“Yazıçı həm də yaxşı susmağı bacarmalıdır”

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 27 Ağustos, 2008

zakir-sadatli.jpgZakir Sadatlı: “Ədəbiyyat – həqiqətin yozulmayan tərəfidir…”

UNESCO-nun “Mahmud Kaşğari ili” proqramı çərçivəsində Türk Dünyası Ədəbiyyatı Dərgiləri Konqresi, Avrasiya Yazarlar Birliyi və “Ulduz” jurnalının (Azərbaycan) birgə keçirdiyi Beynəlxalq Hekayə Müsabiqəsinin birinci mərhələsi başa çatıb. Yazıçı Zakir Sadatlı bu müsabiqənin Azərbaycan üzrə qalibi elan edilib. O, 24 türkdilli dövlətin qatıldığı bu mötəbər yarışmanın Türkiyədə keçiriləcək yekun mərhələsində Azərbaycanı təmsil edəcək.

- Zakir müəllim, əvvəla, Sizi təbrik edirik. Həmişə rəyi birincilərdən soruşarlar. Yazıçı və mükafat… Buna münasibətiniz necədir?
- İlk mükafatımı 19 yaşımda almışam. “Qırmızı ulduz” ordeni. Düzdü, bu təltifə görə məndən nə müsahibə istədilər, nə də açıqlama. Sadəcə olaraq, Şərqin günəş qarsıyan çöllüyündə bir general əlimi sıxıb, mükafatı mənə təqdim elədi. Sonra balaca karton qutunun içindəki ordeni və onun vəsiqəsini alıb, “xebe”min döş cibinə qoydum. Vəssalam. O gün yoldaşlarımın yanında nə o ordenin sir-sifətinə düz-əməlli baxa bildim, nə də evə yazdığım məktubda onun adını çəkdim. Yekəxanalıq kimi görünə biləcəyindən utandım. Sonralar da təltif olunanda təxminən eyni hissləri yaşadım. “İgidliyə görə”, “Döyüş xidmətlərinə görə”… medallarını alanda da… Bir az böyük çıxmasın, o vaxt SSRİ-nin birinci, ikinci adamlarının imzası ilə təqdim olunan belə təltiflərin cəmiyyətdə qəribə bir aurası vardı…
Amma yaşımın az olmasına baxmayaraq, hiss eləyirdim ki, mənimçün ən dəyərli mükafat müharibənin verdiyi həyat təcrübəsidir. Üstündən illər keçəndən sonra gördüm ki, həqiqətən zənnim məni aldatmayıb. Çox şükür!
Müharibədə “qəfil güllə” anlayışı var. O güllə adamı daim gərginlikdə saxlasa da, həm də daxildən nizamlayır. Müəyyən edilmiş sərhədləri keçməyə qoymur.
Həyatın da qəfil gülləsinə daim hazır olmalısan. Dəxli yoxdu. Vacib deyil ki, sən ona sevinəsən, yaxud kədərlənəsən. Əsas odur ki, baş verənlərdən düzgün nəticə çıxarıb, öz payını götürəsən.
Siz mənim ədəbi müsabiqəylə bağlı fikrimi soruşursunuz. Qoy bu barədə başqaları danışsınlar. Mən ondan öz nəticəmi çıxarıb, öz payımı götürəcəyəm. Razıların da, narazıların da haqqı və düşüncəsi mənimçün dəyərlidir.

