Zəlimxan Yaqub: “1984-cü ildən bəri ancaq Aşıqlar Birliyi adına intriqa «yuva»sı olub”
“Mən bu birliyə intibah, inqilab və şüurları silkələmək üçün gəlmişəm”
Xalq şairi, bu günlərdə Aşıqlar Birliyinin sədri seçilən Zəlimxan Yaqubla görüşüb müsahibə götürmək istədiymizi bildirdik, tərəddüsüz razılaşdı. Bir şərti oldu ki, mənim danışığımın üslubuna toxunmayın, qoyun necə var elə də qalsın.
Zəlimxan Yaquba cəmiyyətin sualları çox idi. Bulvarda şairin düzənlədiyi çay süfrəsinin qırağında 2 saata yaxın çəkən söhbətmizdə çox mətləbələrə aydınlıq gətirmyə çalışdıq.
- Zəlimxan müəllim, Aşıqlar Birliyinin qurultayından öncə də, indi də etirazlar səslənir. Siz qarşı tərəfin münasibətini necə qarşılayır və onların iddialarını doğru hesab edirsinizmi?
- Əslində qarşı tərəf yoxdur. Qarşı tərəf nəyə deyirsən? Mənimlə tən gələn bir qüvvə olmalıdır ki, ona qarşı tərəf deyə bilim. Bu, bir qadının meydana çıxartdığı həngamələrdir. Aşıqlar Birliyinin qurultayı sonuncu dəfə 1984-cü ildə keçirilib və sədr də rəhmətlik Hüseyn Arif seçilib. Qurultay dövlət və Heydər Əliyev səviyyəsində keçirilib.
- Axı Heydər Əliyev həmin il artıq Moskvada çalışırdı…
- Yəni dövlət səviyyəsində qurultay keçirilib. 1984-cü ildən bəri indiyə qədər sözün həqiqi mənasında qurultay nədir, qarşısındakı tələblər, hansı funksiyaları daşıyır, səlahiyyətinə nələr aiddir kimi bu səviyyədə heç zaman qurultay keçirilməyib. Məhəlli xarakterli yığıncaqlar olub, 3-5 adam toplaşıb öz-özünə bir cəmiyyət düzəldib, bunlar da havadan asılı və qeyri-qanuni olub. Təsəvvür edin ki, bu cür qrupların möhürü, binası, rəsmi səlahiyyəti yoxdur, dövlət də arxasında dayanmır, millət də səsinə səs vermir. Yalnız dedi-qodu və intriqa yığnağıdırlar. Bununla da 1984-cü ildən indiyə qədər heç bir qurultay keçirilməyib. Əgər səviyyəli qurultay və səviyyəli sədri olsaydı, həm də sağlam İdarə Heyəti yaransaydı, 20 ildə aşıqlarla bağlı yadda qalan bir tədbir keçirilərdi. Heç olmasa bir nəfər aşığa fəxri ad və təqaüd verilərdi. Yəni 1984-cü ildən bəri ancaq Aşıqlar Birliyi adına intriqa «yuva»sı olub.
- Bəs dövlət nədən bu məsələyə müdaxilə etməyib?
- Dövlətin məsələyə müdaxilə etməməsi Qarabağ problemi də daxil olmaqla çoxlu sayda ictimai-siyasi məsələlərin hərc-mərcliyi və anlaşılmazlıqıdır. Amma bu gün məsələyə dövlət səviyyəsində yanaşılır. Artıq müstəqil Azərbaycan dövləti var, atributları yerindədir, iqtisadi cəhətdən inkişaf gedir. Hər şey öz yerində olanda dövlətin məsələyə diqqət yönəltməsində imkanı da olur. İndi həmin mərhələ gəlib yetişdiyinə görə qurultay dövlət səviyyəsində keçirildi, mədəniyyət naziri gözəl bir çıxış etdi və tədbirdə 250-ə yaxın aşıq iştirak edirdi. İntellektual səviyyəyə malik olan şəxsiyyətlərin iştirakı ilə samballı İdarə Heyəti formalaşdı və sədri də akademik Bəkir Nəbiyev seçildi. Azərbaycan qurultayları tarixində bu qədər səviyyəli, məzmunlu, müdrik, ağıllı, intellektual, potensial imkana malik və gələcək arzuları həll etməyə qadir olan ikinci belə qurultay keçirilməyib. Eyni zamanda, Zəlimxan Yaqubun da sədr seçilməyi birmənalı şəkildə oldu, yəni bir nəfər də etiraz etməyib.
