Yanuş Rudnitski (Polşa). KÜSMÜŞ ARVADLAR

Yazar: Admin | Bölmə: Tərcümə | Tarix: 06 Eylül, 2008

“Tərcümə Həftəsi”

Az qala qaçıram, əlim ayağıma dolaşır.
Bax, hər gün belədir – vağzaldan işə, işdən vağzala.
Çünki, şəhərin düz mərkəzində işləyirəm.
Kendzejində, pivəxanada bir nəfər məndən harda yaşadığımı soruşdu.
Hamburqda.
Bəs, harda işləyirsən?Düz mərkəzdə işləyirəm, yazı stolunun arxasında. Doqquz ildir kağız-kuğuzla əlləşirəm, qısa tarixçəm budur.
Əlim-ayağıma dolaşa-dolaşa az qala qaçıram. Hamısı belə-belə olsun, boğaza yığılmışam daha. Onsuz da məni elektrik qatarında yaralayıblar. Möhkəm toxunublar, kəsib qoparıblar. Axı, mənim yaşadığım budaq- mənim ürəyimdir. Möhkəm başımın mehribanca sıxıldığı balış kimi yumşaq ürəyim.
Əvvəlcə vaqona əlində gitara olan bir tip girir və «Şəhərdə yay» mahnısını oxuyub dilənir. Mən, həmişəki kimi, üzümü pəncərəyə çevirmişəm. Və həmişəki kimi düşünürəm: o, mənə çatınca qatardan düşüb yaxamı ondan qurtara biləcəyəmmi? Həmişəki kimi, o gəlib mənə çatır və mən də həmişəki kimi acı təbəssümümün əks olunduğu bu axmaq şüşədən üzümü çevirmirəm. Elə kinayə ilə gülümsünürəm, elə bil oğlumu sekslə məşğul olanda tutmuşam. Ya da qızımı. Vaqonun şüşəsində əks olunmuş bu sir-sifətdən zəhləm gedir – özüm-özümə nifrət edirəm. Onlara da həmçinin. Çünki onlar məni alçaldır, məni elə öz acgözlüyümün çəkmələri ilə tapdalayırlar.
Nəhayət elektrik qatarı dayanır, mən qalxıb qapılara tərəf gedirəm. Qapının ağzında ərindən ayrılana oxşayan qadın, əlində isə içində xırda pul olan boşqab. Bəsdir, daha. Elə bil, oğlumla qızımı bir-birilə sekslə məşğul olarkən tutdum. Bəsdir, boğaza yığdınız məni, boşqabdan əlli sent götürüb, təşəkkür edib gedirəm. O isə, mənim dalımca! Oğrunu tutun! Mən sürəti artırıram, o da həmçinin. Qaçmağa başlayıram, amma vağzal, sinələrindən lövhə asılmış əllərini irəli uzadan bu adamlarla doludur. İrəliyə uzadılmış əllərdən də qaçıram. Eşidin, şəhərin mərkəzində işləmək üçün əsəbləriniz möhkəm olmalıdır. Əlli senti dilənçilərdən birinə verib tələsə-tələsə yoluma davam edirəm, amma prinsiplər yadıma düşür; geri qayıdıb alman dilini qəsdən çeynə-tüpür edə-edə dilənçiyə deyirəm ki, bu pul – polşalı turistin köməyidir.
Pulu verirəmsə, heç olmasa, bunun faydası olsun.
Polyakdan – acından ölən almana.
Bəli, mərkəzdə tanıdığım bütün polyaklara demişəm ki, onlar da mənim kimi etsinlər: dilənçiyə pul verirlərsə, desinlər ki, bu – polyak turistin köməyidir. Biz burda bütöv bir orduyuq, polyak-alman dostluğunun ön cəbhəsindəyik. Ey, vətəndəkilər, bizə uğurlar diləyin, bizdən yaxşı döyüşçü çıxar, Həmas döyüşçülərindən də yaxşı.
Bir də ki, lap onlardan oğurla, nə olsun? Məgər, almandan oğurlamaq ayıb işdir?
Bax, bu almana deyirəm – polyak turistin köməyidir, amma görünür, bu gün rast gəldiyim alman kardır. Hansı turistdən, soruşur. Polşalı, deyən zaman, həmin o küsmüş arvad üstümüzə çıxır, qoy silahdaşlarım məni bağışlasınlar, missiya alınmadı, dabanıma tüpürüb səki ilə qaçıram, o iki nəfərin qalmaqal saldığını görürəm, eşidirəm, çünki qadın, ondan götürdüyüm əlli senti dilənçinin papağına qoyduğumu görüb, buna görə də əlini tez papağın içinə soxub pulu götürür. Dilənçinin isə vecinə deyil, arvadın saçlarından yapışıb yolur və qışqırır: əlli senti qaytarmayınca buraxan deyiləm. Lənət şeytana, şəhərin mərkəzində həyat səngərdəkindən də ağırdır, pisdir, inanın mənə.
Mən meşədə yaşayıram və ağaclar, yoğun dilənçi-sarmaşıqlar hər tərəfdən ətrafımı bürüyüblər. Bu, bənzətmə deyil, onlar doğrudan da məni əhatə ediblər: sürünərək, uzanaraq, əl-ayağıma dolaşaraq hər yerdə dilənçilik edirlər. Vicdan əzabı çəkdiyimdən bədənimi qaşınma tutur.
Hər gün, mən hər gün «Şəhərdə yay» mahınısını eşidir, hər gün mənə tərəf uzadılan boşqabdan pulu çırpışdırır, hər gün ərindən küsmüş arvad mənim dalımca düşür və hər gün keçmiş cənab keçmiş quldan əlli sent alır. Çünki şəhərdəki, onun mərkəzindəki həyat dönə-dönə oxudulan qrammofon valı kimidir. Və əyalətdəki həyatdan onunla fərqlənir ki, burda vaxt daha sürətlə ötür. Əyalətdə isə zaman öz axarındadır.

Rus dilindən çevirdi: Samir Bulud

1 səs2 səs3 səs4 səs5 səs (2 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

Şərh yazın