- Sizə elə gəlmir ki, indiki mövqeyinizlə ədəbi mühitdə dolaşan qalmaqallardan yaxanızı kənara çəkirsiniz…
- Bilirsiniz, hamının bildiyini bir adam da bilir, bir adamın bildiyini hamı bilmir. Mahiyyətinə varanda görürsən ki, hamının daxilində bu ölçü var. Mən sizə bir misal çəkim. Romanımda da onu yazmışam. Əsgər getməmişdən bir gün qabaq ova çıxdım. Yazın o yuva vaxtı bir alabaxta vurdum. İnanın mənə. Mən bir qədər romantikəm, amma sentimental adam deyiləm. O quşcuğazın ahı dünyanın düz vaxtında məni aparıb qan-qadanın içinə atdı. Bu, “Bax! Gör! İbrət al!” işarəsiydi, məncə… İndi təfərrüatına varmaq istəmirəm. Çoxlu misallar göstərə bilərəm. Sadəcə, mən bitərəfliklə, həyatı düzgün dəyərləndirməyin arasındakı fərqi izah etmək istəyirəm. Bilirəm ki, yazıçı “şər”, “böhtan”, “qalmaqal”, “şeytan”, “xəyanət” kimi anlayışları dilin hüdudlarından qovub çıxara bilməz. Çünki o belə halda Yaradana və dünyanın nizamına qarşı çıxmış olur. Amma şəxsi həyatında, o cümlədən yaradıcılığında belə şeylərə qarşı dayanmalıdır. Bu onun ruh və vicdan məsələsidir.

- Hər halda, ədəbiyyat nədir və onun bu günkü durumu Sizə necə görünür? Təbii ki, təkcə Azərbaycan ədəbiyyatı kontekstində deyil, ümumən Sizə bəlli olan çərçivədə…

- Ədəbiyyat konspektləşdirilmiş həqiqət deyil. Arabir mənə elə gəlir ki, dünyanın ən nəhəng yazıçıları belə heç vaxt “ədəbi formula”nın düsturunu dəqiq müəyyən edə bilməyib. Məsələn, məncə, ədəbiyyat – həqiqətin yozulmayan tərəfidir. Amma siz bunu başqa cür izah edərdiniz. Başqa birisi başqa cür və s. Ədəbiyyatın gözəlliyi də məhz elə ondadır ki, orada hamının həqiqətinə yer var. Oxucunun o həqiqətlər içindən öz həqiqətini seçməsi, ona istinad eləməsi yazıçının özü üçün də həmişə müəmma olaraq qalır və qalacaq. Bir vaxtlar ədəbiyyat həyatın mürəkkəb təzadlarının, müəmmalarının, qeyri-müəyyənliklərinin yozumunu verirdi. İndi isə adama elə gəlir ki, ədəbiyyat özü dünyanı, həyatı, insanlığı tapmacalaşdırmaqla məşğuldur. Yəni ədəbiyyat bilməcədən tapmacaya tərəf dartınır. Özü də bu, ağıla sığmayan bir proses kimi baş verir. Dəb və seçim cəmiyyətlərində ədəbiyyat ədabazlığa, modabazlığa sürüklənir. “Ədəb” sözü ilə “əda” sözü arasındakı aşılmaz sərhədlər götürülür.
Amma mən onu da demək istərdim ki, bizim hamımıza Süleyman peyğəmbərin təmkini lazımdı. Və cəmi bircə ifadə: “Bu da keçər…”

- Elə bil, konkretlikdən qaçaraq fəlsəfəyə daha çox üstünlük verirsiniz?
- Polyak şairi Tadueş Rujeviçin belə bir məşhur şeri var. Təxminən yadımda qalanı budu: Mən çoxdandır ki, bir ağ vərəqin qarşısında lal kimi susub durmuşam. Yəni demək istəyirəm ki, müəyyən mənada haqlısınız. Mən uzun müddət bu konkretliyin qarşısından qaçmasam da, susub durmuşam. Və həmişə özüm-özümə bircə təsəlli vermişəm. Düşüncə adamı yaxşı danışdığı kimi, yaxşı susmağı da bacarmalıdır.

- Bizsə istəyirik ki, Siz danışasınız. Niyə indiyə qədər kitab çap etdirməmisiniz?
- Yadımdadı, uşaq olanda görürdüm ki, qonşumuzda yaşayan mollanın evində bircə kitab var. O da “Quran”dı. Onu tər-təmiz parçaya büküb saxlayırdılar. Öpüb gözlərinin üstünə qoyurdular. O müqəddəs kitabın qarşısında adamlar olduqlarından da gözəl görünürdülər. Ona hətta uzaqdan-uzağa and içirdilər: “Quran haqqı!” Hünərin vardısa, bu anda inanma… Mən hələ o vaxt bu müqəddəs kitabın ilahi konsepsiyası haqqında, səmavi missiyası barədə heç nə bilmirdim. İnsanların davranışı elə bil adama deyirdi ki, bu kitab o dünyada ölüləri, bu dünyada diriləri hifz eləyir.