- «İkinci belə qurultay keçirilməyib» söylədiniz. Siz yazıçılar və rəssamlar birliklərinin qurultaylarını da bu səviyyədə hesab etmirsiniz?
- Yox, mən Aşıqlar Birliyinin qurultaylarını nəzərdə tuturam. Son qurultay çox yüksək səviyyədə keçirildi.
- Hətta 1984-cü il qurultayından da yüksək oldu?
- Bəli.
- Bu səviyyə nədən ibarətdir?
- Qurultayda çıxış edənlərin hər biri Azərbaycanın ən görkəmli şəxsiyyətləridir və ən səviyyəli çıxışlar etdilər.
- Zəlimxan müəllim, ötən 20 ildə bu sahədə nəsil dəyişikliyi hansı səviyyədə olub?
-1984-cü ildə Azərbaycanın ustad aşıqlarının 70 faizi heç olmasa sağ idi və qurultayın iştirakçısıydı. Amma bu gün həmin ustad aşıqlardan 2-3 nəfər qalıb. Bax, bizim faciəmiz bundan ibarətdir. Əmrah, Kamandar, Hüseyn Saraclı, İmran, Əkbər, Mikayıl Azaflı, Şakir, Pənah…çox saymaq olar. İndi cavan bir nəsil gəlib.
- Onların səviyyəsindən razısınızmı?
- O qədər səviyyəli ustadlar görüb yanlarında böyümüşəm ki, indikilər hələ məni razı sala bilmir. Bugünküləri ən yüksək səviyyədə hazırlamaq, böyük sənətkarlar kimi yetişdirmək, kamilləşdirmək, xalq ədəbiyyatına, folklora, yaddaşımıza, musiqi folklorumuza, sazımıza, sözümüzə daha da dərindən hali etmək üçün əsas yük mənim çiynimə düşür. Qurultayın çağrılmasında da əsas məqsəd ondan ibarətdir ki, əgər sazımızı dünya səviyyəsinə qaldırmaq istəyiriksə, YUNESKO-da dünyaya təqdim etmək niyyətindəyiksə, çox böyük təşkilatlanma getməlidir.
- Hansı istiqamətləri nəzərdə tutursunuz?
- Birinci növbədə Aşıqlar Birliyinin gözəl bir binası olmalıdır.
- Müvafiq qurumlara müraciət etmisinizmi?
- Bəli. İstəyirik ki, memarlıq abidəsi səviyyəsində aşıqlar evi olsun və birliyin muzeyi yaradılmalıdır. Bu muzeydə Azərbaycanın aşıq sənətinə nə qədər xidmət edən varsa, onların hamısının portretləri, şəxsi əşyaları yerləşdirilməlidir. Eyni zamanda, birliyin zəngin kitabxanası, səsyazma studiyası, tədris ocağı, musiqi salonu və mehmanxanası yaradılmalıdır.
- Problemi necə həll edəcəksiniz?
- Həll edəcəyik.
- Necə?
