“QAZAN XANIN YIXDIĞI ÖKÜZ SƏRXOŞ İDİ”

Yazar: Admin | Bölmə: Kino | Tarix: 25 Ağustos, 2008

1Vaxtilə kino işıqçısı işləmiş Malik: “Olimpiadaya aparılan o bahalı atın puluna 3 dənə yaxşı film çəkmək olardı”

Onunla təsadüfən tanış olmuşdum. Demək, mənim sevimli itim Fu məhləyə gələn işıq, qazpulu yığanlara qənim kəsilmişdi. Yad ünsürlər olduğundan onları “qoruduğu əraziyə” – məhləyə buraxmadığından, onlar da yerli “JEK”-ə şikayət etmişdilər. “JEK”-in ağıllı rəhbərləri də belə qərara gəlmişdilər ki, ovçu çağırıb Funu öldürsünlər. Hələ üstəlik şərt də qoymuşdular; sabaha qədər bu iti başqa yerə aparmasan, güllələyəcəyik. Funu yaxın bir yerə apara bilərdim, amma ağıllı it idi, yenidən qayıdıb gələcəkdi. Qərara aldım ki, gözümün qabağında olsun deyə, redaksiyamızın həndəvərinə gətirim.
Funun hesabına tanışlıq

Amma nə olsun, məhləyə yaxın hansı taksi sürücüsünə yaxınlaşdım, razı olmadı. Kimi Fudan qorxdu, kimi də “mən maşında it apara bilmərəm” deyə imtina etdi.
Amma o, ora-bura vurnuxduğumu görcək mənə yaxınlaşdı:
- Nə problemdir ki? Gedək, aparaq.
Bax, beləcə itin hesabına ilk tanışlığımız baş tutdu. Sonradan nə vaxt taksi lazım olanda ona zəng edirdim. Və bir-iki təmasdan sonra öyrəndim ki, yox, bu adam, sıradan bir taksi sürücüsü deyilmiş. Sadəcə, zəmanə bir tikə çörək qazanmaq üçün onu “taksovat”lığa vadar edib. Və sən demə, qardaş bir vaxtlar “Azərbaycanfilm”in işıq ustalarından biri olub. Azərbaycanda kino təsərrüfatı bağlandığından indi köhnə “07″-dən taksi kimi istifadə edir. Bayaqdan adını çəkmirəm, indi isə isə tanış olun.

İlk iş günü məni Ali Sovetə göndərdilər

Adı Malikdir. 1959-cu ildə Saatlı rayonunun Qalovino kəndində anadan olub. 1976-cı ildə orta məktəbi bitirdikdən sonra Bakıya gəlib:
- Politexnik texnikumuna daxil olmaq istəyirdim, amma qismət olmadı. Kəsildim. Sənədlərimi götürüb 23 saylı texniki-peşə məktəbinə verdim. Oranı bitirəndən sonra isə məni “Azərbaşenerji”yə göndərdilər. Bir müddət sonra “Azərbaycanfilm”ə işə keçdim. Sən demə, onlara işıqçı lazım imiş, kadr çatışmırmış. Məni elə sorğu-sualsız işə götürdülər. Elə ilk iş günümdəcə “Azərbaycanfilm”in ovaxtkı direktoru Cəmil Əlibəyov məni çağırıb dedi ki, bəs gedirsən Ali Sovetə, orda çəkiliş var. Əlim-ayağım əsdi. Mən hara, Ali Sovet hara? Getdim. Sonra məlum oldu ki, işi yarıtmışam. Bundan sonra “Azərbaycanfilm”də işləməyə başladım. Hər il kino sifarişi bol olduğundan işimiz də çox idi. Dalbadal “Qaçaq Nəbi”, “Qorxma, mən səninləyəm”, “Gecə yarısı qətl”, “Şəhərli biçinçilər” və sair filmlərdə işıqçı işlədim. Əvvəllər tanınmış aktyor və rejissorlarla işləmək bir qədər çətin və həm də məsuliyyətli idi. Sonradan gördüm ki, elə onlar da mənim kimi adamlardır. Sadə, təvazökar…

“Beyrəklə güləşən şir iynələnmişdi”

