Qaynar xəbər portalı

Kitab dünyası


sQurbağaların səsi qatarın səsinə qarışanada, adama elə gəlir ki, göy üzündə aramsız durna dəstələri uçur
S.

Seymur Baycan

Qədim Romalılar dünyanı insan orqanizminə oxşadaraq hər bölgəyə bir orqanın adını vermişdilər. Qafqazın payına kişi cinsi orqanı düşmüşdü. Kimin yaşı 18-dən yuxarıdırsa, bu cümlələri oxumaq zərərli deyil. Qafqaz elə bir yerdədir ki, nə vaxt oyanacağı, nə vaxt yatacağı, nə vaxt acacağı, nə vaxt susuyacağı, nə zaman vulkan püskürəcəyi, nə zaman ara qarışacağı heç sahibinə də məlum deyil. Qafqazda proqnoz vermək, bu bölgəyə nəzarət etmək çox çətindir. Bir sözlə, Qafqaz idarəolunmazdır. Budur, Pekin olimpiadasına xalqların başı qarışdığı zaman, Fransadan 1 milyon 700 avroya aldığımız atın gözəlliyindən həzz almağa macal tapmamış, gürcülər öz ərazi bütövlüyünü bərpa etəmək məqsədiylə Sxinvaliyə hücum etdilər. Qan töküldü, bombalar partladı. İllərlə Avropanın, beynəlxalq təşkilatların, fondların sülhün bərpası yolunda xərclədiyi milyonlar məhv oldu. Erməni QHT-lərinin birgə aksiya keçirmək, bəyanat vermək təklifinə gürcü həmkarları “Yox” dedilər. Yekəxanalıq çıxmasın Firidun Allahverdi, Əli Əkbər şahiddirlər, həmişə konfranslarda deyirdim ki, biz boş yerə özümüzü yoruruq. İstənilən tərəfdən atılan bomba hər şeyi məhv edəcək. İndi yadıma konfranslarda gedən söhbətlər, banketdəki tostlar, qucaqlaşmalar, öpüşmələr düşür. Sözün düzü, belə qatmaqarışıq günlərdə nəsə yazmaq mənim üçün çətindir. Adətimə uyğun olaraq tamam dəxilsiz mövzuda yazı yazmaq istədim. Məsələn, iki gün əvvəl qoca bir qarı avtobusda vətən haqqında danışırdı. Uşaqları gedib Amerikaya, amma o gedə bilmir. Necə əsəbləşdimsə mənzilə çatmadan, elə Amerika səfirliyinin qarşısında avtobusdan düşdüm. “Azadlıq” prospekti ilə üzü aşağı 28 may metrosu tərəfə piyada addımladım. Girdim Pakistan malları satılan mağazaya. Özümə 25 manata altı cibli şalvar aldım. Şalvar almaq zülmdür mənimçün. Pekin olimpiadası haqqında yazmaq istədim. Alınmadı. Mövqeyimiz bəllidir. Abrımızın gedəcəyini nəzərə alaraq gecə-gündüz dua edirəm ki, kaş bizim idmançılardan qızıl medal alan olmasın. İnanın bezəcəyik. Bizi elə günə qoyublar ki, adam bu ölkənin heç bir uğuruna sevinə bilmir. İstədim durub-durub arağ haqqında yazı yazım. Arağ spirtli içkilərin, ən zərərsiziN ən yaxşısıdır. İstədim müxalifət haqqında yazım. Neçə ildir ənənəvi müxalifətin səhnədən getməsini, yeni qüvvələrin ortaya çıxmasını istəyənlərin arzusu gerçəkləşdi. Budur, bir sanitar, bir pensiyaçı öz məharətini prezident seçkisində göstərəcək. Sonda qərara gəldim Sxinvali haqqında bir neçə cümlə yazım. Sxinvaliyə may ayının əvvəlində getmişdik. Şəhər parada hazırlaşırdı. Sovet dövründən qalma mehmanxanada yer tapmadıq. Hərçənd, mən həmin mehmanxananın koridorunda, damında belə gecələməyə, hətta gecələməməyə hazır idim. Elə mərəkəyə hər yerdə rast gəlməzsən. Sxinvali bizim Beyləqan rayonundan da balaca şəhərdir. Bütün beynəlxalq fondların ofisləri Stalin küçəsində yerləşir. Böyük bir dəmir lövhənin üstünə Putinin portreti vurulub. Mağazalar görkəmindən dul, atılmış əyalət qadınlarına bənzəyir. Hər yerdə olduğu kimi xalqımızın fərasətli oğulları, yəni azərbaycanlılar Sxinvali bazarında alverlə məşğuldurlar. Hər yerdə müharibənin izləri gözə dəyir. Şəhərdə tək bircə normal kafe var. Biz şəhərdən kənarda, yarımvəhşi bir kafedə şam etdik. Çoxlu içdik. Mehmanxanada yer olmadığı üçün QHT rəhbəri Alan Parastayevin evində gecələdik. Səhər yuxudan oyanıb, həyətdə gəzişdim. Həyətin aşağı hissəsindən balaca çay axır. Qəflətən yağış yağdı. Və hər tərəfi yasəmən ətri bürüdü. O zaman mən şərq nağıllarına inandım. Ki, adam həqiqətən çiçək ətrindən bihuş ola bilər. Bir şey də mənə Sxinvaliyə çox təsir etdi. “XXI əsr” kafesində yemək yeyirdik. Taxta masanın üstünə çoxlu telefon nömrələri, elektron ünvanlar yazılmışdı. İstədim mən də öz elektron ünvanımı masanın üstünə yazım. Yer tapmadım. Uca boylu, mavi gözlü, sarışın ofisant qızdan çek istədik. Çek əvəzinə bizə yediyimiz təamların siyahısını verdi. Siyahının altına öz imzasını qoymuşdu. Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri Georgi Vanyan gülüb dedi: “İndi mən sponsoru necə inandırım ki, biz həqiqətən də bu qədər yemək yemişik?”.
P.S. Az qala yadımdan çıxmışdı. Orada mənim azərbaycanlı olduğumu bilən kimi osetinlər Kazbek Tuayevi xəbər alırdılar. Kazbek Tuayevlə fəxr edən, belə bir futbolçu yetişdirməsiylə qürur duyan xalq nə qədər bədbəxtdir, ilahi…






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (9 səs, təxmini: 3.56 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Şərh yazma qapalıdır!

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: