Ya xalqın yanında olmalısan, ya ədəbiyyatın!

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 20 Eylül, 2008

Zahir Əzəmət: “Avropa postsənaye, postmodern çağı yaşayır, biz hələ feodalizmdən qurtulaq-qurtulmayaq deyə saçyolduya çıxmışıq”

- Zahir, sizin ədəbi nəsil hay-küylə, reklamla gəlsə də, bu gün xeyli susqundur.
- Yox, bizi kim reklam etdi ki. Biz gələndə nə müstəqil ədəbi qurumlar, nə ədəbiyyat səhifə və qəzetləri, nə də internet saytları var idi. Bir ovuc kənd uşağıydıq, yad, bütün qapıları üzümüzə bağlı olan meqapolisin ortasına atılmışdıq. Nə etdiksə, özümüz etdik. Cırmaqladıq, qazdıq, təmizlədik, bir yol açdıq özümüzə.Bu həm də, belə demək mümkünsə, amansız bir ədəbi savaş idi. Bütün savaşlarda olduğu kimi bizdə də itkilər oldu, sıralarımız seyrəldi. Amma indi Aqşin, mən, Şərif Ağayar, Elnur Astanbəyli, İlqar Fəhmi, Samir Sədaqətoğlu, sonrakı dalğada Sevinc Pərvanə, Günel Mövlud və başqları, həmçinin gördüyümüz işlər, imzalarımız və yazdıqlarımız ortadadır. Bir də ki, hər yaşın öz tələbləri var. Tutaq ki, 25 yaş da AYB kürsüsü deyil ki, 20 il ondan yapışasan. Biz ədəbi nəsil olaraq uzun müddət bir yerdə xorla oxumaq da istəmədik. Ayrıldıq və yalquzaq kimi tək olmağa qərar verdik. Aqşinin ədəbi məhsul kimi iki şeir kitabı var ortada- onun reklamı bu kitablardır. İndi  nəsr kitabını hazırlayır. Şərifin reklamı da öz şeir kitabı oldu. Sonra yeni keyfiyyət dəyişikliyi baş verdi, hekayələr yazmağa başladı və çox yaxşı da qarşılandı. Elnur da kitabını çapa hazırlayır. Sevincin, Günelin şeirləri hələ də toplumun müxtəlif səviyyələrində müzakirə olunmaqdadı. İlqar Fəhmi istər şeirləri, istər nəsri, istərsə də tamaşa və film ssenariləriylə xeyli uğur qazanıb. Samir də ən azından “Sənət qəzeti”ylə böyük bir iş görüb. Əslində bu gün də bir savaş var. Amma bu dəfə savaş öz içimizlə, öz daxilimizlədir. Ən çətini də budur: yaradıcı mənini, özünü toplumun, siyasətin, ailənin, ətrafın və sosial problemlərin basqısından necə qorumalı? Yaradıcılıqda yeni keyfiyyət mərhələsinə necə keçməli? Təbii, bu gün kənardan baxanlarda “aranızda bir sisqunluq var” deyə qənaət yaranıbsa, bu, yalnız dediyim suallarla baş-başa qalmağımızdır. Yəqin bu mərhələdən sonra da sıralarımızda seyrəlmələr olacaq. Amma özümüzdən danışdıqda işlətdiyim cəm şəkilçiləri şərtidir, biz, dediyim kimi, artıq xor deyilik və kənardan baxanlar da bizi tək-tək görməyə vərdiş etməlidirlər. Əlbəttə, əgər görünə biliriksə…