- Kinonun necə deyərlər bir tamaşaçıya təqdim olunan hissəsi var, bir də alt qatı. Nələr baş verirdi kadr arxasında?
- (Gülür) Kino çəkilişləri zamanı o qədər maraqlı məqamlar olub ki? Bəzən tamaşaçını riqqətə gətirən anlar var ki, əslində həmin səhnələri çox sadə priyomlarla çəkirlər. Məsələn, mən “Qorxma, mən səninləyəm” filmində işləmişəm. Yadınızdadırsa, orda belə bir səhnə var; San Sanıç (Lev Durov) həbsxanada gücünü göstərmək üçün barmağı ilə vurub çəni deşir. Əslində həmin çən kartondan düzəldilmişdi.
Yaxud başqa bir epizod. Quyuda gizlənən bəy qızının (Həmidə Ömərova) üstünə quldurlar ilan atırlar. Həmin ilanlar əsil ilandır. Amma hamısının dişlərini çıxarmışdılar. Düzdür, bunu Həmidə xanıma inandırmaq çətin idi, çünki çox qorxurdu. Amma birtəhər çəkə bildik.
Və ya “Dədə Qorqud” filmindəki bir epizodu xatırlayaq. Beyrəklə güləşən şir əhilləşdirilmiş olsa da, yenə iynələnmişdi. Qazan xanın güləşdiyi öküz isə sadəcə, sərxoş idi. Ona o qədər iynə vurmuşdular ki, osetin aktyor Qadoyev heç bir çətinlik çəkmədən qızmış buğanın arxasını yerə vurdu. Belə-belə işlər çox olur kinolarda. Bir maraqlı fakt da deyim: “Qaçaq Nəbi” filminin çəkilişi gedirdi. Orda belə bir səhnə var. Demək, Nəbinin adamlarından biri, – təbii ki, kaskadyor, – tullanıb çar əsgərlərindən birini atdan salır. Zalımoğlu necə tullandısa, at yıxıldı qıçı sındı. Elə “Məlikməmməd” filmində də kaskadyorun ayağı sındı. Demək, Məlikməmmədin quyuya salırıq. Birdən ip qırıldı. Kaskadyor düşdü quyunun dibinə. Birdə gördük ki, bar-bar bağırır. Sən demə, ayağı sınıbmış.

“Brejnevin rəngi gömgöy idi”

Kino ilə yanaşı, Malik dövlət tədbirlərində də işıqçı kimi iştirak edib. Peşəkar olduğundan ovaxtkı Mərkəzi Komitənin siyahısında ancaq o, işıqçı kimi dəvət edilirmiş. Dediynə görə, çox dövlət tədbirlərinə qatılıb. Amma ən yaddaqalanı ovaxtkı sovet rəhbəri Leonid İliç Brejnevin Bakıya sonuncu səfəri ilə bağlıdır. Malik xatırlayır:
- Brejnev sonuncu dəfə bura gələndə pis gündə idi. Rəngi gömgöy idi, özü də yeriyə bilmirdi. Bakıda olduğu günlərdə rəhmətlik Heydər Əliyev bir an belə onun yanından çəkilmirdi. Mühafizəçilər öz yerində, Heydər Əliyev daim onun qolundan yapışırdı ki, yıxılmasın. O vaxt mən onun səfərini müşayiət edən operatorların yanında Azərbaycan tərəfindən tək işıq ustası idim. Həmin vaxt yalnız “Vremya” və mərkəzi komitənin operatorlarının çəkilişdə iştirakına izn verilirdi. Mühafizə isə o qədər güclü idi ki, milçək belə Brejnevə yaxınlaşa bilməzdi. Həmin səfərdə bir faciəvi hadisə baş vermişdi. Amma bundan heç kim xəbər tutmadı. O vaxt operatorlardan birinin kabel daşıyan köməkçisi necə olmuşdusa, qəfil düz Brejnevlə üzbəüz qalmışdı. Mühafizə dərhal onu aradan götürdü. Sonradan bu ölümün səbəbini heç kim bilmədi. Sadəcə, ailəsinə belə məlumat verdilər ki, guya həyəcandan infarkt keçirib.
Malik deyir ki, sonradan Heydər Əliyevlə bir neçə dəfə də təmasda olub:
- O, Moskvada işləyəndə istirahət etmək üçün Bakıya gəlirdi. Hər dəfə də həmin anları biz lentə köçürürdük.
Rəhmətlik heç vaxt da işimizə irad tutmazdı. Hər dəfə təşəkkür edirdi.
İndiki cavan aktyorlar cırlaşıb
Bu söhbətdən sonra yenə kinoya qayıdırıq. Deyir o vaxtkı aktyorlar, rejissorlar böyük məktəb idi.
- Həsən Turabov, Həsən Məmmədov, Rasim Balayev, Şahmar Ələkbərov, Səyavuş Aslan, Səməndər Rzayev… kişi idi e, bu adamlar kişi!
- Bəs heç aralarında bir dedi-qodu olmurdumu? Baxma da aktyor tayfasıdı…
- İnan, bu kəsdiyimiz çörəyə, nə dedi-qodu, nə umu-küsü. Onlar sənətlə məşğul idilər. Bu işlərə vaxtlarımı vardı?
- Bəs səncə, indikilər niyə belə edir?
- Çünkü cırlaşıblar. Sənətdən çox, dedi-qodu ilə yadda qalmaq istəyirlər. İndi çox az sənətkar var. Həmidə xanımdır, Fəxrəddin Manafodur, Ötkəm İsgəndərovdur, rejissorlardan Əbdül Mahmudovdur, Hüseyn Mehdiyevdir, Ənvər Əbluçdur, Oqtay Mirqasımovdur. Bunlardan başqa kim qalıb ki? Kinostudiya bərbad gündədir. Sonuncu dəfə məni “Cavid” filminə türmənin dekorasiyasını hazırlamağa çağırmışdılar. Nizami Daşdəmirovla birgə dekorasiya qurduq. Cəmi 200 manat verdilər. 200 manat ee. Amma sovet vaxtı…
Dediyinə görə, sovet vaxtı həm aylıq əməkhaqqı, həm də hər filmdən aldığı qonorarla bərabər, kifayət qədər yaxşı məvacib alırmış. Dediyinə görə, çəkilən film Moskvada yüksək kateqoriya alanda pul da daha çox olurmuş.
- Bəs elə olurdumu ki, Moskvaya Azərbaycan filminə yüksək kateqoriya almaq üçün Bakıdan rüşvət verilsin.
- Bu sualı niyə verirsən ki?
- Sadəcə…
- (Sözümü kəsir). Yox, elə şey olmayıb.
Dərhal da əlavə edir və həm də söhbətin mövzusunu dəyişir.

