Aslan Quliyev. Yol söhbəti (hekayə)
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 30 Eylül, 2008
Açıq pəncərədən vağzalın özünəməxsus acı, baş gicəlləndirən qoxusu, yanan benzinin tüstüsü dolurdu içəri. Azərbaycanın vağzallarından səhərlər qoxusuyla, görünüşüylə, rəngləriylə ürək bulandıran avtobuslara minib yola çıxmaq mənim üçün başdan-başa əzabdır, neyləməli, səfərə çıxmağa məhkumuq. Özü də belə avtobuslarla, belə yollarla. Olanımız budur.
Oturacaq yoldaşım sifətindən mərdlik, nəciblik yağan qoca kişiydi. İstiyə, bürküyə baxmayaraq, başına quzu dərisindən papaq qoymuş, yun rencək geymiş, köynəyini axıra qədər düymələmişdi. Qocayla salamlaşıb, aldığım qəzetləri vərəqləməyə başladım. Maraqlı, diqqət çəkən heç nə yox idi, boz, solğun yazıları candərdi oxuyur, vaxtı birtəhər keçirmək istəyirdim.
Qoca çiynimə toxundu, ay oğul, nə çox oxuyursan, gözlərin xarab olar, deyirlər söhbət yola nərdivan salar, ya sən danış, ya mən. Mən nə danışa bilərdim, yazmaq başqa, həyatın hər üzünü görmüş qocaya nə isə danışmaq başqa. Siz danışın, dedim. Qoca razılaşdı.
… O illərin söhbətidi, uşaq məktəbi qurtardı, dedi, aqronom olmaq istəyirəm. Heyvan satdım, bir az pul düzəltdim, getdik Gəncəyə. Gəncədə uşağın sənədlərini götürmədilər, dedilər, plan dolub, gec gəlibsiz. Dedim, belə olmaz, hələ imtahanlar başlamayıbsa, plan necə dola bilər? Üstümü unlu görüb adımı dəyirmançı çağırmayın, sənədlərini götürün, buraxın imtahana, bilər, qəbul olar, bilməz, qaytararsız geri. Çox dedim, az eşitdilər, qulaq asmadılar, dedilər, a kişi, sən Yardımlıdan gəlib bizə ağıl öyrətmək istəyirsən? Biz öz işimizi bilirik, sənə deyildi plan dolub, deməli, dolub.
Neyləyə bilərdim, oğlumdan soruşdum:
- Kimdi bu ölkənin başçısı?
- Heydər Əliyevdi, – dedi.
- Lap yaxşı, – dedim, – gedək Heydər Əliyevin yanına. Burda bizə qulaq asan, dəftərimizi oxuyan olmadı.
Elə həmən gün gəldik Bakıya, gecəni qaldıq, səhər tezdən getdim Mərkəzi Komitəyə. Orada cavan bir oğlana işin nə yerdə oduğunu danışdım. Dedi, dayı, çətin məsələdi, bəlkə səni katiblərdən birinin qəbuluna salım? Dedim, yox, mənim katiblərlə nə işim, bir halda ölkənin başçısı Heydər Əliyevdi, sözümü ona deməliyəm. Qoy ölkəsində nələr baş verdyindən xəbəri olsun. Bir qədər fikirləşib, yaxşı, dedi, Heydər Əliyev imtahanlar başlamamış ucqar, dağ rayonlarından gələn valideynlərlə görüşmək istəyib. Çalışaram səni də o siyahıya salım.
Sağ olsun, elə həmin gün məni də bir qrup valideynlə birlikdə Əliyevin qəbuluna saldı. İmanımı bada verə bilmərəm, dünyanın azını, çoxunu görmüşəm, müharibədə olmuş, ta gedib Berlinə kimi çıxmışam. Yalan-filan, yaltaqlıq bilmərəm, gözümə güllə sıxsalar da həqiqəti deyərəm. O kişi mənə yaxşı təsir bağışladı, sözü bütöv, mərd, ədalətli adama oxşayırdı. Danışdım başıma gələnləri. Deyir, bu nə deməkdi, belə özbaşınalıq eləyənlər cəzalarını almalıdılar! Gəncədə başa düşmürlər ki, Yardımlı dağ rayonudur, ora kənd təsərrüfatı mütəxəssisləri lazımdır? Get, arxayın ol, oğlunun sənədlərini götürəcəklər, savadı, biliyi varsa, instituta da qəbul olacaq. Biliyin qabağına kimsə çəpər çəkə bilməz!
