Azərbaycanda barmaqla göstəriləsi ziyalı yoxdur

Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 30 Temmuz, 2008

Tofiq AbdinTofiq Abdin: “Ağlıma da gəlməzdi ki, Abbas Abdulla da şeytana uya bilər”

Şair-publisist Tofiq Abdinlə müsahibə

   – Tofiq bəy, jurnalistlər üçün nəzərdə tutulan “Media açarı” mükafatının builki təqdimatı qalmaqalla yadda qaldı. Mükafata təqdim olunan və qalib elan edilən yazıların səviyyəsi müxtəlif adamlar tərəfindən şübhə altına alındı. Bildiyimiz qədəri ilə, Siz də builki müsabiqəyə yazı təqdim etmisiniz. Amma qalib olmadınız. Düşündünüzmü, niyə?
- Sualınıza qısa cavab verməli olacam, çünki bütün təfsilatı yazarı olduğum “Ədalət” qəzetinin yaxın saylarından birindəki yazımda açıqlamaq niyyətindəyəm. Mən müsabiqəyə “Ədalət”də çıxan bir neçə yazımı, o sıradan da, elə sənin özünün də çox bəyəndiyin “Ölməyin məndən qabaq” yazısını təqdim etdim. Amma “Media açarı”nda bu yazıları dəyərləndirmədilər və niyəsinə cavab vermək də mənim üçün çox çətindir. Peşmanam, gərək yazıları heç müsabiqəyə təqdim etməzdim, bir işdi oldu… Mən o mükafatı alan (təbii, publisistika nominasiyası üzrə nəzərdə tuturam) bütün yazarları ürəkdən təbrik edirəm. Mənim bu mükafatı ala bilməyim üçün bir neçə samballı qələm sahibi səfərbər olsa da, münsiflər heyəti olanlar onların bu narahatlığını heç veclərinə də almadılar və göstərmiş oldular ki, “yox, qardaşım, sizin xahişləriniz bizə vız gəlir, biz demokratik yolla mükafat veririk, heç başınızı ağrıtmayın”. Mən nədən bu mükafatı ala bilmədim? Bəlkə yaşım mane olub? Amma bir mahnıda deyildiyi kimi, “yaşın nə fərqi var ki!” Bəlkə “dayılarım” zəif olub? Adlarını açıqlamıram, eldən ayıbdı… Bəlkə yazılarım zəif olub? Ən azından publisistika üzrə verilən ikinci mükafatdan görünür ki, yox, yazının zəif, güclü olması heç nəyi həll etməyib. Yaxşı, onda bəs necə oldu ki, mən o mükafatı ala bilmədim? Anlamaq çətindir. Amma necə olursa olsun, məni bu bəlaya salanın özü bu bəlaya mübtəla olsun! Vəssalam. Başqa sözüm yoxdur.
   – Abi, bir müddət əvvəl sizin Milli Təhlükəsizlik Nazirliyinə Azərbaycanın İstanbuldakı keçmiş konsulu Abbas Abdulla haqqında donos yazmağınız barədə AYB mətbuat xidməti KİV-ə məlumat ötürdü. Uzun müddət çalışdığınız bir qurumun – AYB-nin sizə belə münasibətini gözləyirdinizmi?
- İnanın ki, bu məsələdə xeyli şübhəliyəm, özümün də aydın, dəqiq bildiyim bir şey yoxdur. Mənim AYB ilə heç bir problemim olmayıb və çox sakitcə həmin təşkilatın bir dərgisindən uzaqlaşmışam. Təbii ki, öz kefimdən yox, səbəbini hələ də bilmədiyim bir uzaqlaşdırılmadır bu. Siz xatırlatdınız, açıq deyəcəm, hələ də bu donos söz-söhbətini düşünəndə canımı üşütmə alır. Bu qədərini mən gözləmirdim. İndiyədək də başa düşmürəm, bu, AYB-nin, onun rəhbərliyinin mövqeyidir, yoxsa mətbuat xidməti rəhbəri Ədalət Əsgəroğlunun… Maraqlı budur ki, mənim Ədalətlə heç bir problemim yoxdur. Onun haqqında yazı yazmışam, pis ya yaxşı. Ədalətin mən qərib günlərini görmüşəm, kişiliyə sığmasa da, xatırlatmalıyam, gecə evimə zəng edib bəzi xahişlər eləyib vaxtilə. Həmişə də kömək etməyə çalışmışam. İndi o, mənə qarşı bunu niyə elədi bilmirəm. Mən yenə də israr edirəm: şayət, həmin “donos” deyilən yazı varsa, çap etsinlər. Mənim ailəm var, uşaqlarım var, kimi inandırmaq olar ki, mən bu yolun yolçusu deyiləm. Bəlkə də mənim adımdan kimsə elə bir donos yazıb, razıyam, hətta belədirsə də, qoy çap etsinlər. Sonrasını məhkəmə bilər. Onu da deyim ki, mən 1964-cü ildə evimdə Azərbaycanın bütövləşməsi ilə bağlı təşkilat qurduğuma görə o vaxtki DTK-ya çox aparılmışam. Bu barədə millət vəkili Elmira xanım Axundovanın kitabında ətraflı bəhs olunur. Özüm də “Dövlət çevrilişi” adlı yeni sənədli povestimdə bu barədə geniş bəhs etmişəm.