- Bu gün Azərbaycan müstəqildir, qapılarını bütün dünyaya açıb, həm də dünya öz qapılarını Azərbaycana açıb. Biz istəyirik ki, xaricdən ən yaxşı şeyləri gətirək. Amma pis şeylər yaxşılardan qabaq gəlir. Bu əttökən teleseriallar, üzdəniraq şoular, internetdə biabırçı saytlarda olan məlumatlar Azərbaycan xalqının mənəviyyatına təcavüz etməklə məşğuldur. Bütün bu təcavüzlərin qarşısını almaq üçün Azərbaycan birinci növbədə meydana özünün milli şüuru, təfəkkürü, qeyrəti, istiqlalalı, azadlığı, mənəvi dəyərləri, əxlaqi sərvətləri, zəngin və tükənməz yatırım bir xəzinə olan ədəbiyyatı, sazı və sazbəndi təbliğ olunmalıdır. Kənardan gələn qüvvənin qarşısına ancaq min illərə sahib olan Dədə Qorqudla dədələşən, Oğuz Xanla oğuzlaşan, Koroğlu ilə koroğlulaşan sazımızla çıxmalıyıq. Mən dünyanın çox yerini gəzmişəm, hansı ölkəyə gedirsən, birinci növbədə hər xalq və ölkə özünün ilk ana müsiqisini təbliğ edir. Çünki millətin sifəti ana musiqisidir. Bu mənada Azərbaycan xalqını ana musiqisi, qədim və müqəddəs müsiqisi sazın yaratdığı şeriyyətdir.
- Zəlimxan müəllim, bina məsələsinə qayıdaq…
- Binamız hökmən olmalıdır və əminəm ki, istəyimiz baş tutacaq. Çünki Azərbaycan dövlətinin buna imkanı var, möhtərəm prezidentimiz İlham Heydər oğlu Əliyevin bu sənətə xüsusi qayğısı var. Əgər qurultay dövlət səviyyəsində keçirildisə, prezident səviyyəsində qeyd olundusa, böyük ziyalılar ordusunun, aşıqların birmənalı rəyi ilə belə yüksək səviyyəli qurultay keçirildisə, bunun məntiqi nəticəsi istəklərimizin hamısını yaradacaq. Çünki Azərbaycan dövlətinin mədəniyyətə, muğama, saza çox böyük meydan verməsi ondan xəbər verir ki, dövlət öz vəzifə borcu kimi Allahın izni ilə bu problemlərin hamısını həll edəcək. Bu, xalqın, millətin ürəyindədir, dədə-baba sənətidir. Hər birimizi narahat edən problemlər var və əgər bunlar dövlət səviyyəsində həllini tapmasa, sən heç nə edə bilməzsən. Od olsan, özünü yandırarsan.
- Siz xaricdən millətin mənəviyyatına təcavüz edilən «sənət»in daxil olduğunu bildirməklə bərabər qapımızın da açıq olduğunu məmnunluqla bildirdiniz. Fikirləriniz ziddiyətldir….
- Çalışmalıyıq ki, açıq qapıdan yaxşı şeyləri buraxaq. Ona görə də inandığımız qüvvənin adı sazdır. Həm də xalqın özünün yaratdığı milli şüuru, təfəkkürü, poetik düşüncəsi, bədii-psixoloji baxışı formalaşdıran ana qaynağımız sazdır.
- Bəs «Lider TV»-də sazla bağlı keçirilən müsabiqədən razı qaldınızmı?
- Müsabiqədən razı və narazı qaldığım cəhətlər var. Narazı qaldığım cəhət o idi ki, müsabiqədə obyektivlik gözlənilmirdi.
- Nə mənada?
- Yəni həqiqi mənada iştirakçılara obyektiv qiymət verilmədi və hər biri istedad dərəcəsinə görə qiymətləndirilmədi.
- Bəlkə ad çəkəsiniz?
- Yox, heç bir ad çəkmək niyyətim yoxdur. Razılığım ondan ibarətdir ki, ilk dəfə televiziya kanalında aşıqlarımız dünyaya təqdim olundu. Beləliklə, bu cavan aşıqları dünya tanıdı.
- Sizin Yazıçılar Birliyinin sədri vəzifəsinə iddialı olduğunuz da bildirilirdi. Ancaq nədən Aşıqlar Birliyinə üz tutdunuz?