- İndiki durumunuzu haradasa yaradıcı böhran adlandırmaq olar?
- Əslində “yaradıcı böhran” daimi, aramsız prosesdir. Çağdaş elmi yanaşmalarda “böhran nəzəriyyəsi” həm də yaradıcı başlanğıc kimi nəzərdən keçirilir. Bu, qorxulu və yeni bir şey deyil. Biz yazırıq, biz axtarırıq və ən əsası, heç kimin qarşısında bütün ömrümüz boyu şeir yazacağıq deyə bir öhdəliyimiz yoxdur. Şəxsən mən, öz qoyduğum suallara cavab axtarıram, özümü axtarıram. Bu sualların həm də toplumun marağında olub-olmaması məni az maraqlandırır. Sabirə, Mirzə Cəlilə, Üzeyir Hacıbəyova heykəl qoyan, doğum günlərini bayram edən, kitablarını hər dəfə bəzəkli cildlərdə minlərlə tirajda nəşr edən bir xalq onların yazdıqlarından bir qarış da irəli getməyibsə, dəyişməyibsə, özünü ona hesablamaq, onun qarşısında əzilib-büzülmək axmaqlıq olardı. Bizdə situasiya belədir: ya xalqın yanında olmalısan, ya ədəbiyyatın! İndiyə qədər adətən yazarlarımız xalqın yanında olmağı tərcih ediblər,  onlar ədəbiyyatdan, ədəbiyyat da onlardan üz çevirib. Azərbaycanda xalqın yanında dayanmaq, həm də sarayda dayanmaq anlamına gəlir. Çünki xalq sarayı dəstəkləyir. Bu mənada bizdə Əlidən tutmuş Vəliyə qədər minlərlə saray şairi var. Ucqar kənddə sevgilisinin ala gözlərinə, sədəf dişlərinə şeir yazan hansısa qaratel oğlan belə,  özü də bilmədən saray şairidir. Bax, bizim, şəxsən mənim yaradıcı böhranım budur. İndi bu cəngəllikdən mən ədəbiyyata gedən bir yol tapmalı, özümü ora yetirməliyəm. Əlbəttə, asan deyil. Anında toplum səni çıxdaş edir, hər şeydən əlin üzülür, şəxsi həyatın olmur, qəza vəziyyətində yaşayırsan, yaxınların, sevdiklərin səni axmaq hesab edir, amma başqa yol da yoxdur. Geriyə baxsan, daşa dönərsən. Həm də hər şeyi itirib, heç nə qazanmaya bilərsən. Yəni bir sufi həyatı.

- Deməli bu günə qədər evlənməməyin bununla bağlıdır?
- Yooox. Ona qalsa Əsəd Cahangiri sufi şeyxi adlandırıb, ətəyindən öpməliydik… Hələ nə yaşım var, 33 yaşında evlənmirlər, çarmıxa çəkilirlər. Əlbəttə, bunlar zarafatdır. Həqiqət budur ki, qazandığı son qəpik-quruşu da ədəbiyyata, ədəbiyyat saytlarına xərcləyən bir axmaq gərək heç evlənməsin də. Həm də evlənmək sözünün qarşılığını tapmaq lazımdı mütləq. Artıq bu söz ailə qurmağı ifadə edən yeganə söz kimi etibarını itirib. Evlənmək sözündə ailəyə sahib olmaqdan daha çox, evə sahib olmaq mənası var. Evin yoxdursa, nə edəsən? Bir şeirimin diliylə desəm, hələ ki, ev heyvanı yox, çöl quşu olmağı tərcih edirəm. Bəlkə də bunun daha bir səbəbi sevdiyimiz xanımların bizi özlərinə, sonunda mətbəxə, bozbaş qazanına oxşatmaq cəhdləridir. Bütün ömru boyu basqı altında və komplekslərlə yaşayan bir çox qadınlarımız azad insan, azad kişi görən kimi bütün qisaslarını ondan almağa çalışırlar. Nəticədə feodal kişi hegemenloğunun hökm sürdüyü bizim kimi cəmiyyətlərdə qadınları mətbəx dekorasiyasına çevirməyimizin bədəlini də özümüz ödəməli oluruq. Bu gün Azərbaycanda azad, qəhrəman və cəsarətli qadın tapmaq o qədər çətindir ki, onu axtarmağa sərf edəcəyin illəri daha praktik işlərə sərf etmək olar. Necə ki, edirəm.