O vaxtdan kitab anlayışını mən düşüncəmdən, gücümdən yuxarıda görmüşəm. O məsuliyyət hissi mənim kitab nəşr etdirmək istəyimi ildən-ilə adladıb. O istəyim baş tutacaq ərəfədə hiss eləmişəm ki, nəsə çatmır. Görünür, ilahi kitab konsepsiyasından insani kitab mərhələsinə keçid etapı mənimçün hələ də başa çatmayıb. Qəribədir, bu münasibətə bir çox yazarlarda rast gəlmişəm. Cəlaləddin Rumidə də bu var. O, dostlarına deyir ki, vallah, mən yazmaq istəmirəm. Sonra da təəssüflə əlavə edir: “Bütün ömrüm bu misralarla mübarizədə keçdi”.
Mən bilirəm, gec-tez bu dünyanın kitabları sırasında, lap elə deyək ki, “n”-ci kitab da mənim olacaq. Amma bu, mənə nə xoşbəxtlik gətirir, nə də məyusluq vəd edir.

- Mötəbər bir müsabiqənin sonuncu turuna kitabsız gedirsiniz… Bu, “müdafiəçisiz oynamaq” kimi görünmür ki?
- (… gülür) İcazə verin, kəndimizdə dillər əzbəri olan bir əhvalatı Sizə danışım. Deməli, payızda qarlı-yağışlı bir gün Qələbəynən Bəyiş kişi çöldə qoyun nobatındaymış. İstəyirlər ki, ocaq qalayıb qızınsınlar. Görürlər ki, yaş paltarın cibində kibrit də islanıb. Qələbəy Bəyişə deyir:

- Di, tez yüyür kəndə həm kibrit gətir, həm pendir-çörək. Yoxsa axşamacan soyuq əhədimizi kəsəcək.
Bəyiş himə bəndmiş kimi üzü kəndə tərəf götürülür. Evə gəlir. Tez islanmış paltarlarını dəyişir. Oturur isti peçin böyründə. Arvadı tələm-tələsik ərinə bir qab sulu xörək gətirir. Bəyiş onu boyat təndir çörəyiylə vurur bədənə. Üstündən də çappa bir stəkan çay içir. Sonra peçdən maşa ilə bir köz götürüb papirosunu yandırır. Dərindən bir qullab vurub pəncərədən çölə boylanır. Görür ki, sulu qar bir az da bərkişib. Bu mənzərə heç onun tükünü də tərpənmir. İsti peçin böyründə Bəyiş arın-arxayın gərnəşib, mütəkkəyə dirsəklənib, sonra ayaqlarını uzadır. Xumarlana-xumarlana arvadına deyir: “Deyəsən, havanın şaxı sındı. Day Qələbəy üşüməz…”

- Bax, bu, cavab idi. Dolayısı ilə olsa da… Amma növbəti bir sualım da var. Hər halda, yekun müsabiqənin nəticələri barədə düşünməyə bilməzsiniz.
- Sözsüz. Qaçan da Allahı çağırır, qovan da…

- Yenə də yaxanızı qırağa çəkdiniz. Yaxşı, belə bir sual: Ən çox hansı yazıçıları oxumağa üstünlük verirsiniz?
- Onların adlarını muncuq kimi sapa düzmək istəməzdim. İstər klassiklər olsun, istərsə də müasirlər. Ağlım kəsəndən bu günə kimi hər gün mütaliə edirəm. Oxuduğum kitablar arasında bədii ədəbiyyatla yanaşı, təbiət elmləri daha çox üstünlük təşkil edir. Məncə, yazıçı bal arısı kimi bir şeydi. Arı təkcə çiçəklərdən şirə çəkmir axı…

