Əsəd Nəsirli. Rahatlıq məğlubiyyətdir (esse)

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 19 Eylül, 2008

Səssiz-səmirsiz, hamının  yuxuya  getdiyi, hətta  ağaclardakı yarpaqların  öz  pıçıltılarına ara verdiyi gecələrdə belə, içimdə bir narahatlığın olduğunu  hiss  edirdim.
Bəzən öz-özümə düşünürdüm  ki,  gecənin  bu  səssizliyində, hamının  yuxuya  getdiyi, ağaclardakı yarpaqların belə öz pıçıltılarına ara verdiyi anlar içimdəki  narahatlığın səbəbi nədir?Belə gecələrin birində yenə narahat halda düşünə-düşünə bu sualın cavabını özümçün aydınlaşırdım.
İnsanlar heç vaxt rahat olmayacaqlarını bilə-bilə niyə buna can atırlar? Niyə o  rahatlığı axtara-axtara ömürlərini narahat halda başa vururlar? Rahatlıq istəmək  məğlubiyyətlə barışmaqdırmı?
Əgər Yaradan ruhumuzu narahat yaradıbsa, onun rahat olması mümkündürmü? Ruhumuzun rahatlığını axtarmağımız mümkünsüzlüklə yanaşı, məğlubiyyətimizin  göstəricisidirmi?
Bəli. Narahat BİZ  olmağı  deyil, rahat  BAŞQASI olmağı seçirik. Rahatlığımızın  bizdə  deyil, başqasında olduğuna  inanırıq.
Dost  seçir, sevgili axtarırıq ki, özümüzdə tapa  bilmədiyimiz rahatlığı onda tapaq. Amma qarşımızdakının da narahat biri olduğunu unuduruq.
Unuduruq  ki, o  da  öz  rahatlığını  bizdə  axtarır, bu rahatlığın özündə deyil, bizdə  olduğuna inanır.
Beləcə  sən  dostun,  sevgilin  olaraq  yaşayırsan, dostun, sevgilin sən olaraq.
Viktor Hüqo  “iki bədbəxtlik birləşəndə səadət yaranır” deyir. Lakin iki narahatlıq  birləşəndə rahatlıq yaranmır. Çünki rahat yaşamağı istəmək məğlubiyyəti qəbul edib  başqası olaraq  yaşamaq deməkdir. Bir insan öz-özlüyündə rahat ola bilmirsə, başqası olaraq necə rahat yaşaya bilər?
Öz rahatlığını axtararaq  başqasına  üz  tutmaq  ikiqat rahatsızlıq, qalibiyyətini  başqasında  axtarmaq  ikiqat  məğlubiyyətdir.
Bəs  narahat  bir  ruhda  doğulduğumuzu  bilə-bilə  niyə  rahat  olmağa  çalışırıq?
Yaradan insanı narahat yaratmaqla ona rahat olanı deyil, narahat  olanı seçməli  olduğunu göstərib. Onun sınağından  üzü ağ  çıxanlar rahat olanı deyil, məhz narahat olanı seçənlərdir.
Rahat, asfalt  yolu  hamı, hətta  əlillər  də  gedə  bilir. Narahat, enişli-yoxuşlu, daşlı-kəsəkli yolu hamı gedə bilirmi? Bu yolda çoxu duruş gətirmir, rahat yola can atır.
Oxuyub, əziyyət çəkib, min cür pisliklə qarşılaşmaqdansa, arzularını pulun-paranın  hesabına həyata keçirməyə  çalışır. Rahat  yaşamaq  istəyir. Beləcə özü də bilmədən  acizliyi, məğlubiyyəti boynuna almış olur.
Bəs o, rahat yaşaya bilirmi?
O, əldə  etdiyi “rahatlığı” həmişə itirmək narahatlığı ilə yaşayır. Öz narahatlığı ilə  əldə etdiyi  “ rahatlığı”  itirmək narahatlığı birləşib ikiqat narahatlıq yaradır.
İnsanın faciəsi bu ikiqat  “narahatlıqda” və ikiqat məğlubiyyətdə gizlənir.
Bəs insan narahat yaşamağa borcludurmu?
Mənən zəngin olan bir ruh heç şübhəsiz narahat, enişli-yoxuşlu yollardan keçən ruhdur. O, mənəvi zənginliyini narahatlığa borcludur.
İnsan yalnız narahatlıq sayəsində qalibiyyət əldə edə bilər.
Rahat  olmaq, rahat  yaşamağı istəmək, məğlubiyyəti qəbul etmək, məğlub yaşamaq  istəməkdi sadəcə.
Başqasının rahatlığını qəbul  etməyib, öz  narahatlığına sığınmaq, rahat  başqası  deyil, narahat özün  olmaq qalibiyyətdi əslində.
İnsan narahat yaşayıb, qalib olmağa borcludur!
Və bir də hər hansı bir insanı məğlub etməyin ən rahat yolu onu “rahat” buraxmaqdadır. Onunla maraqlanmamaq, ona fikir verməmək, onu əhəmiyyətsiz  biri kimi qəbul etməkdir.

P.S.
Bu  günki ədəbi  mühitimizdə  sağçılar  və  solçuların  bir-biriylə  ədəbiyyatdan  kənar  mübarizəsinin  kökündə  əslində  rahat  olmaq, rahat  yaşamaq  ideyası  durur. Bizm  məqsədimizsə  narahat  şəkildə  ədəbiyyat  yaratmaqdır. Və biz bu  yolda rahatlığı  kənara  qoyub, məqsədimizə  doğru  getməkdəyik.

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

5 Şərh var
Şərh yazın »

  1. “Doğrudan, bu nigarançılıq yaman şeydir, allah heç kәsә göstәrmәsin”.
    “Nigarançılıq”
    Cəlil Məmmədquluzadə

  2. çağrılmış bayatıları qəliz, dolanbac cümlələrlə təkrar çağırmağa hacət yoxdur. mən belə “ağıllı” yazılar oxuyanda əsəbləşirəm.

  3. axi ne yazaq ki, dushsun yerine/…

  4. Bu esse bir insan qelbinin narahatligidir….o narahadir ki bu cumleleri qura bilib, yaza bilib.Rahatliqla inasan yalniz olende qovushurlar.ne qeder ki bu dunyanin sakiniyik ne qeder ki xeyir sherle mubarize aparir bizlere rahatliq yoxdur.

  5. Deyəsən bu qaqaş sonuncu dəfə Orhan Pamuku oxuyub.

Şərh yazın