- Mən saçımdan dırnağıma qədər ruhum, varlığım, mayam, hamısı sazla, aşıq poeziyası ilə yoğrulub. Mən Borçalıda doğulmuşam, məni saz böyüdüb, məni xalq şairi edib dünyaya təqdim edən saz olub. Ona görə saz mənim nəfəsimdir. İndi bu, talenin işidir. Aşıqlar Birliyinin meydanı çox genişdir və xalqla daha yaxındır.
- Məgər, Yazıçılar Birliyi xalqla yaxın deyil?
- Qətiyyən bu fikirdə deyiləm. Amma yaradıcı birliklərin nümayəndələri məndən inciməsinlər, heç bir sənət Azərbaycan xalqına aşıq və saz qədər yaxın deyil.
- Deməli, şair Zəlimxan Yaqub da xalqa aşıq qədər yaxın deyil də…
- Şair Zəlimxan Yaqub ona görə xalqa yaxındır ki, o, bütün başından ayağa ozandır, aşıqdır, şairiliyi də bundan doğulur.
- Ona görə Yazıçılar Birliyindən üz döndərdiniz?
- (gülür). Yox, üz döndərmədim. Azərbaycanın xalq şairiyəmsə, Yazıçılar Birliyindən necə üz döndərə bilərəm? Amma bu, mənim ürəyimdən olan işdir. Bax, Aşıqlar Birliyində bu cür də işləyə bilərəm: bir neçə otağı kirayə götürərəm, bir katibə, yaxşı dəmli çay və iki-üç nəfər gözəl aşıq. Çaydan içərəm, gündə bir-iki nəfəri qəbul edib yola salaram, axşam da evə gedib şerimi yazaram. Qəti bilin ki, mən bu birliyə intibah, inqilab və şüurları silkələmək üçün gəlmişəm. Heç bir şəxsi maraq məni qayğılandırmır. Çünki 10 il parlamentdə əyləşən, Azərbaycanın xalq şairi olan, prezident təqaüdü alan bir adamın heç bir şəxsi marağı ola bilməz. Mənim marağım ictimai maraqdır. Vaxtilə televiziyanı, radionu və qəzeti əvəz edən ustad, dədə, ozan, lələ deyilən bir sənət məbədi var ki, mən bu əməlimlə keçmişin müqəddəsliyini bu günə gətirmək, saz üstündə yaranan müqəddəs ənənəni, tərbiyəni, əxlaqı, etikanı, estetikanı yenidən dirildib xalqa vermək üçün gəlmişəm.
- Amma bir sıra adamlar bildirirdi ki, Sizin Yazıçılar Birliyinin sədri olmaq üçün intellektual səviyyəniz çatmadığından iddiasından geri çəkildi…
- İndi bilirsən necədir? Çox üzr istəyirəm, bu məsəli çəkmək olar, yoxsa yox. Amma istəyirsən, dərc et, ya da etmə. Molla Nəsrəddinə dedilər ki, ay molla bir oğlanla bir qız axşamdan bir otağa girsə, ordan salamat qurtara bilərmi? Molla cavab verir ki, ordan qurtarsa da, xalqın ağzından qurtara bilməz. İndi ay qardaş, 8 milyon adam var, 8 milyon psixologiya var, ağıl var, hərənin öz səviyyəsi, arşını var. Əstəfürüllah, biri mənə Allah kimi baxır, digəri bəndə, başqa birisi balaca şair kimi baxır. Yəni bu, müxtəlif münasibətlərdən qaça bilməzsən. Ona görə də mənim Yazıçılar Birliyinin sədri olmaq söhbətim həmişə hallanıb.
- Bəs bundan sonra da hallana bilərmi?
- Bəli. Amma niyə hallanıb, əsas məsələ budur.
- Demək, Siz yazıçı Anarla üz-üzə gəlmək istəmirsiniz?