- Siz böyük bir müharibə yaddaşı gəzdirirsiniz özünüzlə. Bu yaddaşı insanlarla bölüşə bilmisinizmi?
- Yox! Bilirsiniz məsələ necədi? Müharibə haqqında hamının eşidə biləcəyi bir səslə, hamının anlaya biləcəyi bir dildə danışmaq həmişə, hər yerdə mümkün olmur. Bu səs tarixdən gələndə vahiməli, ədəbiyyatdan gələndə məhrəm və ibrətamiz olur. Bir də ki, müharibə təkcə Sizin, mənim yox, bütövlükdə bəşəriyyətin suallarına cavab vermək gücündə deyil.
Bir də, siz allah, gəlin müharibələri çox “əzizləməyək”. Onda Güc quduzlaşıb, silahlar ərköyünləşir.

- Sonda ənənəvi bir sualdan da qaça bilmədik… gələcək planlarınız?
- Çıxıb kəndimizə gedəcəyəm. Ordan mənim ruhumun tapdaq altında olmayan yerləri tez-tez əl eləyib çağırır. 25 ildir şəhərdəyəm. Dünyanın da çox yerlərini gəzmişəm. Amma qəribədi, yuxuda ancaq öz kəndimizi görürəm. Bu, ayrı söhbətdi… Və bir də… “Yaddaşımın Əfqanıstan yazıları”ndan sonra iki xatirə-roman yazacağam. Biri kəndimiz haqqında, biri də AzTV barədə.

- Və nəhayət, sirr deyilsə, alacağınız mükafatı necə xərcləməyi nəzərdə tutmusunuz?
- Pul xərcləmək problemim olmayıb. Amma bir halda ki soruşursunuz, deyim. Bu yaxınlarda orta məktəbdə mənə kimyadan dərs deyən Atamalı müəllim zəng edib, təbrik elədi. Doğrusu, onun bu diqqəti məni riqqətləndirdi. Nə qədər qəribə olsa da, birdən yadıma düşdü ki, axı mənim ədəbiyyat müəllimlərim – Xeyrulla Kərimov və şair Abbasağa Azərtürk daha bu Yer üzündə yoxdular… Nə yaxşı ağlıma saldınız e… (sükut…) Gərək onların ruhuna “Yasin” oxutduram…

Elbrus Ərud // Lent.az

1 səs2 səs3 səs4 səs5 səs (1 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

24 Şərh var
Şərh yazın »

  1. Garadasim, sen bu tefekkurnen o boyda hekaye musabiqesinde nece birinci yeri tutmusan?

    Esq olsun, Elcin Huseynova ve jurinin diger qerarverenlerine ki, hansisa xidemetin ve ya xidmetlerin muqabilinde sene birinci yeri reva gorubler.

    Senin musahibenden gorunen odu ki, bildiyin bir kend heyatidi.
    O da ki, Elibala Hacizade seviyyesinde. Eger sen kendi EKrem kimi bilseydin heyran olardim sene.

    Ustunde bir az islesen Gunel Movlud seviyyesine catarsan.
    Amma o seviyye de sene Bilecerinin tepesinden o yana getmeye sene imkan vermez.

    yasasin Zakir Sadatli ve Elcin Huseynovlarin yaratdiqlari Azerbaycan edebiyyati!!!

  2. Oxuyan kimi gorunur ki, bu musahibe canli goturulmeyib. Yazilib. Kim bilir belke de musahibeni ele basqasi yazib. Apa-ya yaxin olan bir kes.

  3. Bu sözlər dəqiqdir:
    “….Müharibədə “qəfil güllə” anlayışı var. O güllə adamı daim gərginlikdə saxlasa da, həm də daxildən nizamlayır. Müəyyən edilmiş sərhədləri keçməyə qoymur.
    Həyatın da qəfil gülləsinə daim hazır olmalısan. Dəxli yoxdu. Vacib deyil ki, sən ona sevinəsən, yaxud kədərlənəsən. Əsas odur ki, baş verənlərdən düzgün nəticə çıxarıb, öz payını götürəsən….”.
    Müsabiqədə yer tutan əsərləri kultaz.da oxumaq imkanı olsaydı yaxşı olardı.