- “Kultaz” saytını nəzərdə tutursan?
- Təkcə onu deyil. İnternetdə yaratdığım saytların sayı bu gün üçün 11-dir. Az qala bütün sahələri əhatə etmişəm. Yeganə alternativ informasiya portalının əsasını qoymuşam. “Kultaz” da bu ailənin bir üzvüdür. Günümün 15, bəzən 20 saatı bilgisayarın qarşısında keçir. Təkbaşına böyük bir informasiya agentlyinin işini görürəm. Saytlarımın heç bir sponsoru və dəstəkçisi yoxdur. Əksinə, özüm əlavə işlərdən qazandıqlarımı da, bu saytların saxlanmasına yönəldirəm. Bütün bunları öyünmək və təkəbbür üçün demirəm. Məni heç kim məcbur eləmir ki. Bu işi sevdiyim üçün, bacardığım üçün, özümü belədə daha rahat və azad hiss etdiyim üçün edirəm. Həm də bu gün elə bir dövrdür ki, bir belə problemlərin olmasına baxmayaraq, hər kəs özünü general kimi aparır. Normalda əsgərlər minlərlə, generallar barmaqla sayılacaq qədər olmalıdır. Bizdə əksinədir. Mən əsgər olmağı tərcih etdim və sıra nəfəri kimi xidmət etməkdən zövq alıram. Əgər bu gün “Kultaz” ədəbiyyat və mədəniyyət portalı öz izləyici auditoriyasına görə ölkənin ən aparıcı xəbər agentlikləri ilə rəqabət apara biləcək bir səviyyəyə qalxıbsa, bu, Azərbaycan ədəbiyyatının uğuru və onun təbliği üçün böyük şansdır.
Yaradıcısı və layihə müəlliflərində biri olduğum “Alma” qəzetinin də öz yeri var. Yeri gəlmişkən, sentyabrın 17-si qəzetin 2 yaşı tamam oldu. “Alma”nın fərqli və gərəkli qəzet olduğunu söyləməyə isə, məncə ehtiyac yoxdur.  İndi də “Sənət qəzeti”nin bərpası və nəşrə başlaması üçün Samir Sədaqətoğluna dəstək olmağa qərar vermişəm. O da bu günlərdə nəşr olunacaq. Hamısına vaxt çatdırmağa gəlincə, burada qeyri-adi heç nə yoxdur. Gün ərzində laqqırtıya, çayxanalara və araq məclislərinə ayırdığı vaxtı ixtisara salan hər kəs, yetərincə boş vaxt tapar. Vaxt azlığından şikayətlənən adamları ciddi qəbul etmirəm.

- Laqqırtı, çayxana, araq məclisləri… Kimləri nəzərdə tutursan?
- Təssüf ki, bir neçə nəfəri çıxmaqla hamını. Çağdaş ədəbi prosesimizin sifətidir bu. Böyük yaradıcı enerjilərin necə məhv olduğunu, necə məişət səviyyəsinə endiyini, davalara, mübahisələrə, qeybət janrına çevrildiyini görmək xoş deyil. Nə qədər istedad məhv olur. Son iyirmi ildə yoxa çıxan, əriyən, məhv olan istedadlı yazarları yadımıza salsaq, dəhşətə gələrik. Amma bunun günahını yalnız yazarların da üstünə atmıram. Çoxu işsizdir, depressiya içindədir. Dövlət Azərbaycanın gələcək genefondu olan bu istedadlara sahib çıxmaq üçün vacib addımlar atmalıdır. Kitab və nəşriyyat biznesinin inkişafına təkan verməlidir, kreditlər ayırmalıdır. Televiziyaların qapısını yalnız şouya yox, həm də ciddi mədəniyyətə açmalıdır. Bir qrup adama təqaüd ayırmaqla bu problemlər həll olunmayacaq.

- Təqaüd demişkən, AYO da təqaüd üçün müraciət etmişdi, amma verilmədi.
- Hələ o vaxt bu addım atılanda tənqid edənlərdən biri oldum. Hökümətin həm bu qərarından, həm də buna qədərki addımlarından bəlli idi ki, yalnız Yazıçılar Birliyi ilə işləməkdə maraqlıdırlar. Onlar sovet dövründə olduğu kimi süni ədəbi monopoliya yaratmağa çalışırlar. Mən məsələnin başqa şəkildə həllinin tərəfdarıydım. Əslində yenə gec deyil. Biz hökümətin bu qərarından Konstitusiya Məhkəməsinə şikayət edə bilərdik. Hökümətin anoloji qərarları Azərbaycan Konstitusiyasına və seçim hüququmuza ziddir. Yaradıcı adamları yalnız bir təşkilatın sıralarına itələmək, stalinsayağı kolxoz yaratmaq absurddur. Elə isə digər yaradıcı qurumların üzvləri və ya mənim kimi, heç bir qurumun üzvü olmayanlar nə etsin? Bu adamların seçim hüququ niyə pozulur? Buyurun, imza toplayaq, Konstitusiya Məhkəməsinə şikayət edək. Əlbəttə, məndə məhkəmənin ədalətli qərar verəcəyinə heç bir inam yoxdur. Amma  bu şəkildə məsələni daha tez ictimailəşdirə bilərik. O da var ki, Konstitusiya Məhkəməsinə qədər biz hələ ilk instansiyalara müraciət etməliyik. Olsun, bütün mərhələləri keçək, qoy səsimizi eşitməsinlər, sonra da verək Avropa Məhkəməsinə. Onda ən azı ədəbi konteksdə hüquqlarımızı pozmağa ehtiyat edəcəklər. Bəlkə bu yolla yeni “kollektivləşmə” prosesini durdura bildik. Bir azdan daha da gec olacaq. Milli Məclisin payız sessiyasında “Yaradıcı şəxslər və qurumlar” haqqında qanun qəbul olunacaq. Bu qanun layihəsi açıq-aydın 5 yaradıcı quruma- Yazıçılar Birliyi, Rəssamlar, Bəstəkarlar və Teatr Xadimləri İttifaqına istinad edir, yaradıcı qurum anlayışını yalnız onlara şamil edir. Bir sözlə, dövlətin bu yaradıcı qurumlarla indiyə qədərki qeyri-qanuni münasibətlərini rəsmiləşdirməyə çalışırlar. Əcaib bir işdir. Bu qanun layihəsinin ictimai müzakirəyə verilməsini tələb etməliyik. İndi 37-ci il deyil ki, yaradıcı admların taleyini onlardan xəbərsiz həll etsinlər. Buyurun, çıxarın ortaya, görəlim qalstuklu məmurlarımızın qafasında nə varmış bizimlə bağlı!