- Bilirsiniz, ədəbiyyat sözü ədəb sözündən başlayır. Mən həmişə ədəbini, tərbiyəsini, əxlaqını, şəxsiyyətini, nəfsini qoruyan olmuşam. Bu gün də xoşbəxtəm ki, Azərbaycanın bütün evləri, ocaqları, kəndləri mənimdir. Aşığı mənim, şairi mənim, müğənnisi də mənimdir və hamının qəlbində yerim var. Çünki hamı mənim qəlbimdədir. Əvvəla Anarla nə üçün üz-üzə gəlməliyəm və hələ sədr seçkisinə də çox var. Heç vaxt sabah nələrin baş verəcəyini bu gün demək olmaz. Bunlar gələcəyin işləridir, yəni Zəlimxanın, ya da Alının, Vəlinin gələcəyi.
- Bəs niyə daha çox Sizin adınız hallanır?
- Ona görə hallanır ki, mən adımı hallandıran və hallandırmayan bütün yazıçıların, şairlərin, ağsaqqalların oğlu olmuşam, cavanların qardaşı, gənclərin də mənəvi atası olmuşam.
- Aşıqlar Birliyində sədrlik müddəti neçə ildir?
- Beş il.
- Daha bir beş il seçilmək istəyiniz olacaqmı?
- İnşallah, olacaq!
- Onda sual yaranır, Siz də Anar kimi 20 il sədr olmaq istəyirsiniz, yoxsa…?
- İndidən hökm vermək olmaz. Bu, taleyin işidir. Tam səmimiyyətlə deyirəm, Aşıqlar Birliyinə çox böyük arzularla gəlmişəm. İnşallah, 20 ildə görülməyən işi bir həftədə həyata keçirəcəyik. Siz bunları görəcəksiniz. Çünki mənim buna gücüm və imkanım var. Heç bir nazir, icra başçısı, polis rəisi, müğənni, aşıq Zəlimxandan heç nəyini əsirgəmir.
- Bəs birliyin rayon şöbələri olacaqmı?
- Məncə, zonalara bölmək sənətin xeyrinə deyil. Niyyətim belədir ki, Şirvanda Aşıq Bilal, Şəkidə Molla Cuma, Tovuzda Bozalqanlı Aşıq Hüseyn, Qazaxda Aşıq Ədalət günləri keçirilsin. Yəni formanı dəyişib keyfiyyəti qaldırmaqla aşığın şəxsiyyətini yüksəltmək lazımdır.
- Şəxsiyyətdən söz düşmüşkən, Azərbaycanda siyasətçiyə, şairə, yazıçıya və çox şeyə heykəl qoyulub. Amma bir aşığa heykəl belə yoxdur. Bu münasibətin səbəbini necə izah edərdiniz?
- Çox düz məsələdir. Bizim təkliflər paketində bu məsələ var. Mənim ürəyimdən keçir ki, saza heykəl qoyulsun. Saz türk dünyasının şəriksiz alətidir. Bütün alətlərə yiyə çıxa bilərlər, sazdan başqa. Ona görə də mən saza heykəl qoyulmasını istərdim.
- Bunun forma və məzmunu barədə düşünmüsünüzmü?
- Sazın heykəli elə sazın özüdür. Ona elə bir gözəl əzəmət vermək olar ki, dünyanın hər yanından turistlər gəlib baxar, görər ki, mənim anam, ailəm, beşiyim, məzarım, ruhumun tellərini dindirən, qəlbimə layla çalan budur.
- Yaradıcı birliklərdə yerliçilik tendensiyası həmişə olub. Məsələn, Yazıçılar Birliyində «qazaxşina»nın olması inkar edilmir. Bu baxımdan Aşıqlar Birliyində anoloji vəziyyətlə rastlaşacayıqmı?
- Heç vaxt. Çünki saz hamınındır.
- Ədəbiyyat hamının deyildimi?
- Bilirsən, başda dayananın kimliyindən çox şey asılıdır. Xəstə Qasım deyirdi ki, bircə simi tərpədən varsa, o da bizim dəstədəndir. Azərbaycanın ən zəif aşığı kimdirsə, o da mənim üçün müqəddəsdir. Çünki onun sinəsində saz dillənir, dilində sazın yaraşığı şeriyyət səslənir. Ona görə də saz harda varsa, orda yığmaq var, dağıtmaq yoxdur. «Lider-TV»də aparılan müsabiqədən birinci nqarazılığım ondan ibarət idi ki, hər bir iştirakçının altına doğulduğu rayonun adını yazırdılar. Bu, çox böyük səhv idi.