Vaxt itirməyib qayıtdıq Gəncəyə. İnstitutda deyən kimi mən filankəsəm, dedilər, gözlə, rektor özü səninlə görüşəcək. Çox çəkmədi, bir də gördüm, budu, rektor gəlir, rəngi ağarıb, hirsindən əsim-əsim əsir. Çatan kimi düşdü üstümə. Sən dünən burdaydın, haçan Bakıya getdin, haçan Heydər Əliyevin qəbulunda oldun? Sən məni yandırıbsan, mənə od vurubsan, ömrümdən bir gün də qalsa, vurub səni öldürəcəyəm. İşdi, özüm də öldürə bilməsəm, balalarıma, onlar da bacarmasalar, nəvə-nəticələrimə vəsiyyət edəcəyəm ki, səni cəhənnəmə vasil eləsinlər. Deyirəm, nə danışdığındı, sənin nəvələrin, nəticələrin böyüyüb əllərinə silah götürənə kimi mən özüm o dünyalıq olaram, o vaxta kimi yaşamaram, yəni nəvələrini əziyyətə salmaram. Nə, bu da bağırır, sən öz xoşuna, öz əcəlinlə gorbagor olsan, qəbirdə belə sümüklərim od tutub yanar. Sən məni bu dünyada yandırıbsan, o dünyada da yandıra bilməzsən, bu, təbiətin qanunlarına ziddir. Mütləq əcəlin bizim nəsildən birinin əlində tamam olmalıdı! Məni o ki var hədələdi, yorulandan sonra dedi, gedək, Bağırov səninlə görüşəcək. Getdik Bağırovun yanına, bu da qaralıb, çırtma vursan, qanı çıxar. Özlüyümdə deyirəm, hə, mənimki bura qədərmiş, bu lap yəqin məni o dünyalıq eləməyi nəvə-nəticələrinin ümidinə buraxmayacaq, özü məsələyə əncam çəkəcək. Deyir:
- Dünən Əliyevin qəbulunda olan sənsən?
- Hə, – deyirəm.
- A kişi! – bu da əsib coşur. – Hər xırda-para şeydən ötrü durub Əliyevin yanına gedərlər? Bəs onda biz burda nə üçünük? Gələrdin mənim yanıma, şikayətinə baxmasaydıq, gedərdin Bakıya.
Çox danışdı, amma məni necə öldürəcəyinə, ya da bu işi kimlərə tapşıracağına işarə belə vurmadı, insaflı adammış, sonda rektora tapşırdı, bu uşağın sənədlərini götürürsüz, imtahanların gedişinə nəzarət eləyəcəyik. O yan bu yan olmasın, yoxsa bir də gördün səsi Moskvadan, Brejnevin yanından gəlir. Əyər bircə gündə Bakıya gedib Heydər Əlyevin qəbuluna düşə bilibsə, Brejnevin də qəbuluna düşər.
Uşağın sənədlərini götürdülər, imtahanların hamısından yaxşı qiymətlər alıb, qəbul oldu. Özlüyümdə dedim, o kişi mənə yaxşılıq elədi, gərək təşəkkürümü bildirəm. Bir toğlu kəsdim, bir motal da pendir götürüb getdim Bakıya. Taksiyə oturub birbaşa Mərkəzi Komitəyə sürdürdüm. Sürücüyə dedim, sən gözlə, mən indicə gəlirəm. Getdim həmən oğlanın yanına. İnanmazsan, gündə yanına yüzlərlə adam gəlir, ancaq məni görən kimi tanıdı. Deyir, dayı, nə oldu, işin düzəldimi? Deyirəm, düzəldi də sözdü, oğlum instituta da qəbul oldu. Məni təbrik elədi, deyir, xeyir ola, indi niyə gəlibsən? Deyirəm, ay oğul, xeyir olmamış nə olacaq? O kişi mənə yaxşılıq eləyib, bir toğlu, bir motal da pendir gətirmişəm ki, verəsən ona. Baxırsan yaxşı oğlandı, bir sudan bizim yerlərin adamına oxşayır, ancaq mən danışıram, bu gözlərini bərəldir.
- Kimə? – soruşur.
- Heydər Əliyevə də, – deyirəm.
- Toğlu, bir motal da pendir?!