  4. Evvelce ele bildim Markes verib bu intervunu, sonra bir az yuxari baxdim gordum Zakir Fexridi. Ə, bu boyda ədabazlıq olmaz, 50 yaşında bir hekayə yazıfsan dana…

  5. Aldığın pulu onu sənə kəsdirənlərə verəcəksənsə, qaqa, bunu rəhmətliklərə Fatihə oxutdurmaq kimi göstərmə da… Elçinin eşşək obrazı da yaman idi ha, əvvəlki yazılarında, lap avtoportret idi. Elə jürinin belə də qalibi olar. Halal olsun Anara…

  6. açığı unutdun deməyi ki, o biri dünyanın adamları üçün yazıram. seninki kimi düşünncə bu dünyada yaşamağa bəs etmir qaldı yaratmağa. yazıçılığın bu müsahibədə o qədər sürətlə azalır ki, mollalığını qabardır parlaqlığıyla

  7. Mən doğrusu Zakirə qarşı bu aqressiv münasibətin səbəbini başa düşə bilmirəm… Zakir Sadatlı burada yazıları, müsahibələri yağla-balla təriflənənlərin çoxusundan həm istedadlı yazıçıdı, həm gözəl insandı, qat-qat üstün ziyalıdı, qeyrətli oğuldu, igid Azərbaycan kişisidi… Bunu dərk eliyib, qəbul eləmək üçün adama çox şey lazım deyil… Sadəcə Rəqsanədən, Nadir Qafarzadədən və b.q.-dən bir azca keyfiyyətli olmaq bəs eliyir…
    Zakir, əzizim mən sənin bu cılızlıqlardan nə qədər yuxarıda dayandığını bildiyimə görə arxayınam ki, bu qərəzli atmacaların sənə zərrə qədər də olsun təsiri olmayacaq… Döyüşdə yəqin çox rast gəlmisən uzaqdan atılan və sürətini itirən güllələr adama dəyib necə yerə düşürlər…

  8. “Çıxıb kəndimizə gedəcəyəm”- ay aqsaqqal vallah vaxtinda kendine cixib getseydin lap ela olardi. Axi kendin hesretin cekib yazici olmaqdasa vaqzaldan bilet alib kende getmek daha asandir.

    Bir nuansa da munasibetimi bildirmek isteyirem- siz sovet ordusu siralarinda ordenler almisiniz. Sorushmaq olarmi hansi xidmetinize gore? Oten esrin 80-ci illerinde Efqan xalqinin azadliq mubarizesini boqmaq ucun gosterdiyiniz xidmetmere gore. Rus ordusu siralarinda xususi qeddarliqiniza gore igidliye gore orden almisiniz. Indi ise bir suru kend yazaririn desteyi ile Azerbaycan edebiyyati uzerinde qelebeye gore mukafat almisiniz. Omrunun yarisini yashayib qurtarmish adam ucun bu qeder qekebeler cox deyilmi.

  9. “…siz sovet ordusu siralarinda ordenler almisiniz. Sorushmaq olarmi hansi xidmetinize gore? Oten esrin 80-ci illerinde Efqan xalqinin azadliq mubarizesini boqmaq ucun gosterdiyiniz xidmetmere gore.” Çox qəribədir bu təfəkkürə sahib olan bir insan yazıçı olmaq iddiasındadır… Ən dəhşətlisi isə odur ki, bu adam alimlik dərəcəsi alıb… Ayıbdı, vallah ayıbdı… “Bir sürü kənd yazarı” ifadəsi isə tərbiyəsizlikdən başqa bir şey deyil…

  10. Deyerli Kultaz sayti men cox arzu edirem ki, forum ishtirakcilari muzakireye cixarilan meseleye munasibet bildirsinler. Bu edebiyyat sayti bir-birimizle deyishmek
    mekani deyil. Menim adim hallandiqina gore hormetli “scorpion”a cavab vermek isteyirem. Eziz dost beli men tarix elimleri namizediyem, alimlik derecem var. Bu adi da mene sebetde vermeyibler, burokratiya ile doyushe-doyushe ozum almisham. burda dehshetli ne var ki? Ikincisi Sovet ordusu siralarinda kimler igidliye gore orden alirdi? Hemin dovrde Efqan xalqi azadliq uqrunda mubarize aparirdi, meger bunu inkar elemek mumkundurmu?