- Səncə ədəbiyyatımızın problemləri yalnız təşkilati, sosial məsələlərdir?
- Yox, əlbəttə. Bütün bunlar istedadların və ədəbi mühitin formalaşmasında vacib olsa da, böyük problemlərimiz də var. Bu da ədəbiyyatın yaradıcı tərəfidir daha çox. Diqqət edin, bu gün Azərbaycan şeirinin dili ilə, 70-80 il əvvəlki şeir dili arasında hansı fərq var? Səməd Vurğunu, sovet şeirini tənqid eləməklə iş bitmir, onların şeir dilindən də qurtulmaq lazımdı hələ. Şeir yeni sözlər, söz birləşmələri doğurmalıdır, haradasa qramatikanı, dərslik qaydalarını pozmalıdır. Şeir insan fantaziyasının, beyninin hüdudlarını genişləndirməli, insan ruhunu dilin yeni qatlarıyla, dilin yeni rəngləriylə açmalıdır. Bacarırıqmı? Yox! Şeirimizdə üslüb, forma, yanaşma kasadlığı var. Axtarışlara, eksperimentlərə qarşı mühafizəkarıq. Ən gənc və istedadlı şairlərimiz belə, bir kitabdan sonra özünü təkrarlayır. Nəsrimiz haqqında da uyğun sözləri demək olar: klassik təhkiyə, klassik roman modelləri, nağılçılıq, məhəlli mövzular… Dünya ədəbi prosesindən, ədəbi-nəzəri fikrindən çox uzağıq. Yeni axtarışlardan, yeni tendensiyalardan xəbərsizik. Sanki Azərbaycan dünya ədəbiyyatının Kubasıdır. Yəni təcrid olunan və ya özünü təcrid edən ada. Üstəlik, cürət eləyib özümüzə “azadlıq adası” da deyirik. Bir sözlə, müştəbehlik… Oysa boyumuz doğrudan da Biləcəriyə qədərdir… Böyüməyin yolu həm də etirafdan başlayır… Özümüzü dünya ədəbiyyatı konteksində təhlil və tənqid etməyi öyrənməyincə, dünyaya inteqrasiya da edə bilmərik.