- Ay oğul, varın verən utanmaz, – deyirəm, – bizim də olanımız budu. Bizlərdə adət belədi, biri sənə yaxşılıq elədi, gərək borclu qalmayasan.
Çəkdi stolunun siyirtməsini, dərman çıxardıb atdı, üstündən su içib düşdü üstümə. Deyir, ay dayı, sən nə danışırsan, fikrin nədi, mən durum Mərkəzi Komitənin birinci katibinə zəng eləyim ki, bəs Yardımlıdan filankəs sizin üçün bir toğlu, bir motal da pendir gətirib? Bilirsən bundan ötrü adama neylərlər? Götür o gətirdiklərini də, xoşluqla çıx get, yoxsa milis çağıracağam. Deyirəm, ay oğul, sən bu ağılla, bu başla burda necə işləyirsən? Neynək, deyə bilmirsən, qorxursan, özün götür, mən burdan heç nə aparası deyiləm. Nə, qışqırır, mənə rüşvət təklif eləyirsən? Cin vurdu başıma, deyirəm, kişi oğlusan, az qara-qışqırıq sal, sakit danış, bir görüm nə deyirsən? Ağlın çaşıb, rüşvət-filan nədi? Təzədən dərman atdı, işçilərindən birini çağırıb dedi, bu kişiylə get, nə versə, yığ maşınına, apar. Mənə də tapşırdı, dayı, sağ ol, var ol, nə vaxt xətrin istədi, nə düzəlməz işin oldu, gəl, mütləq kömək elərəm, amma amanın günüdü, bir də toğlu, pendir-mendir gətirmə!
Ay oğul, mən kəndçi babayam, əkirəm, biçirəm, mal-heyvan saxlayıram, vaxt necə keçir, xəbərim olmur. Bir ara dedilər, Heydər Əliyevin vəzifəsi yüksəlib, Moskvaya aparıblar. Sözün düzü, mən sevinmədim, elə adamlar özümüzə lazımdı, Moskvanın adamına nə gəlib. Sonralar aləm qarışdı, dağıtdılar o boyda ölkəni. Müharibə başladı, mənim də oğlanlarım getdilər, biri qayıtmadı, şəhid odu. Adamı yandıran odu ki, heç meyidini də görmədik. Qarabağ çölündə dəfn eləmişdilər. İndi də gedib qəbrini ziyarət eləyə bilmirəm, düşmən əlindədi o yerlər. Oğul, ölümdən qorxmurdum, haqdır, hamı gedəcək. İndisə qorxuram, deyirəm, birdən o torpaqlar azad olmamış ölərəm, oğlumun qəbrini görmərəm. Niskilli ölmək çətindi, çox çətindi, necə can verərəm, necə tapşıraram?
Nə başını ağrıdım, müharibə ara verdi, daha el-obaya şəhid gəlmədi. Üstündən iki-üç il də keçdi. Bir gün dedilər ki, bəs kolxoz-sovxozları ləğv eləyirlər, malı, mülkü kolxozçulara paylayacaqlar. Çox sevindim, dünya malından iki əlli yapışanlardan deyiləm, ancaq haqq-ədalət öz yerini tapanda sevinirəm. O vaxt uşaq olsam da, qırmızıların atamın, əmimin mal-heyvanını, var-dövlətini zorla əllərindən almalarını yaxşı xatırlayıram. Kəndin hamısı yoxsullardan ibarətdi, varı olan bir atamdı, bir də əmim. Kolxozu da onlardan alınanlarla təşkil eləmişdilər. Getdim yapışdım atamın qıçından, qışqırır, buraxmırdım. Atamı aparanlardan biri xrom çəkmə ilə belimin ortasından təpiklə necə vurdusa, havada uçub beş-altı metr aralıda düşdüm. İndinin özünə kimi də belimdə o təpiyin ağrısını hiss eləyirəm. Sevinməyinə sevindim, ancaq sonra qəribə işlər baş verməyə başladı. O adamlar ki, kolxoz yarananda bir çöp də verməmişdilər, atamın, əmimin mal-dövlətini əlindən almışdılar, indi də onların nəvə-nəticələri kolxozun mal-mülkünü, torpağını öz aralarında dədə malı kimi bölürdülər, bizi yada salan yox idi, bircə çöp də vermədilər. Kimə dediksə, qulaq asan olmadı. Bu boyda haqsızlığa dözmək olmazdı. Oğlumdan soruşdum.