    Men foruma fikirlerimi bildirirem ve altindanda oz adimi ve familiyami yaziram. Menim adim ne xerceng, ne qurbaqa, ne tisbaqa, ne de ilandi. Mene munasibet bildirende siz de adinizi yazin, yaziq heyvanlari narahat elemeyin. Diqqetinize gore teshekkur edirem.

  11. Bu tipli “şərhləri” oxumaqdansa, müsabiqədə yer tutan əsərləri oxuyub, konkret mövzu üzrə danışmaq daha yaxşı olardı. Zakirin orden-medallarını, dediyi sözləri, müsabiqədən bizə “məlum” olan əhvalatları astar üzünə çevirməkdən nə çıxacaq? Üstəlik burada bir tarix elmləri namizədi də var.
    Uğurlar!

  12. Cavanşir bəyin təklifini dəstəkləyirəm. Doğrudan da hekayə burda dərc olunsa yaxşı olardı. Bəzilərinə bizim bu mübahisəmiz mövzudan kənara çıxma kimi görünsə də, birbaşa ədəbiyyata dəxli olan məsələdir. Söhbət yazıçı olmaq iddiasında olan insanın yaxın keçmişimizdə baş vermiş hadisələrə birtərəfli olaraq, yalnız bu günün düşüncəsiylə qiymət vermək cəhdindən gedir. 2-ci dünya müharibəsində alman ordusunun əsgərinin yaxud da lap elə Qarabağ savaşında erməni ordusunun əsgərinin döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlığın üzərinə onun dövlətinin hansı idealogiya uğrunda bu müharibəni aparması zərrə qədər də kölgə salmır məncə… Mənim hörmətli tarixçimizə və ola bilsin ki, gələcək yazıçımıza demək istədiyim budur…

  13. Musabiqese yer tutan hekayleri ULDUZ jurnali derc edecek.
    Men de hormetli tenqid ustasinin fikrile raziyam ki, ortaligda bir sey yoxdur, serh yazirig.

    Gozleyek, ULDUZ goruneni…

  14. Zakir Sadatlı deyir: “düşüncə adamı yaxşı danışdığı kimi yaxşı da susmağı bacarmalıdır”. Ancaq nədənsə bizim düşüncə adamlarımız danışmaq lazım olan yerdə susub, susmaq lazım olan yerdə danışıblar və əllərində də bu cür ifadələri bayraq ediblər.

  15. Scorpionun yuxarıdakı şərhi ilə razıyam. Həm də: müsabiqəni təşkil edib onu qiymətləndirənlərlə
    bərabər bizim də onları görmək, oxumaq və dəyərləndirmək haqqımız var və bu kiməsə hökm oxumaq anlamına gəlmir. Rəylər nə qədər geniş kütləni əhatə etsə bir o qədər yaxşı olar. Həm də: Zakir kimi qüzlərlə insan o müharibədə ya tərcüməçi, ya da sadəcə döyüşçü kimi iştirak edib. Bu barədə məncə ayrıca danışmaq, mübahisə etmək olar. Ayrıca! Ancaq qalib gələn hekayələrin məziyyətlərindən bəhs edə bilməyimiz üçün mütləq onları oxumaq lazımdır.
    Sizə uğurlar!