- Ədəbi tənqid bunu niyə etmir?
- Azərbaycanda bütün sahələrin boyu eynidir. Baxın, biz hələ indi 16 mərtəbəli binalar tikirik, özü də zövqsüz və pinti, dünya 100, 200 mərtəbəli. Biz adicə velosiped belə, istehsal edə bilmirik, qərb təfəkkkürü isə kosmik raket, bilgisayar icad edir. Avropa modernləşməni bütün sahələrdə geridə qoyub, indi postsənaye, postmodern çağı yaşayır. Biz hələ feodalizmdən qurtulaq-qurtulmayaq deyə bir-birimizlə saçyolduya çıxmışıq. Azərbaycanla sivil dünya arasında böyük bir uçurum var. Ədəbi tənqidimiz də ədəbiyyatımız boydadır. Baxın bizim yazdığımız mövzulara. Nədən yazırıq? Sevgilim məndən küsüb, gözüm aydın. Darıxıram, belə əcəb edirsən! Külək əsdi yarpaq düşdü, hə, noolsun? Bütün bunlar kimə lazımdı? Cona, İvana, Mişelə, Hansa çox lazımdımı Fatmanisə Əhmədağadan küsüb? Bəs ədəbi tənqid bunlardan yaza-yaza hara qədər gedəcək? Əlbəttə, biz getdiyimiz yerə qədər! Belə baxanda, biz nə qədər savadlı və dünya ədəbi prosesindən xəbərdarıqsa, onlar da o qədər bilir. Necə olmasa da, hamımız sovet təhsil sistemindən çıxmışıq. Aristotelin təfəkkür modeliylə tərbiyə olunmuşuq. Dünyanı yalnız ağ və qara rənglərə bölürük. Biz hamımız və bütünlüklə dəyişməliyik. Siyasətimiz, iqtisadiyyatımız, məişətimiz, davranışlarımız, hətta bığ saxlama qaydalarımız da. Bütün bunlar bir yazarın doğulduğu, şəkilləndiyi toplumu, xalqı formalaşdırır. Nə oxuyursan oxu, Azərbaycanda bir ingilis, bir alman təfəkkürü, xarakteri və ruhuyla doğulmayacaqsan. Bizə heç onların da yox, öz ruhumuz lazımdır. Amma indi bədənimizdə stalinizm ruhu var, azad deyilik. Təkcə ədəbiyyatı və ədəbi tənqidi deyil, bütün toplumu, bütün məmləkəti yaxşı mənada dəyişmək missiyası var üzərimizdə. Ona görə də tənqidi qınamıram, amma həm də qınayıram- özüm qədər, ətrafım və toplumum qədər qınayıram.

- Deyirsən dünya ədəbi-prosesindən, nəzəri fikrindən geridə qalmışıq, amma həm də hamınız özünüzü postmodern adlandırırsız.

- Adamın olmaq istədiyi yer ayrıdır, olduğu yer ayrı. Müəyyən tendensiyalar, müəyyən cəhdlər, xırda istisnalar var. Amma istisnalar qanun yaratmır. Qaldı ki, tam postmodern mətnlərin yaranmasına, bu çox çətin məsələdir indiki durumda. Dediyim kimi, ədəbiyyatımız nə şeirdə, nə nəsrdə, nə də dildə modernləşməni başa vurmayıb, həmən-həmən dil baqajı və potensialla postmodernizmin qapısından belə keçə bilmərik. “Əli və Nino”nun uğuru bu qədər 10 illiklər keçməsinə baxmayaraq, niyə ədəbiyyatımızda təkrarlanmır? Bəlkə bunun təhlilindən başlayaq? Romanın mövzusuna baxın, nə qədər aktual və diridir. Hətta yalnız Azərbaycan üçün deyil. Əsərin kodlarına diqqət edin: meşə adamı və səhra adamı üz-üzə qoyulur. Meşə adamı Qərbi, səhra adamı Şərqi təmsil edir. Kafkanın “Qəsr”ində, Kamyunun “Taun”unda, Heminqueyin “Qoca və Dəniz”ində, Cek Londonun “Həyat eşqində”, Orxan Pamukun “Qar”ında və son yüz ildə yazılmış bütün böyük romanlarda danışan məhz, bu kodlardır. Labirint mövzusu və bundan çıxış yolları. Ən dəhşətlisi odur ki, bunlardan xəbərsiz yazarlarımız və tənqidçilərimizə bu danışdıqlarım gülməli gələ bilər. Fakt isə budur, gülməli vəziyyətdə özümüzük. Biz yazanda yalnız hadisəni danışırıq. İstənilən böyük yazar mifologiyanı çox yaxşı bilməlidir. Həm də təkcə özümüzün deyil. Yunan mifologiyasını, Çin-Tibet mifologiyasını və s. Nə isə, uzundərə məsələdir.