“Babək” filmində yeyinti olub

- Sən bilirsənmi, o vaxtlar Azərbaycanın ən bahalı filmi hansı olub?
- Hansı?
- “Babək”. Düz 1 milyon rubl pul xərcləyiblər. O vaxtkı pulla. Özü də həmin filmdə yaxşıca yeyinti də olub. O Bəzz qalası var e, uzaqdan göstərirlər. Taxtadan, kartondan qurmuşdular. Halbuki…
Moskva atlarına görə pul ödəyirdilər, bizimkilərə görə yox
- Nə halbuki?
- Nə isə, boş ver. O kino həm də ona görə baha başa gəlmişdi ki, çoxlu kütləvi səhnələr adamlar, atlar…
- Yeri gəlmişkən, o qədər atı hardan alırdılar.
- Moskvadakı At qarnizonundan gətirirdilər. Həm ordan gətirirdilər, həm də yerli cıdırdan. Bir də kino harda çəkilirdi, yerli camaatın atlarından da istifadə edilirdi.
- Adamlara pul verilirdi?
- Əlbəttə. Hər çəkiliş günü üçün 7 manat.
- Bəs atlara?
- Yerli camaatın atlarına yox, gəlmə atlara pul verilirdi.

“Mozalan” qazanmalı yer idi

Malik deyir ki, Azərbaycan filmləri, dövlət tədbirləri ilə yanaşı xeyli televiziya, sənədli filmlər də işləyib. Və bir də… “Mozalan” satirik kino jurnalında.
- “Mozalan”da işləyəndə kef çəkmişik. Respublikanın bütün raykom katibləri, müəssisə rəhbərləri “Mozalan”ın adı gələndə tir-tir əsirdi. Rayonlara gedəndə yaxşı hörmət edirdilər. Pay-puşu da öz yerində.
Bəs indi “Azərbaycanfilm”ə gedirmi və əgər gedirsə studiyanın indiki vəziyyətini görəndə özünü necə hiss edir?
Deyir ürəyim ağrıyır:
- Zallar, pavilyonlar bom-boş. “Qu” deyəndə qulaq tutulur. Sovet vaxtı Moskvada sifariş gələrdi. Plana görə, ildə 4 bədii, 3 televiziya filmi çəkilməliydi. Plan da yerinə yetirilirdi.Moskvanın icazəsi olmadan biz nə cəsarət yiyəsi idik ki, kino çəkək. Həminki ssenari, rejissor hətta epizodik rollarda iştirak edən şəxslərin siyahısı belə Moskvada təsdiq edilirdi.
- Çox Moskva-Moskva deyirsən. Deyəsən, yaman darıxırsan o günlər üçün.
- Darıxmağa darıxıram. Çox şükür olsun ki, müstəqil dövlətik. Amma bu müstəqillikdən kinomuza çox ziyan dəydi. Demək olar ki, müstəqillik qazanandan indiyəcən bir fərli kino çəkə bilməmişik. Kinostudiya da ki, bu gündə.
- Bəs çıxış yolunu nədə görürsən?
- (Bir qədər fikrə gedir). O olimpiadaya aparılan at var e, nə qədər xərc çəkiblər ona?
- Deyilənlərə görə, üç milyon dollar…
- Üç dənə yaxşı kino çəkmək olardı e, o pula. Heyf.
Hə, doğrudan da heyf. Heyf ki. Sən də sevimli sənətindən ayrı düşmüsən, Malik. Amma döz, söhbəti ki, atla qurtardıq, at muraddır deyiblər. Yəqin sən də nə vaxtsa kamera arxasına keçərsən. Yoxsa ki, it daşımaq?

Səbuhi MƏMMƏDLİ

1 səs2 səs3 səs4 səs5 səs (2 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

Şərh yazın