Qaynar xəbər portalı

Kitab dünyası


Seymur Baycan

90-cı illərin əvvəllərində belə bir söhbət vardı: “Biz meydana bakılı, şəkili, qazaxlı, zərdablı kimi girib, meydandan azərbaycanlı kimi çıxdıq”. Adını çəkmədiyim rayonların sakinləri inciməsinlər. Yadıma indi bu rayonlar düşdü. Hərçənd, sözün doğrusu, Azərbaycanda Zərdab adında bir rayonun mövcud olmasını mən, hərbi məktəbin ikinci kursunda oxuyanda öyrənmişəm. O vaxta qədər Zərdabın adını bir dəfə də eşitməmişdim. Zərdabın adını heç hava proqnozunda da çəkmirdilər. Bir cümlə də yazım, Zərdab söhbətin bitirək. Bu rayonun tanınmasında jurnalist həmkarım Bahar Rüstəmli müstəsna rol oynadı… Cümə günü mən, polis bölməsinə çığal, reallıq hissini itirmiş, avara bir adam kimi girib, cəmi 30 dəqiqədən sonra bölməni nümunəvi vətəndaş, həqiqəti dərk etmiş, kamil bir insan kimi tərk etdim. Burda kiçik bir haşiyə çıxıb Azərbaycan polisi haqqında bir-iki cümlə yazmaq istəyirəm. Dünyanın ən dahi rejissoru, ən dahi yazıçısı belə, Azərbaycan polisinin obrazını yarada bilməz. Süni alınacaq. O, elə bir varlıqdır ki, sən onu yalnız həyatda görməlisən. Polis obrazını (bütün yerlərdə söhbət Azərbaycan polisindən gedir) bir azca ekrana gətirmək hələ ki, Vaqif Mustafayevə nəsib olub. Bizim polislərin xarici görünüşü zaman-zaman onların daxili dünyasıyla uzlaşaraq formalaşır. Ona görə əlinə rezin dubinka alıb, polis paltarı geyib, səhnədə hoqqa çıxaranlar çox şit görünürlər. Azərbaycan polisi sanki sufi mürşidləridir. Sən bu yolu mərhələ-mərhələ keçməlisən. Onlar kodlarla danışırlar. Və maraqlıdır ki, polisin balaca rütbəlisi böyük rütbəlidən daha mücərrəd danışır.
Polis bölmələrində məntiq çoxdan ölüb. Postmodernizm polislərin timsalında iflasa uğrayıb. Əlbəttə, polis obrazını yaratmağa cəhd etmək belə, axmaqlıqdır. Burda gərək, Vaqif Mustafayevin dahiliyi qarşısında baş əyəsən. Polisi yalnız Vaqif məktəbini mənimsəməklə anlamaq mümkündür. Əlqərəz. Cümə günü dayanıb yolun kənarında avtobus gözləyirdim. Avtobus gələ də bilərdi, gəlməyə də. Çünki yolu bir tərəfdən bağlamışdılar. Mən radioya qulaq asırdım. Hələ ki, azərbaycanlıların səsini eşitməmək üçün bu, yeganə vasitədir. Bir də gördüm ki, bir polis mayoru əlini mənə tərəf uzadıb, nəsə qışqırır. Səsini eşitmirəm. Radionu söndürdüm. Mayor qışqırdı ki, “Ə, çəkil kənara!” Mən kənara çəkilmədim. Mayor həmin cümləni bir daha təkrar etdi. Dedim ki, mən “ə” deyiləm, vətəndaşam. Normal qaydada müraciət et, çəkilim. Təbii, mayor qəzəbləndi. Biz mübahisəyə başladıq. Başımıza adamlar yığışdı. İki post-patrul maşını gəldi. Məni təhlükəli bir cani kimi tutub basdılar maşına. Beləliklə, təzə polis maşınlarının “siftəsini” elədim. Çox narahatdır. Arxaya iki adam sığışır. Bizim polis istəsə, beş adam da yerləşdirə bilər. Telefonumu əlimdən aldılar. Oturmuşam maşında və camaat da mənə baxır. Elə bil heyvanat baxçasında meymuna baxırlar. Mübahisə davam edir. Üstümə absurd cümlələr, suallar yağır. “Dedim-dedi” janrından zəhləm getdiyi üçün dialoq formasına müraciət edirəm. Siz özünüz kimin nə deyəcəyini cümlələrdən biləcəksiz.
- Məni ya polis bölməsinə aparın, ya da buraxın.
- Qoy, prezident keçsin sonra.
- Buna bax, başın keçəl qırxdırıb, dövlətə qarşı çıxır.
- Onun üstünü yoxlayın.
- Şalvarına bax.
Prezident keçir. Məni gətirirlər Tağıyev adına Toxuculuq Kombinatının yaxınlığında yerləşən polis bölməsinə (nömrəsi yadımda deyil). Dəhlizdə dayanırıq. Sonra növbətçi deyir ki, qaldırın rəisin otağına. Rəis sənədləri imzalayır. Məni gətirən polis zabitindən nə baş verdiyini soruşur. O da deyir ki, mən polisə müqavimət göstərmişəm, dövlət əleyhinə ifadələr söyləmişəm, özümü çox pis aparmışam, yolun kənarından çəkilməmişəm.
Rəis məndən nə baş verdiyini soruşur. Mən də öz növbəmdə bildirirəm ki, polis mənimlə çox kobud rəftar edib, mənə vətəndaş yox, “ə” deyə müraciət edib. Polis rəisi çox sakitcə böyük bir həqiqəti mənim üçün açdı.
- A bala, bizim dilimiz belədir. Mən durub təzə dil yaradım?
Əbülfəz Elçibəyin məşhur sözünü xatırladım: “Nə edim, olan xalq budur, gedim Avropadan xalq gətirim?”. Rəisə zəng gəldi. Danışıq zamanı dedi ki, 15 sentyabrda keçirilən tədbirə adam göndərəcək.
- 15 sentyabr Qafqaz İslam Ordusunun Nuru Paşanın komandanlığıyla Bakını işğaldan azad etdiyi gündür.
- Sən niyə mənim söhbətimə qulaq asırsan? Sən bunu hardan bilirsən? Tarixçisən?
- Yox. Sadəcə, polisin belə tədbirlərdə iştirak etməsinə sevindim.
- Polis həmişə belə tədbirlərdə iştirak edir. Bəs, tədbirlərin təhlükəsizliyini kim qoruyur? Hansı partiyanın üzvüsən?
Bu o deməkdir ki, hamı hər şeylə razılaşıb. Sadəcə, beş-altı avara, başdanxarab adamlar var, onlar çığallıq edirlər. Mənim də hərəkətim o adamların hərəkətinə uyğundur. Yuxarıda qeyd etmişəm, bizim polislər sufi şeyxləri kimi kodlarla danışırlar.
- Sən normal adamsan?
- Nə bilim. Bunu psixiatr deyə bilər. Mən necə deyim ki, normal adamam, yaxud anormal?
- Ailədə neçə uşaqsız?
- Dörd.
- Hamısı eyni xasiyyətdədir?
- Yox.
- Polis də ailə kimi bir şeydir. Savadlısı, savadsızı, mədənisi, kobudu var. Sənin də qarşına kobudu çıxıb.
- Axı, o mayordur. Əynində forma var.
- Harda işləyirsən?
- Jurnalistəm.
- Aydındır.
Mübahisə qızışır. Mən coşuram. Deyirəm ki, bu vəziyyət belə davam edə bilməz. Bir gün həqiqət qalib gələcək. Rəis ikinci böyük kəşfi mənim üçün açır. Sağ olsun. “Həqiqət çoxdan qalib gəlib. Sənin xəbərin yoxdur. Həqiqət elə budur”, - deyir. Sanki nokauta düşdüm. Mübahisə kəsildi. Mənə xəbərdarlıq etdilər. Telefonumu qaytardılar. Mən rəisə nəzakətli davrandığı üçün öz təşəkkürümü bildirib, otaqdan çıxdım. Bayıra çıxıb bir siqaret çəkdim. Avtobusa minib düşündüm.