  16. Qardashlar, biz bu qeribe, hay kuy salmish “Qashqari” mukafatina teqdim olunan ve ilk 4-lukde qerarlashan yazilari harada oxuya bilerik? Deyesen, o yazilarin uzuni muellifler ve munsiflerden bashqa bir kimse gormeyib. Chap etsinler oxuyaq. Shexsen menimchun yazichilarin musabiqesinde qalib gelen kechmish sovet esgerinin hekayesi maraqlidir. Goren o ne yazib???

  17. scorpion haqlidir. mən də alim-yazichini populizmə qapılmamağa çağırıram. soyuqqanlı olun, cənab!

  18. Hormetli amaravati, scorpion ve c. ve ilaxir gozel insanlar. Allaha and olsun ki, menim hec kimle shexsi qerezliyim yoxdu. Sadece mene yer eliyen bele mubahiselerin neticesinde Azerbaycan edebiyatinin uduzmasidi. O ki, qaldi muharibe meselesine eziz dostlarim eger siz Baki Dovlet Universitetinin Tarix fakultesinde oxusaydiniz men eziz telebelerim kimi sizlere veten muharibesi ile tecavuzkar muharibe arasindaki ferqi izah ederdim. Menim isteyim odur ki, hasi formatdasa Efqan xalqinin ezilmesi gedishinde igidliye gore medal almisansa hec olmasa bu barede danishma, hec olmasa sus. Axi sizin sevimli yazicinin susmaq qizail deyib qizil toplamaqla meshquldu. Diger terefden “Beyin oqurlanmasi”nda deyildiyi kimi “hele cekmediyi filmin musahibesini” vermek neye lazim. Cap edin hekayeni oxuyaq ve qiymetlendirek. Tam semimi deyiram belke belke hemin hekayeni oxuyub hekaye yazmaq oyrendik. Axi qaliblerden oyrenmek lazimdi…

  19. Hörmətli Zakir bəy, əgər həyat hadisələrinə münasibətinizi (düşüncə tərzinizi yəni) hekayənizdə də belə “parlaq” ifadə eləmisinizsə, batdıq… Yeri gəlmişkən, o hekayəni burda yerləşdirməyi xahiş edirəm kultaz.com-dan – predmetsiz disskusiyanın nə mənası? Amma, lütfən, “Ulduz”un filanıncı nömrəsini nişan verməyin, mən o jurnalın yox, bu saytın oxucusuyam.
    P.S.Hörmətli Zakir bəy, yadınıza salmaq istəyirəm ki, susmağı bacaran yazıçılar Tarixin yox, ayrı-ayrı konyunkturaların siyahısına düşə biliblər ancaq. Və oların qələbələrindən ədəbiyyat yox, siyasət iyi gəlib həmişə.
    P.P.S. Azərbaycan həm də ona görə bu gündə qalmaqda davam eləyir ki, həqiqəti demək əvəzinə susmağa (daha dəqiqi, ağzını yumub əlini açmağa) üstünlük verən yazıçılar-şairlər ölkəsidi…

  20. Alya xanim, siyaseti bura getirmeyin bari!

    Dusunurem, kim bilir, belke de Zakir Sadat geleceyin olke prezidenti oldu.

    Bu adam bu agilla nesr yazirsa, ondan ne desen gozlemek olar!

  21. Harda nə yazmaq lazım olduğu barədə Sizinlə məsləhətləşmədiyimçün, “gül kimi” ədəbiyyat atışmalarınıza “lazımsız” siyasət söhbətləri qatıb qanınızı qaraltmaq cəsarətində bulunduğumçün Sizdən min dəfə, yox-yox, milyon dəfə üzr istəyirəm, Chandirika(?) xanım(?). Bu nidalı etirazınızı görüb Sizdən və cəmi ədəbiyyatçılardan əməlli-başlı qorxmağa başlamama rəğmən, etiraz elədiyiniz məsələdə Sizin “bir ba-alaca” haqlı olmadığınızı demək məcburiyyətindəyəm – İDDİA dolu ədəbiyyatın siyasət deyə eyməndiyiniz şeydən (İcazə verin güman eləyim ki, yuxarıdakı yazıda Siz mənim eybəcər siyasətdən bəhs etdiyimi anlamışdız)heç bir fərqi yoxdu, çünki hər ikisində hədəf eynidi: hər cür fənd və fırıldaqla başqalarını üstələmək. Ya nifrətli-söyüşlü yazılar-çıxışlar yapıb tərəfdar-pərəstiıkar toplamaqla, ya “lazımlı” mövqe tutub yağlı təltiflər-təyinatlar qoparmaqla,ya da “ədəbi” “inqilablar” yapıb özü-özünü dahilər dahisi elan eləməklə.

