Bu gün Azərbaycanda Müsiqi Günüdür

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 18 Eylül, 2008

Bakı Musiqi Akademiyasının binasının əsaslı təmir-bərpa işlərindən sonra açılışı oldu

KultAz: Bu gün, Azərbaycanda qeyd edilən Musiqi günündə Bakı Musiqi Akademiyasının binasının əsaslı təmir-bərpa işlərindən sonra açılış mərasimi olub.
Mərasimdə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak ediblər.
“Kultaz.com”-un məlumatına görə, dövlət başçısı və xanımı əvvəlcə dahi bəstəkar Üzeyir Hacıbəyovun akademiyanın binası qarşısındakı abidəsi önünə gül dəstələri qoyublar.Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Dövlət Xor Kapellasının ifasında “Koroğlu” operasından parçalar ifa olunub.
Sonra Prezident İlham Əliyev binada aparılmış əsaslı təmir-bərpa işləri ilə tanış olub.
Bir ilə yaxın müddətdə görülmüş işlərin nəticəsində bina tamamilə yeni görkəm alıb. Ən müasir materiallardan istifadə olunmaqla binanın fasadı, otaqları, kabinetləri əsaslı təmir olunub, istilik və havalandırma sistemi yenilənib. Bundan əlavə, akademiyanın maddi-texniki bazası da müasirləşdirilərək, bir çox yeni alətlər alınəb.
Dövlət başçısı görülmüş işləri yüksək qiymətləndirib.
Akademiyanın konsert salonunda davam etdirilən mərasimdə Prezident İlham Əliyev çıxış edib. Bakı Musiqi Akademiyasının həm mədəniyyət, həm də təhsil ocağı olduğunu vurğulayan dövlət başçısı Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar, görülən işlərdən danışıb.
Akademiyanın rektoru professor Fərhad Bədəlbəyli rəhbərlik etdiyi təhsil ocağına göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.
Sonda akademiyanın tələbələrinin, Bülbül adına orta ixtisas musiqi məktəbi şagirdlərinin və italiyalı qonaq Cüzeppe Talemonun ifasında klassik Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənib.
Xatırıadaq ki, bu gün həm də Üzeyir Hacıbəyovun doğum günüdür. // Kultaz.com

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

Şərh yazın