Culi O Kallaxan. XXI əsr Amerika şeiri

Yazar: Admin | Bölmə: Tərcümə | Tarix: 05 Eylül, 2008

“Tərcümə Həftəsi”

Şirin çörəklər və qar

Mən istəməzdim haçansa,
yenə yanvar günlərinin birində
Çikaqoda
bacımla önümüzdə
üstünə şəkər tozu səpilmiş çörəklər,
kitab mağazasında oturaraq
izləyək
qarın yerə necə düşməsini,
bərq vuran işıqların
qaranlıqdan necə izn istəməsini.
Bacım iri fincandan
kakao içir.
Arxamızda
kitabların sakitləşdirici düzülüşü,
pəncərənin çöl tərəfində
ağ işıqların
qışın budaqlarını bəzəməsi.
Ona görə
hər şeyi necə var
eləcə saxlamaq istəyirəm:
qoy qar parıldayaraq,
kakao buxarını yaysın,
şəkər tozu səpilmiş bükmələr
ağ boşqabda gözləyərək dursun -
nə qədər mümkünsə.

Ev

İllinoys ştatında doğan günəş
məni,
özümü yad bir adam kimi
hiss etməyə məcbur edir,
burada isə -
öz maşınımdaca
irlandlı gənc oğlan mənə
şimala – Çikaqoya doğru,
xəyalındakı yüz illər əvvələ
şütüməyi hökm edir.

Həyatımı idarə edən bu oğlan
maşınımın istiqamətini müəyyənləşdirir.
Haçansa Bostonu nişan alsaydı
deməli, indi mən
ora şütüyərdim.

Təsirlidir,
təsirlidir ki, biz kiməsə
həvalə edirik taleyimizi,
başqaları müəyyənləşdirir
bizim nə vaxt harada olmağımızı,
danışıq şivəmizin necəliyini.
Təsirlidir ki,
bizi başqaları məcbur etməlidir
düzənlikdə
və sünbül əkilmiş tarlalarda
yaşamağa.

Yük maşınlarının yanındakı kafedə
iri fincandan qəhvə içirəm
və anlamağa çalışıram
kənddə yaşayanların
sol yanımda necə oturduğunu,
və arxamda olan hərbçilər də
beləcə, hadisələrin hökmüylə
səpələniblər buraya -
boşluqların tən ortasına.

Və biz indi
sadəlöhvlüklə bu yeri
ev adlandırırıq.

Saziş

«Atam haqqında xatirələr» silsiləsindən

Onun üçün
hər şeyin bahasına
başa gəlirdi bu,
amma o,
yenə də bütöv bir ili aldı
indi onun idi il.

Onun idi səma,
onun idi vulkanlar,
kainatın hər bir molekulu
onun idi indi -
əlbəttə, baha başa gəlirdi bu,
mühakimə edirdi özünü
amma – baxın – ha! -
indi hər şey onundu.

Onun idi dəqiqələr
və saatın dörddə biri -
bütün uzun düzülüşü ilə.
Onun idi aylar,
on iki sürəkli ay,
dəyişilməz sırasıyla onun idi:
o vaxtacan ki,
stolüstü təqvimi
son iki vərəqinəcən arıqladı.
Və o, yenə özünə aid
arzu dolu
daha bir saziş hazırladı -
məsələyə aydınlıq gətirmək üçün.

Rus dilindən çevirdi: Tərlan

Tanıtım:

Xanım Culi O Kallaxan 1954-cü ildə Çikaqoda anadan olub. 1974-cü ildə əcdadlarının vətəni İrlandiyaya köçür. Burada gələcək əri ədəbi tənqidçi Dennis O Driskolla tanış olur və burada yaşamağa başlayır.
İlk kitabı- “Yüngül lətifələr” 1983-cü ildə çap olunub. Kitab Britaniya Şairlər Birliyinin təqdimatı ilə işıq üzü gördü və bu, fakt onun özünütəsdiqində böyük rol oynadı. O vaxtdan Culinin böyüklər və uşaqlar üçün 5 kitabı işıq üzü görüb. Müəllif 20 yaşında ABŞ-ı tərk etsə də, özünü amerika şairi hesab edir.

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

2 Şərh var
Şərh yazın »

  1. Çox bəsit deyilmi?
    3-cü şeirdə nəsə eşitməyə çalışdım, yenə də alınmadı.

  2. çox sağ olun ki, şərh yazmısınız. mən başqasının əvəzınə şeir yazmıram. bu rus dilindən tərcümədi. sizə məsləhətim, arginalı oxuyun. oxucu bütün hallarda haqlı olsa belə.

Şərh yazın