- Ay oğul, indi kimdi ölkənin başçısı?
- Əliyevdir, ata, – dedi.
- Hansı Əliyev? – heyrətlə soruşdum.
- Heydər Əliyev, – deyir, – o vaxt məni instituta qəbul elətdirən.
- Ay saqqalı ağarmış, bunu de də! – oğlumu o ki var məzəmmətlədim. – Günü sabah gedirəm Bakıya, Əliyevin yanına. O kişi hər şeyi yoluna qoyar!
Nə isə, dünən gəldim Bakıya, getdim həmən binaya, qəbul otağına, məqsədimi dedim. Dedilər, nə danışırsan, mümkün olan şey deyil. Nə sözün, şikayətin varsa, yaz, ver, daha nahaq yerə burda oturub gözləmə. Əliyev səni qəbul eləməyəcək. Yardımlıdan dünən gəlib varid olubsan Bakıya, bu gün də istəyirsən prezidentlə görüşəsən. Əl çəkmədim, apardılar məni böylərinin yanına, baxıram, bu tamam başqa adamdı. Deyir, a kişi, nə hay-küy salıbsan? Əliyev xarici qonaqları qəbul eləməyə vaxt tapmır, nazirlər, icra başçıları gəlir, qəbuluna düşə bilmir. Əlibayramlının icra başçısı bir həftədi burdadı, növbə gözləyir. Əyər çox təkid edirsənsə, səni Hümbətov qəbul edər, sizin yerlərə o baxır. Deyirəm, yox, ay oğul, mən ancaq Heydər Əliyevlə görüşməliyəm, o kişiyə inanıram, mənim şikayətimə baxsa, o baxacaq. Çox dedim, az eşitdi, dedi, olmaz ki, olmaz. Gördüm mümkün deyil. Dedim, ay oğul, sən məni sal o kişinin qəbuluna, mən də xəcalətli qalmaram. Sənə iki kisə buğda verərəm, üstəlik də bir motal pendir, yaxşı da bir toğlu. Bunlara söz deməli deyil də, bu da coşur, qızarıb bozarır. A kişi, sənin buğdan, pendirin kimə lazımdı? İstəyirsən min dənə toğlu gətir, mümkün olan iş deyil! Bir xeyli qışqırıb bağırandan sonra sakitləşdi, deyir, görürəm əl çəkmirsən, gəl səni Ramiz Mehdiyevin qəbuluna salım.
- O da bizim yerlərə baxır? – soruşuram.
- A kişi! – elə qışqırır, sanki ətini kəsirlər. – Sizin yerlər xəritədə yoxdu! Ovuc içi boyda bir yerdir!
- Elədi, – deyirəm, – bizim yerlər çox balacadı, elə özümüz də balaca adamlarıq.
Yenidən qışqırır, deyir, o mənada demirəm, Ramiz Mehdiyev böyük adamdır, təkcə sizin yerlərə yox, bütün ölkəyə baxır. Bir kolxozdakı işləri qaydaya salmaq onun əlində su içimi kimi bir şeydir. Çox dedi, razılaşmadım, o da işçilərini çağırdı, qolumdan yapışıb çıxartdılar çölə. İndi də kor-peşiman qayıdıram geri. Görünür alın yazısıymış, nəslimizin taleyi beləymiş, zaman-zaman ucubunuqlar, yəcuc-məcuc tayfaları var-yoxumuzu əlimizdən alıb, özümüzə də zülm, sitəm eləməliymişlər…
Qoca köks ötürüb susdu. Baxışlarında sonsuz qüssə var idi, pəncərədən içəri külək vurduqca papağından çölə çıxmış ağ saçları titrəşirdi. Qocanın kədərinə şərik olmaq üçün əlmdən heç nə gəlmirdi, sıxılırdım, səhərdən düzəlməyən ovqatım büsbütün korlanmışdı.
Masallıda qoca mənimlə vidalaşıb düşdü, burdakı qohumlarıgildə qalıb Yardımlıya sabah gələcəkdi. Düşəndə sonuncu pillədə ayaq saxladı, qapının yanlığından yapışıb geri döndü, gülümsədi, sifətinə qonmuş tutqun kədər kölgəsi bir anlığa yoxa çıxdı. Ay oğul, dedi, baxıram əkin-biçin adamına oxşamırsan, ehtiyacın olsa gələrsən, sənə iki kisə buğda verərəm, quş dimdiyindən çıxma.
