Mirmehdi Ağaoğlu. Hekayə.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 30 Temmuz, 2008

Mirmehdi AğaoğluPomidor dalınca uçuş

Qaz yumurtası boyda yumru pomidor əlindən sivişib sürahinin ayağına bərkidilmiş navalçaya, oradan da diyirlənərək şapıltıyla aşağı – asfaltın  üzərinə düşüb parça-parça oldu. Alimin sarımtıl titrək əlləri bir anlıq havadan sallana qaldı (o İkinci dünya müharibəsinin lap başlanğıcında, almanlar ayaqlarını Polşa sərhədlərindən içəri atan ayı doğulmuşdu. Məktəbi bitirdikdən sonra instituta qəbul olmuş, elə o ildən də kənd və kənd həyatı ilə vidalaşmışdı. Düzdür arada bir – bayramlarda, məzuniyyət vaxtı – kəndə gəlib ailəsinə baş çəkməyi vardı, lakin kirayə qaldığı evin qonşuluğundan İçəri şəhərli bir qızla  evləndikdən sonra isə bu əlaqəyə də nöqtə qoyuldu. Uzun müddət kirayə yaşadıqdan sonra şəhərli arvadının təkidi ilə növbəyə dayanaraq min bir əziyyətlə bürokratik əngəlləri yara-yara nəhayət ki, mikrorayonların birində doqquzmərtəbənin səkkizinci mərtəbəsində mənzil aldı və heç olmaya şəhərdə həyət evi götürmək arzusu da tamamilə yerdən üzüldü. Bütün bu uğursuzluqlara baxmayaraq iki şeydə – sənətində və işində – bəxti gətirmişdi. Biologiya fakültəsini bitirdikdən sonra Tədqiqat İnstitutunda işə düzəlmişdi, vaxtının çox hissəsini rayonlarda tədqiqat laboratoriyalarında, təcrübə zəmilərində keçirtdiyi üçün özünü məsud hiss edirdi və bu xoşhallıq hər dəfə yol çantasını toplayarkən arvadının dığdığlarını ona məharətlə unutdururdu. Həmişə maşından düşən kimi yalın ayaqlarını (çox vaxt zəmidə ayaqyalın gəzərdi) nəm torpağa basar, gözlərini yumub bir anlıq belə olsun kəndlərini, kənddə keçmiş uşaqlığını – qoyun otarmağını, at sulamağını, göy-göyərti əkməyini, kənddə yaşayacağı təqdirdə nə cür həyat sürəcəyi haqda şirin xəyala qərq olardı və beş dəqiqə kimi beləcə dinməz-söyləməz dayanardı. Hətta bir dəfə yenə də maşından düşər-düşməz ayaqqabılarını soyunub zəminin kənarında dayanaraq gözlərini yumub, əllərini açıb xəyala daldığı zaman oradan təsadüfən keçən bir qoç buynuzlarını alimin dalında sınamaq istəmişdi.
Təcrübə zəmilərində özünü alimdən çox kəndli kimi göstərirdi, kəndli qayğısıyla hər sünbülün qeydinə qalırdı. Amma bu onun ehtirasını öldürmürdü, heç hər dəfə ezamiyyətdən qayıdarkən gətirdiyi zənbil dolusu nehrə yağı, motal pendiri, camış qatığı, dağ balı, kənd yumurtası, beçə, qaz, ördək, qoyun budu, mal cəmdəyi, alma, nar, heyva, üzüm yarpağı, qaysı qurusu da onun kənd həsrətini, kənd ehtirasını söndürə bilmirdi .
Bir dəfə ezamiyyətə yollandığı kənddən gətirdiyi toyuqları  kəsmədi, eyvanda yeşik taxtalarından xudmani bir hin düzəldib içinə saldı. Arvadının təzədən baş qaldıran dığdığlarına məhəl qoymayaq növbəti bazar Təzə bazardan bir beçə də alıb qatdı kənddən gətirdiyi toyuqlara. Beləcə mikrorayonda səkkizinci mərtəbədə toyuq saxlamağa başladı. Hər gün işdən gələndən sonra şam edən kimi toyuqları zənbilə doldurub liftlə aşağı düşürdərək çəmənlikdə otarır, hava qaralanda da təkrar zənbillərə doldurub yenə də liftlə yuxarı qaldırırdı. Toyuqlar yumurtlamağa başlayandan sonra ailəsi hər gün səhər təmiz ev yumurtası yediyi üçün arvadı deyinməyi tərgizmişdi. Daha ezamiyyətdən qayıdanda   nehrə yağı, motal pendiri, camış qatığı, dağ balı, kənd yumurtası, beçə, qaz, ördək, qoyun budu, mal cəmdəyi, alma, nar, heyva, üzüm yarpağı, qaysı qurusu ilə birlikdə, arpa-buğda da gətirirdi.