- Vəziyyət bu qədər bərbaddır yəni?
- Səhərdən dediklərim ümumi vəziyyəti xarakterizə edirdi. Amma istisnaların da olduğunu dedim. Və bu barədə bir az ətraflı danışım. Aqşindən başlayaq. Fitri i ən yaxşı əsərlərini hələ yazmayıb. Şeirdə ruhi anlamda çox şeylər edə bilər. 40 yaşına qədər özünü qoruya bilsə, ondan sonra tam fərqli və maraqlı dəyişməylə çıxacaq ortaya. Nərmin Kamalın da güclü sıçrayışları olacaq şeirdə. O, nə etdiyini bilən tək-tək yazarlarımızdandır. Orxan Eyp- yaşı azdır, amma təfəkkürü, istedadı hüdudsuzdur. O, hələ bizi çox heyrətləndirəcək. Bir də Xaqani Hass. Onun şeir dili tamam fərqli, yanaşması bu günə yox, gələcəyə aiddir. Yuxarıda şeir dili ilə bağlı dediklərimi məncə məhz Xaqani yerinə yetirəcək. Yeri gəlmişkən, Xaqaninin gələn ayın əvvəlində ilk şeirlər kitabı işıq üzü görəcək. Azərbaycan şeirinin yaxın bir neçə 10 illik üçün simasını müəyyənləşdirəcək yazarlar qismində hələ ki, bunları görürəm. Bu mənim öz qənaətimdir, razılaşmayanlar kef eləsin. Nəsr haqqında isə dəqiq konturlar çəkməkdə çətinlik çəkirəm. Bunu da mənim əvəzimə qoy yazıçı dostlarımız etsin.

Hazırladı: Elçin Səlcuq / Proloq

1 səs2 səs3 səs4 səs5 səs (2 səs, hardasa: 3,00 ilə 5 arası)
Loading ... Loading ...

12 Şərh var
Şərh yazın »

  1. Tebrikler Zahir bey!

    Gercekden mohteshem fikirlerdir.

    ALTERNATIV DUSUNCE bax ele budur!!!

    SUB_MEDENIYYET BUDUR!!!

    SUB_YEKT BAX BUDUR!!!

    Azerbaycan seirinde ve nesrinde SUB YEKTLER var, gun o gun olsun OBYEKT TENQIDCILERIni de siradan cixaran SUB YEKT kritikler yetissin!!!

  2. Zahirin ürəyi doluymuş ki əməlli-başlı…-))
    Bax, gələn 10 il üçün imzalarına ümid etdiklərinin arasında olmasam belə, imkanım daxilində hər zaman yanında olmağa çalışacağam, bu dəqiqdir…
    Nə deyim, qardaş…sənə uğurlar. uğurlar, bir daha uğurlar diləyirəm..və ədəbiyyatımızı bu qədər sevdiyinə görə, bu boyda fədakarlığına görə sən doğrudan da hörmətə layiq insansan…
    çok…? – ))

  3. razilashmadigim meqam: sairin, yazicinin uc secimi var iki yox: 1) edebiyyatin YOLUNDA OLMAQ 2) xalqin yaninda olmaq 3) sarayin sufresinin qiraginda olmaq… Azerbaycanda indi en tehlukeli onlardir. Saray yazicilari ve sairleri.

  4. “Sizin edebi nesil” – soz birlesmesi bir az qaranliq qalir/ Eger ele bu imzalardisa (“Aqşin, mən, Şərif Ağayar, Elnur Astanbəyli, İlqar Fəhmi, Samir Sədaqətoğlu, sonrakı dalğada Sevinc Pərvanə, Günel Mövlud” – (colaq ayi, decel meymun, cep keci)) onda cox acinacaqlidir. ozu de adlarin heresi bir dereden – AYB,AYO-nu qarisdirib ozunuze nesil duzeltmisiz.teze hoqqabazliqdir. men bildiyim edebiyyatda indi iki cebhe var, Zahir 3-cu cebhe acmaqla goresen ne demek isteyir?

  5. Mən bu müsahibəni dünən Zahirin “Yol” adlı bloqunda oxudum. Doğrudan da, maraqlı söhbətdir. Ən başlıcası, burada təfəkkür aydınlığı var – düşüncəsində xaos və qarmaqarışıqlıq hökm sürən bir çox ədiblərimizdən fərqli olaraq…

  6. Dəyərli fikirlərdir.

  7. Zahir, müsahibəni maraqla oxudum. Dəstəkləyirəm. Nəsrdən heç narahat olma, “Babəkin canlanması” romanı oktyabrın əvvəllərində satışda olacaq. Azərbaycan nəsrində iki dövr olacaq o romandan sonra: BC-dən əvvəlki, BC-dən sonrakı… BC Bakı-Ceyhan deyil, ha…

  8. Maraqlı və dəyərli söhbət üçün təşəkkürlər!

    Amma şəxsi həyatı arxa plana salma…-)

  9. gəmidə oturub gəmiçini tərifləmək olmasın doğrudan da maraqlı və dəyərli müsahibədir.
    uğurlar!

