. O ise, sheiri ogurlamagi bir yana dursun, saxta patriotlugla goze kul ufurur.

  5. Yeni edebiyatimiz indi dunyada daha cox AYO ile taninir ve yaxin gelecekde bu bele de olacag. Azad vetenimizin regemle gosterilmesini patriot olmadigi ucun yox, onun kicikliyini gabartmag ucun deyib. yeni bele xirda olkede de edebi ogurlug mumkunmush… sen de hem Alatoranda cap olunursan, hem de guya onu beyenmirsen. Goca AYB-nin kif goxusu gelir mentiginden.

  6. Eziz Celil, eger cekinmirsense, diger sheirleri de ikinizin tercumesinde bu sehifeye goy. Kimin dogru, kimin ogru=plagiator oldugu ortaya cixsin ve goy bunu kultaz.com oxuculari desin. Amma Yashar senden gabag bu ishi gorduyu ucun senin pis durumda galacagin beri bashdan da belllidir.

  7. celil bey yaxşi olar ki alman dilinin tedrisi ilə məşğul olasınız. tercümə başqa işdir. nizami kinoteatrı yaxınlığında “Jalal” dil və kompüter kursları fəaliyyət göstərir. ora müraciət edə bilərsiniz. tərcümə tamam başqa işdir…

  8. celil kifayet qeder ciddi tercumecidi onun tercumelerini cox oxumusam hormet gosterdiyim qelem adamlarindan biridi mence aciq yazilib meqalede neyin ne oldugu
    beyoler insafli olun bir az

  9. iki ayri adamin eyni sherleri eyni ifadelerle cevirmesi iki neferin eyni yuxunu gormesi geder absurddur. Hec yan-yanashi yatan adamlar da eyni yuxunu gore bilmezler. Hetta bunu isteseler de. Halbuki Fridin metnleri standart mentigden cox-cox uzagdirlar. Sizi bilmirem, amma men Celile YOX! deyirem. Arxadan gelib, gabaga kecmeye calishir. Goy gedib serleri fergli shekilde tercume elesin ve bu dava bitsin

  10. Salam eziz edebiyyat fanatlari. Kim ne isteyir yazsin fikir bildirmek serbestdir. Men qetiyyen cirnamiram.Here bacardigi qeder doshesin.
    Novarg seni de artiq tanidim. Buyur yaz. Ancaq xahish edirem ki, menimle qerezin varsa bunu oz aramizda hell eleyek. Ancaq birce xahishim var, Mene kimse agil oyretmesin bele sheylerden xoshum gelmir. Bir de uzur isteyirem ki, hereye layiq oldugu cavabi vermirem. En esasi odur ki, edebiyyat oxumaq medeniyyetimiz var. Buna sevinmeye deyer

  11. Azadin yaradiciligina beledem, amma seni dunen tanidim. Hansi bostana dash attigindan xeberin yoxdur

  12. Gelin menasiz atmacalarla bash aparmaq kimi ucuz oyunlara getmeyek. Eger bu qeder insan bu meselenin maragindadirsa istenilen sheraitde debata haziram.
    Azad beyi ve dostlarini istenilen zaman devet edirem ki, gelsinler uzbeuz bu cevirileri muzakire edek. Eger Azad bey atdigi bohtani isbat etse, haqli oldugunu mene ve mutexesislere subut etse men bir beyefendi kimi ondan uzur istemeye haziram! Eks halda kimin ne yazmasindan, ne demesinden asili olmayaraq men fikrimde qaliram. Azad Yasar mene ogru dediyi ucun uzr istemelidir. Men eger kimlerinse ucuz yalanini uze cixariramsa burda teeccublu hec ne yoxdur! Gelin yazdigimiz serhlerde ve fikirlerimizde sexsi munasibetlere yox, heqiqete daha cox fikir verek. Meger menim getirdiyim faktlar ve arqumentler sizleri razi salmir? Inkishaf etmish insan shuuru ile butun heqiqetleri anlamaq mumkundur. Insafli olun dostlar! men bu mekanda hamidan chox Azad beyin cavabini gozleyirem! Ondan bashqa kim ne yazir yazsin menim umurumda deyil. Eyvallah dostlar!

  13. Eziz Celil bey. indiyedek yaradiciliginiza hormetim vardi. Amma A.Yasharin dediyi shiir.ihya.org saytindaki Shairler linkinde E.Fridin sheirlerini tapib, sizin tercumelerle garshilashdiranda bunlarin plagiat oldugunu men de gordum. Indi ne deyim size, he? Yeni metn ogurlugu Sizden otru bu gedermi heyati meseledir? Yoxsa Allahin her emelimizi gorduyu de umurunuzda deyil?
    Tutag ki, cirkin emelinizi bendelere etiraf etmirsiniz, bes Mesher gunu Allahdan nece gizledeceksiniz? Men de sizi imani kamil birisi sayirdim.
    Dostlarinizi sizi hagli olarag plagiatda gunahlandiran birisine garshi sherhler yazmaga mecbur etmeniz ise meglubiyetinizden bashga bir shey deyildir. Ozunuzu kohne yazar hesab etseniz de, nedense xitablarin cumlede diger kelmelerden vergulle ayrildigini hele ki oyrenmish deyilsiniz.

Şərh yazın