   – Abbas Abdullanın özü məsələ ilə bağlı qəzetimizə açıqlamasında Sizin ondan MTN-ə donos yaza biləcəyinizi istisna etmədi. Sizsə onu mənəvi atanız hesab edirdiniz. Necə qarşıladınız Abbas bəyin bu münasibətini?
- Çox dəhşət, çox dəhşət. İnanın, Abbas bəyin belə münasibəti gözlərimi yaşardır. Suallarınıza cavab yazdığım bu anlarda nəvəm yan-yörəmdə oynayır, həyat yoldaşım onunla məşğuldur. Ağlamaq məni boğur. Lap deyək ki, Ədalət Əsgəroğlu belə bir şey söyləyir, amma Abbas bəyin bu məsələdə mövqeyi məni dəhşətə gətirdi. Abbas bəy həmişə məndən yüksək vəzifələrdə olub və ən dəhşətlisi məni və ailəmi məhz Abbas bəy Xarici İşlər Nazirliyindən icazə alaraq, ora – İstanbula aparmışdı. Dəhşətdi, biz ata-bala olmuşuq. Mənim nişanımı o eləyib, toyumda “böyük oğlumu evləndirirəm” deyib. Abbas mənim atamın məzarı başında ağlayıb, mən onun anasının yasında ağlamışam. Qardaş, biz onunla bir ömür yaşamışıq, uzun bir ömür, Abbas bəyin bu açıqlamasının anlamını başa düşmürəm. Mən onun başçılıq etdiyi baş konsulluqda heç bir vəzifə tutmamışam və təkrar edirəm: Abbas bəyin bu açıqlaması anlaşılmazdır. Abbas bəy özü də yaxşı bilir ki, ondan kimlər donos yaza bilərdi və mən bilən Abbas bəy həmin vəzifədə dövləti təmsil etdiyi üçün və layiqli təmsil etdiyi üçün onun özü birbaşa MTN-lə bağlı olmalıdır. Üstəlik, Abbas bəy yaxşı bilir ki, o zaman ondan yazılan donos Yazıçılar Birliyinə göndərilə bilməzdi. Çünki o, rəsmən Xarici İşlər Nazirliyinin ştatında idi və belə bir donos var idisə belə, həmin donosu nazirliyə göndərərdilər, Yazıçılar Birliyinə yox. Abbas bəyin çox sevdiyi və məni də o ruhda tərbiyə etdiyi türkcə bir deyim var: Maalasef…maalasef… Sağalmaz bir yara deyərlər buna. Allah hər şeyi görür. Şayət Abbasın Allahı varsa, o bilir mən onun çalışdığı kosulluqda nələr çəkmişəm və bu bəzi yazılarımda ifadə olunur. Heyif, çox heyif. İnsanların bu qədər dəyişə biləcəyini, şeytana uyacağını düşünməzdim, Abbasın dəyişəcəyini, uyacağını heç düşünməzdim. Həyatımın ən böyük yarasıdı bu mənim üçün.
   – Yazar Tofiq Abdin indiki cəmiyyətdə özünü necə hiss edir?
- Sizlər necəsinizsə, mən də eləyəm, mən bir az artıq əziyyət çəkirəm. Ki, sizə -istedadlı, cəsur gənclərə heç bir köməkliyim dəymir. İndi ən böyük mübarizə yaşamaq mübarizəsi və namuslu yaşamaq mübarizəsidir. Sonunda mənə də olan oldu.
   – Cəmiyyətdə ziyalı mövqeyi ilə bağlı mübahisələr var. Siz ziyalının cəmiyyətdəki rolunu nədə görürsünüz? O, öz üzərinə düşən vəzifənin öhdəsindən gələ bilirmi?
- Vallah, sabahın bu isti saatlarında mən sənə bu cavabları yazıram, özü də şərt qoymusan ki, gecikdirməyim, sənin bu sualına geniş cavab vermək zor. Barmaqla göstəriləsi ziyalı yoxdur. Hər ortam öz ziyalısını yetişdirir, bizim də olanımız ortada…
   – Azərbaycanın yeni yaradıcı nəslinə qısqanc münasibətin kökü haradadır və belə qısqanclara münasibətiniz?
- Qısqanırlarsa, deməli, bir işlər görürsünüz. Ədalətin sizin – yaradıcı gənclərin tərəfində olduğuna böyük ümidim var, hər gün bu ümid özünü daha çox doğruldur. Sıxıntılar olsa da, çox işlər görürsünüz, iş varsa qısqanclıq da təbiidir. Ürəyinizə salmayın, davam edin!
   – Tofiq Abdin Azərbaycanı necə görmək istəyir? Həmin Azərbaycanı gözləmək üçün neçə il lazımdır?
- Bir az hövsələm daraldı artıq… Şəxsən mən heç nə gözləmirəm. Əvvəldən həyatımı elə qurmuşam ki, mənə verilənlərlə razılaşmışam. Azərbaycanı yeniləşdirmək sizin işinizdir və bu işinizdə sizə uğurlar arzu edirəm.