Yenidənqurmanın ilk vaxtlarında işləri də yaxşı getməyə başlamışdı. Başqa qonşular kimi o da binanın qabağındakı boş sahələrdən birin çəpərləyib orada pomidor-xiyar, ezam olunduğu rayonlardan gətirdiyi alma, armud, gilas, gavalı tinglərini əkib becərməyə başladı. Gecədən keçmiş kiçik oğlu ilə tikintilərdən oğurladığı hörgü daşlarıyla, qum-sementlə xudmani bir hin də tikdi və toyuq – cücəni (indi onun toyuqları hər il cücə çıxarırdı) həyətdəki hinə köçürdü. Amma oğrulardan ehtiyat edərək yenə də hər axşam toyuq – cücələri zənbilə yığıb liftlə evə daşıyır, balkonda tikdiyi hində salırdı. Qonşular da ona baxıb həvəsə gəlmişdilər, massivdəki bina sakinlərinin əksəriyyəti onun xələfi olmuşdular.
Bir dəfə evdəkilər möhkəm qaşınma mərəzinə yoluxdular. Dərdini qonşulara danışan arvada kimsə dedi ki, toyuqlardan onlara mic keçdiyi üçün belə qaşınırlar. Bu bədbəxt xəbərdən sonra elə həmən axşam evdə yamanca vay – şivən qopdu. Əlacsız qalan kişi arvadının təkidi ilə daha axşamlar toyuqları balkondakı hinə salmadı. Bundan sonra arvadı illərdən bəri itirdiyi rahatlığına qovuşsa da o dərin narahatlıq keçirməyə başladı; gecələri səksəkəli yatır, tez-tez ayılıb mənzilin arxa pəncərəsindən aşağı – həyətə boylanır, toyuqlarla hər şeyin qaydasında olub olmadığı ilə maraqlanırdı. Bəzi vaxtlar lap gecədən keçmiş – bu ən çox oğrular haqqında filmə baxdığı, ya da kimdənsə oğurluq haqda bir hadisə eşitdiyi vaxtlar olurdu – ürəyi tab gətirməyib məxsusən bu iş üçün aldığı yekə, qırmızı fanarı götürüb həyətə düşər, hinin yan-yörəsini dolaşıb hər şeyin qaydasında olub-olmadığına əmin olardı. Bəzən bir gecədə bu işi bir neçə dəfə təkrar  edərdi.
Həkim ona ağır işlə məşğul olmağı qadağan eləsə də – bir gecə yenə toyuqlara baxmaq üçün həyətə düşdükdə hinin qapısının açıq, toyuqların da hində olmadığını görüb bu ağır zərbədən infarkt keçirərək elə hinin ağzınaca tirtap sərilmiş, bir saata yaxın vaxt keçdikdən sonra atalarından soraq çıxmamasından narahat olan uşaqları dalınca həyətə düşdükdə onu yerdə inildəyən vəziyyətdə tapmışdılar – nəvəsini də özünə köməkçi götürərək hər gün səhərdən axşamacan həyətdə işləyir, ağacların dibini belləyir, vəzəri – keşniş əkirdi.
Lakin xoşbəxt günlər uzun sürmədi. İcra hakimiyyətinin qərarı ilə binaların ətrafında qanunsuz mənimsənilmiş həyətlərin hamısı ucdan tutma söküldü. Neçə illər çəkdiyi əziyyətin, qurduğu təsəllinin bir qərarla  buldozerin ağzına verilməsinə tab gətirməyən alim ikinci dəfə infarkt keçirdi və bu dəfə həkim ona tamamilə fiziki işdən uzaqlaşmağı tapşırdı. Lakin övladlarının və həkimin təkidinə baxmayaraq hər gün səhər tezdən axşama kimi icra hakimiyyətinə, MİS-ə, digər əlaqədar təşkilatlara gedir, məhkəməyə müraciət edir bütün ciddi-cəhdlə həmən həyəti sənədləşdirməyə çalışırdı. İkinci əsasının da dəmir dabanı yeyilib qurtarandan sonra bu sevdasından birdəfəlik əl çəkdi. Bu aralıqda onun bu işdən vaz keçməsini istəyən  ailəsinə evlərini satıb puluna şəhərkənarı kəndlərin birində həyət evi almağa çağırsa da onları heç cürə razı sala bilmədi. Əli hər şeydən üzülən alim axırıncı dəfə qoltuğunda sənəd – sünəd icra hakimiyyətindən qayıdarkən yolda gül dükanının qarşısında bir xeyli dayanıb fikrə getdi və sonra cibindəki pulunun imkan verdiyi ölçüdə  içi torpaqla dolu bir dibçək alıb ağır addımlarla evinə gəldi. Dibçəyi balkonda münasib bir yerə qoyub içinə payızdan yığıb saxladığı pomidor toxumlarını əkdi.