Azadlığın soyuq kələkləri əsməyə başlayanı kimin buğdaya ehtiyacı olmur ki, ancaq mən buğda üçün gedə bilmədim, qocanın ünvanını soruşmağı unutmuşdum.
Yardımlı, 1999





Yüklənir...
hormetli Aslan muellim salam, necesen. Maraqli hekayedi. kisinin esl tipik obrazini yaratmisan,gozel de yaratmisan. Amma kisi avtoibusda bu sohbete qefleten baslamasi menim fikrimce, goyden dusme tesiri baqislayir..Bu sohbete bir az hazirliq olmaliydi, bir de gerek kisi merkezi komite demeyeydi, oz dilinde danisaydi. uqurlar Size.
sayqi ile,
Aslan muellim salam. Aciqini deyim ki, hekayenin evveli mene kohne dorverleri xatirlatdi, ele bildim ki yekneseq nese oxuyuram. Amma sonda her shey aydin oldu. Demeli ferqli zamanlar olmasina baxmayaraq insanlarin yaxshi padshaha inami hec vaxt sarsilmir. Amma gerek Yardimlidan gelen o kishini Ramiz Metdiyevin qebuluna salaydin- shexsen menim ucun filosofla qocanin sohbeti maraqli olardi.
Teshekkur edirem mence eser nece lazimdirsa ele o cur de alinib.
Aslan müəllim salam.Bu hekayənizi də maraqla oxudum.Təbrik edirəm.Kitabınız bizə çatdırıldı, təşəkkür edirəm hamımızın adından.Çox xoşuma gəldi ,xüsusilə, “Keşmiş döyüşçü və oğlan” “Rusiyadan gələn qardaş” və “Payız “əsərləriniz.Sizdən yenə belə oxunaqlı əsərlər gözləyirik. Sizə uğurlar…
Salam Qəşəm bəy! İradlarınızda haqlısınız, sadəcə kişi Mərkəzi Komitə sözünü yanlış rusca deyirdi, elə vermək istəmədim. Çox sağ olun, oxuduğunuz üçün minnətdaram!
Natiq bəy, Sizə də təşəkkür edirəm! Çox sağ olun!
Xatirə xanım! Oxucularımdan, xüsusi ilə də həmkarlarımdan yazılarımın oxunmasını eşitmək mənim üçün bilsəniz necə sevindiricidir! Sizlərə də, Elnarə xanıma da bu kitabı yaydıqları üçün minnətdaram! Oxucularımın nəzərinə çatdırmaq istəyirəm ki, “Azərbaycan” jurnalının 6-7- saylarında “Sonunucu” adlı romanım çap olunub, lit.az portalında isə “İsa-Musa quşu” adlı povestim yayımlanır.
Sağlıqla qalın, hamınıza uğurlar!
R.S. Xatirə xanım, bəlkə də yeri deyil, amma bir faktı nəzərinizə çatdırıram. “Rusiyadan gələn qardaş” Azərbaycanda keçirilən ilk elektron yarışmaya, “prozan N” müsabiqəsinə qatıldı və heç birinci mərhələni də keçə bilmədi, ələndi, ikinci tura daha yaxşı 9 hekayə keçdi.
Aslan bey!
Bu revayetdi, hekaye deyil.
Kishiden ne esidibsen o cur de yazmisan. Bunu Qesem beye verdiyin cavabda ozun de etiraf etmisen: – kişi Mərkəzi Komitə sözünü yanlış rusca deyirdi, elə vermək istəmədim. -
Cox yazmaq hele yaxsi yazmaq anlamina gelmir.
Cavanshir Yusifliye yazdigin cavabin sonu bu hekayeden tesirli idi… Yagis-pencere meselesi…
cavanşir yusifli aslan quliyev barede haqlı yazıb. bu hekaye xusuisile zeif və bəsitdir – bir qoca ilə tanış oldum, o filan əhvalatı danışdı və düşdü getdi -vəssəlam! bir də ki, qoca yeri gəldi-gəlmədi hamıya taxıl-pendir vermek istəyir. Aslan bəy mərdlikdən danışmaq istəyirsə, mərdlik belə olmur. gorunur qeshemin bu hekayəni bəyənməsi təsadüfi deyilmiş.