- Anadan, Vətəndan danışıb Borçalını xatırladınız. İki həftə öncə rus təyyarələri Borçalını bombalayanda yurda baş çəkdinizmi?
- Həddindən çox narahatçılıq keçirdim. Bomba düşəndən bir gün əvvəl Borçalıdaydım. Gələn gününün səhəri hadisə baş verdi. Biz gürcü millətinin yanındayıq və onların ərazi bütövlüyünü də dəstəkləyirik.
- Sizi «saray şairi» adlandırmalarından narazı qalmırsınızmı?
- Mən bu suala yüz dəfə cavab vermişəm, yüz birinci dəfə verməyəcəm. Özün fikirləş, Zəlimxanın sazını kim çalır, sözünü kim deyir, Zəlimxanın yaddaşı ilə kimi müqayisə edirsən? O ağ şairi gətir, deyim «hə belədir». Bu söhbəti nə qədər çürütmək olar? O saraydırsa, ora da mənimdir. Çünki mən müstəqil Azərbaycanın şairiyəm. Yüz illərdir arzulamışdım ki, mənim öz dövlətim, öz prezidentim və sarayım olsun. O saray müstəqil dövlətin prezidentinin əyləşdiyi saraydır və zaman-zaman bunu arzu etmişik. Dünən orda erməni, yəhudi, rus idi və millətimizi də güllələyirdi. İndi isə öz millətimiz oturub. Zəlimxan sarayın da, xalqın da, Allahın da, sazın, müğamın da, dağın da, aranın da şairidir. Mən küçə, çayxana şairi deyiləm. Çox şadam ki, məni saray şairi adlandırırlar.
- Rüstəm Behrudi bir dəfə bildirmişdi ki, Siz Elçibəyə yazdığınız «Allahım, mənə bir ağsaqqal yetir» poemasını sonradan dəyişdirib Heydər Əliyevə həsr etmisiniz. Bu, düzdürmü?
- Kim demişdisə, özü və Allahı bilər. Mən Allahın və xalqın adamıyam. Mənimlə bağlı kim ağız büzməli söz deyibsə, Allah onların hamısının cəzasını verib də, verəcəkdi də. Ona görə də kimin nə deməyindən asılı olmayaraq bu gün Azərbaycan xalqının bir Zəlimxan Yaqubu var, onun sazı da, qələmi də, yaddaşı da, kitabı da, xəlqi də, xəlqiliyi də var. Bunları Allah verib və heç kəs əlimdən ala bilməz.
- Bəs niyə bu televiziyalarda xəlqiliyə qarşı kütləvi hal alan şoulara etiraz etmirsiniz?
- Mən bu məsələdən çox narahatam. Amma bu belə davam etməyəcək.
«Nə fitnə qalacaq, nə şər qalacaq
Əsl adamlardan əsər qalacaq
Çör-çöpü sahilə tullayır dəniz
Dənizin dibində çör-çöp qalacaq».
Dediklərin çör-çöpdür.
Süleyman Rəhimov danışırdı ki, bir dəfə bulvarda gəzəndə gördüm ki, Səməd Vurğun bir neçə yazıçı ilə siqareti «parovoz» kimi tüstülədərək gəlir. Çox dumanlıydı, dedim ay Səməd nə olub? Cavab verdi ki, ay Süleyman, Yazıçılar Birliyinin yığıncağında məni yıxıb-sürüyürdülər. Əhəmiyyət vermirdim, çünki kim olduğumu bilirəm. İndi hanı Səməd Vurğunu yıxıb-sürüyənlər? Heç adları «it dəftərində» də yoxdur. Amma Səməd Vurğun «göyün yeddinci qatı»ndadır. Bu, bizim taleyimizdir.