  10. Salam Zahir bəy, müsahibənizi “Proloq” qəzetindən oxumuşdum.Qəzeti isə Aqşinin hekayəsinə görə almışdım.Yaxşı ki, aldım və sizin bu müsahibənizi də oxudum. Sevindim ki, bizim ədəbiyyatda da sizin kimi sağlam düşünən insanlar var. Sualları, sözün əsl mənasında, söz işgüzarlığı ilə cavablandırmısınız. Adlarını çəkdiyiniz gənc yazarların gələcəyinə mən də inamla baxdığıma görə, sizin düzgün dəyərləndirmənizə çox sevindim.Düşünürdüm ki, Azərbaycanda hamı nəyinsə (çox zaman isə xanımları) xətrinə kimlərisə oxucuların gözünə soxmağa çalışır, yazıq oxucu isə o şairin ya da çox zaman şairənin şeirlərini oxuyanda sərf etdiyi vaxta heyifsilənib, onu məsləhət görəni lənətləyir.-… “Nədən yazırıq? Sevgilim məndən küsüb, gözüm aydın. Darıxıram, belə əcəb edirsən! Külək əsdi yarpaq düşdü, hə, noolsun? Bütün bunlar kimə lazımdı? Cona, İvana, Mişelə, Hansa çox lazımdımı Fatmanisə Əhmədağadan küsüb? Bəs ədəbi tənqid bunlardan yaza-yaza hara qədər gedəcək?…” Fəxr edə-edə oxumuşam bu cumlələri, anladım ki, bizimkilərdə də başları normal işləyənlər varmış. Sizin şerlərinizi və ümümiyətlə yazdıqlarınızı həmişə izləmək fikrinə düşdüm.
    Sizə bol-bol uğurlar.
    Həqiqi Ədəbiyyatı sevən və istedadlara hörmət edən…

  11. Zahir bey, mene ele gelir ki, butun uqursuzluqlara gore xalqi qinamaq veziyyetden cixish yolu deyil. Belke ozumuze bir az bashqa aspektden yanashaq. Belke problem xalqda yox bizdedi… Bir de ay qardash, indi xalqin adindan show ehli, yenice xalq artisti titulu almish shexles danishir, edebiyyat adaminin xalqdan nese ummasi bir az qeribe seslenir. Gel biz eserler yazaq, yaxshi eserler, maraqli eserler– qoy onlari fransizlar, ingilisler, ispanlar– ne bilim daha kimler oxusunlar, elbet novbe xalqa da catar.
    KUlTAZ ucun gorduyunuz ishlere gore size gercekden teshekkur dushur.
    Bir de bir vacib meslehet, evlenmeyi cox yubatma. Qoy yaxshi adamlarin sayi cox olsun!!!

  12. Mənim üçün bu məqamlar daha qiymətlidi: “Biz yazırıq, biz axtarırıq və ən əsası, heç kimin qarşısında bütün ömrümüz boyu şeir yazacağıq deyə bir öhdəliyimiz yoxdur. Şəxsən mən, öz qoyduğum suallara cavab axtarıram, özümü axtarıram. Bu sualların həm də toplumun marağında olub-olmaması məni az maraqlandırır. Sabirə, Mirzə Cəlilə, Üzeyir Hacıbəyova heykəl qoyan, doğum günlərini bayram edən, kitablarını hər dəfə bəzəkli cildlərdə minlərlə tirajda nəşr edən bir xalq onların yazdıqlarından bir qarış da irəli getməyibsə, dəyişməyibsə, özünü ona hesablamaq, onun qarşısında əzilib-büzülmək axmaqlıq olardı.”
    Stalin, kolxoz…. kimi söhbətlər mənə fiksiya kimi göründü. Yenə də deyirəm, insanın özü-özünə sual verməsi (verə bilməsi-!) əslində heç də asan deyil. Düşünürəm, deyən adamların çoxu düşünməyi imitasiya edir, barmağını qoyur çənəsinə və… yatır!
    P.S. Söyüşlər olacaqsa, uğurlar sizə!

Şərh yazın