    Hərçənd bu reallığın daha prozaik təsvirini vermək olardı – dırmanmaq-talamaq yarışında əli boşa çıxıb peşmanlayan və ya rəqib dəstəylə toqquşma anlarının panikasını yaşayan “qeyri-siyasi” nasir və şairlərimiz sığınacaq və dəstək üçün məhz siyasətçilərin yanına qaçirlar.
    Olmayıb deməyin.
    Özüm görmüşəm.
    Dəfələrlə.

  22. Alya xanim, cox sertsiniz…
    (tikanli sozlerinizden ehtiyat edib nida isaresinden vaz kecirem. Isteseniz indi de meni qorxaqliqda ittiham ede bilersiniz.

    Ancaq sonuncu serhinizi oxuyandan sonra Sizin kimi siyasetcilerden qorxmaq lazim geldiyini yeqin etdim.

    Menim nikime satasmaqdansa, zehmet olmasa, heqiqi adinizi yazin.

    Yoxsa sizde Siderenko kimi ukrain (belke de russunuz), sonradan ecnebi dil oyrenib, azerbaycanca dil-dil otursunuz.

  23. Maraqli mibahise gedir, amma en maraqlisi odu ki, ozu oz adini gizledib nikle yazan (Candrika)bashqasindan (Alyadan)sheffafliq teleb edir… Azerbaycanin miniatur menzeresi variydi bu kesin telebinde…
    men de nikle yaziram ve kimdense bu aciqligi teleb etmeyi de aglima bele sigishdirmiram. O ki qaldi Zakir beye… men Meshdedi ibad demish, azerbaycan edebiyyatinin klassik uzunden tutmush sovetden bu yana gelib muasire direnen edebiiyatindan ozumu xebersiz adam saymiram, amma hele bu adda yazici eshitmemeshdim… belke layiqli birisidi… Azerbaycan edebiyyatini silkelyecek birisidi… yazisini oxumamsham. Amma mence Zakir bey desaygisizliq edir, bu qeder mubahise gedirse, bir hekayesini kultaz-da derc etmek ne cetindi ki?? belke qalib hekayenin dercine qadagalar var. mumkundu, amma oz hekayesinden birini derc ederse, onun yazici bogcasi haqqinda anlayishimiz olar. Nece deyerler, deniz suyunun shor olmasini bilmek ucun butun denizi icmeye ehtiyac yoxdu ki.. bir damla kifayetdi…

  24. Hörmətli Çandirika, o sual işarəsini nikinizin mənşəyini anlamadığım üçün qoymuşdum ora, lağ eləməkçün yox.
    Mənim nikimə gəlincə – “Alya” mənim gerçək adım, daha doğrusu, mətbuatdakı gerçək imzamdı. Yəni mən siyasətçi yox, jurnalistəm və 1995-dən bu yana yazılarımı bu adla çap elətdirirəm (Səbəbi çox özəl və çox ağrılıdı mənimçün, icazənizlə burda açıqlamayım). Sizin qədər ağıllı və məşğul olmayıb qəzet oxumağa vaxt tapan soydaşlarımız az-çox tanıyırlar bu imzanı. Elə özümü tanıyanlar da olmamış deyil.

    Və and olsun inandığınıza ki, tərtəmiz türkəm.

    P.S. Ümid eləyirəm Tarix elmini qəzetlər qədər gərəksiz saymamısız və millətimizə 1937-dən sonra “azərbaycanlı” deyildiyini öyrənə bilmisiz.

Şərh yazın