- Ancaq Səməd Vurğun kimi dahi adlandırdığınız şairin bütün poeziyası partiyaya həsr edildi…
- Qətiyyən elə deyil. Çox böyük səhv edirsən.- Stalin və partiya haqqında yazdıqlarını unutmusunuzmu?
- «Yerdən ayağını quş kimi üzüb
Yay kimi dartılıb, ox kimi süzüb».
Bütün onun partiya haqqında şerləri qurban olsun bu şah beytə.
- Bir neçə şeir istisna olunmalıdır da…
- Xeyr, Səməd Vurğunu oxumayıbsan.
«Düşmən öz kinini bizdən gizlədi
Ətəyi altında bir bıçaq kimi
Hey məqam axtardı, məqam gözlədi
Yaqo təbiətli bir alçaq kimi»
Burdan vurub ingilisə çıxan şair dünya durduqca duracaq. Yaxşı edib partiyadan yazıb, hünərin vardı yazmayaydın. Başının üstündə Stalin durmuşdu.
- Son sual, postmodernist gəncləri izləyirsinizmi?
- Vallah, qəbul olunan tərəfləri də var, qəbul olunmayanı da. Buna da təbii yanaşmalıyıq.
- Konkretləşdirə bilərsinizmi?
- Yox, xırdalamayacam. Söhbəti burda da dayandıraq…
Natiq CAVADLI
« Rəbiqə Nazimqızının ilk kitabı işıq üzü gördü | Əsas səhifə | Taleh ŞAHSUVARLI. “T”OVLAMA (Romandan parça) »




Bölmə: 









Anar Agayarov adlı istifadəçi, Sentyabr 9, 2008 tarixində, saat 12:56 yazıb:
Allah rehmet elesin Azad Mirzecanzadeye.
O demishdi :”bu du..k cox qabaga gedecek”
oxtay yaşaroğlu adlı istifadəçi, Sentyabr 9, 2008 tarixində, saat 20:31 yazıb:
Hamının üzündən dünya gözəli mənimdə üzümdən zəlimxan öpür (H.Arif)
Zəlimxan yazıçılar birliyinin sədri olrsa,yəqin Azərbaycandan yazıçılar və şairlərin də gedəcəkləri başqa bir yeri tapacaqlardır.
tofig adlı istifadəçi, Sentyabr 10, 2008 tarixində, saat 08:34 yazıb:
anar bey sizi uzagdan uzaga taniyiram bir genc ziyali kimi nogtelerle yazdigin soz metbuat sozu deyil her halda men butun butlere garsiyam cemiyyet oz ireli gedenini yetisdirir olanimiz bu zelimxan bu kotulukler icinde her halda pis secim deyil
oxtay yaşaroğlu adlı istifadəçi, Sentyabr 10, 2008 tarixində, saat 10:35 yazıb:
Mence bu öyüd nəsihət atası olan Tofiqi də, Zəlimxanın sağduşü, solduşu etmək olar. Etməsənizdə…
Chandirika adlı istifadəçi, Sentyabr 10, 2008 tarixində, saat 12:05 yazıb:
Oxtay da, Tofig de haqlidir. Axi her kesin oz heqiqeti var, Zelimxanin ise sazi…
Sazi balta kimi tutsa bele…
mirmehdi adlı istifadəçi, Sentyabr 13, 2008 tarixində, saat 13:16 yazıb:
onun bu pafoslu nitqinin altinda intellekt yatmir, ozu de etira etdiyi kimi azerb dilinden bashqa dil bilmir
elman adlı istifadəçi, Sentyabr 14, 2008 tarixində, saat 00:21 yazıb:
Bəs mən elə bilirdim Zəlixman müəllim rəhmətə gedib ?!
oxtay yaşaroğlu adlı istifadəçi, Sentyabr 16, 2008 tarixində, saat 20:26 yazıb:
He dostum, rehmete gedib, özüdə yazmağa başlmadan öncə…