Müsahibəni hazırladı:
   Elnur Astanbəyli

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

12 Şərh var
Şərh yazın »

  1. Əziz Tofiq bəy!

    Sənin müsahibəni oxudum, müsahibədəki özünə və özgələrinə münasibət sözün həqiqi mənasında məni kövrəltdi. 60-cı illərin sonu 70-ci illərin əvvəlindəki Bakını xatırladım.
    Bizim Əli Kərimi sevməyimiz yadıma düşdü.
    Bu sevgi hələ də sənin içəridəndir, Tofiq bəy. Ona görə də ətrafında baş verən anormallıqlar Səni belə sarsıdır. Əslində buna sarsılmaq da demək olmaz. Sadəcə Sən bir insan kimi ağrayırsan. İndi bizim cəmiyyətimizdə məhz bu ağrı çatışmır; insani ağrı, adamları bir – birinin yadına salan ağrı…

    Stalin rejiminə məhz bu ağrı qalib gəldi. Anormal adamalar içərisində yaşayan normal adamları bir – birinə məhz bu ağrı nişan verdi, vicdan cəfakeşləri məhz bu ağrının hesabına bir – birini axtarıb tapdılar.
    Bu ağrı 60-cı illərdə çox böyük mənəvi axtarışların əsasını qoydu.
    Amma təəssüf, sən demə, 60-cı illərdən sonra 70-ci illər də varmış.

    İndi yaşadığımız cəmiyyətdə qəribə bir qorxu var; elə bil sürüyə canavar soxulub, sürü pərən – pərən düşüb və o canavar ovunu götürüb gedib, amma o canavarın qorxusu sürünün canından çıxmaq bilmir ki, bilmir.
    İş o yerə çatıb ki, hətta bu qorxu qoyunları da canavara döndərməyə başlayıb.
    Qoyun canavarlar!
    Təsvvür edirsənmi, qardaşım?
    Bu gün azacıq öz abrını qorumağa çalışan adamları bulandaranlar da (Sənin müsahibəndə də belə bir çirkabdan söhbət gedir) məhz o qoyun canavarlardır.

    Mən hələ ziyalılıqdan danışmıram. Çünki ziyalılıq haqqında Azərbaycan cəmiyyətində çoxdan ölüm hökmü çıxarılıb.

    Əziz Tofiq bəy!

    Deyəsən, Berdyayevin fikridir, deyir: «Böyük imperiyalardan böyük mədəniyyətlər miras qalır» Sənin müsahibəndəki ağrı, sarsıntı, həlimlik böyük bir imperiyaya qəalib gəlmiş ağrıdır, sarsıntıdır, həlimlikdir..
    Bu gün ən yeni ədəbi nəsil bu ağrıya qayıtmaqdadır.
    Adi bir müsahibədə bu ağrını bütün dərinliyi ilə mənim yadıma saldığına görə Sənə minnətdaram.

  2. eziz raset bey

    bunu bir lutf kimi gebul etmeyin
    amma sizin munasibetiniz ve bu istilerde o ic agrisi sozleri oxudugunuz ucun size tesekkur edirem

    ve inandim ki hele her sey bitmeyib sag olun

  3. “Media achari” mukafatini Tofiq muellime verseler ve Abbas muellim de sozlerini tekzib elese, her shey duzelecek…?