Tısbağa kürt düşən vaxtı dinməzcə durub gözlərini yumurtalarına  zillədiyi kimi o da səhərdən axşamacan balkonda oturub dibçəyə tamaşa edirdi. Nəhayət ki, martın axırlarında dibçəkdə cücərti göründü, bundan sonra onun işi başladı; hər gün xörək bıçağından qayırdığı “kətmən”lə pomidor pöhrəsinin dibini yumşaldır, quş zılını su dolu bankaya töküb günün altında qıcqırdaraq  düzəltdiyi gübrədən dibinə bərabər porsiyalarla tökür, tağın gündə neçə millimetr artdığını, neçə yarpağın əmələ gəldiyini hesablayır, bitkidə gedən dəyişiklikləri müşahidə edib xüsusi olaraq tutuduğu dəftərçədə hər gün qeyd edirdi. Onun pomidorla bağlı iş üsulları  və qaydaları təcrübə zəmilərində tətbiq etdiyi üsul və qaydalardan  heç nəyi ilə fərqlənmirdi, əksinə indi işinə qarşı qabaqkından daha çox həssas və tələbkar olmuşdu.
Gün gəldi və pomidor çiçəkləməyə başladı. Bununla onun məsuliyyəti daha da artdı, hər yarpağın üstündə əsim-əsim əsməyə başladı. Pomidor çiçəkləyəndən sonra  qabaqkı kimi dibçəyi gecələr balkonda deyil, yataq otağına daşıyıb düz çarpayının yanındakı dolabçanın üstünə saxlayırdı. Beləcə o pomidor bar verənə kimi hər gecə dibçəyi otağa gətirir, səhərlər isə balkona qoyub axşamacan qulluğunda dururdu. Arvadı onun bu işləklərinə də öyrəşmişdi deyə daha əvvəlki kimi hər elementar şey üstündə deyinmirdi, yalnız arada – ən çox axşam  yatmamışdan qabaq – ərini danlayırdı, alim isə arvadının danlaqlarına bir damcı belə məhəl qoymurdu.
Tağın üstündə cəmi – cümlətanı üçcə pomidor əmələ gəlmişdi, onun da ikisi yetişməmiş saplağından qırılıb düşdü. O buna çox hirsləndi və həmən gün ikindi axtına qədər iş otağından çıxmadı, bütün kitabları ələk-vələk edərək kal pomidorların qırılıb düşmə səbəbini araşdırdı.
Tağında bircə dənə  pomidor qalsa da böyüyüb qaz yumurtası boyda, qan qırmızısı rəngdə olmuşdu. İndi o pomidora həmişəkindən daha çox vaxt ayırırdı. Demək olar ki, bütün günü balkondan çəkilmir, əlini çənəsinə dayayıb qalın şüşəli, sağanağı kəhrəba rəngində olan çeşməyinin ardından  aşiq-aşiq elə hey tağa, onun üzərindəki şirəli, yumruca pomidora baxırdı. Bu cür trans halında o bəzən qabağındakı kağıza cızmaqaralar da edirdi. Onların içində belə bir cümlə var idi: “Sən pomidor deyil, tağdan sallanan ürəyimsən!”
Nəhayət pomidor tam yetişib həqiqətən də onun ürəyi kimi qıpqırmızı qızardı. Həmən gün o səhər tezdən oyanıb nəsə əlahiddə vacib bir görüşə gedəcəkmiş kimi hazırlaşdı – çimdi, təraş elədi, sonra gecədən ütülənilmiş sarımtıl kətan köynəyi ilə şalvarını geyinib balkona gəldi. Gələrkən özü ilə mətbəxdən para dənə çörək və duzqabı da götürdü. Onları sürahiyə söykənilmiş stolun üzərinə qoyub əyləşdi və dibçəyi özünə tərəf çəkdi, “pıssımılla” deyib pomidoru saplaq qarışıq ehtiyatla dərib cibindən çıxardığı yun parçayla işım-işım işıldayanacan sildi və sonra havaya qaldırıb günəşə sarı tutdu…  ) və  özünü səkkizinci mərtəbədən aşağı atdı.

