“Çalış nəfəs alma!”
Yazar: Admin | Bölmə: Kino | Tarix: 29 Eylül, 2008
Gənc rejissor Alina Abdullayeva ilə müsahibə
Bir müddət öncə istedadlı gənc rejissor Alina Abdulayevanın «Çalış nəfəs alma» («Try Not to Breathe») qısametrajlı bədii filmi İtaliyada keçirilən «Salento Finibus Terrae – 2008» beynəlxalq film festivalında «ən yaxşı qısametrajlı film» nominasiyası üzrə ən yaxşı rejissor mükafatına layiq görülüb. Filmin əsas ifaçıları Fəxrəddin Manafov və Dilarə Kazımovadır.
Alina ilə söhbətimiz üçün səbəb də məhz bu filmin uğuru oldu.
- İlk olaraq film barədə soruşmaq istərdim: nə üçün məhz bu mövzu sizi maraqlandırdı?
A.A: Bu mövzu özü – özlüyündə çox maraqlı və sirlidir, banal deyil. Çoxdan yazılmış ssenari əvvəlcə vağzalda görüş haqda idi. Daha sonra ssenarini genişləndirdim və onu «Avanti» müsabiqəsinə təqdim etdim. Film 3,5 mm-lik plyonkaya çəkilib, bu isə debüt üçün böyük dönüşdür. 15 dəqiqəlik qısametrajlı bir filmdir. Çox spesifik ruhiyyəlidir. Ümumilikdə bu filmi çox lirik və yumşaq adlandırmaq olar. Süjetə gəlincə, iki qəhrəman var – bir qədər yaşlı kişi və cavan qız. Kişi astma xəstəliyinə tutulub, nəfəs almaqda böyük problemləri var. Qız isə gənc, gözəldir, həyatda sevinmək üçün hər şeyi var. Ancaq o… nəfəsini saxlayır, özünü sevdiyi insan kimi hiss edib, ona kömək edə bilmək üçün… Və hər ikisi paradoksal və eyni zamanda təhlükəli oyun oynayırlar – kim daha çox nəfəsini saxlayacaq. Onlar dərindən nəfəs alıb donurlar. Filmin finalı – nəfəsin tutulmasıdır. Tamaşaçının çözə biləcəyi müəmma da elə burdadır. Bu baxımdan tamaşaçı fantaziyaına güvənirəm.
- Əsas rolda «Unformal Harmony» rok qrupunun solisti Dilarə Kazımova çəkilib…
A.A: Bu, Dilarənin filmdə debüt işidir. Məhz onun çəkiləcəyi öncədən qərarlaşdırılmamışdı. Yeni sima axtarışı üçün bütün teatrları gəzdim, kastinqlər keçirdim. Qəhrəmanın rolu qısa idi və təbii sima gərəkirdi.
Bu rola daha bir namizəd vardı – orta məktəblərin birində buraxılış gecəsi görmüşdüm o qızı. Kastinqə dəvət etdim. Ancaq kameraya öyrəşmiş Dilarədə ifa daha təbii alındı. Dilarə təklifə həmin dəqiqə razı oldu, çünki ruhən ona çox yaxın idi rol. Onu cəlb edən isə labüdlük, qaçılmazlıq oldu, hansı ki, rok musiqisində də var.
- Fəxrəddin Manafov isə bildiyim qədər əvvəlcə bu rola razı olmayıb…
A.A: Bəli, təklif olunan an razı olmadı. Prodüsser vasitəsilə ona etdiyim təklif müsbət nəticə vermədiyinə rəğmən, yenə də ruhdan düşmədim, çəkilişlərə az qalmış şəxsən özüm onunla danışdım. Ssenarinin detallarını müzakirə etdik, Fəxrəddin bəyin çox xoşuna gəldi və beləcə çəkilişlərə başladıq.
- Siz mükafatın təqdimetmə mərasimində iştirak etmədiniz. Belə həyacanlı dəqiqələri yaşamaq istəmədiniz yoxsa?