    Eger duzelecekse, Raset muellimin monoloqunu ve Tofiq muellimin ona munasibetini hara yazacagiq…?

    Eger duzelmeyecekse, bu boyda shikayetler ve Raset muellimin monoloqunda soylenen fikirler ikiuzluluk kimi qiymetlendirilmeyecekmi…?

    Konkret cavab isteyirem men, Tofiq muellim demish, bu istide uzun-uzadi monoloqlar yazmayin, oxumaq olmur…

  4. Tofiq bey hec ne ile yadda qalmayib, ne sair kimi,ne publisist kimi. Indi isteyir ki, bele seylerle gundemde qalsin. Qeribedir ki, bu adam hemise xeberciliyine gore ortaliqda qalib, ele indi de…

  5. Novarq, dostum, mən nədən danışıram, sən nədən danışırsan?

    Məni Tofiq bəyin müsahibəsindəki insan ağrısı məşğul edir, kövrəldir, mən məhz bu AĞRIYA diqqəti cəlb edirəm, bu ağrının böyük bir mədəniyyət olduğunu oxucuya çatdırmaq istəyirəm, sən isə məni ancaq səni maraqlandıran çirkaba çəkmək istəyirsən.
    Məni nə «Media açarı» maraqlıdır, nə də Abbasın etrafı. Məni maraqlandıran Tofiq bəyin AĞRISINDAKI insanilikdir, təbiilikdir. Mən demək istəyirəm ki, insan bu ağrı ilə daha çox insan olur.

    Novarq, sən məni ikiüzlülkdə təqsirləndirmək istəyirsən.
    Dostum, nəzərinə çatdırım ki, ikiüzlülük də insana xas keyfiyyətdir. Bu yaxışdır, ya pisdir, artıq bu başqa söhbətin mövzusudur.
    Ən pisi adamın sifətinin olmamasidir..

    Yəni sənin və sənin mənsub olduğun dəstənin mövcud olduğu internetdə insani hisslər barədə danışmaq qadağandır? Yoxsa bunun üçün səndən və sənin mənsub olduğun dəstədən arayış almaq lazımdır?

    Ayıbdır…

    P.S. Belə bir dəstənin mövcudluğunu müəyyənləşdirmək üçün itreneti ötəri nəzərdən keçirmək kifayətidir.

  6. Yol verin, yana gedin,
    bir az o yana gedin,
    Ədəbiyyatımızıin Əli Mirəliyevi gəldi
    Sağ ol, Əli müəllim!
    Rasətlə heş kəsin işi olmasın!

  7. tural senin kimliyin mene belli

    oz adinla yaz
    kimin kim oldugu da belli

  8. Salam. Turalın yazdığı şərh mənim deyil.

  9. Tofiq bey, men oz adimla yaziram. Maraqlidir mene sen ne isteyirsen.

  10. Tofig Abdine esq ve mehebbet!!!
    Tofig muellim Size hemise birincisiz. Media acari neyinize lazim. Qoya Arif Eliyevle Qulu Meherremli onu qoysunlar zada… Reflerine saxlasinlar.
    Vecive alma!!!

  11. Tofiq bəy! Siz Azərbaycan incəsənət publisistikasında yeni bir cığır açmış şəxssiniz və bu gün çoxları məhz sizin açdığınız o cığırla şenkənə-şenlənə getməklərinin fərqinə varmasalar da, özlərinin bu hikkələri ilə nə qədər miskin və yaziq görünmələrini bilsəydilər, Allaha xoş gələrdi.
    Mən özümü də irəlisində sizin getdiyiniz yolun yolçularından sayıram və məni bu yolun yolçusu etdiyinizə göre sizə həmişə minnətdaram.
    Səni sevən bə səndən öyrənən Əlisaftar

  12. Tofig bey! Fikir vermeyin usaq ve erotik edebiyyati bir canda gezdirib, bir dam altinda saxlayanlarin dediklerine.

    Siz Azerbaycan publisistikasinda, nesrinde ve seirinde yeni nefes, yeni ses kimi hemise qalacaqsiniz!

    Qoy bunun derdini Hollandiyada “seve-seve” oxunulan, Azerbaycanda ise adi hec bir defterde olmayanlar ceksinler!

    Ozu de fikir vermisem. Onun dishleri indiden tokulub.
    Bu dishsizin geleceyi nece olacaq, ilahi?!

    Gorub elesen, gonder onu menim yanima, agzina teze dish duzeldim!

Şərh yazın