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

6 Şərh var
Şərh yazın »

  1. “Qaz yumurtası boyda yumru pomidor əlindən sivişib sürahinin ayağına bərkidilmiş navalçaya, oradan da diyirlənərək şapıltıyla aşağı – asfaltın üzərinə düşüb parça-parça oldu.”
    Müəllifin qeyri-peşəkar olduğu elə ilk cümlədən ortaya çıxır… bu cümlədən gəlinən nəticələr: pomidor yumru olmaya da bilər, əldən yerə düşən (lap belə çırpılan) pomidor parça-parça ola bilərmiş…
    Müəllifə məsləhət neçəki pomidor boldur bazardan 1 kq alıb yazdıqlarını sınaqdan keçirsin…
    Mən birinci cümləni götürdüm… Hələ əsərdə elə şeylər var ki, sadəcə super… Məsələn: “Tağın üstündə cəmi – cümlətanı üçcə pomidor əmələ gəlmişdi, onun da ikisi yetişməmiş saplağından qırılıb düşdü.” Pomidor heç demə tağda bitirmiş… Əsl yazıçıya məxsus müşahidə qabiliyyəti…

  2. Meni uslubdan ve yazi texnikasindan cox ideya maraqlandirir. Bu hekayeni xatirladan yazinin ideyasi kohne olsa da, maraq doqurur, diqqetcekendir. Yeni insan hevesinin hec vaxt qocalmadiqini gosterir. Amma bayaqi tesvirlerler ideyani kolgede qoyur. Mence muellif cap olunmaqa telesib…

  3. scorpion cox maraqlı yazıb. Men de ilk cümləni oxudum, sonra ərindim. İlk cümlə ilə bağlı iradla razılaşmamaq mümkün deyil.

  4. burada hekaye yoxdur. naşı bir adam cəfəng bir süjeti götürüb və olduqca naşı bir qələmlə yazıb. kultaz bu cür təqdimatla birincilik imicinə xələl gətirir.

  5. hormetli scorpion axi men neyleyim ki sen pomidorun taq narin kol olduqunu biulmirsen.

  6. Mirmehdi əzizim bu bədii yazıdı, biologiya dərsliyi deyil… Sən mənim nə demək istədiyimi anlamamısan…

Şərh yazın