A.A: Əlbəttə istərdim. Amma iştirak etməməyimin səbəbi səhhətimlə bağlı oldu. Məsələ burasındadır ki, festivalın əsas qərargahı Milanda yerləşir. Amma mənə məlum olmayan səbəbdən təqdimat mərasiminin Siciliyada keçirilməsinə qərar verilmişdi. Milandan fərqli olaraq Siciliyaya Bakıdan birbaşa aviareyslər yoxdur. Mənsə o ərəfədə hamiləliyimin 5-ci ayını yaşadığımdan, riskə getmədim.
- Ötən il siz «Motor» adlı şəxsi kompaniyanızı yaratdınız. İş prinsipi nədən ibarət olacaq?
A.A: Bu qeyri-dövlət və qeyri-siyasi bir qurumdur. 2007-ci ilin noyabr ayında təsis olunub. Fəaliyyət istiqaməti yerli və beynəlxalq qrantlar əsasında humanitar, gender və audiovizual sahədə orijinal, keyfiyyətli layihələri reallaşdırmağa yönəlib. Biz, Azərbaycanın mədəniyyət və incəsənət imicinin inkişafı, eləcə də Azərbaycan kinosunun beynəlxalq miqyasda tanınması üçün istedadlı gəncləri bigə əməkdaşlığa dəvət edirik.
Hazırda təşkilat «Kino çəkirik, yoxsa toy edirik» (qrant mənbəyi – SDC – İnkişaf üzrə İsveçrə Təşkilatı) və «Demokratiyanın 10 dəqiqəsi» (SACdokFilm & British Council-ın qrant proqramı) adlı iki sənədli layihə üzərində işləyir.
Tanıtım:
Alina Abdullayeva 1981-ci ildə Ukraynanın Dnepropetrovsk şəhərində doğulub. Orta məktəbi bitirəndən sonra, 1998-ci ildə Bakıya köçüb, Azəbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Ədəbi yaradıcılıq və ekran dramaturgiyası» fakültəsinə daxil olub. 1999-2002-ci illərdə onun novella və hekayələri müxtəlif yerli qəzet və jurnallarda çap olunub. Alina, paralel olaraq fotoqraf kimi işləməyə başlayır.
Maqistraturaya daxil olduqdan sonra Alina, rejissorluqla maraqlanır. 2004-cü ildə AVANTİ proqramında (SDC – İsveçrənin İnkişaf üzrə Agentliyi tərəfindən maliyyələşən kino sahəsində peşəkar treninq) iştirakdan sonra rejissor qismində qısametrajlı layihənin reallaşması üçün qrant qazanır. 2006-cı ildə bu qrant əsasında ekranlaşdırğı “Çalış nəfəs alma” filmi bu gün də beynəlxalq festivallarda uğurla təmsil olunur.
2004-cü ildə Alina, sseanrist qismində Beynəlxalq Berlin Kinofestivalının proqramlarının birinə dəvət alır.
2006-cı ilin yayında Fayt Helmerin (Almaniya) ekranlaşdırdığı «Absurdistan» filminə ikinci rejissor olaraq təhkim olunur.
2007-ci ildə özünün «Motor» adlı kompaniyasını təsis edir.
Alina bu gün yaradıcı fəaliyyətini həm ssenarist, həm rejissor, həm də prodüsser olaraq davam etdirir. Rüstəm İbrahimbəyovun yaratdığı Ali Kinematoqrafiya kursunun tələbəsi, həmçinin Qafqaz Kino Xadimləri Müstəqil Assosiasiyasının (İFASC) üzvüdür.
SEVDA BABAYEVA // Kultaz.com





(1 səs, hardasa: 4,00 ilə 5 arası)

Yüklənir...
Alina xanımı təbrik edirəm.
Daha böyük uğurlar qazansın.
Salam Azerbaycan. Bele nailiyyetleri genishlendirmek ve respublikamizda teblig etmek lazimdir. Chox filmler varki burada Azerbaycanli aktyor ssenarist ve ya rejirsorlarin zehmeti olur lakin ekranlarda bu nadir hallarda ve ya hech gosterilmir. Ele dediyim bu filmede aiddir Chox isterdim Alina xanimin rejisyorlug fealiyyetini ve Fexreddin mellimin ifasini izleyim. Alina xanimada ugurlar! Axarinci olsun!
Sevda xanim sizede teshekkurler bu meqaleye gore. Belke bu formada Azerbaycanli istedadlar inkishaf edib taninar. Chox sag olun!
Hormetle Elchin