Avtobus düşüncələri

Gəlin açıq danışaq. Azərbaycanda iki dil dövriyyədədir. AzTV və bazar dili. Etiraf edək ki, AzTV dili süni dildir. Bu dil yalnız AzTV-də funksionaldır. Məsələn, bazar dilində danışan adam yalnız AzTV-nin kamerası qarşısında AzTV dilində danışmağa başlayır. Bu dilin perspektivi yoxdur. Yaxın günlərdə mənbəyi quruyacaq. Bazar dili AzTV dilini tam məğlubiyyətə uğradacaq. Əgər bu ölkənin professoru kolxoz sədrinə, müəllimi briqadirə, həkimi qəssaba oxşayırsa, mən niyə polisdən nəzakətli davranış tələb etməliyəm? Açığı, bu, ədalətsizlikdir. Polis kimdən normal danışmağı öyrənməlidir? Televizorda yalnız müğənniləri göstərirlər, kitab oxumurlar, qəzet vərəqləmirlər. Polis danışmağı necə, hansı üsulla öyrənsin? Mayor mənə öz təbii dilində müraciət etmişdi. Mən onun təbii halına xələl gətirmək istədim. Əclaflıqdır. Əgər polis mənə yaxınlaşıb “Vətəndaş, mümkünsə yolun kənarından çəkilin” desəydi, bu onun tərəfindən çox süni, ikiüzlü bir hərəkət olardı.
Həmin gündən bir gün əvvəl də mən, elə həmin yerdə dayanmışdım. Bir polis mənə yaxınlaşıb çox nəzakətlə yolun kənarından çəkilməyi xahiş etdi. Çəkildim. Amma inanın, həmin gün bütün işlərim tərs gətirdi. Bütün günü qanımı qaraltdılar. Bilirsiz, niyə? Çünki polis mənə nəzakətlə müraciət etmişdi. Gün pis başlamışdı. Azərbaycan əhalisinin 90 faizi (ziyalısı, kəndlisi) bazar dilində danışdığı halda, polisdən normal davranış gözləmək əclaflıq deyilsə, bəs nədir? Polis rəisi bəyəm səhv deyir: “Bizim dilimiz belədir. Mən durub təzə dil yaradım?”.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (12 səs, təxmini: 3.58 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Şərh yazma qapalıdır!

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: